Qaradağ rayonunda qaçqınlar və məcburi köçkünlər üçün tikilmiş fərdi yaşayış evləri kompleksinin istifadəyə verilməsi mərasimində Azərbaycan prezidenti Heydər Əliyevin nitqi - 29 dekabr 1999-cu il


Əziz bacılar, qardaşlar, dostlar, Qaradağ rayonunun sakinləri!

Köçkün və qaçqın həyatı keçirən əziz və möhtərəm soydaşlarımız - bacılarımız, qardaşlarımız, övladlarımız!

Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram və sizə ürəyimin ən dərin guşəsindən gələn hörmət və ehtiramımı bildirirəm.

Bu gün burada, bu rayonun ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ əlillərinə, köçkün və qaçqın vəziyyətində yaşayan qardaş-bacılarımıza göstərilən qayğı nəticəsində binalar istifadəyə verilir. Bəllidir, bunlarsız da mən Azərbaycanın hər bir yerində olmaq, vətəndaşlarımızın hamısı ilə həmişə görüşmək arzusundayam. Sizə məlumdur, işlər o qədərdir ki, mən bu istək və arzularımı istədiyim qədər yerinə yetirə bilmirəm. Amma belə hallar olanda başqa işlər kənara qoyulur, mən bu şad günü, şad dəqiqələri burada sizinlə birlikdə keçirməyi özümə borc bilirəm.

1999-cu il sona çatır. Biz əsrimizin son ili olan 2000-ci ili qarşılayırıq. Arxamızda on illər, bir yüzillik qalır. O, Azərbaycan xalqının tarixinin böyük bir hissəsidir. Bu tarixin hər mərhələsinin öz yeri var. Ancaq XX əsrin sonuncu onilliyi Azərbaycan tarixində xüsusi yer tutur. Bu dövrdə Azərbaycan xalqının həyatında faciələr baş vermiş, xalqımız böyük itkilərə məruz qalmış, torpaqlarımızın bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, işğal edilən torpaqlardan soydaşlarımız zorla çıxarılmış və bir neçə ildir ki, ağır vəziyyətdə yaşayırlar.

Bununla yanaşı, bu dövrdə xalqımız ən böyük arzusuna, ən böyük istəyinə nail olmuşdur: Azərbaycan öz dövlət müstəqilliyini əldə etmişdir, xalqımız azad olmuşdur və azad yaşamaq hüququ əldə etmişdir.

Əlbəttə ki, xalqımıza vurulan yaralar çox ağır yaralardır. Bu yaralar bəlkə də hələ uzun müddət bizi ağrıdacaq, incidəcək. Ancaq bununla yanaşı, əldə etdiyimiz müstəqillik, azadlıq və xalqımızın öz müqəddəratını özü həll etməsi bu yaraların üzərinə böyük bir məlhəm çəkir. Çünki hər bir xalq, millət üçün milli azadlıqdan, müstəqillikdən qiymətli heç bir şey yoxdur. Onun yolunda qurbanlar da, itkilər də vermək, böyük məhrumiyyətlərə də dözmək olar, - təki xalq azad, ölkə müstəqil olsun. Biz buna nail olmuşuq.

Ola bilərdi ki, xalqımız müstəqilliyini əldə edərdi, amma bu faciələrlə rastlaşmazdı. Çünki Sovetlər İttifaqı dağılarkən Sovetlər İttifaqına daxil olmuş bir çox başqa müttəfiq respublikalar öz müstəqilliyini sadəcə, qansız-qadasız əldə etdilər. Amma 1988-ci ildən Ermənistanın Azərbaycan torpaqlarına iddia etməsi ilə əlaqədar xalqımızın başına bəlalar gəlibdir. Buna səbəb həm Azərbaycana olan ədalətsizlik, həm də Azərbaycanın özünün, onun rəhbərlərinin bu ədalətsizliyin qarşısını ala bilməməsidir. Hər halda bu barədə çox danışmaq olar. Ancaq bu həqiqətdir ki, biz ağır faciələr içərisində öz dövlət müstəqilliyimizi əldə etmişik.

Təbiidir ki, bu faciələr içərisində ən böyüyü Ermənistan-Azərbaycan münaqişəsi dövründə Qarabağ torpağında verdiyimiz itkilərlə yanaşı, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı edilən hərbi təcavüz, terrordur. Bunlar da bir-biri ilə bağlıdır. Vaxtilə bir tərəfdən Azərbaycan xalqına qarşı edilən ədalətsizlik Dağlıq Qarabağ münaqişəsini meydana çıxardı, sonra isə həm Azərbaycana qarşı edilən ədalətsizlik, həm də o vaxtkı rəhbərlərin xalqın milli mənafelərini müdafiə edə bilməməsi bu münaqişəni böyük bir müharibəyə çevirdi.

Xalqımız üçün bu ağır dövr bəlkə də bəs idi. Ancaq Azərbaycanın düşmənləri bununla qane olmadılar və 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz etdilər. Günahsız insanlar həlak, şəhid oldular və 20 yanvar Azərbaycanın XX əsr tarixinə ən faciəli bir gün kimi həkk edildi.

Biz bütün bu çətinlikləri yaşamışıq. Ancaq şükürlər olsun ki, bu çətinliklərin içərisindən də çıxmışıq və xalqımız bu çətinliklərdən çıxmağa qadirdir.

Bilirsiniz ki, 1993-cü ildə Azərbaycanın həyatı ən təhlükəli bir vəziyyətə gətirilib çıxarılmışdı. Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hücumlarını davam etdirirdi, torpaqlarımız işğal olunurdu.

Ölkəmizin daxilində xalqı birləşdirib torpaqlarımızı müdafiə etmək əvəzinə, Azərbaycana vurulmuş yaraların əvəzini çıxmaq əvəzinə, əksinə, xalqımızın içərisində olan nadürüst adamlar, xəyanətkarlar, xalqın demək olar ki, düşmənləri bu fürsətdən istifadə edib hakimiyyət mübarizəsi aparırdılar. Burada hərə öz məqsədini güdürdü. Həm daxildə olan müxtəlif qanunsuz, cinayətkar silahlı dəstələr, həm də Azərbaycanın xaricində olan düşmənlər ölkəmizi tamamilə məhv etmək üçün, demək olar ki, birgə hərəkət edirdilər. Azərbaycan vətəndaş müharibəsi ilə üzləşdi, tam dağılmaq təhlükəsi qarşısında oldu.

Artıq biz o dövrü yaşadıq. İndi o dövrdən altı ildən çox keçir. Ötən hər il xalqımızın gözü qarşısındadır. Biz ardıcıl surətdə apardığımız dövlət siyasəti ilə bu çətinliklərdən çıxmağa, Azərbaycanda ictimai-siyasi sabitliyin yaranmasına, Ermənistan silahlı qüvvələrinin hücumunu dayandırmağa və atəşkəs rejimi əldə etməyə nail olduq. Xalqımızı bu ağır vəziyyətdən çıxarmaq üçün xalqa bu atəşkəs rejimində rahat yaşamaq imkanı əldə etdik. Ötən illər Azərbaycanın iqtisadiyyatını tədricən inkişaf etdirməyə nail olduq.

İndi, XX əsri sona vuraraq, 2000-ci ilə gedərək qürur hissi ilə deyə bilərəm ki, həyatımızın nə qədər çətin, faciəli bir dövrünü yaşadıqsa, eyni zamanda ölkəmizin dirçəlişini, inkişafını, daha da gözəl gələcəyini təmin edə bildik. O dövrün bizim xalqımız üçün ən böyük faciəsi torpaqlarımızın bir qisminin işğal olunması, soydaşlarımızın işğal edilmiş torpaqlardan çıxarılması və ağır vəziyyətdə yaşamasıdır. Bu, dünyada misli görünməmiş bir haldır. Yerindən-yurdundan didərgin düşmüş azərbaycanlılar, vətəndaşlarımız yeddi ildən artıqdır ki, çadırlarda, yaxud yaşayış üçün lazımi şəraiti olmayan müxtəlif binalarda ağır vəziyyətdə yaşayırlar. Onlar ümidlə yaşayırlar. Çünki biz 1993-1994-cü illərdə onlara ümid verdik. Ümid verdik ki, biz xalqımızı bu bəladan xilas edəcəyik, işğal olunmuş torpaqlar azad olunacaq, xalqımız, didərgin düşmüş soydaşlarımız öz arzularına çatacaqlar, yerlərinə-yurdlarına qayıdacaqlar.

Ancaq bu dövrün çətinliklərini yaşayarkən köçkün, qaçqın vəziyyətində olan soydaşlarımızın həyatını heç olmasa bir az da rahat etmək, yüngülləşdirmək üçün son illər az işlər görməmişik. Doğrudur, bunların heç birisi köçkünlərin, qaçqınların bugünkü vəziyyətini normal hesab etməyə əsas vermir. Ancaq hər halda, birincisi, Azərbaycanın bu təbəqəsinə dövlətin, hökumətin münasibəti, qayğısı, ikincisi, köçkün, qaçqın vəziyyətində yaşayan insanların maddi vəziyyəti əldə olan imkanlardan maksimum istifadə edərək müəyyən qədər yaxşılaşdırılmalıdır.

Biz bu işləri görmüşük və bundan sonra da görəcəyik. Əmin ola bilərsiniz ki, köçkünlərin, qaçqınların problemi Azərbaycan dövlətinin, hökumətinin və şəxsən mənim diqqət mərkəzimdədir. Mən bunu özümün ən əsas vəzifəm və borcum hesab edirəm. Mən bundan sonra da Azərbaycanın imkanlarından istifadə edib köçkünlərin, qaçqınların yaşayışını daha da yaxşı etməyə çalışacağam.

Təbiidir ki, bu zaman dövlətin imkanları ilə yanaşı, ayrı-ayrı təşkilatlar, xeyirxah insanlar da az iş görməyiblər. Bunu elə sizin Qaradağın timsalında, bu rayonda məskunlaşmış köçkünlərin, şəhid ailələrinin, Qarabağ əlillərinin vəziyyətindən görmək olar. Milli Məclisdə Qaradağın deputatı İlham Əliyevin təşəbbüsü ilə, bilavasitə onun gördüyü işlər nəticəsində üç ay bundan öncə biz burada gözəl bir binanın istifadəyə verilməsini birlikdə qeyd etdik. Güman edirəm ki, həmin evin sakinləri olan insanlar indi daha da rahat yaşayırlar.

Mən o vaxt orada çıxış edərkən dedim ki, o evdə olan mənzillərə teleflon çəkmək lazımdır. Bu telefonlar çəkilib, yoxsa yox? Hamının telefonu varmı?

Yerdən səs: Bəli, çəkilibdir. Hamının telefonu vardır.

Heydər Əliyev: Demək, nə mümkündür onu etdik. Təbiidir ki, bu, böyük bir işin xırda bir hissəsidir. Ancaq heç olmasa, bir işdir.

O vaxt bildirildi və İlham Əliyev mən buraya gələndə də, əvvəl də mənə məlumat verərək dedi ki, burada bir qəsəbə tikmək və həmin qəsəbədə köçkünlərin bir hissəsinin müvəqqəti yaşayışını təmin etmək istəyirlər. Mən belə təşəbbüsləri, təklifləri həmişə böyük razılıq hissi ilə qəbul edirəm, alqışlayıram. Şübhəsiz ki, İlham Əliyevin bu sahədə təşəbbüsünü də mən məmnuniyyətlə qəbul etdim və ona xeyir-dua verdim. İndi isə çox şadam ki, bu təşəbbüs də başa çatıbdır. Hamımız buraya toplaşmışıq ki, bu qəsəbənin açılışını qeyd edək.

Bu, Azərbaycanda qaçqınlar, köçkünlər üçün görüləsi işlərin bəlkə də bir damlasıdır. Amma hər bir damlanın da çox böyük əhəmiyyəti vardır. Əgər hərə gölə bir damla töksə, atsa, həmin göl dəniz, sonra isə okean olar. Ona görə də əgər İlham Əliyevin bu təşəbbüsü kimi, buna bənzər təşəbbüslər bundan sonra da olsa, demək, dövlətin də, hökumətin də yükü azalar və ən əsası odur ki, ağır vəziyyətdə olan köçkünlərin, insanların həyat şəraiti müəyyən qədər yaxşılaşar.

Mən bu təşəbbüsə və bu gün burada yaranmış qəsəbəyə görə hamınızı təbrik edirəm. Mən çox sevinirəm ki, İlham Əliyev - gənc bir insan xalqa qayğı göstərməyi öz vəzifəsi hesab edir. Mən sevinirəm ki, o, Milli Məclisin deputatı kimi, seçiciləri ilə daim əlaqədədir və seçicilərinə qayğı göstərir, onların problemlərini həll etməyə çalışır. Bu, hər bir deputatın borcudur.

Xalq dövlət orqanlarına seçdiyi hər bir adama etibar göstərərək, eyni zamanda ondan əməli iş gözləyir. Milli Məclis deputatlarının hər biri gərək öz seçiciləri ilə daim əlaqədar olsun, onların problemlərini bilsin, əlindən gələni həmin problemlərin həllinə sərf etsin, bu işdər ayrılmasın. Bu, müstəqil Azərbaycanın Milli Məclisi depatutlarının hamısının vəzifəsidir. İlham Əliyevin bu barədə gördüyü işlər, təbiidir ki, Milli Məclisin bir deputatı kimi onun öz üzərinə düşən məsuliyyəti dərk etdiyini və həmin məsuliyyətə görə lazımi iş görmək istəklərini göstərir.

Əziz dostlar, mən burada köçkünlər üçün qəsəbə salınması münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Sizin hamınıza köçkünlük, qaçqınlıq dövründə bu qəsəbədə rahat yaşamağı, daha da yüksək əhval-ruhiyyədə olmağı arzu edirəm.

Təbiidir ki, bu köçkünlər, qaçqınlar öz yerlərinə qayıtmalıdır. Bu qəsəbə və burada tikilmiş evlər müvəqqəti xarakter daşıyır. Mənə deyiblər ki, buradakı hər bir ev lazımi məişət şəraiti ilə təmin olunubdur. Güman edirəm ki, buna baxmayaraq, torpaqlarımızı azad edən kimi, burada və ya başqa yerlərdə məskunlaşan köçkünlər dərhal öz yerlərinə qayıdacaqlar.

Doğrudur, mən bunu sizə bildirmək istəyirəm ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə şəhərlər, qəsəbələr, kəndlər həddindən artıq dağıdılıb, viran edilibdir. Bizim bu barədə dəqiq məlumatlarımız vardır. Ancaq doğma torpaq, vətənin bu hissəsi yerindədir. Ümidvaram ki, o torpaqlar azad edilən kimi, hamı öz yerinə qayıdacaqlar. Əmin ola bilərsiniz ki, orada siz, biz - hamımız birlikdə Azərbaycanın o gözəl şəhərlərini, qəsəbələrini, kəndlərini bərpa edəcəyik, yenidən quracağıq və onları daha da gözəlləşdirəcəyik.

Bu köçkünlük, qaçqınlıq dövrü çox çəkdi. Mən bu gün bir daha bəyan etmək istəyirəm ki, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi sahəsində aparılan işlər bizim bütün işimizin əsasını təşkil edir. Azərbaycanın prezidenti kimi mən fəaliyyətimin əksər hissəsini buna sərf edirəm. Çünki bu, müstəqil Azərbaycanın - həm bir müstəqil dövlət kimi, həm Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək prinsipinə görə, həm də bir milyona qədər Azərbaycan vətəndaşının öz yerinə-yürdüna qayıtması məqsədi ilə - ən böyük problemidir. Bu işlər də gedir.

Mən bu gün sizə bir daha bəyan edirəm ki, biz işğal olunmuş torpaqların sülh yolu ilə azad edilməsinə nail olacağıq. Mütləq nail olacağıq! Əziz dostlar, ümid edirəm ki, 1999-cu il sizin üçün - köçkünlər, qaçqınlar üçün belə ağır vəziyyətdə yaşamağın son ili olacaqdır. Ümid edirəm ki, 2000-ci ildə biz torpaqlarımızın azad edilməsinə nail olacağıq və siz hamınız öz yerlərinizə qayıdacaqsınız. Amma hələlik isə burada, bu qəsəbədə müvəqqəti yaşamaq məcburiyyətindəsiniz. Əlbəttə, bu qəsəbə burada ev alanlar üçün indiyə qədər yaşadığınız şəraitdən daha yaxşıdır.

Biz Yeni il qarşısındayıq. Biz Dünya Azərbaycanlılarının Həmrəylik Günü qarşısındayıq. Müstəqil Azərbaycan ötən səkkiz ildə böyük nailiyyətlər əldə edibdir. Ən əsas nailiyyətimiz müstəqilliyimizi yaşatmaq, möhkəmləndirmək və inkişaf etdirmək olubdur. Bu gün, Yeni il ərəfəsində mən bir daha bəyan edirəm ki, Azərbaycanın müstəqilliyini, milli azadlığını, suverenliyini biz hamımız birlikdə göz bəbəyimiz kimi qoruyacağıq və XXI əsrdə Azərbaycan xalqı daim azad, firavan yaşayacaqdır.

Qaradağ rayonu Azərbaycanın, Bakının ən gözəl rayonlarından biridir. Bu rayon zəhmətkeşlər, neftçilər rayonudur. Deyə bilərəm ki, Qaradağ rayonu Bakının bütün rayonları ilə müqayisədə ən sabit, sakit bir rayondur. Bu, heç də təsadüfi deyildir. Birincisi, öz zəhməti ilə yaşayan, əməksevər insanlar qanunu, qaydanı heç vaxt pozmurlar, cinayət etmirlər, hətta pis əməllərə yol vermirlər. İkincisi, Qaradağ rayonunda Azərbaycan neftçilərinin böyük ənənələri yaşayır.

Neftçilər Azərbaycanın tarixində xalqımıza böyük sərvətlər gətirməklə yanaşı, eyni zamanda, millətimizin, xalqımızın ən mötəbər bir hissəsi olmuşlar. Hər iş çətindir, ağırdır, amma yerin təkindən neft çıxarmaq çox ağır, çətin işdir. Xüsusən dənizdə, suyun dərin yerlərində külək, qasırğa zamanı və başqa ağır şəraitdə işlərin öhdəsindən gələrək neft hasil etmək çox çətin işdir. Belə iş həmişə insanları daha da mətinləşdirir, daha da iradəli, onların mənəviyyatını daha da sağlam edir. Bütün bunlara görə də neftçilər Azərbaycanda həmişə böyuk hörmətə malik olublar. Onlar bu gün də Azərbaycan cəmiyyətinin hörmətli bir hissəsidir.

Burada həm qurudan, həm də dənizdən neft çıxarılır. Mən dəniz neftçilərini xüsusi qiymətləndirirəm. Biz bu günlər Neft Daşlarının 50 illik yubileyini qeyd edirik. Mən Neft Daşlarında, Xəzər dənizinin başqa hissələrində 50 ildən bəri neft hasilatı ilə məşğul olmuş insanların xidmətlərini xüsusi qiymətləndirirəm.

Bütün bunlar hamısı birlikdə Qaradağ rayonunun xüsusiyyətini təşkil edir. Mən arzu edirəm ki, Qaradağ rayonunun sakinləri bundan sonra da öz ənənələrinə sadiq olsunlar, gələcəkdə də öz işləri ilə nümunə göstərsinlər. Bizim vəzifəmiz isə sizin rayonunuzu abadlaşdırmaq, insanların yaşayışı üçün daha da yaxşı şərait yaratmaq və Azərbaycanın hər bir vətəndaşının, o cümlədən Qaradağ sakinlərinin firavan yaşayışını təmin etməkdən ibarətdir. Əmin ola bilərsiniz ki, həyata keçirdiyimiz siyasi-iqtisadi islahatlar, iqtisadi siyasət, Azərbaycan dövlətinin yeni neft strategiyası və bu strategiyanın həyata keçirilməsi ilə əlaqədar əldə olunan real nailiyyətlər - bunlar hamısı 2000-ci ildə və XXI əsrdə Azərbaycan xalqının firavan yaşamasının əsasını qoyubdur.

Mən inanıram və sizi əmin edirəm ki, bir neçə ildən sonra Azərbaycan xalqının yaşayışı tamamilə dəyişəcək, qaçqınlar, köçkünlər öz yerlərinə qayıdıb öz torpaqlarını yenidən bərpa edəcək, insanların əksəriyyəti özləri üçün iş yerləri əldə edəcək, həyata keçirilən iqtisadi islahatlar iqtisadiyyatımızı inkişaf etdirəcək, yoxsul, ağır vəziyyətdə yaşayan insanlara böyük sosial təminatlar veriləcəkdir. Biz bunların hamısını etməyə qadirik. Azərbaycan dövlətinin, hökumətinin apardığı daxili və xarici siyasət bunu təmin edir və təmin edəcəkdir.

Əminəm ki, Azərbaycanın vətəndaşları qanun-qaydaya bundan sonra da riayət edəcək, bərqərar olunmuş ictimai-siyasi sabitlik qorunacaq, saxlanılacaq və daha da möhkəm olacaqdır. Azərbaycan müstəqil bir dövlət kimi dünya dövlətləri içərisində öz həyat tərzi, iqtisadiyyatı, mənəviyyatı, mədəniyyəti, təhsili ilə seçiləcəkdir. Mən buna inanıram.

Mən sizin hamınızı bu gün burada, Xəzərin sahilində, Azərbaycanın gözəl bir guşəsində yaradılmış qəsəbənin açılışı münasibətilə təbrik edirəm. Bu qəsəbədə bu gündən sonra yaşayanların hamısına rahat yaşayış, xoşbəxtlik, səadət arzulayıram.

Mən sizin hamınızı qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm. Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 30 dekabr 1999-cu il.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər