"Adam Smit İnstitutunda təşkil olunan rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (London, 29 noyabr 1995-ci il) sənədinə tarixi arayış


28 noyabr - 3 dekabr 1995-ci il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Böyük Britaniyada işgüzar səfərdə olub. Səfərin başlıca məqsədi Azərbaycanın iqtisadi potensialını bu ölkənin işgüzar dairələrinə tanıtmaq, onların maliyyə və investisiya imkanlarını bazar iqtisadiyyatına keçid mərhələsində olan milli iqtisadiyyatın yenidən qurulmasına yönəltmək idi. Eyni zamanda iki ölkə arasında mövcud olan iqtisadi əlaqələrin daha da gücləndirilməsi, Böyük Britaniya hökumətinin Azərbaycana investisiya qoyan iş adamlarına maliyyə təminatı verməsi ilə bağlı danışıqların aparılması, Azərbaycanın bu ölkədəki səfirliyinin yeni binasının açılması və s. tədbirlər də bu səfərin iş planında xüsusi yer tutub.

29 noyabr 1996-cı ildə Londonda Adam Smit İnstitutunda Azərbaycan iqtisadiyyatına həsr olunan sərgi-konfrans öz işinə başlayıb. Dünyanın 20-dən çox ölkəsindən 300-dən artıq iş adamı bu məclisdə iştirak etmək üçün Londona gəlib. Qeyd edək ki, Londonda fəaliyyət göstərən Adam Smit İnstitutunda bu ölkənin iqtisadi sisteminin davamlı inkişaf məsələləri, qlobal iqtisadiyyatın problemləri, dünya təsərrüfat sisteminin inkişaf meylləri və s. dünya şöhrətli alimlər tərəfindən təhlil edilir və müəyyənləşdirilən nəticələr haqqında Böyük Britaniya hökuməti məlumatlandırılır. (http://trend.az/)

Sərgi-konfransı Azərbaycanın Böyük Britaniyadakı səfiri açıb. Sonra Böyük Britaniyanın Xarici Ölkələrə Yardım və Məsləhət Xidməti Agentliyinin sədri Corc Riçers çıxış edib.

Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanda investisiya imkanları" mövzusunda geniş nitq söyləyib. O, çıxışında vurğulayıb:"Azərbaycan istəyir ki, ölkəmizə investisiya qoyuluşu artsın. Azərbaycanın açıq qapılarına bütün ölkələrdən investorlar, yatırım qoyanlar gəlsinlər".

Qeyd edək ki, Azərbaycan Prezidenti Heydər Əliyev bu işgüzar səfər çərçivəsində Böyük Britaniyadan sonra Fransada olub. Bu işgüzar səfərlərdən əvvəl Heydər Əliyev hər iki ölkədə, Fransada 1993-cü ildə, Böyük Britaniyada isə 1994-cü ildə rəsmi səfərdə olub. Avropanın hər iki yüksək inkişaf etmiş ölkəsi ilə rəsmi-diplomatik münasibətlər qurulduqdan sonra onların investisiya və yeni texnologiyalarının Azərbaycan iqtisadiyyatına tətbiq edilməsinə nail olmaq prioritet məsələlərdən idi.

Hazırda Azərbaycanda Britaniya kapitalının iştirakı ilə neftçıxarma, tikinti, nəqliyyat, xidmət və digər ‎sahələrdə 307 müəssisə qeydə alınıb. Onlardan 63 şirkət birgə müəssisə, 82 şirkət yüz faiz Britaniya ‎kapitalının iştirakı ilə və 162 şirkət filial və nümayəndəlik kimi fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət ‎göstərən britaniyalı iş adamlarının fəaliyyətlərini koordinasiya etmək məqsədilə 1996-cı ildən ‎Azərbaycan-Böyük Britaniya Ticarət Sənaye Şurası fəaliyyət göstərir. Şuranın fəaliyyətinin vacib strateji ‎istiqamətlərindən biri iki ölkə arasında birbaşa əlaqələrin yaradılmasına yardım göstərməkdir.‎ (http://www.azerbaijan.az/)

2004-cü ilin dekabrında Böyük Britaniyaya rəsmi səfər edən Azərbaycan Prezidenti İlham Əliyev və bu ölkənin Baş naziri Toni Bleyr iki ölkə arasında mövcud əlaqələrin inkişaf səviyyəsindən razılıqla danışıb, ikitərəfli münasibətlərin daha da yaxşılaşdırılmasına ehtiyac olduğunu bəyan ediblər. (http://www.president.az/)

Tarixi arayış 24 yanvar 2008-ci ildə yeniləşdirilib.