Azərbaycan Respulikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası prezidentinin Novo-Oqaryovadakı şəxsi iqamətgahında Rusiya Prezidenti Vladimir Putin ilə görüşü - 24 yanvar 2002-ci il


Cənab Vladimir Putin əziz qonağı – Heydər Əliyevi iqamətgahın qarşısında böyük mehribanlıqla salamladı.

Prezident Vladimir Putin onun dəvətini qəbul edərək Rusiya Federasiyasına dövlət səfərinə gəldiyinə görə Azərbaycan Prezidenti Heydər Əliyevə dərin minnətdarlığını bildirdi. Respublikamızın rəhbəri Heydər Əliyev səmimi qonaqpərvərliyə və Rusiya Federasiyasına dövlət səfərinə dəvətə görə Prezident Vladimir Putinə təşəkkür etdi.

Rusiya Federasiyası prezidentinin 2001-ci ilin yanvarında Bakıya rəsmi səfərini məmnunluqla xatırlayan Prezident Heydər Əliyev bildirdi ki, həmin səfər Azərbaycan–Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcını qoymuşdur. Dostluq, mehribanlıq və səmimilik şəraitində keçən görüşdə Azərbaycan–Rusiya münasibətlərinin və əməkdaşlığının ən vacib məsələləri barədə ətraflı fikir mübadiləsi aparan prezidentlər ötən müddətdə qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi sahəsində görülən işləri, əldə olunan müsbət nəticələri yüksək dəyərləndirdilər.

İqtisadi, siyasi, humanitar və digər sahələrdə ölkələrimizin əməkdaşlığının böyük perspektivlərə malik olduğunu vurğulayan prezidentlər beynəlxalq və regional təşkilatlar çərçivəsində əlaqələrdən və dövlətlərimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstəkdən məmnunluqla söhbət açdılar. Ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə görüşdə geniş yer ayıran prezidentlər bu münaqişənin sülh yolu ilə aradan qaldırılmasında ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın səylərinin daha da artırılmasının vacibliyini xüsusi vurğuladılar.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıldı.