Heydər Əliyev: Bu cür ağır iş şəraitində belə gözəl qadınlarla görüşün faydası çox böyükdür. Sizə baxıram, hamınız gözəlsiniz. Mən sizin hamınızı salamlayıram. Bilirəm ki, GUÖAM təşkilatını yaratdığımız vaxtdan bəri ilk dəfə olaraq Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə burada həmin ölkələrin qadın təşkilatları nümayəndələrinin görüşü keçirilir. Bu, çox yaxşı təşəbbüsdür. Burada görə bildiyiniz iş, zənnimcə, fayda verəcək və bizə böyük dəstəkdir, çünki biz Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan prezidentləri 1997-ci ildə Strasburqda bu təşkilatı qurmağı qərara aldıq. Sonralar, 1999-cu ildə Özbəkistan da bu təşkilata qoşuldu. Təşkilat artıq müvafiq beynəlxalq nüfuz və hörmət qazanmışdır. Bizim sonuncu görüşümüz Ukrayna Prezidenti Leonid Daniloviç Kuçmanın təşəbbüsü ilə Krımda oldu. Siz öz fəaliyyətinizlə bizim işimizi tamamlayırsınız, ona görə də mən bu görüşə şadam, sizi salamlayır və arzu edirəm ki, bu təşəbbüs ənənəyə çevrilsin.
Əlbəttə, bizə dost ölkələrdən gəlmiş qonaqları görmək mənə xoşdur. Mən onu nəzərdə tuturam ki, əvvəla, dost ölkələrdən gələn insanları qəbul etmək xoşdur, ikincisi də, xalqımızın, ölkəmizin həyatı ilə tanış olmaq imkanına maliksiniz. Bu, ölkələrimiz üçün çox lazımdır, o mənada ki keçmişdə biz Sovet İttifaqının tərkibində olmuşuq və tez-tez gediş-gəlişimiz olub, görüşmüşük, indi isə müstəqil dövlətlərik. Yeri gəlmişkən, bu il ölkələrimizin müstəqilliyinin 10 ili tamam olur. Ukrayna isə öz yubileyini artıq qeyd etmişdir. Oktyabrda biz də bu tarixi günü qeyd edəcəyik. Əslinə qalsa, .bütün respublikalar öz dövlət müstəqilliyini 1991-ci ildə, - kimi əvvəl, kimi, - elan etmişdir. Təbii ki, bu müstəqillik olduqca böyük tarixi hadisədir və xalqlarımızın çox böyük nailiyyətidir. Lakin bununla yanaşı, artıq hər bir ölkə öz problemləri ilə məşğuldur, həm də bu problemlər oxşardır.
Çünki biz eyni İttifaqdan çıxmışıq, hamımız eyni vəziyyətdə, bir sistemdə idik, vahid ideologiyanı rəhbər tuturduq. İndi isə, ötən bu on ildə dönüş, keçid, transformasiya baş verir. Bu isə çox çətin prosesdir. Ona görə ki, burada söhbət iqtisadiyyatdan, sosial sahədən gedir, söhbət insanların, xüsusən gənc nəslin, habelə sistem və ideologiyası dünyanın digər ölkələrindəkindən tamamilə fərqli olmuş ölkədə doğulub, boya-başa çatmış mənim nəslimin nümayəndələrinin şüurunda dəyişiklikdən gedir. Biz hamımız bu sistemdə yaşamış, bu ruhda tərbiyə almışıq və təbii ki, bütün bunlar dərin kök salmışdır. Ona görə də bu barədə açıq və obyektiv danışmaq lazımdır. Doğrudur, bəzi adamlar iddia edirlər ki, onlar bunun düzgün olmadığını o vaxtlar da bilirdilər. Bəlkə də kimsə belə düşünürdü, hər halda, belələri tək-tük idi. Mən bunu ona görə demirəm ki, guya düşünürəm ki, onlarda hansısa ideoloji ziddiyyət vardı. Sadəcə olaraq, bu adamların çoxu özlərinin hansısa şəxsi problemlərinə görə indi necədirlərsə, o cür olmuşdular. Ona görə də bu proses asan deyildir və hər bir ölkədə həm müxtəlif şəkildə, həm də eyni cür gedir. Ona görə eyni cür gedir ki, bizim yolumuz birdir, ona görə müxtəlif şəkildə gedir ki, hər bir ölkə bu problemləri özü bildiyi kimi həll edir. Haradasa yaxşıdır, haradasa pisdir, haradasa kimsə hələ də mühafizəkar baxışlarını saxlayır, haradasa bəziləri hesab edir ki, bir qütbdən digər qütbə az qala bir il ərzində tullanıb keçmək olar. Ona görə də təkrar edirəm, bu keçid dövründə bizim oxşar cəhətlərimiz də, müvafiq şəraitlə, müvafiq hallarla əlaqədar olaraq bir-birimizdən fərqlərimiz də çoxdur. Əslinə qalsa, mən bu fikri məhz ona görə söyləyirəm ki, indi gediş-gəliş, bir-birini görmək, harada nə kimi işlər baş verdiyini görmək çox vacibdir. Kim yaxşı işləyirsə, ondan nə isə öyrənmək, kim pis işləyirsə, ona kömək göstərmək olar.
Qonaqlarımız çox olmasa da, siyahıdan gördüm ki, Moldova, Özbəkistan nümayəndələri gələ bilməyiblər. Hərənin öz problemləri var. Buna baxmayaraq, mən Ukraynanın belə mötəbər nümayəndə heyətini salamlayıram, xüsusən ona görə ki, nümayəndə heyətinə çoxdan tanış olduğum Mariya Andreyevna Orlik başçılıq edir. Mən Gürcüstan nümayəndə heyətini və Azərbaycan nümayəndə heyətini salamlayıram.
GUÖAM-ın tərkibində biz beş ölkəyik, burada isə üç ölkənin nümayəndələri var. Bir sözlə, çoxluq göz qabağındadır. Təkrar edirəm, sizin buraya toplaşmağınıza çox şadam və inanıram ki, çox səmərəli işləmisiniz. Televiziya ilə göstərdilər, mən gördüm, mənə bir az danışıblar. Odur ki, mən sizin işinizi alqışlayır və sizə uğurlar arzulayıram. Görürəm ki, Mariya Andreyevna çıxış etmək istəyir.
Mariya Orlik (Ukrayna Qadınlar Ittifaqının sədri, Ukrayna nümayəndə heyətinin rəhbəri): Əziz Heydər Əliyeviç. Mən də Sizin nəslə mənsubam.
Heydər Əliyev: Amma bir qədər sonrakı nəslə.
Mariya Orlik: Bizim sinnimizdə bir neçə yaşın az və ya çox olması böyük rol oynamır. Hər halda, mən sovet dövründə həyat məktəbi keçmiş nəslə mənsubam və həmin dövrdən bir günü belə öz həyatımdan silmərəm. Ona görə ki, biz faydalı çox işlər görmüşük və indi müstəqil dövlətlər üçün bazaya çevrilmiş nə varsa, hamısı o dövrdə yaradılmışdır.
Qadınlar əhalinin elə bir kateqoriyasıdır ki, onlar hər bir ölkədə prezidenti dəstəkləyirlər. Ona görə də beş prezident saziş imzaladıqları halda, qadınlar kənarda qala bilməzdilər. Başa düşürük ki, istər ictimai təşkilatlar, istərsə də deputat qüvvələri, qadınların işlədikləri dövlət orqanları olaraq bizim sözümüz, fəaliyyətimiz GUÖAM-ın qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsinə kömək və yardım göstərməyə qadirdir. Bizi qəbul etdiyinizə görə, istər GUÖAM-ın yaradılmasında, istərsə də bu forumun keçirilməsində təşəbbüsünüzə görə nümayəndə heyətimiz adından Sizə ürəkdən təşəkkür edirik. Biz məqsədə nail olduq, GUÖAM ölkələri qadınları forumunun yaradılması haqqında sənəd imzaladıq və indi nizamnaməni işləyib hazırlayacaq, öz işimizi planlaşdıracaq və işimizi necə səmərəli və faydalı qurmaq barədə düşünəcəyik. Mən Azərbaycanda ilk dəfə deyiləm. Sizin yadınızdadır ki, biz 1979-cu ildə burada Ukraynanın ədəbiyyat və incəsənət günlərini keçirmişdik.
Heydər Əliyev: Ukrayna Nazirlər Soveti sədrinin müavini kimi nümayəndə heyətinə də Siz başçılıq edirdiniz.
Mariya Orlik: Mən bu vəzifədə 12 il işlədim, indi isə Ukrayna Qadınlar İttifaqına başçılıq edirəm. Xalqlarımız arasındakı o dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma və məhəbbətin bünövrəsi indiki görüşümüzün də bünövrəsinə çevrilmişdir. Mən öz ev arxivimdə gənclik illərimizi Sizə xatırladacaq çoxlu maraqlı materiallar tapmışam.
Bax, bu, nümayəndə heyətimizi qəbul etdiyiniz barədə material verilmiş "Kommunist" qəzetidir, bu isə nümayəndə heyətimizin fotoşəklidir. Bax, bu şəkildə ədəbiyyat günlərinin açılışı əks olunmuşdur, burada isə biz Sizinlə söhbət edirik. Bu şəkildə biz Neft Daşlarındayıq. Bu şəkildə isə Sizin mərhum həyat yoldaşınız var, o, Neft Daşlarına gedəndə bizi müşayiət edirdi. Burada nümayəndə heyətimiz Sizin qəbulunuzdan sonra əks olunmuşdur. Bu şəkil isə Ali Sovetdə -ədəbiyyat günlərinin uğurla keçməsinə görə bizə mükafatlar təqdim edilərkən çəkilmişdir (Mariya Orlik arxiv materiallarını və fotoşəkilləri Azərbaycan prezidenti Heydər Əliyevə təqdim edir). Qoy bunlar Sizə o vaxtları xatırlatsın.
Heydər Əliyev: Sağ olun.
Mariya Orlik: Mən Sizə iki kitab - Ukrayna Qadınlar İttifaqı tərəfindən nəşr olunmuş "Şedevrı Ukrainskoy kulturı ("Ukrayna mədəniyyətinin inciləri") kitabını və "Jenşinı Ukrainı ("Ukrayna qadınları") bioqrafik-ensiklopedik lüğətini təqdim edirəm. Mən bunları Sizə bağışlayıram. Qoy onlar Sizə dostluğumuzu xatırlatsın.
Heydər Əliyev: Mariya Andreyevna, sağ olun. Sizdə belə fotoşəkillər varmı?
Mariya Orlik: Mən onları Sizə hədiyyə edirəm.
Heydər Əliyev: Bəs bu qəzet Sizdə varmı? Yoxsa mən onu sizin əlinizdən almış oluram.
Mariya Orlik: Yox, bunlar hamısı Sizin üçündür. Siz məndən heç nə götürmürsünüz, mən ancaq hədiyyə edə bilərəm. Nümayəndə heyətinin rəhbəri kimi mənə bir neçə nüsxə hədiyyə etmişdilər və mən onların içərisindən götürmüşəm. Qoy bu, bizim görüşlərimizi, başlıcası isə, xalqlarımızın dostluğunu Sizə daim xatırlatsın.
Bizi burada çox yaxşı qarşıladılar, özümüzü evdəkindən də yaxşı hiss edirdik. Başlıcası isə budur ki, biz qarşımızda duran vəzifəni yerinə yetirdik və indi təmiz vicdanla prezidentimizə məlumat verə bilərik ki, iş planlaşdırılan səviyyədə həyata keçirildi. Allah eləsin ki, biz prezidentlərimizin planlaşdırdıqlarının hamısını mehribancasına həyata keçirək. Biz Sizi dəstəkləyirik.
Heydər Əliyev: Mariya Andreyevna, sağ olun. Bu şəkillər məni ötən günlərə qaytarır, hərçənd mən hər şeyi bu şəkillərsiz də yaxşı xatırlayıram. 1979-cu ildə Azərbaycanda Ukrayna mədəniyyəti günləri əla keçdi. O vaxtlar bizdə belə günlərin keçirilməsi ənənə halını almışdı. Sonra Ukraynada Azərbaycan mədəniyyəti günləri keçirildi. Onda nümayəndə heyətinə MK-nın ideologiya üzrə katibi Bağırov başçılıq edirdi. Təkrar edirəm ki, bizdə bir çox respublikalarla belə günlərin mübadiləsi olurdu, onların hamısı çox yük-sək səviyyədə keçirdi və hamısı da təkrarolunmaz idi. Ukrayna mədəniyyəti günlərində siz buraya çoxlu adam, başlıcası isə görkəmli incəsənət ustaları gətirmişdiniz.
Mariya Orlik: İki xüsusi təyyarə ilə 400 adam gəlmişdi.
Heydər Əliyev: Məsələn, mən görkəmli müğənni Solovyanenkonu xatırlayıram.
Mariya Orlik: Sofıya Rotaru da vardı.
Heydər Əliyev: Yeri gəlmişkən, mən bu yaxınlarda Rotaru ilə Soçidə görüşdüm. Mən Moskvada işləyən vaxtlarda o, hətta bizim bağda olmuşdu, həyat yoldaşımla və qızımla görüşmüşdü, çünki o, xoşuma gəlirdi. Burada isə o, elə gözəl çıxış etdi ki, mən ona dedim: mən artıq səni öz qızım bilirəm. Mən Moskvada işləyərkən o, oraya qastrola gəlmişdi, həyat yoldaşım bundan xəbər tutduqda, onu bağımıza dəvət etdi və onlar - Rotaru, həyat yoldaşım, qızım görüşdülər. Qızım da musiqi ilə məşğul olur. Mən ondan sonra Rotarunu görmədim. Budur, Soçidə avqustun əvvəllərində MDB ölkələri dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilərkən, o dövrün bir neçə artistini də oraya dəvət etdilər. Onların arasında Rotaru da vardı. Əlbəttə, o, gözəl çıxış etdi. Sonda isə mən badə qaldırıb bəzi adları, o cümlədən də Rotarunun adını çəkdim.
Hamı dağılışmağa başladıqda mən onların stoluna yaxınlaşdım. Bilirsinizmi, biz onunla doğma adamlar kimi görüşdük, dedi ki, məni həmişə xatırlayır. O, həm əla müğənni. həm də çox yaxşı, gözəl bir insandır. Söz düşmüşkən, sonralar, mən artıq prezident olandan sonra Solovyanenko buraya qastrola gəlmişdi. O, bizim Müslüm Maqomayevlə dostluq edirdi, buraya gəlmişdi və mən onu gördüm. Onun vəfat etdiyini eşitdikdə çox məyus oldum və Leonid Daniloviç Kuçmaya başsağlığı teleqramı göndərdim. Mənə Solovyanenko da müstəsna təsir bağışlayırdı. Hər halda, gileylənib deyə bilmərik ki, biz belə sənətkarları görməmişik. Lakin belə sənətkarlar arasında elələri var ki, onların yaradıcılığı ürəyə xüsusilə yatır. Belə görüşlər mənim xatirimdədir. Bu şəkillərə görə sağ olun. Yəqin ki, onlar mənim arxivimdə də var, bəlkə də yoxdur.
Mariya Orlik: Mən onları arxivlərdə artıq arayıb tapmışam, Sizsə hələ axtarmalı olacaqsınız.
Heydər Əliyev: Çox sağ olun.
Mariya Orlik: Yeri gəlmişkən, Siz Nazirlər Soveti sədrinin birinci müavini olarkən problemlərimizə, ehtiyaclarımıza qayğı ilə yanaşmağınızı, bizə göstərdiyiniz köməyi Ukrayna xatırlayır. Sizin də, bizim də respublikamız sanki müstəqil idi, amma bizim əslində müstəqilliyimiz yox idi. Biz müstəqillik barədə ancaq düşünür, onu arzu edirdik və nəhayət ki, ona nail olduq. Mənim yadımdadır ki, biz Sizin kabinetinizdə dəfələrlə olmuşduq və respublikanın qaldırdığı məsələləri həll edirdiniz. Buna görə Sizə ürəkdən sağ olun deyirəm.
Heydər Əliyev: Sağ olun ki, unutmursunuz. Mənim özüm respublikaya illərlə rəhbərlik etdiyimə görə, Siyasi Büro üzrə bir çox həm-karlarımdan fərqli olaraq, müttəfiq respublikaların problemlərini daha yaxşı bilirdim. Çünki onların çoxu müttəfiq respublikada işləməmişdi, bəlkə də Rusiyada vilayət partiya komitəsində, nazir işləmişdi. Müttəfiq respublikanın xüsusiyyətini bilmək üçün orada işləmək lazım idi, özün bu vəziyyətdə olmalı idin.
Burada uzun illər respublikaya rəhbərlik etdiyimə görə müttəfiq respublikanın probleminin Moskvada necə ağır həll edildiyini, Moskvadakı bəzi rəhbərlərin müttəfiq respublikalara lazımınca münasibət göstərmədiklərini də görürdüm. ölkəmiz SSRİ, yəni Sovet Sosialist Respublikaları İttifaqı adlanırdı. Özü də bu, 1922-ci ildə yaradılmış könüllü birlik idi.
Mariya Orlik: Bu könüllü birliyin nə olduğunu bilirik.
Heydər Əliyev: Belə olan halda Siyasi Bürodakı bir çox həmkarlarım bunu, təəssüflər ki, başa düşmürdülər. Belə bir şəraitdə yaşadığıma, müttəfiq respublikanın vəziyyətinə yaxından bələd olduğuma görə, müttəfiq respublikaların ehtiyac və problemlərini, çətinliklərini onların çoxundan yaxşı başa düşürdüm. Mən bir çox məsələləri, o cümlədən Ukrayna ilə bağlı məsələləri həll edirdim. Ukrayna iri respublika olsa da, Moskvada onunla hesablaşsalar da, bir çox məsələlər həll olunmurdu. Məsələn, təkcə sizin səviyyənizdə deyil, başqa səviyyələrdə də həll edilmirdi. Siz humanitar sahə ilə məşğul olurdunuz, elə bu sahə də mənə baxırdı. Mən çox sahəyə, o cümlədən də mədəniyyət sahəsinə, sosial sahəyə kuratorluq edirdim. Olduqca çox vilayət partiya komitələrinin birinci katibləri birbaşa mənə müraciət edirdilər və hər birinin də öz problemi var idi. Mən həmişə bu məsələlərin həllinə çalışırdım.
Mariya Orlik: Siz orada canlandırıcı bir qüvvə idiniz və biz bunu bilirdik, ona görə də məhz Sizə müraciət edirdik. Bir daha çox sağ olun.
Heydər Əliyev: Sağ olun ki, unutmursunuz. Gürcüstan nümayəndə heyəti nəsə demək istəyir?
İrina Yevaniya (Gürcüstan qadınlarının vəziyyətinin yaxşılaşdırılması üzrə hökumət komissiyasının eksperti, münaqişələr üzrə mütəxəssis): Çox hörmətli Heydər Əliyeviç, mən bir qədər həyəcan keçirirəm. İlk növbədə icazə verin, bizi - GUÖAM ölkələri qadınlarının birinci əməkdaşlıq forumunun iştirakçılarını qəbul etməyə vaxt və imkan tapdığınıza görə Gürcüstan qadınlarının nümayəndə heyəti adından Sizə təşəkkürümüzü bildirim.
GUÖAM birliyinin bünövrəsini qoyarkən Sizin, ölkələrimizin liderlərinin bəyan etdiyi məqsəd və vəzifələrin həyata keçirilməsinə qadınların da necə böyük töhfə verə biləcəyi barədə burada artıq danışıldı. Biz ciddi planlar nəzərdə tutmuşuq, kifayət qədər səmərəli işlədik və razılığa gəldik ki, ölkələrimizin işıqlı və dinc gələcəyi naminə irəliləyəcəyik. Çox hörmətli Heydər Əliyeviç, mən şəxsən Sizə demək istəyirəm ki, Azərbaycandakı dostlarımız və bacılarımızla daimi əlaqələrimizin genişlənmə-sinə və dərinləşməsinə Gürcüstanda biz böyük əhəmiyyət veririk. Belə səmimi qəbula görə, dəstəyinizə görə çox sağ olun. Əminəm ki, həmkarım məmnuniyyətlə bir neçə xoş kəlmə əlavə edəcəkdir. Sağ olun.
Tamara Abaşidze (Gürcüstan qadınlarının vəziyyətinin yaxşılaşdırılması üzrə hökumət komissiyasının baş referenti, münaqişələr üzrə mütəxəssis): Cənab prezident, mən də çox həyəcan keçirirəm. İlk növbədə bizə, forum iştirakçılarına diqqət yetirdiyinizə görə Sizə mən də təşəkkür etmək istəyirəm. Biz Sizin daimi dəstəyinizə əminik. Bizə məlumdur və heç vaxt unutmayacağıq ki, ölkəmizin həyatının çox ağır anlarında Siz öz xalqınızın həqiqi lideri kimi, Azərbaycanın gələcəyi haqqında düşünən əsl uzaqgörən siyasətçi kimi ölkəmizlə, xalqımızla dostluğun xeyrinə seçim etdiniz. Biz bunu qiymətləndirir və əminik ki, Azərbaycan və Gürcüstan qadınları arasında münasibətlər GUÖAM-ın digər ölkələrinin qadınları üçün örnək olacaqdır. Bir daha sağ olun. Biz gözəl Bakı şəhərindən bir-birimizə ən xoş duyğularla ayrılırıq və əminik ki, hamımız Tbilisidə də, Kişinyovda da, Kiyevdə də, Daş-kənddə də yenidən görüşəcəyik. Sizinlə bugünkü görüş isə gələcək fəal əməkdaşlığımız üçün xeyir-duadır. Cənab prezident, bir daha çox sağ olun.
Heydər Əliyev: Biz Gürcüstanla qonşuyuq, həm qonşu, həm də dostuq. Dostluğumuzun çox böyük tarixi var, bunun necə bir tarix olduğunu hətta söyləmək çətindir. Biz bir çox əsrlər, minilliklər boyu yanaşı yaşamışıq. Bilirsiniz, Qafqazda vəziyyət o qədər də normal deyil, Ermənistanla Azərbaycan arasında münaqişə mövcuddur, Gürcüstanda abxaz, Cənubi Osetiya problemləri, habelə Rusiyanın cənubunda, Şimali Qafqazda problemlər var, Çeçenistandakı hadisələr var. Təəssüf ki, bizim bu zonamız münaqişələr zonası olmuşdur. Sözsüz ki, bu münaqişələr hər bir xalqa, hər bir ölkəyə çox böyük ziyan vurur. Düşünürəm ki, biz bu münaqişələri aradan qaldıracağıq. Deməliyəm ki, Ermənistanla bizim münaqişəmizdə, Gürcüstanın Abxaziya ilə münaqişəsində nə gürcü xalqı, nə də Azərbaycan xalqı təqsirkardır. Çünki Ermənistan heç vaxt erməni torpağı olmamış, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ Muxtar Vilayətini özünə birləşdirməyə çalışaraq, hələ 1988-ci ildə Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başlamışdı.
Orada azərbaycanlılar da, ermənilər də yan-yana yaşayırdılar. Məsələn, Gürcüstanın çox zəngin tarixi var. Abxaziya Gürcüstanın bir hissəsidir. Mən hətta sizə deməliyəm ki, o vaxtlar, cavanlıq illərimizdə biz gürcülərlə abxazları bir-birindən ayıra bilmirdik və hesab edirdik ki, abxazlar da gürcüdürlər. Amma indi bir baxın, onlar separatçı mövqe, özü də davakar separatizm mövqeyi tutmuşlar. Onlar bundan nə qazandılar? Bəs Ermənistan bundan nə qazanmışdır? Heç nə. Ermənistan da, biz də ziyan çəkmişik, Abxaziya və bütün Gürcüstan da ziyan çəkmişdir. Bununla belə, xalqlarımız arasında, gürcü və Azərbaycan xalqları arasında, ölkələrimiz arasında, xoşbəxtlikdən, liderlər arasında çox sıx, çox yaxın dostluq münasibətləri olmuşdur. Mariya Andreyevna, sizinlə birlikdə xatırladığımız o vaxtlar bizimlə Gürcüstan və Eduard Amvrosiyeviç Şevardnadze arasında möhkəm dostluq vardı. Burada mən respublikaya rəhbərlik etdiyim kimi, o da orada Gürcüstana başçılıq edirdi, biz Moskvada da birlikdə işləyirdik. Amma sonra tale elə gətirdi ki, hər ikimiz öz respublikalarımıza qayıtdıq və yeni şəraitdə xalqlarımız bizə etimad göstərdi və bizi prezident seçdi. Problemlər olduqca çoxdur, ancaq xalqlarımız arasında mövcud olan dostluq da, gürcülərlə azərbaycanlıların səmimi münasibətləri də, prezident Şevardnadze ilə mənim aramda mövcud olan səmimi dostluq bizə bir çox belə mürəkkəb məsələləri birlikdə aradan qaldırmağa kömək edir. Biz böyük layihələr həyata keçirmişik Bilirsiniz ki, Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" neft yataqlarının birgə işlənilməsi haqqında 11 xarici neft şirkəti ilə dünyada ilk ən iri müqavilənin imzalandığı vaxtdan bu gün, sentyabrın 20-də 7 il ötür. Bu neftin ixracı üçün biz Gürcüstanı seçdik, Bakı-Supsa neft kəmərini çəkdik və 1999-cu ildə istifadəyə verdik. Biz artıq neçə illərdir ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi ilə məşğuluq. Yeri gəlmişkən, bu layihə də artıq hazırdır, tezliklə tikinti işlərinə başlanacaqdır. Azərbaycanda qaz həmişə olmuşdur. "Əsrin müqaviləsi" imzalandıqdan sonra gördüyümüz işlər nəticəsində bir çox digər müqavilələr imzalandı, iri qaz yatağı aşkara çıxarıldı. Əlbəttə, bu qazı dünya bazarlarına ixrac etmək lazımdır və biz yenə də Gürcüstandan keçən yolu seçdik. Yəqin ki, biz tezliklə Gürcüstan ilə Azərbaycan arasında qəti saziş imzalayacağıq. Bu sənədi Eduard Amvrosiyeviçlə mən imzalayacağıq - çünki biz Türkiyə ilə belə sənədi mart ayında, mən Ankarada olarkən imzalamışıq - və qaz kəmərinin inşasına başlayacağıq. Əlbəttə, bu, Azərbaycanın da, Gürcüstanın da gələcək nəsilləri üçündür. Biz böyük perspektivlər, böyük imkanlar üzə çıxarırıq. Bununla yanaşı, Gürcüstandan keçən və keçəcək, Azərbaycan neftini və qazını dünya bazarlarına ixrac edəcək bu boru kəmərləri çox möhkəm iqtisadi tellərlə bağlı olan Gürcüstanla Azərbaycan arasında onsuz da mövcud olan dostluğu daha da möhkəmlədəcəkdir.
Lakin məsələ təkcə bununla bitmir, qonşu rayonlarımız da çox yaxından dostluq edirlər. Biz prezident Şevardnadze ilə də çox tez-tez görüşürük.Yəqin ki, bu ay onunla burada görüşümüz olacaqdır. Odur ki, Gürcüstan qadınlarının nümayəndələrinin burada olmasına şadam. Onlar gənc nəslə mənsubdurlar. Bu da yaxşıdır. Ona görə ki, biz işi-mizin davam etdirilməsi qeydinə qalmalıyıq. Bundan ötrü isə gənc nəsli daim hazırlamaq lazımdır. Onu cəsarətlə hazırlamaq lazımdır. Bir sözlə, mən çox şadam, sizə təşəkkür edirəm və sizin bura-da olmağınız xoşdur.
Bəlkə Azərbaycan nümayəndə heyəti nəsə demək istəyir, yoxsa, siz burada özümüzünkülərsiniz?
Zəhra Quliyeva (Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri): Möhtərəm, əziz və sevimli prezidentimiz, hörmətli Heydər Əlirza oğlu! Əlbəttə, GUÖAM ölkələri birliyi yaradılanda biz çox şad olduq. Biz qadınlar buna, şübhəsiz, sevindik. Söhbətin əvvəlində Sizin dediyiniz kimi, 1997-ci illə Strasburqda dörd ölkə idi, 1999-cu ildə isə Özbəkistan da qoşuldu və biz 90 milyon nəfərdən artıq olduq. Onların yarısından çoxunun qadın olduğunu nəzərə alsaq, deməli, qadınların da əməyi müəyyən qüvvəyə malikdir. Biz hamımız bu birlikdə iştirak etməyi və qarşılarına qoyduqları məqsədlərə nail olmaqda öz hökumətlərimizə, öz prezidentlərimizə kömək etməyi çox istəyirdik.
Biz Sizə minnətdarıq ki, GUÖAM ölkələri qadınlarının forumunu yaratmaq barədə ideyamızı dəstəklədiniz. Bu forumun keçirilməsi üçün respublikada müvafiq şərait yaradılmışdı. Forum beynəlxalq konfransların, əlamətdar hadisələrlə bağlı tədbirlərin təşkil edildiyi Gülüstan sarayında keçirilmişdir. Sız bizim foruma təbrik göndərdiniz. Heydər Əlirza oğlu, bilirsinizmi, ilk qadın forumuna göndərilmiş bu təbrik tədbirimizin əhəmiyyətini daha da artırdı. Odur ki, biz, bütün qadınlar öz təbrikinizdə ifadə etdiyiniz sözlərə görə Sizə çox minnətdarıq. Orada hər şey əhatə edilmişdir. Söz yox ki, biz indiki vaxtda oraya toplaşan qadınlar IV ümumdünya qadınlar konfransının platformasını da, orada qarşıya qoyulmuş vəzifələri də, hamımızın Sovet İttifaqında ərsəyə çatdığını da unutmamışıq. Bizim aramızda həmişə dostluq münasibətləri olmuşdur. Xalqlarımız, qadınlarımız arasındakı bu dostluğu möhkəmlətmək və bu dostluğu nəsildən-nəslə ötürmək - GUÖAM ölkələri qadınlarının birinci forumunun əhəmiyyəti bundadır.
Qadınları həmişə dəstəklədiyiniz barədə sözlərə görə Sizə çox minnətdarıq. Təkcə ona görə yox ki, son vaxtlar beynəlxalq təşkilatlarda gender problemlərinə, kişilərlə qadınların hüquq bərabərliyinə böyük diqqət yetirilir. Əlbəttə, bizdə belə bir hüquq bərabərliyi var və o, hələ 1918-ci ildə qəbul edilmişdir. Lakin Siz respublikamıza hələ ilk dəfə rəhbərlik edərkən gender proqramını həyata keçirdiniz, bu proqramla məşğul olurdunuz, ona böyük əhəmiyyət verirdiniz.
Hələ 1969-cu ildə bütün dünyada gender problemin-dən demək olar ki, söhbət getmirdi. Bizim respublikamızda isə bu problem həll olunurdu. Azərbaycanın həyatında ilk dəfə olaraq, qadınlar yüksək vəzifələrə irəli çəkilir, ali məktəblərin rektorları təyin edilirdilər. Azərbaycanın, eləcə də digər respublikaların həyatında belə şeylər heç vaxt olmamışdı. Odur ki, prezidentimizin qadınların inkişafına olduqca böyük diqqət yetirdiyini biz indi də hiss edirik. Prezidentimizin 2000-ci il martın 6-da verdiyi və siyasətdə qadınların rolunun da nəzərə alındığı fərmanı BMT-nin rəsmi sənədi kimi qəbul edilmiş və bütün ölkələrə göndərilmişdir.
Əlbəttə, biz fəxr edirik ki, prezidentimiz qadınların inkişafına böyük diqqət yetirir. Demək olar ki, biz Azərbaycan qadınları prezidentimizin diqqətindən ərköyünləşmişik. Biz fəxr edirik ki, belə prezidentimiz var. Odur ki, biz qadınlar ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında və bütün təşəbbüslərində prezidentimizə kömək etmək istəyirik.
Ona görə də biz Azərbaycan qadınları GUÖAM ölkələri birliyinin yaradılmasına şad olduq və birinci forumu məhz Azərbaycanda keçirməyimizə daha çox sevindik. Forumda Ukrayna, Gürcüstan nümayəndə heyətləri ilə yanaşı, Moldova və Özbəkistandan ekspertlər də iştirak edirdi. Onlar bizim forumla eyni zamanda öz iclaslarını keçirdilər. Dünən biz Bakı memorandumunu və müraciətləri imzalayarkən onlar da iştirak etdi, öz razılıqlarını bildirdilər və bizi əmin etdilər ki, qəbul olunmuş sənədlərin hamısını öz qadınlarına mütləq çatdıracaqlar. Forum çox yaxşı, işgüzar şəraitdə keçdi, bütün dövlətlərin nümayəndələrinin çıxış etməsi üçün şərait yaradılmışdı, Ukrayna nümayəndə heyətindən isə, demək olar, hamı çıxış etdi. Gürcüstan nümayəndə heyəti çox maraqlı çıxış etdi və bizim deputatlarımızın çıxışlarına da imkan verildi. Forumda 100-dən çox adam iştirak edirdi. Nümayəndə heyətləri elə təşkil olunmuşdu ki, forumda rəsmi nümayəndə heyəti ilə yanaşı, bütün ölkələrin parlamentlərinin qadın deputatları da iştirak edirdilər, qeyri-hökumət təşkilatları təmsil olunmuşdular, alimlərimiz, akademiklərimiz, tanınmış qadınlarımız da iştirak edirdilər. Geniş iclasın ikinci hissəsi beş bölmədə keçirildi. Bölmələrdə də iş çox maraqlı oldu. Böyük salonda bölmələr üçün ayrıca masalar qoyulmuşdu və bölmələrdə hamı, o cümlədən bizim əziz Azərbaycan qadınları fəal iştirak edirdilər.
Burada qanunvericilik məsələləri, qeyri-hökumət qadın təşkilatlarının işi ilə bağlı məsələlər müzakirə edildi, gender məsələləri, fəaliyyətimizin prinsipcə necə işıqlandırılması barədə məsələ qaldırıldı. Biz müharibə vaxtı əziyyət və zərər çəkmiş qadınlara kömək göstərilməsi haqqında, qaçqınların vəziyyəti və əlverişsiz şəraitdə, çadırlarda yaşayan qadınların və onların uşaqlarının hüquqlarını qadınlarımızın müdafiə edə bilməsi haqqında ciddi məsələlər qaldırdıq. Biz günü sabah qaçqınlarımızın bir qisminin yaşadığı şəhərciyə getmək niyyətindəyik. Əlbəttə, onlar respublikanın hər yerində məskunlaşmışlar. Ancaq biz yaxın yeri, Sabirabadı seçdik. Qaçqınların nə kimi ağır şəraitdə yaşadıqlarını göstərmək istəyirik, istəyirik ki, onlar görüşsünlər, hər şeyi öz gözləri ilə görsünlər. Çünki, Sizin dediyiniz kimi, qaçqın vəziyyətində bir ay, üç ay, bir il, iki il yaşamaq olar, daha səkkiz il yox, doqquz il yox. Bu, çox çətindir. Sonra biz bu adamların reabilitasiyası barədə düşünürük ki, bu da çətin işdir. Lakin hesab edirik ki, GUÖAM ölkələrinin qadınları ilə birləşsək, onlar vəziyyətimizi görəcək, məqsədlərimizi dəstəkləyəcək və bizimlə birlikdə qadınların, uşaqların hüquqlarını qoruyacaq, sülh uğrunda mübarizə aparacaqlar. Biz qadınlar, analar milli mənsubiyyətimizə, hansı dövlətdə, hansı ölkədə yaşamağımıza baxmayaraq, övladlarımıza, gələcək nəsillərimizə həmişə sülh və firavanlıq arzulayırıq. Ona görə də bu cür birlik çox vacibdir. Bu birliyin yaradılmasına görə biz Sizə minnətdarıq. Çox minnətdarıq, çünki Siz bizi dəstəkləmisiniz və həmişə dəstəkləyirsiniz. Biz də özümüzdən asılı olan hər şeyi etməyə çalışacağıq. Bu gün siz neft müqavilələri məsələsinə toxundunuz. Bu gün birinci müqavilənin imzalanmasının 7 ili tamam olur. Bizim üçün bu da böyük fəxr, şərəfdir. Biz prezidentimizin bu müqavilənin imzalanmasına necə çətinliklə, hansı şəraitdə nail olduğunu bilirik. Buna çoxları inanırdı, amma inanmayanlar da vardı. Respublikanın daxilində, onun hüdudlarından kənarda bəzi adamlar müqavilənin imzalanmasına bacardıqları qədər mane olurdular. Buna baxmayaraq, həmin müqavilə bağlandı və indi onun 7-ci ildönümüdür. İcazə verin bu münasibətlə Sizi təbrik edək, əməyinizə görə təşəkkürümüzü bildirək. Biz, sadəcə olaraq, heyranıq, Sizin kimi olmaq, Sizin kimi işləmək istəyirik, lakin biz buna çox çətinliklə müvəffəq oluruq. Ancaq Sizin iş üslubunuz azərbaycanlıları da, Azərbaycan qadınlarını da Sizi dəstəkləməyə sövq edir. Sənədlər qovluğunu və forumun emblemi təsvir edilmiş xalçanı tədbirin bütün iştirakçıları adından xatirə olaraq Sizə təqdim etmək istəyirik.
Heydər Əliyev: Zəhra xanım, sağ olun. Dostlarımız kimi, Siz də forumdan çox ətraflı danışdınız. Siz bu fikri irəli sürəndə mən onu çox gərəkli, zəruri bir iş hesab etdim. Amma işləməyə başlayanda bunun nəinki qadınlar üçün, həm də bütün insanlarımız üçün nə dərəcədə düzgün olduğunu hiss etməyiniz mənə xüsusilə xoşdur. Mən çox şadam ki, artıq 8-9 ildir daimi yaşayış yerlərindən didərgin salınmış qaçqınların çadırlarda məskunlaşdıqları rayonlara getməyi qərara aldınız. Gedəcəyiniz Sabirabadda şərait pisdir, ancaq bundan da betər olan yer var-bu, Biləsuvardadır. Sabirabad bəlkə də daha yaxındır, oraya gedin. Biləsuvarda isə şərait daha pisdir. Hər halda, özünüz görəcəksiniz. Məncə, sivilizasiya aləmində insanların bu vəziyyətdə necə yaşadığını təsəvvür etmək çətindir. Heç cür inana bilmirsən ki, insanlar bu çadırlarda qızmar yayda da, soyuq qışda da, yağışda da, qarda da yaşayırlar. Neçə adamın kiçik bir çadırda yaşadığını siz özünüz orada görəcəksiniz. Bilirsiniz, bu, bir tərəfdən böyük qüssə-kədər hissi doğurur, ağır təsir bağışlayır. Mən orada tez-tez oluram. Digər tərəfdən düşünürsən ki, insan necə də dözümlü varlıqdır. Məsələn, siz oraya gedəcəksiniz və heç kəs giley-güzar etməyəcəkdir ki, vəziyyətləri pisdir. Əslində isə pisdir. Əlbəttə, mən də oraya gedəndə ayrı-ayrı şikayətlər olur, amma ümumən belə deyirlər: Siz bizim prezidentimizsiniz, ümidvarıq ki, məsələni həll edəcəksiniz, biz öz torpaqlarımıza qayıdacağıq.
Bu torpaqlar isə xarabalığa çevrilmişdir. Hərəsində 150-160 min əhalinin yaşadığı rayonlar, 50-60 min əhalinin yaşadığı şəhərlər xarabazarlığa döndərilmişdir. Halbuki onlar bir ilə, on ilə, hətta bir əsrə yaradılmayıbdır. Onları bir çox nəsillər yaradıblar. İndi hər dağıdılmışdır, hər şey talan edilmişdir. Ona görə də qarşımızda problemi həll etmək münaqişəyə son qoymaq, Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq vəzifəsi, deməli, işğal olun əraziləri azad etmək, Azərbaycanın ərazi bütövlüyünü etmək, bütün qaçqınları doğma yerlərinə, əvvəlki yaşayış yerlərinə qaytarmaq məsələsi durur. Əlbəttə, insanlar oraya qayıdacaqlar, ora da torpaqdır. Ancaq, dediyim kimi, yüz illər ərzində yaradılmış nə varsa, onların hamısını yenidən tikmək, yaratmaq üçün vaxt lazımdır. Bir sözlə, qarşımızda elə çətinliklər durur ki, təsəvvür edə bilməzsiniz. Hazırda gündəlikdə ilk növbədə işğal olunmuş ərazilərin azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olmaq məsələsi durur. Əlbəttə, bu, başlıca məsələdir. Bunu dinc yolla həll etmək istəyirik, hərbi əməliyyatların bir daha yenidən başlanmasını istəmirik.
Hərçənd bizdə bəziləri qışqırır, haray-həşir salırlar ki, gəlin müharibəyə başlayaq, öz torpaqlarımızı silah gücünə, müharibə ilə azadedək. Amma sabah müharibə başlasa, o adamların çoxu qaçıb aradan çıxaraq döyüşə getməyəcəkdir. Ona görə də belə məsuliyyətsiz bəyanatlar verirlər. Məsuliyyəti isə hökumət, dövlət daşıyır. Sabah müharibə başlasa, təbii ki, insanlar həlak olacaqlar, həm bu tərəfdən, həm də o tərəfdən qan töküləcəkdir. Özü də bir gün yox, bir ay yox. Çünki biz silah götürüb işğal olunmuş ərazilərimizi azad etməyə getsək, nəzərə alın ki, işğalçıların da ordusu, öz vasitələri var. Deməli, 1994-cü ildə dayandırdığımız müharibə yenidən başlayacaq. Əslinə qalsa, müharibəni dayandırmağımız respublikada vəziyyəti sabitləşdirməyə, iqtisadiyyatla məşğul olmağa, insanların həyatını qorumağa imkan vermişdir. Axı biz nə qədər insan, özü də gənclər itirmişdik. Siz yəqin ki, Şəhidlər xiyabanında oldunuz, gördünüz. Bu gördüklərinizin yalnız kiçik bir hissəsidir Ona görə də biz məsələnin sülh yolu ilə həllinə nail olmağa çalışırıq. Hərçənd, Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən bu, son dərəcə çətindir, çünki Ermənistan vaxtilə müəyyən səbəblərə görə torpaqlarımızı işğal edə bilməsi amilindən istifadə edir. Buna baxmayaraq, hesab edirəm ki, bu məsələnin dincliklə həllinin potensialı tükənməyibdir, biz ondan istifadə etməliyik. Həmin adamlar ancaq bu günü görürlər, mən isə perspektivi görürəm, əgər biz bunu edə bilsək, bu, böyük bir iş olacaqdır.
Bəs sonra? Sonra yolları bərpa etmək, xəstəxana və məktəbləri bərpa etmək, daha doğrusu, bərpa etmək yox, yenidən tikmək lazımdır. İnsanlar yaşamalıdır, onlara ev tikmək gərəkdir. Onların isə bundan ötrü vəsaiti yoxdur. Onlar əvvəllər yaşadıqları evlərin bir hissəsini özləri tikmişdilər, amma çox şey isə onlara valideynlərindən, ata-babalarından qalmışdı. İndi bunların hamısı dağıdılmışdır və hamısını yenidən yaratmaq lazımdır. Siz bilirsiniz ki, bunun üçün qədər vaxt gərəkdir, nə qədər vəsait, nə qədər qüvvə və sair tələb olunacaqdır. Odur ki, qarşımızda çox ağır bir problem durur.
Mən isə buna nail olmaq istəyirəm. Mən ərazilərimizin azad edilməsinə nail olmaq istəyirəm, Azərbaycanın ərazi bütövlüyünün qan tökülmədən bərpa edilməsinə nail olmaq istəyirəm. Qaldı işimizin ikinci mərhələsinə, bu, bir çox illər tələb edən bir işdir. Əlbəttə, nə qədər olsa da, biz bununla da məşğul olmalıyıq. Siz Sabirabad rayonuna gedib oradakı qaçqınları görəcəksiniz. Təkrar edirəm, onlar belə şəraitdə 8-ci ildir yaşayırlar, onlar sizi böyük məhəbbətlə qarşılayacaqlar. Mən belə düşünürəm, hər halda, xalqımıza bələdəm. Onlar öz bəlalarından daha az danışacaq, sizə bəslədikləri məhəbbətdən daha çox söhbət açacaqlar. Ona görə də insanlarımızın necə çətin şəraitdə yaşadıqlarını bilmək üçün heç olmasa Sabirabad rayonundakı bir çadır şəhərciyinə getmək təşəbbüsünüzü bəyənirəm.
Hesab edirəm ki, forumunuz uğurla keçmişdir. Qəbul etdiyiniz sənədlərin bizim üçün böyük əhəmiyyəti var. Yəqin ki, siz onları BMT-yə də, beynəlxalq təşkilatlara da göndərəcəksiniz. Bu bizim üçün böyük dəstəkdir. Siz burada dediniz ki, dünyada insanların yarısından çoxu qadınlardır. Bu hər yerdə və bizdə də belədir. Qadın həlledici qüvvədir, elə deyilmi? Sözsüz ki, elədir. Kişilər qadınlarsız nə edə bilərlər? Müəyyən müddət yaşadıqdan sonra o dünyaya gedəcək və özündən sonra heç nə qoymayacaq. Başadüşürəm, kişisiz qadınlar üçün də çətindir Ancaq bir kişi olaraq deməliyəm ki, qadınsız həyat mümkün deyildir. Bir də ona görə ki, bizim qadınlar çox layiqli insanlardır. Bilirsinizmi, biz fəxr edə bilərik ki, xalqımız qısa müddətdə böyük sivilizasiya yolu keçmişdir, qadın azaddır, qadın ictimai-siyasi həyatda, dövlət işlərində yaxından iştirak edir, elmi-tədqiqatla məşğul olur,| qadın səhiyyə, mədəniyyət sahələrində çalışır. Məsələn, bizim məktəblərdə müəllimlərin 50-60 faizi qadınlardır, səhiyyədə də belədir. Bu, keçmiş İttifaqımızın səciyyəvi xüsusiyyətidir.
Əlbəttə, indi keçmiş Sovetlər İttifaqını hər üzünə tənqid edirlər, məlum səbəblərə görə tənqid etməyə əsaslar var. Mən onları sadalamayacağam. Amma sizin kimi, mən də o dövr həyatımın heç bir səhifəsindən imtina etməyəcəyəm. Hər bir normal insan belə hərəkət etməlidir. Çünki o illər, o onilliklər olmasaydı, ölkələrimiz indi müstəqil ölkə, müstəqil dövlət, müstəqil xalq kimi mövcud olmaq üçün belə iqtisadi, siyasi, sosial, mədəni, intellektual potensiala malik olmazdılar. Bax, budur müstəqilliyimizin bünövrəsi. Bunsuz müstəqilliyimiz olmazdı, məktəblərimiz, savadlı adamlarımız, ali məktəblərimiz, xəstəxanalarımız, fabriklərimiz, zavodlarımız olmazdı. Bir baxın, Azərbaycanda necə böyük sənaye potensialı var, kənd təsərrüfatında necə böyük potensial var, elmdə, digər sosial sahələrdə necə böyük potensial var. Bunların hamısı bir ilə yaradılmır, bunun üçün illər, onilliklər gərəkdir. Bunların hamısı var. Ona görə də hesab edirəm ki, sizli-bizli hamımız bütün çətinlikləri aradan qaldıracağıq. Mən gələcəyə çox nikbin baxır və inanıram ki, indi keçdiyimiz bu dövr tamamilə qanunauyğundur. Kim hesab edirsə ki, bu dövrsüz keçinmək olardı, yox, olmazdı. Tarixin qanunları, bəşər tarixinin qanunları var. Biz bu dövrü keçib gedəcəyik və əlbəttə, xalqlarımız daha yaxşı yaşayacaqlar, qadınlarımız isə daha gözəl olacaqlar, hərçənd, onsuz da gözəldirlər.
Sizə bir daha təşəkkür edir, sizi salamlayıram, Ukrayna qadınlarına salam yetirin. Ümumiyyətlə, az kişi tapılar desin ki, o, qadınları sevmir. Lakin mən başqalarının yerinə danışmaq istəmirəm, öz adımdan demək istəyirəm ki, mən qadınları sevirəm. Ona görə də, məsələn, deyə bilərəm ki, Azərbaycanda qadınlar mənim böyük dayağımdır. 1994-cü ildə burada bir hadisə baş verdi, silahlı dövlət çevrilişi cəhdi oldu. Bu, mürəkkəb bir vaxt idi. Mən burada cəmi bir il idi ki, prezident işləyirdim. Çevrilişə can atan adamların əlində silah, hər şey vardı. O zaman mənim yeganə vasitəm televiziya ilə xalqa müraciət etmək idi. Gecə saat 10, hətta 11 olardı. Bütün imkanların tükəndiyini gördükdə, mən xalqa müraciət edərək bildirdim ki, ölkə təhlükə qarşısındadır, dövlətə kömək edin. Cəmi iki saatdan sonra buradakı meydan adamla doldu. Yarım milyonadək adam toplaşmışdı. Halbuki gecədən keçmişdi, insanlar istirahət edirdi, nəqliyyat işləmirdi və sair. Lakin mən onlarla görüşə çıxdıqda onların arasında çoxlu qadın olduğuna diqqət yetirdim
Bilirsinizmi, qucağında südəmər uşaq olan qadın gördükdə təsirləndim. Onlar haradan gəlmişdilər, axı şəhər böyükdür. Mən belə mürəkkəb şəraitdə, necə deyərlər, silahların işə salındığı şəraitdə heç nədən qorxub çəkinmədən buraya gəlmiş qadınları gördüm, halbuki onlar da, uşaqları da zərər çəkə bilərdilər, buraya evdən çox vaxt çıxmayan qoca qadınlar da toplaşmışdılar. Kişilər də vardı. Lakin kişi həmişə kişi olaraq qalır. Qadınlardan fərqli olaraq onlar daha çox hərəkət etmək imkanına, digər imkanlara malikdirlər. Qadın, hər halda çox incə məxluqdur. Bununla belə, qadınlar gəlmişdilər. Mən bir çox gərgin hallarda yoxlamışam, Azərbaycan qadınları həmişə mənim dayağım olublar.
Mariya Orlik: Yeri gəlmişkən, onlar bu forumu Sizin icazənizlə, Sizin razılığınızla keçirdilər. Azərbaycan qadınları heyrətamiz dərəcədə fəaldırlar. Heyrətamiz dərəcədə təşəbbüskardırlar. Bütün sənədləri hazırlayıb bizə, müstəqil respublikalara göndərmişdilər. Odur ki, biz buraya hazırlıqlı gəldik. Heç də hər şeyi burada öyrənmədik, bütün sənədlərin layihələrini hələ evdə olarkən almışdıq. Onları təyyarədə oxuyur və nəyi müzakirə edəcəyimizi, haraya və nə üçün getdiyimizi bilirdik. Bir sözlə, siz yaxşı qadınlar tərbiyə etmisiniz.
Heydər Əliyev: Sağ olun. Mənim səmimi salamımı və xoş arzularımı Ukrayna qadınlarına, Gürcüstan qadınlarına yetirin. Xahiş edirəm, salamımı və ən xoş duyğularımı dostum Leonid Daniloviç Kuçmaya, salamımı və ən səmimi duyğularımı dostum Eduard Şevardnadzeyə, eləcə də xalqlarınıza yetirin.
* * *
Sonra prezident Heydər Əliyev və qəbul iştirakçıları xatirə şəkli çəkdirdilər. Azərbaycan dövlətinin başçısı Mariya Orlikin ona bağışladığı "Jenşinı Ukrainı" kitabını nəzərdən keçirdi. O, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyevaya Azərbaycanın görkəmli qadınları haqqında bu cür nəşr hazırlanması barədə tapşırıq verdi.
Mariya Orlik: Heydər Əliyeviç, bu kitabda ən qədim dövrlərdən, knyaginya Olqadan başlayaraq, bu günədək üç min qadının tərcümeyi-halı toplanmışdır.
Heydər Əliyev: Çox yaxşı kitabdır.
Ukraynanın xalq deputatı Yelena Bondarenko Azərbaycan prezidenti Heydər Əliyevə müraciət edərək dedi:
- Icazə verin, Sizə cansağlığı, səadət arzulayım. Mən deyərdim ki, Siz Azərbaycan qadınları üçün müdrik atasınız.
Heydər Əliyev: İvan Plyuşşa salam yetirin. O, buraya gəlmişdi, mən onunla görüşdüm. Parlamentinizdə qadınlar çoxdurmu?
Yelena Bondarenko: 37 nəfərdir, faiz hesabı ilə qadınlar kişilərdən azdır. Hesab edirəm ki, sizin ölkəyə müdrik rəhbərlik nümunəniz bizi də irəlilədəcəkdir.
Heydər Əliyev: Parlamentdə qadınlar və kişilər yanbayan olmasa da, hətta qadınlar bir qədər az da olsalar, fərqi yoxdur, hər halda, təmsil edilməlidirlər.
Ukrayna Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədri Mətanət Rzayeva Azərbaycan prezidentinə müraciət edərək dedi:
- Mən Ukrayna azərbaycanlılarından Sizə salam yetirmək istəyirəm. Mən keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Mən bütün qadınlarımıza danışacağam ki, Sizinlə görüşdüm. Demək istəyirəm ki, Ukraynada harada oluramsa olum, Sizin haqqınızda həmişə xoş sözlər söyləyirlər, xidmətlərinizi qeyd edirlər. Kiyev Konservatoriyasının yenidən qurulmasına necə kömək etdiyinizdən mənə danışıblar. Sizin adınız sayəsində bizi hər yerdə rəğbətlə qarşılayırlar. Biz sizin xidmətlərinizlə çox fəxr edirik. Biz orada, Ukraynada Sizin həyanlığınızı duyuruq. Sizin Leonid Daniloviçlə dostluğunuz bizə olan münasibətə böyük təsir göstərir.
Mariya Orlik: Ukrayna Azərbaycanlıları Konqresi fəal təşkilatdır. Bizdə yarım milyondan artıq azərbaycanlı yaşayır.
Heydər Əliyev: Mən bunu bilirəm. Bütün vilayətlərdə onun şöbələri yaradılıb, onların hamısı Leonid Daniloviç Kuçmaya səs vermişlər.
Mətanət Rzayeva: Azərbaycanda baş verən hadisələr barəsində Ukraynada məlumat çox azdır. Ukrayna cəmiyyətinə Azərbaycan haqqında bacardıqca çox məlumat verməyə çalışırıq.
Heydər Əliyev: Bu yaxşıdır. Amma informasiyanın olmaması barədə Fatma xanım düşünməlidir. Həqiqətən, biz təkcə Ukraynaya deyil, bir çox digər ölkələrə də Azərbaycan haqqında az informasiya veririk. Bu isə böyük məsələdir, onun haqqında düşünmək lazımdır. Axı onlar orada yaşayırlar, informasiya isə azdır. İstəyirik ki, onlar bizə yaxın olsunlar, informasiyalan isə azdır. Yeri gəlmişkən, noyabrda biz burada bütün dünya azərbaycanlılarının qurultayını keçirəcəyik.
Mən Ukrayna Azərbaycanlıları Konqresindən çox razıyam. Leonid Daniloviç də çox razıdır. Əgər azərbaycanlılar başqa ölkələrdə də bu cür mütəşəkkil sistemə malik olsaydılar, bu, yaxşı olardı. Bütün qadınlara salam yetirin.
İrina Qolubeva (Ukrayna Qadınları Milli Şurasının sədri): Novaya Ukraina adlı birlik var, ona onlarca partiya daxildir. Mən orada konqres sədrinin müavini olan cavan bir oğlanın çıxışını eşitdim. O, Ukrayna dilində gözəl danışırdı.
Mən xanım Rzayevaya bizim təşkilata daxil olmağı təklif etdim. Partiyanızın təşəbbüsünə görə Sizə mən də təşəkkür etmək istərdim. Siz bizi GUÖAM çərçivəsindəki məsələlərin həllinə cəlb etdiniz. Biz sülh təşəbbüslərini xüsusi müzakirə etdik, öz qətnaməmizdə yazdıq ki, qadınların forumu həmişə çağırılsın, əlaqələndiricilər toplaşdıqda biz maraqlar üzrə dərnək olmayaq.
Azərbaycan - Beynəlxalq təşkilatlar
Azərbaycan - Beynəlxalq təşkilatlar