Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycana rəsmi səfərə gəlmiş Qazaxistan Prezidenti Nursultan Nazarbayevin Binə hava limanında rəsmi qarşılanmasi mərasimində bəyanatı - 16 sentyabr 1996-cı il


Qazaxıstan Respublikasının prezidenti zati-aliləri Nursultan Nazarbayev! 

Hörmətli qonaqlar! 

Bu gün Qazaxıstan Respublikasının Prezidenti, əziz dostumuz, qardaşımız Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri başlanır. Bu rəsmi səfər münasibətilə mən hörmətli dostumuz Nursultan Nazarbayevi və onu müşayiət edən nümayəndə heyətini ürəkdən salamlayıram və onların hamısına "Azərbaycan torpağına xoş gəlmisiniz" deyirəm! 

Qazax xalqı ilə Azərbaycan xalqı arasında çoxəsrlik tarixi olan dostluq və qardaşlıq bugünkü münasibətlərimizin əsasını təşkil edir. Əminəm ki, Azərbaycan torpağında Qazaxıstan Prezidenti ilə görüşlərimiz və danışıqlarımız qardaşlıq münasibətlərimizin və əməkdaşlığımızın bundan sonra da inkişaf etməsi və möhkəmlənməsi üçün əsas olacaqdır. 

Əziz dostlar, Azərbaycanda sizə xoş duyğular bəsləyirlər. Əminəm ki, siz Azərbaycan xalqının qazax xalqına və onun prezidenti hörmətli Nursultan Nazarbayevə bəslədiyi dostluq hisslərinin hər yerdə şahidi olacaqsınız. Qazaxıstan Respublikası Prezidentinin Azerbaycana səfəri əlaqələrimizdə mühüm bir mərhələ olacaq və gələcək işimizdə kömək edəcəkdir. 

Xoş gəlmisiniz!