Qasimov Ədalət Qasim oğlu. “HEYDƏR ƏLİYEV VƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNKİŞAF TARİXİ (1969-2003-cü illər) (2011)


İxtisas: 07.00.02 – Vətən tarixi

Tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın

 

A V T O R E F E R A T I

DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. Heç bir xalqın tarixi taleyini şəxsiyyətlərsiz təsəvvür etmək mümkün deyil. Şəxsiyyətlərin xalqın taleyindəki rolunu isə onların fərdi xüsusiyyətləri və öz üzərinə götürdükləri missiya müəyyən edir. Bəşəriyyətin tarixi təkamül prosesi sübut edir ki, xalqın milli mənəvi irsini, əxlaqi dəyərlərini, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bilavasitə bağlıdır.

Nəcib əməllər sahibi olan belə insanlar həmişə saf və ali məqsədlər uğrunda mübarizənin önündə getmiş, hər bir əlverişli şansdan böyük məharətlə, ustalıqla bəhrələnmiş, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində onu gələcəyə doğru inamla aparmışlar.

Xalqların milli inkişaf yolunun banisinə çevrilən fenomen liderlər həm də böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin etmişlər. Belə siyasi liderlər dövlət hakimiyyətini ölkənin təkcə bugünkü mənafeyi baxımından deyil, həm də gələcək maraqları baxımından təmin etməyə, dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq optimal dövlət modelini yaratmağa nail olmuşlar.

Bu gün müstəqillik və tərəqqi yolunda inamla addımlayan, azad və demokratik dövlət kimi dünya birliyində layiqli yer tutan, iqtisadi və siyasi islahatları uğurla həyata keçirən Azərbaycan Respublikasının müasir tarixinin təqribən yarım əsrə bərabər dövrü və bu dövr ərzində qazandığı nailiyyətlər, uğurlar xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bilavasitə bağlı olmuşdur.

1969-cu ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə ölkə həyatının bütün sahələrində çox böyük müsbət dəyişikliklər baş vermişdir. Sovet totalitar rejiminin yaratdığı məhdud imkanlardan məharətlə istifadə edən Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi, mənəvi-mədəni inkişafına zəmin yaradacaq mühüm qərarlara imza atmaqla, doğma vətəninin çiçəklənməsi üçün mümkün olan hər şeyi etmişdir. Hələ o zaman Azərbaycanın gələcək müstəqil dövlət kimi yaşaya bilməsi üçün zəruri olan əsaslar – iqtisadi, mənəvi-mədəni potensial yaradılmış, milli kadr problemi həll edilmişdi. O dövrdə iqtisadiyyat, mədəniyyət, təhsil sahəsində əldə edilən tərəqqi, milli birliyə nail olunması, milli özünüdərkin yüksəlişi müstəqil dövlətin yaranmasına xidmət edən strategiyanın bünövrəsini qoymuşdu.

Bugünkü müstəqil Azərbaycanın əldə etdiyi uğurlar məhz həmin dövrdə Heydər Əliyev tərəfindən yaradılmış möhkəm təmələ əsaslanır.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dediyi kimi «Heydər Əliyev ictimai-siyasi quruluşdan asılı olmayaraq, sözün əsl mənasında, bütün dövrlərdə Azərbaycan xalqının lideri idi. 1970-1980-ci illərdə ölkəyə rəhbərlik etdiyi dövr ərzində onun tərəfindən görülmüş işlər Azərbaycan xalqının maraqlarına xidmət edirdi. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycana mərkəzi fondlardan böyük həcmdə vəsait gətirilirdi. Yeni zavodlar, fabriklər tikilirdi. İndi bu zavod və fabriklər Azərbaycanın iqtisadi və sosial potensialına böyük dəstəkdir. Əgər bu dövrdə Azərbaycanda iri sənaye infrastrukturu yaranmasaydı, xüsusilə neft sahəsində, neft emalı sahəsində nəhəng qurğular tikilməsəydi, bu gün Azərbaycanın iqtisadi potensialı o qədər də güclü ola bilməzdi».(«Azərbaycan» qəzeti, 2007, 12 mart)

Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün fəaliyyəti ərzində vətəninə sədaqətli xidməti ilə əsl azərbaycançılıq nümunəsi göstərmişdir. O, əsl millət rəhbəri, dövlət başçısı kimi Azərbaycanın bütün bölgələrinin ahəngdar inkişafına böyük diqqət yetirirdi.

Vətənin torpağı, hər guşəsi onun üçün müqəddəs və əziz idi. Heydər Əliyevin vətən məhəbbəti, hər hansı etnik, regional amillərin fövqündə dayanan, ilahi məhəbbəti idi. Heydər Əliyev «Yardımlıya da, Lənkərana da, Qusara da, Gəncəyə də, Naxçıvana da eyni münasibət bəsləyir, qətiyyən fərq qoymurdu».(Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 22-ci kitab. Bakı: Azərnəşr, 2007, s.208) Lakin etiraf etməliyik ki, ümummilli liderimizin Naxçıvana münasibəti Azərbaycanın digər bölgələrinə olan münasibətindən bir az fərqli səciyyə daşıyırdı. Əlbəttə, bu səbəbsiz deyildi.

Əvvəla Heydər Əliyev peşəkar tarixçi, təhlükəsizlik orqanlarının təcrübəli rəhbər işçisi kimi bu regionun hansı mürəkkəb geosiyasi və coğrafi şəraitdə yerləşdiyini, ermənilərin tarixən bu torpağı ələ keçirmək üçün hansı fitnələrə əl atdığını çox gözəl bilir, buna görə də muxtar respublikanın təkcə sosial-iqtisadi cəhətdən inkişafına deyil, hərbi-siyasi cəhətdən möhkəmlənməsinə, burada Azərbaycanın milli mənəvi, sosial-demoqrafik faktorlarının daha da artaraq mütləq üstünlük təşkil etməsinə çalışırdı. Bu məqsədlə hələ sovet hakimiyyəti illərində muxtar respublikada iri sənaye potensialının yaradılmasına, kənd təsərrüfatının inkişaf etdirilməsinə, sosial infrastrukturun, elm, təhsil sisteminin formalaşmasına, ziyalı təbəqəsinin, kadr potensialının yüksəldilməsinə şərait yaradan kompleks qərarlar vermişdi.

İkincisi, Heydər Əliyevə qədər Naxçıvan MSSR-in iqtisadiyyatı və mədəniyyəti çox ləng inkişaf edirdi, bir çox göstəricilərə görə muxtar respublika Azərbaycanın və respublikanın digər rayonlarından, xüsusən DQMV-dən dəfələrlə geridə idi. Məsələn, 1960-cı illərin sonlarında adambaşına düşən sənaye məhsulunun həcmi Azərbaycan üzrə 828 manat, DQMV üzrə 700 manat təşkil etdiyi halda, Naxçıvan MSSR üzrə bu göstərici 263 manat təşkil edirdi. Pərakəndə ticarətin həcmi isə müvafiq olaraq 382, 358, 267 manat təşkil etmişdi. (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f.1, s.61, iş 17, v.199) Mərkəzi hakimiyyət Dağlıq Qarabağın iqtisadi və sosial inkişafına daha çox diqqət ayırır, təbii sərvətlərlə zəngin olan Naxçıvan MSSR-də isə məhsuldar qüvvələrin inkişafına bilərəkdən etinasızlıq göstərirdi.

Çox təəssüf ki, Azərbaycanın əvvəlki rəhbərliyi də Naxçıvana laqeyd və ögey münasibət göstərir, muxtar respublikanın inkişafı üçün kifayət qədər əməli addımlar atmırdı.

Hakimiyyətə gəldikdən sonra Naxçıvana qarşı yeridilən ayrı-seçkilik siyasətini açıq şəkildə tənqid edən Heydər Əliyev bu ədalətsizliyi aradan qaldırmaq, Naxçıvan da daxil olmaqla Azərbaycanın bütün bölgələrinin dinamik, proporsional inkişafını təmin etmək üçün ciddi fəalliyyətə başladı, həyata keçirilmiş kompleks təşkilati-siyasi, iqtisadi, mədəni tədbirlər nəticəsində muxtar respublikanın ahəngdar inkişafı təmin edildi. Lakin Heydər Əliyev istefaya getdikdən sonra Azərbaycanın yeni iqtidarları sələflərinin Naxçıvana münasibətdə yeritdiyi «ənənə»ni bərpa edərək, muxtar respublikanı yenidən taleyin ümidinə buraxdılar. Lakin Heydər Əliyevin siyasi dühası yenidən Naxçıvanı onu gözləyən fəlakətlərdən xilas etdi, bu qədim diyarı sabitliyə və tərəqqiyə qovuşdurdu.

Üçüncüsü, Heydər Əliyev Naxçıvanın milli dövlətçilik tarixində yerini və rolunu həmişə yüksək qiymətləndirir, naxçıvanlılarda həmişə milli qürurun, milli istiqlaliyyət ruhunun, müstəqilliyə bağlılığın, azərbaycançılığın möhkəm olduğunu qeyd edirdi.(Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 22-ci kitab, s.203)

Əlbəttə, naxçıvanlıların milli dəyərlərə belə sıx bağlılığı kompleks tarixi, geosiyasi, hətta coğrafi amillərlə bağlıdır. Millilik, azərbaycançılıq Naxçıvanda həmişə yüksək olmuşdur. Bununla yanaşı muxtar respublika əhalisində milli mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun daha da yüksəlməsində Heydər Əliyevin Azərbaycanda bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasətin də çox böyük təsiri olmuşdur. Ona görə də heç də təsadüfi deyildir ki, 80-ci illərin sonlarında – 90-cı illərin əvvəllərində Azərbaycanda vüsət alan milli istiqlaliyyət uğrunda mübarizədə naxçıvanlılar ön cərgədə idilər.

Dördüncüsü, Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm dövrlərindən biri olan 1990-1993-cü illər bilavasitə Naxçıvanla əlaqədardır. Taleyin hökmü ilə muxtar respublika üçün çox mürəkkəb bir dövrdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməli olan Heydər Əliyev bu torpaqda bütövlükdə Azərbaycan üçün taleyüklü olan qərarlara imza atdı, müstəqil dövlətçiliyin konseptual istiqamətlərini müəyyənləşdirdi. Heydər Əliyev sonralar bu dövrü nəzərdə tutaraq həmin illərin onun üçün əziz, çox şərəfli illər olduğunu, bu torpağa daha da yaxından bağlandığını etiraf etmişdi.(Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 7-ci kitab. Bakı: Azərnəşr, 1998, s.477)

Nəhayət, bir amili də nəzərdən qaçırmaq lazım deyil ki, bütün insanlar kimi Heydər Əliyevin də öz kiçik vətəninə xüsusi sevgisi və ehtiramı var idi. Özünün də qeyd etdiyi kimi, o, bu torpaqda doğulmuş, burada təhsil almış, buradan həyata addımlamış, daim bu torpaqla bağlı olmuş, (Yenə orada) buna görə də bütün dövrlərdə öz doğma torpağına xidmət etmək üçün əlindən gələni etmişdir.

Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqı üçün elə bir tükənməz xəzinədir ki, bu xəzinədən qədirbilən xalqımız hələ neçə əsrlər faydalanacaq, onun zəngin və çoxşaxəli irsindən öyrənərək ibrət dərsi alacaqdır. Neçə illər, əsrlər keçsə də onun siyasi dühası milyonlarla insanı özünə cəlb edəcək, bu böyük insanın tarixi irsindən, dövlətçilik ənənəsindən, idarəçilik məktəbindən neçə-neçə nəsillər bəhrələnəcəklər. Heydər Əliyevin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsini Azərbaycanın bütün bölgələrinin ahəngdar surətdə inkişafı təşkil edirdi. Bu baxımdan Heydər Əliyevin Azərbaycan bölgələrinin inkişaf strategiyasının hərtərəfli araşdırılması və təhlili mühüm nəzəri və əməli əhəmiyyət kəsb edir.

Heydər Əliyev Azərbaycan xalqının tarixinin, mədəniyyətinin tədqiqini və öyrənilməsini daim diqqət mərkəzində saxlamış, tarix elminin inkişafı üçün əlverişli şərait yaratmışdı. Naxçıvanın çoxəsrlik tarixini yüksək qiymətləndirən Heydər Əliyev Azərbaycanın bu zəngin tarixə malik bölgəsinin qədim və orta əsrlər, yeni dövr tarixini hərtərəfli araşdırmağı tövsiyə edirdi. Milli lider qeyd edirdi: «Azərbaycanın bir hissəsi olan Naxçıvanın tarixi ilə əlaqədar gərək çox fundamental əsərlər yaradaq, bu əsərlərlə də təkcə iddiaçılara cavab vermək yox, bütün dünyaya Azərbaycanın qədim zəngin tarixini, mədəniyyətini göstərək».(«Azərbaycan» qəzeti, 1999, 11 fevral.)

Heydər Əliyev Naxçıvanın tarixini təkcə Bakıda deyil, həm də muxtar respublikanın özündə hərtərəfli öyrənilməsini təşkil etmək üçün bir sıra dəyərli addımlar atmış, onun təşəbbüsü ilə hələ 70-ci illərin əvvəllərində Naxçıvan şəhərində yaradılmış Dövlət Pedaqoji İnstitutunda və Elm Mərkəzində bölgənin sosial-iqtisadi inkişafının, təbii ehtiyatlarının araşdırılması ilə yanaşı, onun ədəbi mühitinin, tarixinin, arxeoloji və etnoqrafik abidələrinin tədqiqi ilə bağlı mühüm işlər aparılmış, dəyərli elmi nəticələr əldə edilmişdi.

Heydər Əliyev ikinci dəfə rəhbərliyə qayıtdıqdan sonra bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da elmin, təhsilin, milli ziyalılığın yeni inkişaf dövrü başlandı, bölgənin tarixi keçmişinin müasir sosial-iqtisadi, mədəni inkişaf məsələlərinin obyektiv araşdırılması və öyrənilməsi üçün geniş imkanlar açıldı. Bu baxımdan Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında 7 avqust 2002-ci il tarixli sərəncamı mühüm əhəmiyyətə malik tarixi qərardır.

Heydər Əliyev Naxçıvanın muxtariyyət statusunun möhkəmləndirilməsi istiqamətində də cahanşümul işlər görmüşdü. Onun təşəbbüsü ilə hələ 1974-cü ildə Naxçıvan MSSR-in 50 illiyi ittifaq səviyyəsində geniş qeyd olunmuşdu. O, Naxçıvana rəhbərlik etdiyi 1990-1993-cü illərdə bölgənin muxtariyyət statusunun beynəlxalq müqavilələrlə təsbit olunduğunu bütün dünyaya bəyan edərək erməni təcavüzünün qarşısını qətiyyətlə almağa nail oldu. Heydər Əliyev Naxçıvanın bir Azərbaycan diyarı kimi yaşamasının, inkişaf etməsinin onun muxtariyyət hüququnun sayəsində mümkün olduğunu aydın dərk edərək gələcəkdə də Naxçıvan üçün bunun vacibliyini qeyd etmiş, Naxçıvanın muxtar dövlətçilik statusunun daha da möhkəmləndirilməsi üçün sonrakı dövrlərdə də əməli addımlar atmışdır.

Bütövlükdə Naxçıvan MR-in təhlükəsizliyinin təmin edilməsi, sosialiqtisadi, mədəni inkişafı, onun muxtariyyət statusunun möhkəmlənməsi, bilavasitə Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Ona görə də, Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyevin Naxçıvanın tərəqqisi naminə göstərdiyi çoxşaxəli fəaliyyətinin araşdırılması və təhlili Əliyevşünaslığın nəzəri və əməli istiqamətlərini öyrənmək baxımından mühüm aktuallıq kəsb edir.

Tədqiqatın xronoloji çərçivəsi. Dissertasiya işində 1969-cu ildən 2003-cü ilə qədərki zaman kəsiyində Naxçıvan MR-də hadisələr və proseslər, muxtar respublikanın inkişaf məsələləri tədqiqata cəlb edilmişdir.

Azərbaycan tarixinə haqlı olaraq Heydər Əliyev dövrü kimi daxil olmuş bu illəri Naxçıvan Muxtar Respublikasının da tarixinin tərəqqi və yüksəliş illəri kimi qiymətləndirmək düz olardı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR-in həmin dövrdə əldə etdiyi uğurlar məhz Heydər Əliyev şəxsiyyəti və strategiyası ilə bağlıdır. Ümumilikdə Heydər Əliyevin başçılığı altında Naxçıvan MR üç inkişaf mərhələsindən keçmişdir: 1969-1987-ci illər; 1990-1993-cü illər və 1993-2003-cü illər.

1969-cu ildə hakimiyyətə gəldikdən sonra Heydər Əliyevin Azərbaycanda uzaqgörənliklə, siyasi əzmlə, qətiyyətlə həyata keçirdiyi tədbirlər bütün respublikada olduğu kimi, Naxçıvan MSSR-in də iqtisadi, ictimaisiyasi həyatına öz müsbət təsirini göstərdi, muxtar respublika qısa zaman kəsiyində əsrlərə bərabər inkişaf yolu keçdi. Naxçıvan MSSR-in tərəqqisini milli məqsəd hesab edən Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində muxtar respublikanın sənaye və kənd təsərrüfatının dirçəldilməsində, yeni təsərrüfat sahələrinin yaradılmasında, sosial sahənin inkişafında, infrastrukturun genişlənməsində mühüm nailiyyətlər əldə edilmiş, mədəniyyət, elm, təhsil sahələri yüksək inkişaf səviyyəsinə çatdırılmış, ziyalı kadr potensialı yaranmışdı.

Lakin 1987-ci ildə Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılması ilə bütün Azərbaycanın, o cümlədən Naxçıvanın tarixində yenidən çətin günlərin, faciəli proseslərin əsası qoyuldu.

Azərbaycanda hakimiyyət uğrunda mübarizə torpaqlarımızın bir-birinin ardınca işğalı ilə müşayiət olunurdu. Respublika rəhbərliyi tərəfindən taleyin ümidinə buraxılmış Naxçıvan MSSR erməni təcavüzü qarşısında əliyalın qalmışdı. Yalnız Heydər Əliyevin 1990-cı ilin yayında bu torpağa gəlişi ilə Naxçıvan məhv olmaq təhlükəsindən xilas oldu, nicatını və gələcək inkişafını tapdı.

Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvandakı fəaliyyəti təkcə muxtar respublikanı məhv olmaqdan, mərhumiyyətlərdən və məşəqqətlərdən xilas etmədi, eyni zamanda Azərbaycanın dövlət müstəqilliyinin qazanılması istiqamətində ilk ciddi addımlarla tarixə düşdü, ölkəmizin gələcək inkişafının bir sıra konseptual istiqamətləri Heydər Əliyev tərəfindən məhz həmin dövrdə Naxçıvanda işlənib hazırlandı.

Bu dövrdə Naxçıvanı iqtisadi və sosial böhrandan çıxarmaq məqsədi ilə, blokadanın çətinliklərini aradan qaldırmaq üçün qonşu Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası (İİR) ilə iqtisadi və siyasi əlaqələr yaradıldı. Araz çayı üzərində «Ümid» körpüsü və keçid məntəqələri yaradıldı. İlk dəfə iqtisadi islahatlara və özəlləşdirilmə tədbirlərinə də Naxçıvandan başlanıldı.

1993-2003-cü illəri əhatə edən üçüncü dövr ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin bütün regionlarının bərabər inkişafı ilə xarakterizə edilir. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkədə iqtisadiyyatın dirçəldilməsi, əhalinin sosial, ictimai-siyasi vəziyyətinin yaxşılaşdırılması, idarəçilikdə mövcud olan boşluqların aradan qaldırılması istiqamətində uğurlu addımlar atıldı. Həmin illərdə Heydər Əliyev Naxçıvan MR-in sosial-iqtisadi problemlərinə daim diqqət yetirmiş, muxtar respublikadakı vəziyyətlə yerindəcə tanış olmaq üçün dörd dəfə Naxçıvana səfər etmişdi. Milli liderimiz Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusunun möhkəmləndirilməsi üçün də bir sıra addımlar atmış, onun rəhbərliyi altında hazırlanmış Azərbaycan Konstitusiyası və Naxçıvan MR Konstitusiyasında Naxçıvanın muxtar dövlətçiliyi əbədi təsbit edilmişdir.

Göstərilən xronoloji ardıcıllıq və dövrləşmə Naxçıvan MR-in inkişaf dinamikasını daha dolğun izləməyə və ümumiləşdirmələr aparmağa imkan yaradır.

Mövzunun öyrənilmə səviyyəsi. «Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü illər)» mövzusu tarixşünaslıqda bilavasitə ayrıca tədqiqat obyekti olmasa da, mövzu ilə bağlı bir çox məqamlar tarixi, siyasi, iqtisadi ədəbiyyatda öz əksini tapmışdır. Tədqiqatımızın predmetinə uyğun ədəbiyyatın təsnifatını şərti olaraq iki qrupa ayırmaq olar.

Birinci qrupa ulu öndərimiz Heydər Əliyevin həyatına, ictimai-siyasi fəaliyyətinə, dövlətçilik baxışlarına həsr edilmiş əsərlər daxildir. Son dövrdə Azərbaycanda və xaricdə Əliyevşünaslığın nəzəri və əməli məsələlərinə aid bir sıra mühüm əsərlər yazılmış, həmin əsərlərdə Heydər Əliyevin çoxşaxəli, zəngin fəaliyyətinin bir çox istiqamətləri təhlil edilmişdir. Qeyd edək ki, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş monoqrafiyalarda, dissertasiyalarda böyük öndərin nəzəri irsi, müxtəlif sahələrdə həyata keçirdiyi siyasəti əks etdirən əsərlər, kitablar tarixşünaslıq nöqteyi-nəzərdən təhlil edilmişdir. Digər tərəfdən Heydər Əliyevin siyasi fəaliyyətinə, nəzəri irsinə həsr edilmiş ədəbiyyat çox geniş olduğundan biz bilavasitə tədqiqat mövzusuna aid olan əsərlərə müraciət etməyə üstünlük vermişik.

Bu baxımdan R.Mehdiyevin, Y.Mahmudovun, İ.Hüseynovanın, İ.Hacıyevin, M.Qasımlının, E.Axundovanın, İ.Zeynalovun, O.Sultanovun, Ə.Məmmədovun və başqalarının əsərləri diqqəti cəlb edir. 1 Bu əsərlər Heydər Əliyevin inkişaf strategiyasının ayrı-ayrı istiqamətlərini öyrənmək baxımından mühüm mənbə olmaqla yanaşı, ulu öndərin Naxçıvana başçılıq etdiyi dövrdə həyata keçirdiyi tədbirlərin işıqlandırılması baxımdan da böyük əhəmiyyət kəsb edir.

Y.Mahmudovun «Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti» adlı monoqrafiyası geniş miqyaslı əsaslandırılmış fəaliyyət fonunda görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev dühasının Azərbaycanın tarixi taleyindəki əvəssiz rolunun işıqlandırılmasına həsr olunmuşdur. Monoqrafiyada Heydər Əliyevin çoxşaxəli fəaliyyəti tutarlı dəlillərlə, məntiqi ardıcıllıqla çox parlaq şəkildə təqdim edilmişdir. Əsər Əliyevşünaslıqda mühüm hadisə olmaqla ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz tarixi xidmətlərinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.(Mahmudov Y.M. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: Təhsil, 2002)

 İ.Hüseynovanın doktorluq dissertasiyasında (Hüseynova İ.M. Müstəqil Azərbaycan dövlətinin yaranmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolu: Tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyasının avtoreferatı. Bakı: 2003) araşdırılan məsələ özünün yüksək elmi-nəzəri qoyuluşu ilə diqqəti cəlb edir. Əsərdə Heydər Əliyevin Azərbaycan KP MK I katibi və SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsində işlədiyi dövrdə Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisi istiqamətində coşğun fəaliyyəti zəngin arxiv materialları əsasında dərindən öyrənilmiş, bu dahi şəxsiyyətin dövlətçilik və siyasi fəaliyyətinin Naxçıvan dövrü təhlil edilmiş, onun Azərbaycan rəhbərliyinə ikinci dəfə qayıdışından sonra müstəqil Azərbaycanda dövlət quruculuğu, iqtisadi islahatların aparılması, milli-mənəvi dirçəliş, ölkəmizin beynəlxalq nüfuzunun təmin edilməsi sahəsində ulu öndərin müstəsna xidmətləri hərtərəfli araşdırılmışdır. Əsər mövzunun öyrənilməsi baxımından çox əhəmiyyətlidir.

 Ə.Nağıyevin, V.Novruzovun, H.Allahverdiyevin, Ə.Əlirzayevin birgə yazdıqları kitabda (Nağıyev Ə.Ə., Novruzov Ə.X., Allahverdiyev H.N., Əlirzayev Ə.Q. Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı. Bakı: Azərnəşr, 1998.) Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinin Naxçıvan dövrünə nəzər salınmış, həmin dövrdə ulu öndərin Azərbaycanın müstəqilliyi istiqamətində gördüyü işlər, siyasi və iqtisadi böhrandan çıxarılması istiqamətində atdığı addımlar təhlil edilmişdir. Bu məsələlər İ.Həbibbəylinin, İ.Hacıyevin, T.Qaffarovun kitab və məqalələrində də öz əksini tapmışdır.(Hacıyev İ.M. Heydər Əliyev və milli tarixi yaddaşın bərpası. Bakı: Elm, 2003;)

M.Qasımlının kitabı (Qasımlı M.C. Heydər Əliyev - İstiqlala gedən yol (1969-1987-ci illər). Bakı: BDU-nun nəşriyyatı, 2006.) Heydər Əliyevin 1969-1987-ci illərdə Azərbaycanın siyasi, iqtisadi, milli mənəvi inkişafı məqsədi ilə həyata keçirdiyi tədbirləri öyrənmək baxımından olduqca mühüm mənbədir. Zəngin qaynaqlar əsasında yazılmış bu kitabda Naxçıvanın mədəni həyatı ilə bağlı bir sıra məqamlar da öz əksini tapmışdır.

Akademik Z.Səmədzadənin monoqrafiyasında (Самедзаде З.А. Этапы большого пути. Экономика Азербайджана за полвека, ее реалии и перспективы. Баку: Издателство Нурлан, 2004.) Azərbaycanın XX əsrin ikinci yarısından – XXI əsrin əvvəllərinədək sosial-iqtisadi inkişafının əsas inkişaf mərhələləri təhlil edilmiş, ölkəmizin iqtisadi tərəqqisində Heydər Əliyevin xidmətləri göstərilmişdir. Əsərin II və III bölmələrində Heydər Əliyevin iqtisadi strategiyasının mühüm tərkib hissəsi olan regionların tarazlı inkişaf strategiyası ümumi kontekstdə nəzərdən keçirilmiş, Azərbaycanın, onun bölgələrinin inkişafını özündə ehtiva edən statistik göstəricilər, cədvəllər, rəqəmlər burada öz əksini tapmışdır. Əsərin maraqlı cəhətlərindən biri 1969-1987-ci illərdə Azərbaycan SSR, Naxçıvan MSSR və DQMV-nin sosial-iqtisadi inkişaf göstəricilərinin müqayisəli təhlilidir. Həmin göstəricilər erməni ideoloqlarının o zamankı Azərbaycan rəhbərliyinin DQMV-yə münasibətdə guya ayrı-seçkilik siyasəti apardığı haqqında yalan və iftiraları tamamilə darmadağın edir.

İ.Zeynalovun kitabında (Zeynalov İ.X. Azərbaycanın sosial-iqtisadi inkişafı – XX əsrin II yarısında. Bakı: Azərnəşr, 2004) XX əsrin II yarısında Azərbaycanın sosialiqtisadi inkişaf problemləri kompleks şəkildə tədqiq edilmiş və maraqlı elmi ümumiləşdirmələr aparılmışdır. Əsərdə konkret faktlar və materiallar əsasında Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-80-ci illərdə, respublikanın sosial-iqtisadi həyatında baş vermiş mütərəqqi dəyişikliklər ətraflı təhlil edilmiş, dövlət müstəqilliyinin əldə edilməsi, onun daha da möhkəmləndirilməsi ilə bağlı problemlər hərtərəfli araşdırılmışdır. Kitabda ölkəmizin sosial-iqtisadi, siyasi və mənəvi böhrandan çıxarılmasında, iqtisadi islahatların keçirilməsində, bütövlükdə ictimai həyatın bütün sahələrində qazanılmış böyük uğurlarda ulu öndərin çoxşaxəli fəaliyyəti zəngin faktik materiallar əsasında işıqlandırılmışdı. Əsər qiymətli mənbə olmaqla, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi tədbirlərin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

O.Sultanovun yazdığı monoqrafiyada (Sultanov O.B. 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Azərbaycanda siyasi mübarizə. Bakı: Maarif, 1995) Azərbaycanın XX əsr tarixinin ən çətin və mürəkkəb bir dövrü 80-ci illərin sonu 90-cı illərin əvvəllərində ölkəmizdə cərəyan edən ictimai-siyasi proseslər ətraflı və dərindən araşdırılmışdır. Əsərdə Azərbaycanda siyasi mübarizənin başlanması səbəbləri və onun inkişafına təsir edən əsas amillər, həmçinin müstəqil milli dövlət quruculuğunun ilkin mərhələsində respublikada yaranmış ictimaisiyasi və hərbi vəziyyət hərtərəfli təhlil edilmiş və çox maraqlı elmi ümumiləşdirmələr aparılmışdır. Əsər mövzunun tədqiqində mühüm əhəmiyyət kəsb edir.

Ə.Məmmədovun kitabında (Məmmədov Ə.M. Müstəqil Azərbaycan dövlətinin bərpası və möhkəmləndirilməsi uğrunda mübarizə (80-ci illərin sonu – 1997-ci il). Bakı: Elm, 1999) SSRİ-nin dağılması ərəfəsindən başlayaraq 1997-ci ilədək ölkəmizdə baş verən ictimai-siyasi hadisələrdən bəhs olunur. Burada Azərbaycan dövlətçiliyinin bərpası və möhkəmləndirilməsi uğrunda xalqın gərgin və ardıcıl mübarizəsi, ölkədə yaranmış sosial-iqtisadi, ictimai-siyasi vəziyyət, ümummilli böhranın dərinləşməsi və digər məsələlər hərtərəfli tədqiq edilmiş, müstəqil Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlər ətraflı işıqlandırılmışdır. Əsər Heydər Əliyev irsini öyrənmək üçün mühüm əhəmiyyətə malikdir.

B.Nəbiyevin namizədlik dissertasiyasında (Nəbiyev B.E. Heydər Əliyev və Azərbaycan SSR-in iqtisadi inkişafı (1969-1982- ci illər). Tarix elmləri namizədi dis., avtoref. Bakı: 2007) Heydər Əliyevin respublikaya rəhbrliyinin birinci dövründə Azərbaycan SSR iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf xüsusiyyətləri və meylləri öyrənilmişdir. Əsərdə 1969-1982-ci illərdə respublika iqtisadiyyatının həm sənaye, həm də kənd təsərrüfatı kimi sahələrində həyata keçirilən kompleks tədbirlər hərtərəfli təhlil edilmiş, iqtisadiyyatın yenidən qurulmasında ulu öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyəti ümumiləşdirilmişdir. Lakin əsərdə Naxçıvan MSSR-in iqtisadi həyatının öyrənilməsi bilavasitə tədqiqat obyekti olmadığı üçün onunla bağlı məsələlər işıqlandırılmamışdır.

Mövzuya aid ikinci qrup ədəbiyyata Naxçıvan MR-in sosial-iqtisadi, siyasi, mədəni inkişafına həsr olunmuş əsərlər daxildir. Bu qrup ədəbiyyatda tədqiq olunan problemləri xronologiya baxımından iki hissəyə bölmək mümkündür.

70-80-ci illərdə Naxçıvan MSSR-in sosial-iqtisadi inkişafı, əhalinin maddi rifah halının və mədəni səviyyəsinin yüksəlməsi, sosial strukturunda dəyişikliklər və b. məsələlər həmin dövrdə yazılmış bir sıra monoqrafiyalarda, broşürlərdə, yubiley nəşrlərində, məqalələrdə, (Qasımov Q.S. Doqquzuncu beşillikdə Naxçıvan MSSR-də xalq maarifinin inkişafı / V.İ.Lenin adına APİ-nin elmi əsərləri. XI buraxılış, 1977, №4, s.11-19;) həmçinin dissertasiyalarda (Гасымов Г.С. Деятельность КП Азербайджана по развитию народного образования в условиях развитого социализма (1959-1975 гг.)) dövrün ruhuna uyğun şəkildə işıqlandırılmışdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Naxçıvan MR-in müasir tarixinə, iqtisadi və mədəni inkişafına, ictimai-siyasi həyatında baş verən proseslərə həsr edilmiş əsərlər dissertasiya mövzusunun daha dərindən tədqiq edilməsində mühüm rol oynamışdır. Naxçıvan MR-in 75 və 80 illik yubileylərin geniş şəkildə qeyd edilməsi, muxtar respublikada elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısı və himayəsi, burada tarixi tədqiqatların daha da genişlənməsinə, yeni tarixçi nəslinin yetişməsinə, Naxçıvanın tarixinə, xüsusən müasir tarixinə dair samballı əsərlərin meydana çıxmasına şərait yaratmışdır. Bu əsərlərdə bilavasitə tədqiqatımızın mövzusu ilə əlaqədar bir sıra məsələlərə toxunulmuş, zəngin faktik materiallar, rəqəmlər orada öz əksini tapmışdır.(Baxşəliyev Ə. Naxçıvan Muxtar Respublikası iqtisadi islahatlar şəraitində. /Dirçəliş – XXI əsr, 1998, №21-22;)

Naxçıvan MR-də 1990-2003-cü illərdə cərəyan edən ictimai-siyasi proseslərin, sosial-iqtisadi inkişafın əsas mərhələlərini, Heydər Əliyevin inkişaf strategiyasının muxtar respublikada həyata keçirilməsinin nəticələrini və özəlliklərini araşdırmaq baxımından Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun məqalə və çıxışları geniş təhlil edilmiş, ümumiləşdirmələr aparılarkən bir sıra hallarda oradakı faktlara və nəticələrə istinad edilmişdir.(Talıbov V.Y. Heydər Əliyev cənablarının siyasi fəaliyyətinin Naxçıvan dövrünün elm və maarifçilik məsələləri. /NDU-nun elmi əsərləri. 1997, №1, s.5-6;)/

Tədqiqatın mənbə bazası. Təqdim olunan dissertasiya işi zəngin və çoxşaxəli mənbələr əsasında yazılmışdır.

Bu mənbələr sırasında Heydər Əliyevin böyük nəzəri, elmi irsini əks etdirən mənbələr xüsusi yer tutur. Heydər Əliyevin həm sovet hakimiyyəti, həm də müstəqillik dövründəki məruzələri, nitqləri, müsahibələri, xatirələri tariximizin təqribən 40 illik dövrünün öyrənilməsi baxımından əvəzsiz mənbədir. Onun əsərlərində xalqımızın tarixi, milli mənəvi dəyərlərimiz, iqtisadiyyatımız haqqında, Azərbaycanın ayrı-ayrı regionları haqqında çox dəyərli və qiymətli fikirlər, elmi-nəzəri cəhətdən ümumiləşdirilmiş müddəalar, nəticələr vardır.

Heydər Əliyevin bilavasitə mövzuya aid fikirləri bir sıra çap olunmuş əsərlərində (Əliyev H.Ə. Sovet Azərbaycanı. Bakı: Azərnəşr. 1981;) öz əksini tapmışdır.

1996-cı ildə çapdan çıxmış «Qayıdış» sənədlər toplusu (Qayıdış. (1990-1993) Sənədlər toplusu. Bakı: Azərbaycan, 1996; Qayıdış. (1990- 1993) Тякмилляшмиш вя йенидян ишлянмиш икинжи няшри. Bakı: Azərbaycan, 2008.) tədqiqatımız üçün xüsusi əhəmiyyət kəsb edir. Bu topluda Heydər Əliyevin 1990-1993- cü illərdə Naxçıvanda fəaliyyətini əks etdirən sənədlər və materiallar, o cümlədən Heydər Əliyevin çoxsaylı müsahibələri, görüşləri, Naxçıvan MR Ali Məclisinin sədri kimi imzaladığı qərarlar toplanmışdır.

Heydər Əliyevin prezidentliyi müddətində Naxçıvana səfərləri, burada keçirdiyi görüşlər haqqında materialların, nitq və çıxışlarının toplandığı məcmuələr tədqiqatımızın mənbə bazasının genişləndirilməsində xüsusi rol oynamışdır. (Ömrün üç günü. Bakı: Ergün, 1997. Qədim Naxçıvanda bayram. Naxçıvan Muxtar Respublikası –75, Bakı: Azərbaycan, 1999; /«Azərbaycan» qəzeti, 2002, iyul, avqust.) Naxçıvan MR-in 75 illiyi və 80 illiyi ilə bağlı fərman və sərəncamlar mövzunun öyrənilməsi baxımından dəyərli sənədlər sayılır. Heydər Əliyevin Naxçıvan MR-in 75 illiyi, Naxçıvan MR-in Konstitusiyasının hazırlanması ilə bağlı çıxışlarında Naxçıvanın siyasi və iqtisadi tarixi, keçdiyi yolun mərhələləri əhatəli təhlil edilmiş, tarixçilərimiz qarşısında bir sıra konseptual məsələlər qoyulmuşdur.(Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 7-ci kitab, s.72-90) Buna görə də dissertasiya yazılarkən bu çıxışlar dərindən təhlil edilmişdir.

Lakin Heydər Əliyevin Naxçıvan MSSR-in sosial-iqtisadi, siyasi, mədəni inkişaf problemləri ilə bağlı fikirlərinin əks olunduğu materiallar, xüsusən 1969-1987-ci illərdə etdiyi məruzələr, çıxışlar indiyədək çap olunmadığından və arxivlərdə saxlanıldığından bu sənədlər elmi dövriyyəyə ilk dəfə daxil edilərək geniş istifadə edilmişdir.

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin 1-ci fondunda Heydər Əliyevin Azərbaycan KP MK birinci katibi işləyərkən KP qurultaylarında, KP MK-nın plenumlarında, büro iclaslarında etdiyi məruzə və çıxışlarında Naxçıvan MSSR ilə bağlı fikirləri öz əksini tapmışdır [57, 58, 59, 60, 62, 63, 66, 67, 70 və s. siyahılarda saxlanılan işlər]

Yeri gəlmişkən, həmin iclaslarda Naxçıvan MSSR rəhbərliyinin çıxışlarında muxtar respublikanın ümumi inkişaf göstəriciləri haqqında məlumatlardan da geniş istifadə edilmişdir.

Həmin fondun sənədlərində Heydər Əliyevin imzaladığı Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin Naxçıvan MSSR sosialiqtisadi inkişafı ilə bağlı müxtəlif qərarlar, sərəncamlar, proqramlar təqdim olunan dissertasiyada ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir [s.57, iş 81, 89, s.58, iş 48, 69, 134, s.59, iş 54, 76, 88, 89, 304, 305; s.60, iş 51, s.61, iş 17, 74, 125, s.62, iş 93, 96, 103, s.63 iş 33, s.64, iş 37, s.65, iş 103, iş 66, iş 90, iş 124, s.67, iş 67, 80, 118, 127, s.68, iş 83, 96, 149, s.70, iş 31 və s.].

 Azərbaycan KP MK I katibi vəzifəsində işləyərkən Heydər Əliyevin Naxçıvana səfərləri, Naxçıvan Vilayət Partiya Komitəsinin konfranslarında, muxtar respublika fəallar yığıncaqlarında etdiyi çıxışlar, əhali ilə çoxsaylı görüşlərini əks etdirən materiallar Naxçıvan MR Dövlət Arxivinin 1-ci fondunda saxlanılır [s.3, iş 3, s.9, iş 31, s.12, iş 39, s.16, iş 79]. Bu materiallar mövzunun öyrənilməsində olduqca mühüm mənbə hesab edilir.

Azərbaycan Respublikası və Naxçıvan MR Dövlət Arxivlərinin bir sıra fondlarında, eləcə də Naxçıvan MR nazirlik və idarələrinin arxivlərində saxlanılan sənədlər və materiallar da dissertasiyanın faktoqrafik bazasını təşkil etmişdir.

Dissertasiyanın mühüm mənbə bazasını Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişaf göstəricilərini özündə əks etdirən statistik məcmuələr, yubiley nəşrləri, ensiklopediyalar təşkil edir. (Azərbaycan rəqəmlərdə. Qısa statistik məcmuə. Bakı: Azərnəşr, 1984;) Bu sənədlərdə Naxçıvan MR-in iqtisadi inkişafına, istehsalın artımına, əhalinin maddi, mədəni-məişət, təhsil səviyyəsinin yüksəldilməsinə dair zəngin rəqəmlər öz əksini tapmışdır.

Dissertasiyada Azərbaycan KP qurultaylarının, plenumlarının, Naxçıvan VPK konfranslarının nəşr edilmiş materiallarında Naxçıvan MSSR-in ictimai-siyasi vəziyyəti, iqtisadi inkişafı ilə bağlı məlumatlar geniş istifadə edilmişdir.

Bütün bunlarla yanaşı, mövzunun tədqiqi zamanı dövri mətbuat, xüsusən «Правда», «Kommunist», «Şərq qapısı», «Sovet Naxçıvanı», «Советский Нахчыван», «Azərbaycan», «Həyat», «Səs» «Xalq qəzeti» qəzetləri və s. mətbu orqanlardakı materiallar geniş təhlil edilmiş, mövzu ilə bağlı digər mənbələrdə öz əksini tapmış bir sıra məqamlara aydınlıq gətirilməsi üçün istifadə edilmişdir.

Adı çəkilən mənbələr bütövlükdə tədqiqatın faktoloji, nəzəri və metodoloji bazasını təşkil etməklə yanaşı, qarşıya qoyulmuş vəzifələrin tam yerinə yetirilməsində əsas rol oynamışlar.

Tədqiqatın məqsəd və vəzifələri. Göründüyü kimi, son dövrlərdə Heydər Əliyevin sosial-iqtisadi, milli-mədəni inkişaf strategiyasının öyrənilməsi sahəsində çox işlər görülsə də, bu strategiyanın mühüm tərkib hissəsi olan Azərbaycan regionlarının tarazlı inkişafı məsələsi kompleks şəkildə tədqiqat obyekti olmamışdır. Ona görə də təqdim olunan tədqiqat əsərində əsas məqsəd Heydər Əliyevin zəngin nəzəri irsini, mövcud tarixi ədəbiyyatın, arxiv və statistik materialların, mətbu orqanların məlumatlarının təhlili əsasında, onun Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illərdə Naxçıvan MR-in sosial-iqtisadi və mədəni inkişafında oynadığı rolunu, tarixi xidmətlərini araşdırmaqdan, muxtar respublikanın göstərilən dövrdə inkişaf dinamikasının əsas mərhələlərini, meyillərini, xüsusiyyətlərini və yekunlarını müəyyənləşdirməkdən, ictimai-siyasi və mədəni həyatda baş vermiş dəyişiklikləri və prosesləri ümumiləşdirməkdən ibarətdir.

Bu məqsədə uyğun olaraq dissertasiyada aşağıdakı vəzifələrin həlli nəzərdə tutulmuşdur:

- 1969-cu ilədək Naxçıvan MSSR-in sosial-iqtisadi və mədəni inkişaf vəziyyətini araşdırmaq, muxtar respublikanın inkişafındakı ziddiyətlərin, problemlərin və geriləmələrin əsl səbəblərini müəyyənləşdirmək, idarəçilikdə və rəhbərlikdə köklü dəyişikliklərin zəruriliyini əsaslandırmaq;

- Respublikanın rəhbəri seçildikdən sonra Heydər Əliyevin Azərbaycanda iqtisadiyyata rəhbərliyi gücləndirmək, mənəvi-siyasi iqlimi yaxşılaşdırmaq, kadrlara tələbkarlığı artırmaq sahəsində atdığı addımları təhlil etmək və bu tədbirlərin Naxçıvan MSSR-in inkişafına təsirini müəyyənləşdirmək;

- Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın ali hakimiyyət orqanlarının Naxçıvan MSSR-in sosial-iqtisadi problemlərinin həlli, inkişafının sürətləndirilməsi ilə bağlı qəbul etdikləri qərar və proqramları şərh etmək və bu sənədlərin muxtar respublikanın gələcək inkişafında rolunu müəyyənləşdirmək;

- Naxçıvan MSSR-də sənayenin inkişafında problemləri müəyyənləşdirmək, sənaye potensialının artırılması, onun strukturunun təkmilləşdirilməsi, yeni sənaye sahələrinin və müəssisələrinin yaradılması istiqamətində Azərbaycan rəhbərliyinin həyata keçirdiyi tədbirləri təhlil etmək;

- Əsaslı tikinti, nəqliyyat, rabitə və digər sahələrin inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən kompleks tədbirləri və onların nəticələrini təhlil etmək;

- 1969-cu ilə qədərki dövrdə Naxçıvan MSSR-in kənd təsərrüfatında mövcud olmuş vəziyyəti araşdırmaq, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə aqrar bölmənin inkişafında əsaslı dönüşün baş verdiyini əsaslandırmaq; muxtar respublikada üzümçülüyün, taxılçılığın, digər sahələrin dirçəldilməsində, kənd təsərrüfatının sənaye üsulu ilə inkişafında Heydər Əliyevin xidmətlərini açıb göstərmək;

- Böyük rəhbərin Naxçıvan MSSR-in bütün rayonlarının tarazlı sosialiqtisadi, mədəni tərəqqisi üçün çalışdığı və bu məqsədlə müvafiq addımlar atdığını əsaslandırmaq;

- Konkret faktlar və materiallar əsasında Heydər Əliyevin Azərbaycana siyasi rəhbərlik etdiyi birinci dövrdə respublika iqtisadiyyatında baş verən mütərəqqi dəyişikliklərin muxtar respublikanın sosial-mədəni həyatına, əhalinin maddi rifah halına təsirini müəyyənləşdirmək; Naxçıvan MSSR əhalisinin sosial problemlərinin həlli istiqamətində Heydər Əliyev başda olmaqla respublika rəhbərliyinin həyata keçirdiyi kompleks tədbirləri və onların nəticələrini təhlil etmək;

- Naxçıvan MSSR-in ictimai-siyasi həyatında 70-80-ci illərdə baş vermiş prosesləri izləmək, Heydər Əliyev faktorunun bu proseslərə təsirini müəyyənləşdirmək;

- Həmin dövrdə Naxçıvan MSSR-də maarifin, mədəniyyətin inkişafında, elm və ali təhsil sisteminin təşəkkül tapmasında, Naxçıvan şəhərini Azərbaycanın mühüm elm və təhsil mərkəzlərindən birinə çevrilməsində, regionda milli mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsində Heydər Əliyevin müstəsna xidmətlərini açıb göstərmək;

- 1980-ci illərin sonu – 90-cı illərin əvvəllərində Azərbaycanda və Naxçıvanda cərəyan edən hadisələrin ümumi şərhini vermək, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində muxtar respublikada yaranmış ictimaisiyasi vəziyyəti səciyyələndirmək;

- Heydər Əliyevin Naxçıvana gəlişinin siyasi proseslərin gedişinə təsirini, muxtar respublikada demokratikləşmə və milli azadlıq mübarizəsinin genişləndirilməsində onun xidmətlərini müəyyənləşdirmək;

- Heydər Əliyevin Naxçıvan MR-in rəhbəri işlədiyi dövrdə muxtar respublikanı erməni təcavüzündən qorumaq, siyasi, iqtisadi və mənəvi böhrandan çıxarmaq sahəsində misilsiz xidmətlərini işıqlandırmaq; - Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövründə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, mədəni inkişafının əsas meyillərini araşdırmaq;

- Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının Naxçıvan MR-də həyata keçirilməsini, Muxtar Respublikasında iqtisadi islahatların nəticələrini təhlil etmək;

- Ulu öndərin Naxçıvanın muxtariyyət statusunun daha da möhkəmləndirilməsi, muxtar respublikada sabitliyin təmin edilməsi sahəsində fəaliyyətini təhlil etmək.

- Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Naxçıvanda mədəniyyət, təhsil, elm sahəsindəki dəyişiklikləri izləmək;

- Naxçıvan MR-in sosial-iqtisadi, mədəni inkişafında qazanılmış uğurların Heydər Əliyevin yorulmaz fəaliyyətinin, gərgin əməyinin, muxtar respublikaya qayğı və diqqətinin nəticəsi, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə həyata keçirdiyi strategiyasının tərkib hissəsi olduğunu, hazırda Prezident İlham Əliyevin regionların tarazlı inkişafı istiqamətində həyata keçirdiyi siyasətin bu strategiyanın uğurlu davamı olduğunu konkret faktlarla əsaslandırmaq.

Dissertasiya işinin metodoloji əsası. Dissertasiya işi yazılarkən müəllif tarixi prosesdə şəxsiyyətin rolu, liderlik missiyası, onun ictimai-siyasi hadisələrə təsiri, lider - xalq qarşılıqlı münasibətləri haqqında tarixi, müasir sosial-psixoloji, nəzəri-metodoloji konsepsiyalardan, tədqiqat prosesində isə ümumelmi metodlardan – analiz-sintez, ümumiləşdirmə, müqayisəli və statistik təhlil metodlarından, obyektivlik və tarixilik prinsiplərindən yararlanmışdır.

Dissertasiyanın qarşısında duran məqsəd və vəzifələrə nail olmaq üçün ilk dəfə elmi dövriyyəyə daxil edilən mənbələrin, müvafiq ədəbiyyatın təhlili verilmiş, bu zaman ümummilli lider Heydər Əliyevin milli tərəqqi strategiyasının üzvi tərkib hissəsi olan Azərbaycan bölgələrinin davamlı və tarazlı inkişafını nəzərdə tutan siyasi və ideoloji irsi dərindən öyrənilmişdir.

Tədqiqatın elmi yeniliyi. Təqdim olunan dissertasiya işinin elmi yeniliyi bir sıra amillərlə şərtlənir:

- Hər şeydən əvvəl ilk dəfə olaraq burada böyük öndərin inkişaf və tərəqqi strategiyasının mühüm tərkib hissəsi olan Azərbaycan regionlarının inkişaf strategiyası Naxçıvan MR-in materialları əsasında tədqiq edilmişdir;

- Naxçıvan MR-in təqribən qırx illik iqtisadi, sosial-siyasi, mədənimənəvi inkişaf prosesi kompleks şəkildə araşdırılmış, muxtar respublikanın bu dövrdə əldə etdiyi nailiyyətlərin və uğurların bilavasitə Heydər Əliyev faktoru ilə qırılmaz surətdə bağlı olduğu sübut edilmişdir;

- 1969-cu ilə qədər Naxçıvan MSSR-in sosial-iqtisadi inkişaf vəziyyəti qiymətləndirilmiş, hakimiyyətə gəldikdən sonra regionda irəliləyişə və tərəqqiyə nail olmaq üçün Heydər Əliyevin atdığı addımlar təhlil edilmişdir. Bu məqsədlə 1970-1980-ci illərdə Heydər Əliyevin Naxçıvanın iqtisadi və sosial inkişafı ilə bağlı etdiyi məruzə və çıxışlar, onun təşəbbüsü və iştirakı ilə regionun inkişafı ilə əlaqədar Azərbaycan KP MK, Nazirlər Soveti səviyyəsində qəbul edilmiş mühüm qərarlar, Heydər Əliyevin muxtar respublikaya çoxsaylı səfərlərini əks etdirən materiallar elmi dövriyyəyə ilk dəfə daxil edilərək, elmi təhlil süzgəcindən keçirilmişdir;

- Dissertasiyada ilk dəfə yeni təfəkkür baxımından 1970-1980-ci illərdə Naxçıvan MSSR-in iqtisadi və sosial inkişaf göstəriciləri geniş təhlil edilmiş, Heydər Əliyevin başçılığı ilə Azərbaycanda bu dövrdə həyata keçirilən iqtisadi və siyasi kursun Naxçıvan MSSR-də xüsusiyyətləri və səciyyəvi cəhətləri araşdırılmış, əhalinin həyat şəraitində, sosial strukturunda baş vermiş köklü dəyişikliklər öyrənilmişdir. Bu məsələlər Heydər Əliyevin fəaliyyəti ilə sıx əlaqədə nəzərdən keçirilmişdir.

- 1970-1980-ci illərdə Naxçıvan MSSR-də ictimai-siyasi vəziyyət ilk dəfə təhlil edilmiş, muxtar respublika əhalisində milli-mədəni dəyərlərə bağlılığın, sosial-fəallığın artmasının Heydər Əliyevin Azərbaycan miqyasında həyata keçirdiyi mənəvi iqlimin sağlamlaşdırılması, qanunun aliliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bilavasitə bağlı olduğu göstərilmişdir;

- Göstərilən dövrdə Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, təhsilinə, elminə diqqət və qayğısının ən mühüm təzahürlərindən birinin Naxçıvan MSSR-də bu sahədə böyük canlanma və tərəqqinin olması konkret faktlarla sübut edilmişdir;

- Azərbaycanda və Naxçıvanda 80-ci illərin sonunda başlamış milli azadlıq mübarizəsində Heydər Əliyev faktorunun rolu elmi əsaslarla müəyyənləşdirilmişdir;

- 1990-1993-cü illərdə Naxçıvan MR-də baş vermiş ictimai-siyasi proseslər, hərbi-siyasi vəziyyət Heydər Əliyevin rəhbərliyi altında burada həyata keçirilən sosial-iqtisadi tədbirlər fonunda araşdırılmış, bölgənin erməni təcavüzündən qorunmasının, siyasi, iqtisadi, mənəvi böhrandan çıxmasının məhz Heydər Əliyevin əvəzsiz xidmətləri olduğu qeyd edilmişdir.

- Azərbaycanın müstəqil dövlət kimi sonrakı inkişafının bir sıra konseptual məsələlərinin məhz Heydər Əliyev tərəfindən 1990-1993-cü illərdə işlənib hazırlandığı göstərilmiş, həmin dövrdə Heydər Əliyev tərəfindən qəbul edilmiş tarixi qərarlar, atılan addımlar kompleks təhlil edilmişdir;

- Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkədə həyata keçirilən iqtisadi, siyasi islahatlar Naxçıvan MR fonunda təhlil edilmiş, muxtar respublikanın 1993-2003-cü illərdə iqtisadi, sosial və mədəni inkişafının əsas meyilləri geniş faktik material əsasında ümumiləşdirilmişdir;

- Göstərilmişdir ki, iyirmi ilə yaxın Ermənistan tərəfindən hərbi-iqtisadi blokadaya salınmasına baxmayaraq, Heydər Əliyevin tərəqqi və inkişaf strategiyasının uğurla həyata keçirilməsi sayəsində Naxçıvan MR-də həyatın bütün sahələrində çox mütərəqqi dəyişikliklər baş vermiş, ictimai-siyasi sabitlik təmin edilmiş, muxtar respublikanın muxtariyyət statusu möhkəmləndirilmiş, təhlükəsizliyi etibarlı şəkildə təmin edilmişdir.

Qeyd edilir ki, hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət, o cümlədən regionların hərtərəfli inkişafı siyasəti Heydər Əliyevin inkişaf strategiyasının davamı olaraq, Naxçıvan MR-in gələcəkdə də dayanıqlı sabit inkişafının təmin edilməsinə xidmət edir.

Dissertasiya işinin nəzəri və praktiki əhəmiyyəti. Tədqiqatın materialları və nəticələri Azərbaycanın müasir iqtisadi və siyasi tarixinin tədqiqində, ümumiləşdirilmiş əsərlərin, eləcə də Naxçıvan MR-in müasir tarixinə aid əsərlərin, dissertasiyaların yazılmasında mühüm mənbə rolunu oynaya bilər.

Azərbaycanda Heydər Əliyev tərəfindən həyata keçirilmiş sosial-iqtisadi, siyasi islahatların, xüsusən regional inkişaf konsepsiyasının tarixi köklərini, mərhələlərini, nəticələrini, ümumiyyətlə, Heydər Əliyevin nəzəri irsini və dövlətçilik siyasətini öyrənmək baxımından dissertasiya işi çox faydalı ola bilər.

Tədqiqatın nəticələri ali məktəblərin bakalavr və magistr pillərində təhsil alan tələbələrə xüsusi proqramların oxunmasında, tədris proqramları və vəsaitlərinin hazırlanmasında da istifadə oluna bilər.

Zənnimizcə, dissertasiya bütövlükdə bir sıra praktik fəaliyyət sferalarında, o cümlədən idarəetmə, təbliğat, milli vətənpərvərlik tərbiyəsində, gənclərlə iş sahələrində geniş istifadə edilə bilər.

Tədqiqatın aprobasiyası. Dissertasiya AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycan Respublikasının tarixi» və «Əliyevşünaslıq» şöbələrinin 19 mart 2010-cu il tarixli birgə iclasında müzakirə edilmişdir. Tədqiqatın əsas məzmunu müəllifin 1 monoqrafiya, 30-dan çox məqaləsində öz əksini tapmışdır.

Dissertasiyanın quruluşu. Dissertasiya, giriş, iki bölmə, dörd fəsil, nəticə, istifadə edilmiş mənbə və ədəbiyyat siyahısından ibarətdir.

 

DİSSERTASİYANIN ƏSAS MƏZMUNU

Dissertasiya işi girişdən, hər biri iki fəsildən ibarət olmaqla iki bölmədən, nəticə hissəsindən və ədəbiyyat siyahısından ibarətdir.

Əsərin giriş hissəsində mövzunun aktuallığı əsaslandırılmış, məqsəd və vəzifələr müəyyənləşdirilmiş, problemin mənbəşünaslıq və tarixşünaslıq aspektləri təhlil edilmişdir.

Əsərin «Heydər Əliyev və XX əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının inkişaf strategiyası» adlanan birinci bölməsində ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi XX əsrin 70- ci, 80-ci illərin birinci yarısında Naxçıvan MSSR-nin sosialiqtisadi, mədəni, ictimai-siyasi həyatında baş vermiş mütərəqqi dəyişikliklər təhlil edilmişdir. Bölmənin I fəsli Naxçıvan MSSR-də iqtisadi və sosial inkişafın əsas xüsusiyyətləri adlanır. I fəslin «Naxçıvan MSSR-nin iqtisadiyyatında əsaslı irəliləyişlər» adlanan birinci paraqrafında muxtar respublikanın 1970-ci ilə qədərki sosial-iqtisadi inkişafı təhlil edilmiş və göstərilmişdir ki, sənayedə nominal göstəricilərin artmasına baxmayaraq, 1960-cı illərdə muxtar respublikanın inkişaf sürəti nisbətən azalmağa başlamışdı. Sənaye məhsulunun artım sürətinə görə Naxçıvan MSSR keçmiş SSRİ-nin muxtar respublikaları arasında sonuncu yerlərdən birini tutmuşdu. Bir sıra sənaye məhsullarının istehsalı, xüsusən əsaslı tikinti sahəsində uzun müddətli geriləmələr mövcud idi. Kənd təsərrüfatı məhsulları istehsalı və satış planları yerinə yetirilmir, xüsusən heyvandarlıqda məhsuldarlığa görə Naxçıvan MSSR Azərbaycan SSR-in orta göstəricilərindən dəfələrlə geri qalırdı. Mərkəzi hakimiyyət Dağlıq Qarabağ Muxtar Vilayətinin sosialiqtisadi inkişafına daha çox diqqət yetirir, təbii ehtiyatlarla zəngin olan Naxçıvan MSSR-də məhsuldar qüvvələrin inkişafını isə bilərəkdən aşağı səviyyədə saxlayırdı. Naxçıvan MSSR-in sosial-iqtisadi inkişafına dair bir çox məsələlər Azərbaycan SSR-in müvafiq nazirlik və idarələrinin laqeyd münasibəti sayəsində hələ də öz həllini tapmamışdı. Ulu öndər Heydər Əliyev məhz bunu nəzərdə tutaraq göstərirdi: «Naxçıvana ögey münasibəti olubdur. Ona görə də, açıq danışım, Naxçıvanda əsas quruculuq işi, sənayenin, kənd təsərrüfatının inkişafı – bunların hamısı 1970-ci illərdən başlayaraq gedibdir».(Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 14-cü kitab, Bakı: Азярняшр, 2005, s.85)

1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan rəhbərliyinə irəli çəkilməsi ilə Naxçıvan MSSR-ın iqtisadi və ictimai həyatının bütün sahələrində əsl tərəqqi və çiçəklənmə dövrü başlandı. Heydər Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən ardıcıl və məqsədyönlü iqtisadi və sosial siyasət nəticəsində 70-ci illərdə uzun müddətli geriliyə son qoyulmuş, təsərrüfatın bütün sahələrində sabit və yüksək sürətli, dinamik artım əldə edilmişdi.

Muxtar respublikanın iqtisadi inkişafı üçün Azərbaycan KP MK və respublika hökumətinin «Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında» 8 yanvar 1974-cü il tarixli qərarının mühüm əhəmiyyəti oldu.(ARPİİSSA, f.1, s.61, iş 17, v.187-201) Bu qərar Heydər Əliyevin muxtar respublikaya, onun sənayesinin, kənd təsərrüfatının inkişafına, naxçıvanlıların rifahının yüksəlməsinə göstərdiyi diqqətin birbaşa təzahürü idi. Qərarda Naxçıvan MSSR-in iqtisadi və sosial inkişaf vəziyyəti dərindən təhlil edilmiş, vəziyyətin yaxşılaşdırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdi. 34 maddədən ibarət qərarda muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün Azərbaycan SSR-in müvafiq nazirlik və idarələri, Naxçıvan VPK və Nazirlər Soveti qarşısında konkret vəzifələr qoyulmuş, onların yerinə yetirilməsi müddəti dəqiq müəyyənləşdirilmişdi. Naxçıvan MSSR-in gələcək inkişafında mühüm rol oynayacaq bu qərarın həyata keçirilməsinə Heydər Əliyev şəxsən nəzarət edirdi. Bunun nəticəsi olaraq qərarda öz əksini tapmış vəzifələrin əksəriyyəti vaxtında yerinə yetirilmişdi. Heydər Əliyev tərəfindən Naxçıvanın iqtisadiyyatının inkişafına göstərilən dövlət qayğısı sənayenin ayrı-ayrı sahələrinin inkişaf göstəricilərində öz əksini tapırdı. Naxçıvan MSSR-in sənaye strukturunda tikinti materialları sənayesinin mühüm yer tutmasına baxmayaraq, 1970-ci illərin əvvəllərinə qədər geniş potensiala malik bu sahə demək olar ki, başlı-başına buraxılmışdı. Muxtar respublikanın və əhalinin artan tələbatının, həmçinin tikinti materiallarının uzaqdan daşınmasının çox baha başa gəldiyini nəzərə alaraq 70-80-ci illərdə bu sahənin inkişafına xüsusi diqqət ayrıldı. Nəticədə 1971-1980-ci illərdə ümumi məhsul istehsalı üzrə tikinti materialları sənayesinin xüsusi çəkisi 2,7 faizdən 3,8 faizə, sənaye istehsal heyətinə görə isə 8,3 faizdən 9,1 faizə çatdı. (Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Arxivi (AMEA TİEA), f.1, s.8, iş 1, v.182)

Maşınqayırma və metal emalı muxtar respublika sənayesinin yeni və sürətlə inkişaf edən sahələri idi. 1980-ci ildə bu sahələrin payına muxtar respublika sənayesində məşğul olanların 14,2 faizi və ümumi məhsulun 3,5 faizi düşürdü. Halbuki 1970-ci ildə bu göstəricilər müvafiq olaraq 6,6 və 2,1 faiz təşkil edirdi.

70-ci illərə qədər potensial imkanların mövcud olmasına baxmayaraq, muxtar respublikada elektrik enerjisi istehsalı çox zəif inkişaf etmişdi. 1970-ci ildə burada cəmi 0,5 mln. kvt. saat elektrik enerjisi istehsal edilmişdi ki, bu da istehsalın və əhalinin artan tələbatını ödəmək iqtidarında deyildi. Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1970-ci illərdə İranla birlikdə gücü 22 min kvt olan Araz Su Elektrik Stansiyası tikilib istifadəyə verildi. 1977-ci ildə Qərçivan-Naxçıvan dairəvi elektrik xəttinin işə salınması muxtar respublikanı müntəzəm elektrik enerjisi ilə təmin etməyə imkan verdi. 1980-ci ildə muxtar respublikada 73,3, 1985-ci ildə isə 68,7 milyon kvt saat elektrik enerjisi istehsal olunmuşdu.(Nadirov A.A., Nuriyev Ə.X., Muradov Ş.M. Naxçıvan iqtisadiyyatı XX əsrdə. Bakı: Elm, 2000, s.36)

70-ci illərdə, 80-ci illərin birinci yarısında Naxçıvan MSSR-in ərazisində sənaye müəssisələrinin yerləşməsində əsaslı dəyişikliklər baş verdi. Naxçıvan və Ordubad şəhərləri ilə yanaşı İliç (Şərur), Şahbuz və Culfa rayonlarının mərkəzlərində və şəhər tipli yaşayış məntəqələrində də sənaye müəssisələri tikilməyə başlanmışdı.

Bu illərdə Naxçıvan MSSR-də sənayenin inkişafının mühüm cəhətini yüngül və yeyinti sənayesi sahələrinin artımı təşkil edirdi. 1980-ci ildə bu iki sənaye sahəsinin payına muxtar respublikadakı bütün sənaye məhsulunun 90 faizi düşürdü. Bir sıra yeyinti və yüngül sənaye məhsullarının istehsalına görə muxtar respublika Azərbaycanda mühüm yer tuturdu. Məsələn, 80-ci illərin sonunda Naxçıvan MSSR-in payına respublikada istehsal olunan mineral suların 90 faizi, xam ipəyin 5,2 faizi, şərabçılıq sənayesi məhsulunun 5 faizi, konserv istehsalının 3,3 faizi düşürdü. (AMEA TİEA, f.1, s.8, iş 1, v.192) Heydər Əliyev Naxçıvanda yüngül sənayenin inkişafı üçün bir sıra qərarların qəbul edilməsinə nail olmuşdu. Heydər Əliyevin Naxçıvan MSSR-də yüngül sənayenin inkişafında ən mühüm xidmətlərindən biri Naxçıvan şəhərində Xalça kombinatının tikintisinə nail olması idi. «Mən sizə deyə bilərəm ki, çox böyük çətinliklə Naxçıvan şəhərində yeni Xalça kombinatının tikilməsinə nail oldum. Mən bunu çox istədim, istədim ki, burada tikilsin. Çünki sənayeni inkişaf etdirmək lazımdır».(Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi (NMRDA). f.1, s. 9, iş 31, v.62) 1981-ci ildə Naxçıvan şəhərində Alt geyimləri fabrikinin istifadəyə verilməsi ilə muxtar respublikanın yüngül sənayenin inkişafında yeni dövr başlandı. Tam istehsal gücünə düşməməsinə baxmayaraq, artıq 1983-cü ildə burada 678 nəfər (bütün yüngül sənaye işçilərinin 23 faizindən çoxu) işləməklə 5,6 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilmişdi.

Yeyinti sənayesi Naxçıvan MSSR-in nisbətən geniş şəbəkəyə malik olan, daha çox çeşidli məhsul istehsal edən sənaye sahəsi idi. 70-ci illərdə Heydər Əliyevin bu sahəyə diqqəti konkret göstəricilərlə ifadə olunurdu. Məhsul istehsalının həcminə görə o digər sənaye sahələri arasında birinci yeri tuturdu – onun payına sənaye istehsalının 76,8 faizi, eləcə də sənaye istehsalında məşğul əhalinin 31,9 faizi düşürdü. 1970-ci illə müqayisədə 1980-ci ildə yeyinti sənayesi işçilərin sayı və əmək məhsuldarlığı 2 dəfə artmışdı. (Mirzəyev T.M. Naxçıvan MSSR-in əmək ehtiyatları və onlardan səmərəli istifadə məsələləri, Bakı: Elm, 1983, s.49) Nəticədə Naxçıvanda çoxsahəli yeyinti sənayesi kompleksi formalaşmışdı.

Heydər Əliyevin iqtisadi strategiyasının əsas istiqamətlərindən biri də respublikanın və onun bölgələrinin zəngin təbii ehtiyatlarından səmərəli şəkildə, xalqın rifahı naminə istifadə edilməsi idi. Bu baxımdan Naxçıvanın zəngin mineral su mənbələrindən muxtar respublikanın iqtisadi inkişafı üçün istifadə edilməsi məqsədi ilə 70-ci illərdə kompleks tədbirlər planı işlənib hazırlandı və həyata keçirildi. Bu illər ərzində Badamlı və Sirab mineral su zavodlarının istehsal gücü xeyli artırıldı. 1979-cu ildə Naxçıvan şəhərində Şüşə tara zavodunun tikilib istifadəyə verilməsi mineral su zavodlarının şüşə taralarla təminatını yaxşılaşdırmağa imkan verdi. 1980-ci ildə 98,5 milyon şüşə mineral su buraxıldı ki, bu da 1969-cu ildəkindən 2,6 dəfə çox idi.(Нахичеванская АССР в цифрах. Статистический сборник. Нахичевань: 1978, s.13; Нахичеванская АССР в цифрах. Статистический сборник. Нахичевань: 1983, с.12) Nəticədə Naxçıvanın mineral suları nəinki Azərbaycanda, həmçinin respublikadan kənarda özünə çoxlu istehlakçı qazanmış və artıq 1980-ci illərdə istehsal olunmuş mineral suyun 60 faizindən çoxu muxtar respublikadan kənara ixrac edilirdi.

İqtisadiyyatın digər sahələrinin inkişafında, xalqın maddi rifah halının yaxşılaşdırılmasında əsaslı tikintinin mühüm rol oynadığını nəzərə alan Heydər Əliyev Azərbaycanda, o cümlədən Naxçıvan MSSR-də bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Heydər Əliyev Naxçıvanda inkişaf etmiş tikinti sənayesi yaratmağı, əsaslı tikintinin bütün problemləri ilə dərindən və operativ məşğul olmağı tələb edir və bu tələbkarlığın nəticəsində doqquzuncu və onuncu beşilliklərdə Naxçıvan MSSR-də artıq əsaslı tikinti sahəsində mühüm irəliləyişlər əldə edilmişdi. 1971-1980-ci illərdə xalq təsərrüfatına 372 milyon manat əsaslı vəsait qoyulmuşdu ki, bu da 1961- 1970-ci illərdən 138 milyon manat çox idi.(AMEA TİEA, f.1, s.8, iş 1, v.21) Dövlət və kooperativ müəssisələri və təşkilatları tərəfindən ümumi sahəsi 270,1 min kvadratmetr olan yaşayış evi tikilərək istifadəyə verilmişdi ki, bu 1961-1970-ci illərin göstəricilərindən 81,0 min kvadratmetr çox idi.

Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə Naxçıvan MSSR-in kənd təsərrüfatının inkişafında da əsaslı dönüş baş verdi. 1970-ci ildən başlayaraq muxtar respublikanın kənd təsərrüfatının planlaşdırılmasında buraxılmış çatışmazlıqların aradan qaldırılması üçün işlər aparılmağa başlandı. Qeyri-rentabelli, yüksək maya dəyərinə malik pambıqçılıq Naxçıvan MSSR-də yüksək məhsuldarlığa malik üzümçülük və tütünçülüklə əvəz edildi. Naxçıvan MSSR-də meliorasiya və irriqasiya işlərinin yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirildi.

Göstərilən dövrdə su təsərrüfatı qurğularının tikintisinə kapital qoyuluşu əhəmiyyətli dərəcədə artmışdı. 1971-1980-ci illərdə bu məqsədlə ayrılmış vəsait 1966-1970-ci illərlə müqayisədə 4,3 dəfə artmış və bu sahəyə 119 milyon manat kapital qoyulmuşdu.(Təhməzov Z.M., Hüseynov A.Y. Geniş tərəqqi yollarında. Bakı: 1984, s.33) 70-ci illərdə 1,35 mlrd. kubmetr həcmə malik Araz, 150 milyon kubmetrlik Arpaçay və 12,7 milyon kubmetrlik Sirab su anbarı istismara verildi.(Kənd həyatı. 1982, №7, s.44.) Nurs, Bənənyar su tutarları tikildi. Eyni zamanda, kiçik suvarma qurğularının tikintisi də genişləndirildi. 1980-ci ildə muxtar respublikada 22 su anbarı var idi.

Heydər Əliyevin kənd təsərrüfatının inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biri də bu sahəyə ixtisaslı kadrların cəlb edilməsi idi. Bu dövrdə kənd təsərrüfatının ali və orta ixtisas təhsilli kadrlarla təmin edilməsində böyük uğurlar əldə edilmişdi. 1980-ci ildə Naxçıvan MSSR-in kənd təsərrüfatında ali təhsilli mütəxəssislərin sayı 486 nəfərə çatmışdı ki, bu da 1970-ci illə müqayisədə 49 faiz çox idi. Kənd təsərrüfatında mütəxəssislərin ümumi sayı 1,9 dəfə artmışdı. (AMEA TİEA, f.1, s.18, iş 8185, v.67) Görülən işlər kənd təsərrüfatı məhsullarının istehsalının və əmək məhsuldarlığının əhəmiyyətli dərəcədə artmasına kömək etdi.

Muxtar respublikanın kənd təsərrüfatının ümumi məhsulu 1970-1980-ci illərdə 3,2 dəfə artdı. («Sovet Naxçıvanı» qəzeti., 1982, 6 iyul) Muxtar respublikada tərəvəzçiliyin inkişafında da müəyyən uğurlar əldə edilmişdi. 1970-ci illə müqayisədə tərəvəz istehsalı 1980-ci ildə 7,7 dəfə artmışdı. Həmin ildə kolxoz və sovxozlar hər hektardan 99 sentner tərəvəz almışdılar ki, bu da 1970-ci ildəkindən 4,9 dəfə çox idi.(Naxçıvan MSSR-in xalq təsərrüfatının inkişafı. Naxçıvan: 1981, s.24-26)

70-80-ci illərdə muxtar respublikada heyvandarlığın inkişafı üçün kompleks işlər aparılırdı. Həyata keçirilən tədbirlər sırasında bu sahənin ixtisaslaşdırılması, mal-qaranın cinsinin yaxşılaşdırılması, təmərküzləşmə və təsərrüfatlararası kooperasiyaların yaradılması kimi tədbirlər xüsusi yer tuturdu. Bu tədbirlərin nəticəsi olaraq ictimai heyvandarlığın inkişafında müsbət dəyişikliklər baş verdi. 1970-ci ilə nisbətən 1980-ci ildə muxtar respublikanın kolxoz və sovxozlarında ət istehsalı 2,1 dəfə, süd istehsalı 2,8 dəfə, yumurta istehsalı 3,4 dəfə, yun istehsalı 1,3 dəfə artmışdı. (Нахичеванская АССР в цифрах. Статистический сборник. Нахичевань: 1983, с.26) Heydər Əliyev 70-80-ci illərdə Naxçıvan MSSR kənd təsərrüfatının üzümçülük, taxılçılıq, meyvəçilik və maldarlıq üzrə ixtisaslaşmasının perspektivlərini görürdü və artıq bu prosesin başlanmasına rəvac vermişdi. 1970-ci illərdə Naxçıvan MSSR-də heyvandarlığın mühüm sahəsi olan sənaye quşçuluğunun da əsası qoyuldu. Naxçıvan və Ordubadda yeni quşçuluq fabrikləri istifadəyə verildi.

Heydər Əliyevin böyük təşkilatçılıq fəaliyyəti nəticəsində bu dövrdə muxtar respublikanın kənd təsərrüfatı dinamik inkişaf yoluna çıxmış, əhalinin ərzaq məhsulları ilə təminatında müsbət dəyişikliklər baş vermişdi. 1969-1979-cu illərdə Naxçıvan MSSR-də kənd təsərrüfatının ümumi məhsulu 2,4, dəfə, əmək məhsuldarlığı isə iki dəfədən çox artmışdı. (ARPİİSSA, f.1, s.66, iş 4, v.122)

I fəslin «Əhalinin maddi həyat səviyyəsinin yüksəlməsi və sosial strukturda dəyişikliklər» adlanan ikinci paraqrafında iqtisadi sahədə baş verən dəyişikliklərin əhalinin sosial-mədəni həyatına, maddi rifahına təsiri araşdırılmışdır. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 70-ci illər və 80-ci illərin əvvəllərində Azərbaycanın, o cümlədən Naxçıvan MSSR-nin iqtisadi həyatında baş verən mütərəqqi dəyişikliklər cəmiyyətin sosial-mədəni həyatına, əhalinin maddi rifah halının yüksəldilməsinə, maddi və mənəvi tələbatlarının daha dolğun ödənilməsinə əsaslı təsir göstərdi. Heydər Əliyev muxtar respublikada iqtisadiyyatın inkişaf etdirilməsi ilə kifayətlənmir, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına çalışırdı. 1971-1980-ci illər ərzində muxtar respublikada sənaye işçilərinin orta aylıq əmək haqqı 32,6 faiz, meşə təsərrüfatı əməkçilərinin 10,7 faiz, rabitə işçilərinin 20,1 faiz, tikintidə çalışanların 68,7 faiz, ticarət işçilərinin 36,7 faiz, müəllimlərin 28,3 faiz, həkimlərin orta aylıq əmək haqqı isə 27,6 faiz artmışdı.(AMEA TİEA, f.1, s.8, iş 1, v.23)

Əhalinin maddi həyat səviyyəsinin mühüm amillərindən biri də mənzilməişət şəraitinin yaxşılaşdırılmasıdır. Onun rəhbərliyi dövründə respblikanın bütün regionları kimi Naxçıvan MSSR-də də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində böyük nəticələr əldə edilmişdi. 70-ci illərdə muxtar respublikada 580,1 min kv.metr mənzil sahəsi tikilərək istifadəyə verilmiş,(Народное хозяйство Азербайджанской ССР к 60-летию образования СССР. Юбилейный статистический ежигодник. Баку: Азернешр, 1982, с. 322.)  96 min nəfər (hər üç ailədən biri) öz mənzil şəraitini yaxşılaşdırmağa nail olmuşdu.(«Kommunist» qəzeti, 1982, 18 noyabr)

Bütün respublikada olduğu kimi, Naxçıvanda da şəhər və kəndlərin abadlaşdırılması sahəsində çox mühüm işlər görülmüşdü. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri Heydər Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində kiçik əyalət şəhərindən böyük, abad və gözəl şəhərə çevrilməyə başlamışdı. Həmin dövrdə onlarla ictimai və yaşayış binası istismara verilmiş, qısa zaman kəsiyində 3 mikrorayon tikilərək əhalinin istifadəsinə verilmişdi. Kəndlərdə 70-ci illərdə tikilmiş yaşayış sahələri 204,2 min kv.metr təşkil etmiş, 20 mindən çox insan özü üçün yeni abad ev tikdirmişdi. («Sovet Naxçıvanı» qəzeti,1982, 25 iyul) Bütün bunların nəticəsində muxtar respublikada bir çox kəndlər abadlaşmış, onların sosial simaları dəyişərək müasir yaşayış məntəqələrinə çevrilmişdi.

70-ci illərdə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın şəhər və kəndlərinin qazlaşdırılması sahəsində çox ciddi addımlar atılmışdı. 1980-ci ildə Yevlax-Stepanakert-Naxçıvan qaz kəmərinin çəkilib istifadəyə verilməsi muxtar respublika üçün mühüm sosial-iqtisadi və siyasi hadisəyə çevrildi.

Naxçıvanın coğrafi-siyasi şəraitini, muxtar respublikanın sosial-iqtisadi həyatında nəqliyyatın mühüm rol oynadığını nəzərə alaraq bu sahənin inkişafına respublika rəhbərliyi xüsusi diqqət yetirirdi. 70-ci illərdə BakıNoraşen dəmir yolunun İmişli stansiyasına qədər elektrikləşdirilməsi, Naxçıvan, Culfa, Şərur, Ordubad dəmiryolu vağzallarının təmir edilməsi əhalinin dəmiryolu nəqliyyatından səmərəli istifadə etməsinə imkan verdi. Nəticədə 1970-ci illə müqayisədə 1980-ci ildə dəmiryolu ilə sərnişin daşınması 1,1 dəfə artmış oldu.(AMEA TİEA, f.1, s.8, iş 1, v.199)

70-ci illərdə Naxçıvan MSSR-də yolların tikintisi və təmiri, avtomobil nəqliyyatının inkişafı sahəsində də əhəmiyyətli işlər görülmüşdü. 70-80-ci illərdə 422 kilometr uzunluğunda yol çəkilmiş və bir sıra yollar əsaslı təmir edilmişdi. Tarixi ədalətsizlik nəticəsində doğma Azərbaycanın digər ərazilərindən ayrı düşmüş, Ermənistan tərəfindən anklav vəziyyətinə salınmış Naxçıvanın coğrafi-strateji vəziyyətini dərindən dərk edən Heydər Əliyev muxtar respublikanın nəqliyyat problemlərinin həlli üçün əlindən gələni edirdi. Heydər Əliyev ermənilərin bütün təzyiqlərinə baxmayaraq Moskva qarşısında Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirən ən qısa avtomobil yolunun çəkilməsi məsələsini qaldırmış və mərkəzin razılığını ala bilmişdi.

Naxçıvanın anklav vəziyyətini nəzərə alaraq Heydər Əliyev respublikanın müvafiq idarələrinin qarşısında muxtar respublikanın hava nəqliyyatının inkişaf etdirilməsini ən mühüm strateji vəzifə kimi qoymuşdu. Heydər Əliyevin iradəsi və səyləri nəticəsində Naxçıvanın mərkəzində hava limanının genişləndirilməsi, Bakı-Naxçıvan hava xətti ilə işləyən yararsızlaşmış təyyarələrin müasir «YAK-40» tipli təyyarələrlə əvəz edilməsi və bu məqsədlər üçün lazımi vəsaitin ayrılması kimi məsələlərin həyata keçirilməsi baş tutdu. Görülən işlər Naxçıvanın nəqliyyat sisteminin genişləndirilməsi ilə yanaşı, əhaliyə göstərilən hava nəqliyyat xidmətinin yaxşılaşdırılmasına da kömək etdi.

Muxtar repsbulikada səhiyyə xidmətinin səviyyəsi də xeyli yüksəlmiş, bu sahənin ixtisaslı kadrlarla təminatı yaxşılaşmışdı. 1971-1980-ci illər ərzində səhiyyə orqanlarına 400 həkim göndərilmişdi. 1970-ci ildə muxtar respublikada 262 həkim və 1435 orta tibb işçisi var idisə, bu rəqəmlər müvafiq olaraq 1982-ci ildə isə 647 və 2032-ə bərabər idi.(Нахичеванская Автономная Советская Социалистическая Республика Азербайджанской ССР за 60 лет. Юбилейный стат. сбор. Баку: Азернешр, 1984, с.148)  Qadın və uşaqlara müalicə-profilaktika xidməti daha da inkişaf etməyə başlamışdı. 1970-ci illə müqayisədə belə müəssisələrin sayı 1980-ci ildə 2 dəfədən çox artmış (15-dən 34-ə), 1985-ci ildə isə 39-a çatmışdı. (Naxçıvan statistika güzgüsündə. Tarixi statistik məcmuə. Bakı: Səda, 1999, s.72)

Heydər Əliyevin inkişaf strategiyasında sosial, milli, demoqrafik amillər xüsusi yer tuturdu. 70-ci illər və 80-ci illərin əvvəllərində əhalinin hər min nəfərinə düşən artım səviyyəsi SSRİ-də 18,9, Azərbaycanda 25,3 nəfər təşkil edirdisə, Naxçıvanda təbii artım orta ittifaq səviyyəsindən 2,8 dəfər yüksək idi.(Muradov S.M. Naxçıvan MSSR-də demoqrafik inkişaf və əmək ehtiyatlarından istifadənin aktual məsələləri. «Naxçıvan MSSR-də təbii sərvətlərdən səmərəli istifadə və məhsuldar qüvvələrin inkişaf etdirilməsi problemləri» mövzusunda elmi-praktik konfransın tezisləri. Bakı: Elm, 1984, s.37) Ümumilikdə Naxçıvan MSSR-də doğumun səviyyəsi və təbii artım bütün illərdə Azərbaycana nisbətən yüksək olmuşdur.

Göstərilən dövrdə əhalinin demoqrafik tərkibində baş verən ən mühüm dəyişikliklərdən biri də onun milli tərkibində baş verən dəyişikliklər idi. Regionun ən qədim sakinləri olan azərbaycanlılar 70-80-ci illərdə buranın əhalisinin mütləq əksəriyyətini təşkil edirdilər.

Bölmənin II fəsli «Heydər Əliyev fenomeni və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ictimai-siyasi və mədəni həyatı» adlanır və iki paraqrafdan ibarətdir. «Heydər Əliyev və Naxçıvan MSSR-də ictimai-siyasi vəziyyət» adlanan birinci paraqrafda qeyd edilir ki, Heydər Əliyev fenomeni Naxçıvan MSSR-in ictimai-siyasi vəziyyətində də öz təsirini göstərmişdi. 1974-cü ilin fevralında Naxçıvan VPK-nın XXX konfransında Heydər Əliyev bütün mənfi hallara, nalayiq hərəkətlərə qarşı daha qətiyyətlə mübarizə aparacağını, kadrlara qarşı tələbkarlığı daha da yüksəldəcəyini açıq şəkildə bəyan etdi. Heydər Əliyev Naxçıvanın uzun müddət geridə qalmasının bir səbəbini Azərbaycanın müvafiq nazirliklərinin və idarələrinin (bütövlükdə siyasi hakimiyyətinin) fəaliyyətsizliyində, muxtar respublikaya lazımi diqqət yetirməməkdə görürdüsə, digər əsas səbəb kimi həm də muxtar respublika rəhbərliyinin mövcud imkanlardan lazımınca istifadə etməməsini göstərirdi.

Heydər Əliyev təkcə Naxçıvan MSSR-in rəhbərliyini tənqid etməklə kifayətlənməyərək Azərbaycanın hökumət orqanlarından da Naxçıvan MSSR-ə münasibətlərini dəyişməyi, regiona kömək etməyi, daha artıq diqqət yetirməyi tələb edirdi. Heydər Əliyev verdiyi tapşırıqlara şəxsən özü nəzarət edir, muxtar respublikada siyasi ab-havanı sağlamlaşdırmaq üçün prinsipial addımlar atılmasına nail olurdu.

Heydər Əliyev Naxçıvan MSSR-də olarkən neqativ hallara qarşı daha ciddi mübarizə aparmağı təxirəsalınmaz bir vəzifə kimi tapşırmışdı. Heydər Əliyev Naxçıvana hər gəlişində muxtar respublikada mənəvi-siyasi şəraitin sağlamlaşdırılması uğrunda, intizamı möhkəmləndirmək, hər cür naqisliyə, xüsusilə rüşvətxorluğa qarşı mübarizənin vacibliyini qeyd edirdi.

1980-ci ilin mayında Heydər Əliyevin Naxçıvana növbəti, dördüncü gəlişi də muxtar respublikada ictimai-siyasi hadisəyə, əsl toy-bayrama çevrildi. Bu səfərin özəlliklərindən biri də o idi ki, Heydər Əliyev muxtar respublikanın beş rayonuna baş çəkmiş, rayonlarda olarkən muxtar respublikanın sosial-iqtisadi inkişafı sahəsində görülən işlərlə tanış olmuş, rayonların partiya-təsərrüfat fəallarının yığıncaqlarında şəxsən iştirak və çıxış etmişdi.(«Sovet Naxçıvanı» qəzeti, 1980, 25 may)

 Həmin dövrdə Naxçıvan muxtariyyətinin hüquqi statusunu konkretləşdirən bir sıra qanunvericilik aktları, o cümlədən Ali Sovetin daimi komissiyaları, yerli xalq deputatlarının səlahiyyətləri, sovetlərə seçkilər, muxtar respublika Nazirlər Soveti və s. haqqında aktlar qəbul edilmişdi. 1978-ci il mayın 30-da IX çağırış Naxçıvan MSSR Ali Sovetinin səkkizinci sessiyası Naxçıvan Muxtar Respublikasının yeni konstitusiyasını qəbul etdi. Azərbaycan SSR-in yeni Konstitusiyasının qəbulundan bir ay sonra qəbul edilmiş Naxçıvan MSSR Konstitusiyası muxtar respublikanın hüquqi statusunu müəyyən edərək, onun səlahiyyət dairəsini təsbitləşdirdi.

Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi ictimai-iqtisadi tədbirlər, Naxçıvan əhalisində böyük ruh yüksəkliyi yaratmış, onların ictimaisiyasi fəallığını, muxtar respublikanın tərəqqisi naminə əmək coşğunluğunu artırmışdı. Onun uzaqgörən siyasəti nəticəsində Naxçıvan camaatında milli dəyərlərə bağlılıq, sədaqət hissi daha da güclənərək inkişaf etmişdi.

II fəslin «Heydər Əliyev və Naxçıvan MSSR-in mədəni inkişafı» adlanan ikinci paraqrafında Heydər Əliyevin muxtar respublikanın mədəni inkişafındakı xidmətləri təhlil edilir. 70-ci illər və 80-ci illərin I yarısında Naxçıvan MSSR-də də xalq təhsili sahəsində böyük uğurlar əldə edilmiş, bu sahəyə vəsait qoyuluşunun həcmi xeyli artmışdır. Həmin illərdə muxtar respublikada 24.594 yerlik 37 məktəb tikilib istifadəyə verilmişdi.(Нахичеванская Автономная Советская Социалистическая Республика Азербайджанской ССР за 60 лет, с. 22; Народноехозяйство Азербайджанской ССР к 60 летию образования СССР. с.322; AMEA TİEA, f.1, s.17, iş 8065, v.49)

Azərbaycanın ali məktəbləri sırasında özünəməxsus yeri və mövqeyi olan Naxçıvan Dövlət Universiteti də Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. 1972-ci il iyunun 20-də Azərbaycan KP MK Bürosunun «Naxçıvan şəhərində Pedaqoji institutun təşkili haqqında» Azərbaycan KP MK-nın I katibi Heydər Əliyev tərəfindən imzalanmış qərarı qəbul edildi.(ARPİİSSA, f.1, s.59, iş 54, v.71) Heydər Əliyev Naxçıvan ali təhsilinin flaqmanı olan NDPİ-nin böyüyüb genişlənməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, onun ölkənin qabaqcıl ali məktəbinə çevrilməsi üçün bütün zəruri addımları atırdı. Müstəqil ali məktəbin yaradılması bölgənin elmi-mədəni inkişafının, ziyalı potensialının artmasına, maarifçilik hərəkatına müsbət təsir göstərmişdi. Onun maddi-texniki bazası möhkəmlənmiş, yeni ixtisaslar açılmışdı. Elə həmin vaxtlarda Heydər Əliyev tərəfindən İnstitutun universitetə çevrilməsi ideyası da irəli sürülmüşdü.

Həmin illərdə Naxçıvan MSSR ümumtəhsil məktəblərinin strukturunda da ciddi dəyişikliklər baş verdi. Orta məktəblərin sayı 1970-ci ildəki 73-dən 1980-ci ildə 121-ə, 1985-ci ildə isə 135-ə çatmış və 15 il ərzində 2 dəfə çoxalmışdı. (Naxçıvan statistika güzgüsündə. Tarixi statistik məcmuə, s.63)

70-ci illərdə Naxçıvan MSSR-də yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu addımlar atılmağa başlanmışdı. 1971-ci ildə Naxçıvanda Politexnik texnikumu, 1972-ci ildə Naxçıvan Pedaqoji İnstitutu, 1975-ci ildə isə orta ixtisas musiqi məktəbi fəaliyyətə başladı. Muxtar respublikada ali və orta ixtisas məktəblərində tələbələrin sayı da əhəmiyyətli dərəcədə artdı. Artıq 1980-ci ildə həmin təhsil müəssisələrində 1971 nəfər tələbə oxuyurdu. (Yenə orada, s.66) Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq Naxçıvan MSSR iqtisadiyyatında, maarif və mədəniyyət sahələrində ali və orta ixtisas təhsilli mütəxəssislərin sayı xeyli artmışdı. Belə ki, əgər 1970-ci ildə muxtar respublikada 3159 ali təhsilli mütəxəssis çalışırdısa, 1980-ci ildə onların sayı 7875-ə çatmış və ya 2,4 dəfə artmışdı. (Нахчыванская АССР в цифрах. Нахичеван: 1983, с.50.)

Heydər Əliyev Azərbaycanda fundamental elmin inkişafına xüsusi qayğı və diqqət göstərirdi. Bu qayğı və diqqətin ən bariz nümunələrindən biri heç şübhəsiz, Naxçıvan MSSR-də fundamental elm sisteminin təşəkkül tapması oldu. Vaxtilə heç bir elmi idarəsi olmayan Naxçıvan MSSR-də 70- ci illərdə elm mərkəzi, ali məktəb, təcrübə zavodları, layihə-konstruktor büroları və onlarla elmə xidmət edən təşkilat yaradılmışdı. Azərbaycan KP MK və respublika hökumətinin qərarı ilə 1972-ci ildə Azərbaycan SSR EA Naxçıvan Elm Mərkəzinin yaradılması bölgədə elmin geniş inkişafına mühüm təsir göstərdi. Mərkəzin yaradılmasının əsas təşəbbüskarı Heydər Əliyev özü oldu. Heydər Əliyev Naxçıvanda elmin inkişafı üçün daha geniş imkanlar yaradılmasına çalışır, burada olarkən Naxçıvan Elm Mərkəzinə, digər elmi müəssisələrə baş çəkməyi unutmurdu. O, qısa müddətdə Naxçıvanda elmin inkişafı və kadrların hazırlanması sahələrində böyük uğurlar əldə edəcəyinə əmin idi. Müdrik şəxsiyyət o zaman dahiyanə şəkildə göstərirdi: «İndi elmin inkişafı sahəsində Naxçıvan, necə deyərlər, təkər üstədir. Əgər siz imkanlardan istifadə edə bilsəniz, Naxçıvan gələcəkdə elmin inkişafında öz yaxşı yerini tuta bilər. Elmin inkişafı nəticəsində isə Naxçıvanın ümumi istehsal qüvvələri, bütün təbii sərvətləri həm muxtar respublikamız üçün, həm bizim vətənimiz üçün yaxşı istifadə oluna bilər».(NMRDA, f.1, s.12, iş 39, v.112-113) Heydər Əliyevin o dövrdə Naxçıvanda elmin inkişafı imtiqamətində atdığı addımlar nəticəsində qısa müddətdə muxtar respublikada böyük elmi potensial yaradıldı və bu gün Naxçıvanda elmin inkişaf səviyyəsinin mənzərəsi ulu öndərimizin uzaqgörənliyini bir daha sübut etmiş olur.

Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında ən möhtəşəm xidmətlərindən biri də xalqımızın görkəmli simalarının, elm və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi sahəsində atdığı qətiyyətli və cahanşümul addımlardır. Onun Azərbaycana rəhbərliyi dövründə Bakıda və digər şəhərlərdə çoxlu görkəmli xadimlərimizin ev muzeyləri fəaliyyətə başlamışdı. Məhz Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 70-ci illərdə və 80-ci illərin əvvəllərində Naxçıvan şəhərində və Şahtaxtı kəndində görkəmli Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin, Naxçıvan şəhərində görkəmli sərkərdə C.Naxçıvanskinin, Ordubad şəhərində yazıçı-dramaturq M.S.Ordubadinin, akademik Y.Məmmədəliyevin ev muzeyləri yaradılmışdı. Heydər Əliyev Naxçıvana səfərlərində bu diyarın övladları olan görkəmli şəxsiyyətlərin ev muzeylərinə də baş çəkir, muzeylərin rəy kitablarına öz xoş sözlərini yazırdı.

Heydər Əliyev Azərbaycanın, o cümlədən Naxçıvan MSSR-in tarixi hadisələrinin qeyd edilməsi məsələsinə xüsusi önəm vermiş, bu məsələ ilə bağlı bir neçə fərman imzalamışdı. 1974-cü ildə Naxçıvan MSSR-in 50 illiyinin qeyd edilməsi muxtar respublikada əsl xalq bayramına çevrildi. Əslində Heydər Əliyev Naxçıvan MSSR yubileyinin geniş qeyd edilməsini həm də muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı məsələlərin həllinin sürətləndirilməsində bir vasitə kimi istifadə edərək Naxçıvan üçün əlavə maliyyə vəsaitlərinin ayrılmasına nail olmuşdu. Belə ki, Azərbaycan KP MK 28 avqust 1973-cü il tarixli qərarında Azərbaycan SSR Maliyyə Nazirliyinə muxtar respublikanın şəhər və qəsəbələrinin abadlaşdırılması üçün 1974-cü il üçün əlavə vəsaitlərin ayrılması məsələsinə baxmağı tapşırmışdı. (ARPİİSSA, f.1, s.59, iş 305, v.186)

1970-80-ci illər Naxçıvanda musiqi sənəti, o cümlədən bəstəkarlıq sahəsi də inkişaf etməkdə idi, professional musiqi ifaçılığı öz inkişaf zirvəsinə qədəm qoymuşdu. Burada yaşayıb-yaradan bəstəkarlardan Məmməd Məmmədov, Məmməd Ələkbərov, Vahid Axundov Rəşid Məmmədov, Səidə Məmmədova, Nazim Quliyev, Məmməd Cavadov və digərlərinin müxtəlif musiqi janrlarında bəstələdiyi əsərlər yüksək professionallıq səviyyəsi ilə nəzəri cəlb edirdi. 1984-cü ildə Naxçıvan Dövlət Filarmoniyasının təşkil olunması muxtar respublikanın mədəni həyatında mühüm hadisə oldu. Heydər Əliyev Azərbaycan folklor musiqisinin, muğamın, aşıq sənətinin dirçəldilməsinə, bədii özfəaliyyət kollektivlərinin yaradılmasına xüsusi diqqət yetirirdi. Onun bu siyasəti Naxçıvan MSSR-də öz təzahürünü tapırdı.

Heydər Əliyev Naxçıvanda ədəbiyyatın, ədəbi fikrin inkişafı, təbliği sahəsində də misilsiz xidmətlər göstərmişdir ki, onlardan biri də əslən naxçıvanlı şair və yazıçıların respublika səviyyəsində yubileylərinin qeyd edilməsi, onların adlarının əbədiləşdirilməsinə xüsusi diqqətlə yanaşması idi. Belə ki, Heydər Əliyevin imzaladığı sərəncamlarla 1972-ci ildə Məmməd Səid Ordubadinin 100 illik, 1981-ci ildə 110 illik, 1980-ci ildə Əliqulu Qəmküsarın 100 illik, 1982-ci ildə Hüseyn Cavidin 100 illik, 1980- ci ilin martında görkəmli ədəbiyyatşünas Əziz Şərifin 85 illik yubileyləri həm Azərbaycanda, həm də vətənləri Naxçıvanda geniş qeyd olundu. Heydər Əliyevin Azərbaycan ədəbiyyatı qarşısında ən mühüm xidmətlərindən biri 1937-ci ildə sovet repressiyasının qurbanlarından olmuş görkəmli şair-dramaturq, mütəfəkkir Hüseyn Cavidin adının ədədiləşdirilməsi, 90 və 100 illik yubileylərinin keçirilməsi oldu. Heydər Əliyev həmçinin böyük siyasi cəsarət və uzaqgörənlik göstərərək Cavidin məzarını uzaq Sibirdən vətənə gətirtməyə və islam qaydalarına uyğun Naxçıvanda dəfn edilməsinə nail oldu. Lakin Heydər Əliyevin Moskvaya rəhbər vəzifəyə irəli çəkilməsi ilə H.Cavid məqbərəsinin tikintisi də yarımçıq qaldı. Yalnız onun ikinci dəfə Azərbaycana siyasi rəhbərliyə qayıtması ilə bu xeyirxah işi başa çatdırdı və 1996-cı ildə şairin Naxçıvanda möhtəşəm məqbərəsinin açılışında iştirak etdi.

70-ci illərin ortalarında Naxçıvanda Azərbaycan SSR Yazıçılar İttifaqının 10-dan çox üzvü yaşayıb-yaradırdı. H.Razi, A M.Nəsirli, H.İbrahimov, A.Qasımov, K.Ağayev, Ə.Yusifli, Ə.Mahmud, H.Fətullayev, M.Tariverdiyev, H.Əzimin, əsərləri muxtar respublikadan kənarda geniş yayılmış, onların bir çoxunun pyesləri Naxçıvan teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdu.

Qədim və zəngin tarixə malik Naxçıvan teatrının da ən yüksək inkişaf və tərəqqi zirvəsi 70-80-ci illərə təsadüf edir. Heydər Əliyev teatra, teatr xadimlərinə daim qayğı göstərir, onların yubileylərinin keçirilməsi, adlarının əbədiləşdirilməsi, teatr işçilərinin ev-məişət problemlərinin həlli məsələlərini öz nəzarəti altında saxlayırdı. Onun dövründə Naxçıvan Musiqili Dövlət Dram Teatrının maddi-texniki bazası xeyli möhkəmlənmiş, repertuarı yeni əsərlərlə zənginləşmişdir.

Beləliklə, XX əsrin 70-80-ci illərinin əvvəlləri Heydər Əliyevin həyata keçirdiyi milli strategiyanın nəticəsi olaraq Azərbaycanda, o cümlədən onun tərkib hissəsi olan Naxçıvan MSSR-də maarif və mədəniyyətin inkişafı özünün ən yüksək zirvəsinə çatdı.

II bölmə «Müstəqillik dövründə Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası» adlanır. Bölmənin «Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə muxtar respublikada hərbi-siyasi, iqtisadi və mənəvi proseslər (1990-1993-cü illərdə» adlanan III fəsli üç paraqrafdan ibarətdir.

«Heydər Əliyevin Naxçıvana gəlişi və muxtar respublikada siyasi dəyişikliklər» paraqrafında vurğulanır ki, 80-cı illərin ortalarında Moskvanın hakim dairələrinin havadarlığından ruhlanan erməni şovinistləri Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa və Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış edərək bu torpaqları ələ keçirmək üçün təcavüzkar hərəkətlərə başladılar. Dağlıq Qarabağ hadisələri Naxçıvan MSSR-in ictimaisiyasi və iqtisadi həyatına da ciddi təsir göstərdi. Ermənistan SSR tərəfindən iqtisadi və nəqliyyat-kommunikasiya blokadasına alınmış muxtar respublikada həyat şəraiti getdikcə ağırlaşır, əhalinin ərzaq və gündəlik tələbat malları, yanacaqla təmin edilməsində ciddi problemlər yaranırdı. Ermənilərin azğınlığı, mərkəzi və respublika hakimiyyət orqanlarının cinayətkar fəaliyyətsizliyi Naxçıvanda kütləvi etiraza səbəb olmuşdu.

Heydər Əliyevin qeyd etdiyi kimi, o illərdə, xüsusən 1990-1991-ci illərdə Naxçıvanda xalq hərəkatı çox güclü idi. Müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin, demək olar, əksəriyyətini təşkil edirdi. Naxçıvanın müstəqillik, milli-azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi. Məhz bunların nəticəsində Naxçıvan bir çox ciddi addımlar atdı və nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə edilməsində Naxçıvan Muxtar Respublikası öz xidmətlərini göstərirdi.(Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 7-ci kitab, s.482)

İmperiyanın təcavüzü qarşısında yalqız qalan xalqın yeganə ümidi yenə də Heydər Əliyev idi. Tale Heydər Əliyevi Naxçıvana yetirməklə bu qədim diyarı, bütövlükdə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyevin Naxçıvana gəlişi burada ictimai-siyasi həyatı daha da canlandırdı, xalqın mübarizə əzmini möhkəmləndirdi. Qısa müddətdə milli dövlətçiliyin bərpası istiqamətində Heydər Əliyevin başçılıqı altında qətiyyətli və ardıcıl addımlar atılmağa başlandı. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan milli dövlətçiliyinin dirçəlişi istiqamətində tarixi qərarlar qəbul edildi. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək «Naxçıvan Muxtar Respublikası», Naxçıvan MR Ali Sovetinin isə «Ali Məclis» adlandırması haqqında qərar qəbul etdi.(«Şərq qapısı» qəzeti, 1990, 18 noyabr)

Heydər Əliyevin liderliyi altında Naxçıvan Ali Məclisi Azərbaycan xalqının mənafeyinə aid olan bütün məsələlərə prinsipial yanaşma nümayiş etdirir, öz mövqeyini ortaya qoyurdu. Azərbaycan rəhbərliyinin təzyiqinə müqabil Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi 1991-ci il martın 14-də muxtar respublika əhalisinin ittifaq referendumunda iştirak etməməsi haqqında tarixi qərar qəbul etdi. Naxçıvana qarşı yeni təzyiqlər və hücumlar başlandı. Əslində əsas məqsəd Heydər Əliyevi gözdən salmaq, xalq arasındakı böyük nüfuzuna zərbə vurmaq, siyasi fəaliyyətinə əngəllər yaratmaq idi.

Ali Məclisin 1991-ci il sentyabrın 3-də keçirilmiş sessiyasında Heydər Əliyev yekdilliklə Naxçıvan MR-in rəhbəri seçildi. Ertəsi gün Ali Məclisin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında sentyabrın 8-nə təyin edilmiş Azərbaycan Respublikası prezidenti seçkilərinin muxtar respublika ərazisində dayandırılması haqda qərar qəbul olunmuş, Azərbaycan Ali Sovetindən isə prezident seçkilərinin daha sonrakı müddətə keçirilməsi xahiş edilmişdi. Sessiyada həmçinin Ali Sovetdən Azərbaycan Kommunist Partiyasının, onun Mərkəzi Komitəsinin fəaliyyətinin dayandırılması, partiyanın əmlakının milliləşdirilməsi xahiş edilmişdi. (Qayıdış, (1990-1993). Sənədlər toplusu. Bakı: Azərbaycan, 1996, s.140-141) Muxtar respublikanın Ali Məclisinin 1 oktyabr 1991-ci il tarixli qərarı ilə Azərbaycanın keçid dövrü ittifaq orqanlarında iştirakı yolverilməz hesab edildi.(Qayıdış, (1990-1993), s. 171-172) 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı» yekdilliklə qəbul edildi. Bu tarixi hadisə ilə bağlı Heydər Əliyev muxtar respublika əhalisi adından bütün Azərbaycan xalqını təbrik etmiş və əmin etmişdir ki, naxçıvanlılar milli azadlıq hərəkatı uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər.( Yenə orada, s. 181) Bütün maneələrə və çətinliklərə baxmayaraq Naxçıvanda müstəqil dövlət quruculuğu və demokratikləşmə prosesi sürətlə getməkdə idi. Heydər Əliyevin başçılığı altında Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar muxtar respublikanın əhalisi tərəfindən tam dəstəklənir və müdafiə edilirdi.

«Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən qorunmasında Heydər Əliyevin xidmətləri» adlanan paraqrafında göstərilir ki, Naxçıvan MR Ali Məclisinin sədri seçildikdən sonra Naxçıvan torpağını erməni təcavüzdən qorumaq, insanların təhlükəsizliyini təmin etmək Heydər Əliyevin ən müqəddəs vəzifə borcuna, həyat amalına çevrildi. Ali Məclisin sədri kimi onun imzaladığı ilk sənədlərdən biri «Muxtar respublikanı yaranmış vəziyyətdən xilas etmək və qonşu Ermənistan Respublikası ərazisindən edilən silahlı basqınlardan qorumaq, əhalinin təhlükəsizliyini təmin etmək, Naxçıvan Muxtar Respublikasının suverenliyini və ərazi bütövlüyünü təmin etmək məqsədilə» 7 sentyabr 1991-ci ildə Ali Məclisin Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərarı oldu.(Qayıdış (1990-1993). Təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşri. Bakı: Azərbaycan, 2008, s. 543-544)

Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də muxtar respublika ərazisində yerləşən Sovet Ordusu hissələrinin və sərhəd dəstələrinin qansız-qadasız çıxarılması, bu zaman onlara məxsus silah-sursatın, texnikanın, əmlakın tamamilə Azərbaycanın ixtiyarına verilməsinə nail olması oldu. Heydər Əliyevin siyasi bəsirəti nəticəsində keçmiş Sovet ordusunun və sərhəd qoşunlarının bütün hissələri tamamilə Naxçıvandan çıxarıldı. Təxminən iki əsr müddətində xarici dövlətin Naxçıvanda yerləşmiş hərbi hissələrinin muxtar respublika ərazisindən münaqişəsiz və qarşılıqlı anlaşma şəraitində çıxarılması o dövr üçün çox fenomenal hadisə idi və bu yalnız Heydər Əliyevin xidmətləri sayəsində baş tutmuşdu.

Heydər Əliyev eyni zamanda erməni təcavüzünün qarşısını almaq üçün Naxçıvanın daxili məhdud imkanlarının səfərbər edilməsi, bütün idarə və müəssisələrin, siyasi, ictimai təşkilatları, hər bir vətəndaşını Naxçıvan MRin müdafiəsinin təşkilinə, sosial-iqtisadi problemlərin həllinə cəlb edilməsi üçün yollar axtarırdı. Bu səylərin nəticəsi kimi Naxçıvanın ağır, mürəkkəb günlərində 1992-ci il mayın 25-də Ali Məclisin Rəyasət Heyəti Naxçıvanın İnkişafı və Müdafiəsi Fondunun yaradılması haqqında qərar qəbul etdi.(Qayıdış (1990-1993). Təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşri, s. 595-597) Fondun təşkil olunması, toplanacaq vəsaitin istifadəsinə nəzarət üçün Heydər Əliyevin sədrliyi ilə komissiya yaradılmışdı.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçildikdən sonra Heydər Əliyev müdrik fəaliyyəti, böyük dövlətçilik təcrübəsi və xalqın ona olan sarsılmaz inamı və dəstəyi sayəsində bölgəni real erməni işğalından xilas etdi. Naxçıvanı Azərbaycana qaytardı.

«Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasını siyasi, sosialiqtisadi və mənəvi böhrandan çıxarmaq sahəsində fəaliyyəti» paraqrafında qeyd edilir ki, Ali Məclisin sədri seçildikdən sonra Heydər Əliyev muxtar respublikanı sosial-iqtisadi böhrandan çıxarmaq üçün ciddi tədbirlər görməyə başladı.

Muxtar respublikada yaranmış ağır sosial-iqtisadi vəziyyəti aradan qaldırmaq üçün yollar axtaran Heydər Əliyev birinci növbədə icraedici orqanların, yerli hakimiyyət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, onlara nəzarətin artırılması, mövcud imkanlardan maksimum istifadə edilməsi üçün adekvat addımlar atmağa başladı. Muxtar respublika Nazirlər Kabinetinə, nazirliklərə, idarələrə səriştəli və təcrübəli kadrlar irəli çəkildi. Muxtar respublikada bazar mexanizmlərinin və elementlərinin geniş tətbiqi məqsədi ilə müvafiq qanunverici aktlar qəbul edildi. Azərbaycanda ilk dəfə olaraq məhz Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə bazar iqtisadiyyatının mühüm şərti olan özəl mülkiyyətin genişləndirilməsi istiqamətdə ilk və zəruri addımlar atılmışdı. Bu baxımdan Ali Məclisin 6 aprel 1992-ci il tarixli qərarları xüsusi əhəmiyyət kəsb edir. «Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında» və «Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında» Ali Məclisin qərarı qısa müddət ərzində öz müsbət nəticələrini göstərdi, muxtar respublikada kənd təsərrüfatının inkişafı, əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması üçün əlverişli zəmin yaratdı. (Yenə orada, s. 300-302)

Blokadanın yaratdığı mürəkkəb problemləri aradan qaldırmaq, muxtar respublikanın həyati tələbatlarını ödəmək, nəqliyyat və kommunikasiya əlaqələrini bərpa etmək üçün Heydər Əliyev qonşu Türkiyə və İran dövlətləri ilə münasibətlərin təşəkkül tapmasına və inkişafına çalışırdı. 1991-ci ildə Heydər Əliyevin iştirakı ilə Naxçıvanla Türkiyə arasında müvəqqəti körpünün açılması muxtar respublikanın dost ölkə ilə əlaqələrin inkişafında mühüm mərhələ oldu.

1992-ci ilin martında Heydər Əliyev Türkiyə Respublikasının o vaxtkı baş naziri Süleyman Dəmirəlin dəvəti ilə dost ölkədə səfərdə oldu. Heydər Əliyev səfər müddətində prezident Turqut Özalla görüşmüş, baş nazir S.Dəmirəl ilə Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında protokol imzalamışdı. Protokolda Türkiyə Respublikası tərəfindən Naxçıvan MR-ə maliyyə, iqtisadi və texniki yardım göstərilməsi nəzərdə tutulmuşdu. Muxtar respublikanın müxtəlif sahələrdə tələbatını ödəmək məqsədi ilə Türkiyə hökuməti Naxçıvana 100 mln. dollar məbləğində kredit ayırmağı öhdəsinə götürmüşdü.(Qayıdış (1990-1993), s.607-609) Heydər Əliyev Türkiyə ilə Naxçıvan arasında bağlanmış bu müqavilənin siyasi, iqtisadi, mənəvi əhəmiyyətini qeyd edərək çox böyük uzaqgörənliklə onun Qars, Moskva müqavilələri kimi tarixə daxil olacağını, gələcək nəsillərin, bütün türk dünyasının bu sənədi də öz tarixində həmişə araşdıracağını və sənədi imzalayanlara daim təşəkkürlərini bildirəcəklərini göstərmişdi.(Yenə orada, s.615)

Heydər Əliyevin Türkiyəyə sonrakı işgüzar, rəsmi səfərləri zamanı aparılan danışıqlar, imzalanmış sənədlər Naxçıvan-Türkiyə münasibətlərinin inkişafında yeni mərhələ yaratmış, muxtar respublikanın sosialiqtisadi problemlərinin həllinə öz müsbət təsirini göstərmişdir.(Yenə orada, s.639-644; 728-731)

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi problemlərinin həllində İran İslam Respublikası ilə əlaqələrin yaradılması da müsbət rol oynadı. Azərbaycanın müstəqilliyinin ilk dövrlərində İİR-lə münasibətlərdə müəyyən soyuqluq yaransa da, Heydər Əliyevin müdrik siyasəti, Naxçıvanla İranın əlaqələrinin inkişaf etdirilməsi bölgənin düşdüyü böhrandan çıxmasına, həm də Azərbaycan-İran əlaqələrində tarazlığın təmin edilməsinə şərait yaratdı. 1992-ci ilin avqustunda Heydər Əliyev İİR xarici işlər naziri Ə.Ə.Vilayətinin dəvəti ilə bu ölkəyə səfəri zamanı Naxçıvan MR ilə İİR arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında protokollar imzalanmışdı. (Qayıdış (1990-1993), s.658-665) 1993-cü ilin martında İİR-in Naxçıvanda baş konsulluğunun açılması, Heydər Əliyevin ikinci dəfə İİR-ə səfəri Naxçıvanla İran arasında əlaqələrin daha da genişlənməsinə təsir göstərdi.

Naxçıvan MR Ali Məclisinin sədri işləyərkən Heydər Əliyevin ən böyük diplomatik uğurlarından biri də Azərbaycan, onun tərkib hissələri olan Dağlıq Qarabağ və Naxçıvan ətrafında baş verən proseslər, Ermənistanın işğalçı siması haqqında dünya ictimaiyyətinin obyektiv məlumatlandırılması, muxtar respublikanın sosial-iqtisadi, humanitar problemlərinə dünya dövlətlərinin, beynəlxalq birliyin diqqətini cəlb edə bilməsidir. Heydər Əliyevin sayəsində Naxçıvan MR bütün dünya informasiya vasitələrinin diqqət mərkəzinə çevrilmiş, öz tarixi ərzində heç vaxt xarici diplomat qəbul etməmiş Naxçıvan şəhəri hər gün Heydər Əliyevlə görüşməyə can atan xarici nümayəndə heyətlərini qarşılamağa artıq vərdiş etmişdi.

 Heydər Əliyev Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, NATO, ATƏM və s. beynəlxalq qurumların diqqətini Naxçıvanda yaranmış vəziyyətə cəlb etməyə nail olmuşdu. Bunun nəticəsində BMT Təhlükəsizlik Şurası Ermənistanla yanaşı Naxçıvana da ərzaq və yanacaq yardımı göstərilməsi ilə bağlı dünya dövlətlərinə müraciət etmişdi.(Yenə orada, s.708)

Təzyiq və təxribatlara baxmayaraq Heydər Əliyev muxtar respublikanın iqtisadi problemlərinin aradan qaldırılması üçün bütün vasitə və imkanlardan istifadə edirdi. Azərbaycan iqtidarı muxtar respublikaya kömək etmək əvəzinə onun rəhbərliyinə təzyiq göstərməyə çalışır, muxtar respublikanın konstitusiyasında dəyişiklik etmək, onun konstitusiya hüquqlarını pozmaq tədbirlərinə əl atırdılar. Bunun ən bariz nümunəsi 1992-ci ilin payızında Naxçıvanda dövlət çevrilişinə cəhd idi. 24 oktyabr 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin 300-ə yaxın adamdan ibarət silahlı dəstəsi hücum edərək Naxçıvan MR DİN, Dövlət Teleradio Verilişləri Komitəsi, rabitə və elektrik şəbəkəsini ələ keçirdilər. (Yenə orada, s.398-406) Heydər Əliyevin prinsipial mövqeyi, bütün Naxçıvan əhalisinin muxtar respublika rəhbərliyini, qanunçuluğu qətiyyətlə müdafiə etməsi sayəsində Xalq Cəbhəsinin qanuna zidd hərəkətləri baş tutmadı.(Yenə orada, s.407-416)

Azərbaycanda ictimai-siyasi, iqtisadi vəziyyət getdikcə ağırlaşırdı. AXC hakimiyyətinin, ölkə qarşısında duran bir problemi həll edə bilməməsi, demokratiyanın, qanunçuluğun hər addımda pozulması, hakimiyyət uğrunda mübarizə, iqtisadi və mənəvi böhran, səriştəsiz xarici siyasət Azərbaycanın müstəqil dövlətçiliyini təhlükə altına qoymuşdu. Xalqın qabaqcıl ziyalıları, mütərəqqi insanları yaranmış mürəkkəb vəziyyəti yaxşı başa düşür və aydın dərk edirdi ki, Azərbaycanı bu vəziyyətdən çıxara biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir.

1992-ci il oktyabrın 16-da bir qrup ziyalı Heydər Əliyevə müraciət edərək ondan Azərbaycanda geniş xalq kütləsini əhatə edə biləcək güclü, nüfuzlu və işlək bir partiyanı - Yeni Azərbaycan Partiyasını yaratmağı və onun lideri olmağı xahiş etdi.(«Səs» qəzeti, 1992, 16 oktyabr) 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransında Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi, partiyanın onun işləyib hazırladığı proqramı və nizamnaməsi qəbul edildi.(Qayıdış. (1990-1993), s.447 ) Yeni partiyanı nüfuzdan salmaq, ləkələmək üçün bəzi dairələr ağ yalanlara əl atır, YAP-ı Kommunist Partiyası ilə müqayisə edirdilər. Lakin bu iftiralar, bəd niyyətlər xalqın yeni yaranan partiyaya kütləvi axınının qarşısını ala bilmədi. Üç ay ərzində YAP üzvlərinin sayı 100 mini ötmüş və partiya Azərbaycanın ən kütləvi və nüfuzlu siyasi təşkilatına çevrilmişdi.

Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrünün mühüm istiqamətini xalqımızın mənəvi dirçəlişi, milli, dini ənənələrinin bərpası, elm, mədəniyyət, təhsilin inkişafı təşkil edirdi. Onun təşəbbüsü ilə Naxçıvan Ali Məclisi AXC-nin üçrəngli bayrağını muxtar respublikanın dövlət bayrağı kimi qəbul etmiş, 31 dekabrı «Dünya azərbaycanlılarının həmrəyliyi» günü olaraq qəbul etməklə milli bayram kimi təqvimə salınmasını qərara almışdı. Heydər Əliyev Naxçıvanda xalqın milli və dini dəyərlərinin inkişaf etdirilməsi üçün bütün şəraitin yaradılmasına çalışırdı. Onun təşəbbüsü və iştirakı ilə xalqımızın bütün milli və dini bayramları, mərasimləri geniş qeyd olunurdu. 1992-ci ilin oktyabrında dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin 110 illiyi Naxçıvanda təntənəli şəkildə qeyd edildi.(«Şərq qapısı» qəzeti, 1992, 28 oktyabr )

Təhsili millətin gələcəyi hesab edən Heydər Əliyev muxtar respublikada maarifin inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması üçün bütün imkanlardan istifadə etməyə çağırırdı. Məhz onun təşəbbüsü ilə Türkiyə Cümhuriyyəti ilə 24 mart 1992-ci ildə bağlanmış protokolda 100 nəfər naxçıvanlı gəncin qonşu dövlətin ali məktəblərində təhsil almasını nəzərdə tutan maddə öz əksini tapmışdı. (Qayıdış. (1990-1993), s.617)

Heydər Əliyev Naxçıvanda ali təhsilin flaqmanı olan akad.Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin fəaliyyəti ilə daim maraqlanır, tələbə və müəllim heyəti ilə müntəzəm görüşür, onlara öz tövsiyələrini verirdi. 1992-ci il oktyabrın 12-də Universitetdə «Bazar iqtisadiyyatına keçid şəraitində sərhədyanı ticarətin və iqtisadi əlaqələrin təşkili» mövzusunda keçirilmiş beynəlxalq simpoziumda Heydər Əliyev iştirak etmiş və dəyərli mülahizələrini iştirakçılarla bölüşmüşdü. (Həbibbəyli İ.Ə. Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan./Heydər Əliyev və Azərbaycanın davamlı inkişaf strategiyası. Bakı: 2006, s.485) 1992-ci ildə Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyi də Heydər Əliyevin iştirakı ilə geniş və təntənəli şəkildə qeyd edildi. O, NDU-nin Azərbaycanda, Naxçıvanda yüksək ixtisaslı kadrların yetişməsində böyük rol oynadığını qeyd etmiş, öz arzularını və tövsiyələrini tələbə-müəllim heyətinə çatdırmışdı. («Şərq qapısı» qəzeti, 1992 , 18 noyabr)

 Dissertasiyanın II bölməsinin IV fəsli «Heydər Əliyev və müasir dövrdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatı» adlanır və iki paraqrafdan ibarətdir. «Naxçıvan MR-də iqtisadi islahatlar və onların nəticələri» adlanan birinci paraqrafda Heydər Əliyevin prezidentliyi dövründə Naxçıvanda həyata keçirilən iqtisadi islahatlar və onların nəticələri təhlil edilmişdir.

Heydər Əliyevin sosial-iqtisadi strategiyasının ən mühüm istiqamətini Azərbaycanın bütün bölgələrinin tarazlı və bərabər inkişafı təşkil edirdi. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanın hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da bərpa- quruculuq işləri genişləndi. 1995-ci ilin sonlarında Heydər Əliyev məktəbinin ən layiqli davamçılarından biri olan Vasif Talıbovun Naxçıvan MR Ali Məclisinə sədr seçilməsindən sonra muxtar respublikada siyasi sabitlik və iqtisadi inkişaf dönməz xarakter almağa başladı.Naxçıvan MR-in yeni rəhbərliyinin Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasına dönmədən əməl etməsi sayəsində qısa dövr ərzində muxtar respublika iqtisadiyyatını böhrandan çıxarmaq və dayanıqlı inkişafını təmin etmək mümkün oldu. 1996-cı ildən başlayaraq Heydər Əliyevin rəhbərliyi altında iqtisadiyyatın və idarəetmə strukturlarının təkmilləşdirilməsi, əsaslı islahatların, o cümlədən özəlləşdirilmənin həyata keçirilməsi, dövlət büdcəsinin sabitləşdirilməsi istiqamətində məqsədyönlü və məhsuldar işlərin aparılması, ölkə başçısının qərar və göstərişlərinin muxtar respublika rəhbərliyi tərəfindən ardıcıl yerinə yetirilməsi qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. Azərbaycanda olduğu kimi, Naxçıvanda da iqtisadiyyatın sabitləşdirilməsi, maliyyə sisteminin təkmilləşdirilməsi, struktur dəyişikliklərin aparılması nəticəsində artıq 1997-ci ildə inkişafın təzahürləri özünü göstərməyə başlamışdı. Heydər Əliyevin iqtisadiyyata səfərbərliyi artırması və idarəetmə strukturunu təkmilləşdirməsi sayəsində muxtar respublikada idarəetmə sistemində mühüm struktur dəyişikləri həyata keçirildi. 1997-ci ildə Naxçıvan tikiş, alt trikotaj paltarları və xalçaçılıq fabriklərinin fəaliyyəti bərpa olundu. Muxtar respublikanın bütün sifarişçi təşkilatlarının xətti ilə 17 mlrd. 860 mln. manatlıq əsas fondlar istifadəyə verildi. 1997-ci ildə 63 milyard manatlıq sənaye məhsulu istehsal olundu.( Məmmədov M.Y. Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi proseslər (1988-2005-ci illər). Bakı: Şirvannəşr, 2005, s.147) 1996-1997-ci illərdə muxtar respublikanın kənd təsərrüfatı sahəsində mühüm dəyişikliklər baş verdi. Son dörd ildə ilk dəfə olaraq 1996-cı ildə taxıl tədarükü planı yerinə yetirildi və dövlətə 5893 ton taxıl satıldı. İlk dəfə olaraq 15 min ton şəkər çuğunduru yetişdirildi ki, bu da yerli əhalinin bu məhsula olan tələbatının 56-60%-ni təşkil edirdi.(Yenə orada) 1996-cı ildən başlayaraq muxtar respublikada özəlləşdirmə prosesi daha da genişlənmiş, bütövlükdə 1996- 2001-ci illərdə 2349 müəssisə və obyekt özəlləşdirilmişdi. (Naxçıvan Muxtar Respublikası 1991-2001-ci illərdə. Naxçıvan: Əcəmi, 2001, s.73) Bununla da kiçik özəlləşdirilmə 2001-ci ildə əsasən başa çatdırılmışdı. Özəlləşdirmə prosesi başlayandan 31 səhmdar cəmiyyəti yaradılmış, ümumi məhsulda özəl bölmənin payı 85,2 faiz, sənayedə 74 faiz, kənd təsərrüfatında 99,9 faiz, yük və sərnişin daşımada 66 faiz olmuşdur.(Yenə orada, s.11.) 2000-ci ildən bütün Azərbaycanda olduğu kimi, Naxçıvan MR-də də dövlət əmlakının özəlləşdirilməsinin yeni mərhələsi başlamışdı. Bütövlükdə özəlləşdirmə prosesi başlayandan 2003-cü ilədək muxtar respublikada 3457 kiçik müəssisə və obyekt özəlləşdirilmiş, 46 səhmdar cəmiyyətləri yaradılmışdır.(2005-ci ildə Naxçıvan MR-in sosial-iqtisadi inkişafının qısa xülasəsi. Naxçıvan: Əcəmi, 2006, s.37-38)

1995-2001-ci illərdə Naxçıvan MR-in sənayesinin, tikinti, rabitə və energetika bazasının inkişaf etdirilməsi sahəsində ciddi uğurlar əldə edildi. 1995-ci ilə nisbətən sənaye məhsulu istehsalı 1,7 dəfə, tikintidə əsas kapital qoyuluşu 2,5 dəfə, rabitə xidmətlərinin xərci 3,8 dəfə artmışdı. 1996-2001- ci illərdə 15 addan çox sənaye məhsulunun istehsalı təmin olunaraq bu sahədəki durğunluq demək olar ki, tamamilə aradan qaldırılmışdı. Həmin illərdə tikinti-abadlıq, quruculuq, infrastruktur işlərinin genişləndirilməsi üçün mühüm addımlar atılmağa başlamışdır. Həyatla keçirilən tikinti işlərinin əksəriyyətini sosial təyinatlı obyektlər təşkil etmişdir. 32 körpü salınmış, 17 körpü əsaslı təmir edilmiş, 196,3 km-lik avtomobil yolu tikilmiş və ya bərpa edilmişdir.(«Azərbaycan» qəzeti. 2001, 20 oktyabr) 1996-2000-ci illərdə Naxçıvan MR-də 45 orta ümumtəhsil məktəbi tikilmiş, 18-i təmir edilmiş, 4 uşaq bağçası, 2 musiqi məktəbi, 3 kompyuter mərkəzi, 3 nəşriyyat və mətbəə istifadəyə verilmiş, 37 səhiyyə obyekti tikilmiş və ya əsaslı təmir edilmişdi. 20 park və ya xiyaban təmir olunmuş və ya yenisi salınmış, 15 sosial xidmət obyekti, 10 məscid tikilmiş və ya əsaslı bərpa edilmişdi. (Yenə orada) Sosial təyinatlı obyektlər sırasında Naxçıvan şəhərində inşa edilmiş Olimpiya idman kompleksi və digər idman qurğuları da vardır.

Ermənistanla sərhəddə yerləşən ucqar dağ kəndlərinin abadlaşdırılması, həmin kəndlərdə sosial-mədəni obyektlərin. məktəblərin inşası xüsusi əhəmiyyət kəsb edən ən ümdə məsələlərdən idi.

Muxtar respublika rəhbərliyi əhalisinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin səmərəli təşkilinə daim diqqət yetirirdi. 1996-2001- ci illərdə muxtar respublikada 71,4 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bunun da 9463 min kvadratmetrii əhalinin öz şəxsi hesabına tikilmişdir.(Naxçıvan Muxtar Respublikası 1991-2001-ci illərdə, s.7) 1995-ci ildə əhalinin istifadəsində 11 min 760 ədəd avtomobil var idisə, 2001-ci ildə şəxsi avtomobillərin sayı 17 mindən çox olmuşdur.

2000-ci ildən sonrakı dövrdə də Heydər Əliyevin inkişaf strategiyasına uyğun olaraq Naxçıvan MR-in sosial-iqtisadi inkişafının dinamikliyi təmin edilməklə, mühüm göstəricilərə nail olunmuşdur. 2000-2003-cü illərdə sənaye məhsulunun həcmi 13,8 milyon manatdan 17,6 milyon manata qədər artmışdır.(2000-2005-ci illərdə Naxçıvan MR-də sosial-iqtisadi inkişaf. Naxçıvan: Əcəmi, 2006, s.11) 2001-2003-cü illərdə iqtisadi rayonun sənaye məhsulunun dövlət sektorunun payı 21,8 faizdən 52,3 faizə qədər yüksəlmişdir.

Muxtar respublikanın iqtisadi artımının əsas göstəricilərindən biri də investisiyaların həcminin artması və onun səmərəliliyinin yüksəldilməsidir. 2003-cü ildə muxtar respublikada tikintinin ümumi məhsulunun həcmi 2000-ci ilə nisbətən təqribən 8 dəfə artmış, iqtisadi rayonun ümumi məhsulunda tikintinin payı 2000-ci ildə 8 faizdən 2003-cü ildə 33,1 faizə qədər artmışdı. 2003-cü ildə istifadəyə verilmiş əsas fondların dəyəri 2000- ci ilə nisbətən 1,9 dəfə artmışdır.(Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi. İqtisadi Islahatlar Institutunun Cari Arxivi. Ümumi şöbənin materialları. 1991-2003-cü illər, v.59)

Heydər Əliyevin başçılığı altında Azərbaycanda həyata keçirilən aqrar islahatlar öz müsbət təsirini və nəticələrini Naxçıvan MR-in timsalında daha aydın göstərmişdir. Naxçıvan MR-də həyata keçirilmiş islahatlar nəticəsində 2003-cü ilin sonuna muxtar respublika üzrə əkin sahələrinin 93 faizi xüsusi mülkiyyətdə, 6,2 faizi bələdiyyə mülkiyyətində, yalnız 0,8 faizi dövlət mülkiyyətində olmuşdur. (Yenə orada, v.24) Aparılmış islahatlar nəticəsində kənd təsərrüfatında tənəzzülün qarşısı alınmış və 1995-ci ildən başlayaraq inkişaf başlamış və bu inkişaf 2000-ci ildən, yəni torpaqların özəlləşdirilməsi başa çatdıqdan sonra davamlı xarakter almışdır. Nəticədə 2003-cü ildə kənd təsərrüfatı məhsulu 1990-cı ilə nisbətən 2,4 dəfə, 1995-ci ilə nisbətən isə təqribən 3,1 dəfə artmışdı.(Yenə orada, v.27)

Araşdırılan dövrdə Naxçıvan MR-də sosial sahələrin inkişafında da çox mühüm irəliləyişlər baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin göstərişinə uyğun olaraq Naxçıvan MR əhalisinin elektrik enerjisi, qaz, istilik, su ilə təminatını yaxşılaşdırmaq məqsədilə daim tədbirlər planı həyata keçirilirdi. Bunun sayəsində şəhər və rayon istilik sistemləri təmir edilərək mənzillərə istilik verilməsi bərpa edilmişdir. Təkcə 2002-ci ildə Naxçıvan şəhərində 16 mərkəzləşdirilmiş qazanxana işə salınmışdır ki, bunun nəticəsində 3 min 747 mənzilə və 24 inzibati binaya istilik verilmişdir. Naxçıvan şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün Uzunoba-Naxçıvan su xətti istifadəyə verilmiş, bir sıra yaşayış məntəqələrinə su xətləri çəkilmişdir.(Yenə orada, v. 24) Əhalinin sağlamlığının yaxşılaşdırılması məqsədilə muxtar respublikada səhiyyənin, bədən tərbiyəsi və idmanın inkişafına da ciddi fikir verilirdi. 2003-cü ildə idman qurğularının sayı 1995- ci ilə nisbətən 1,7 dəfə artaraq 948 ədədə, bədən tərbiyəsi və idmanla məşğul olanların sayı isə 1,2 dəfə artaraq 28,9 min nəfərə bərabər olmuşdur.(Naxçıvan Muxtar Respublikası 80. Tarixi statistik məcmuə. Bakı: Səda, 2004, s.82)

Naxçıvan MR-in mövcud geosiyasi vəziyyəti xarici iqtisadi əlaqələrin daha geniş şəkildə inkişaf etdirilməsini zəruri etmişdir. 1995-ci ildən başlayaraq xarici-iqtisadi əlaqələrin həm coğrafiyası, həm də sahələri genişlənmiş, muxtar respublikaya xarici investisiyalar daxil olmağa başlamış, xarici dövlətlər və beynəlxalq iqtisadi təşkilatlarla birgə layihələr həyata keçirilməsinə başlanmışdır. Əvvəllər olduğu kimi, Naxçıvan MR-in xarici əlaqələrində Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası mühüm yer tutmaqda davam edirdi. 1996-cı ilin martında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun Türkiyəyə rəsmi səfəri tərəflər arasında əlaqələrin daha da inkişafında mühüm rol oynadı. Ali Məclisin sədri bu səfər zamanı Türkiyənin bütün ali rəhbərləri – prezident, baş nazir, parlamentin sədri ilə görüşmüş, qonşu dövlətlə Naxçıvan MR-in iqtisadi və mədəni əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə etmişdir. Naxçıvan MRin xarici əlaqələr sahəsində əməkdaşlığının inkişaf etdiyi digər dövlət İran İslam Respublikasıdır. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra İran-Azərbaycan münasibətlərində əvvəllər mövcud olmuş problemlər tədricən aradan qaldırılmağa başlanıldı. Bu isə öz növbəsində Naxçıvan MR-in qonşu dövlətlə əlaqələrinin yeni mərhələyə qalxmasına və genişlənməsinə təsir göstərdi. Heydər Əliyevin İİR-ə 1994 və 1996-cı illərdə səfərləri, eləcə də qonşu dövlətin dövlət və hökumət başçılarının Bakıya və Naxçıvana səfərləri zamanı Naxçıvan MR-in problemləri, birinci növbədə enerji təminatı, nəqliyyat məsələləri müntəzəm müzakirə edilirdi. Bu müzakirələrdə Naxçıvanın nümayəndələri də iştirak edirdilər.(«Azərbaycan» qəzeti, 1994, 12 noyabr) Tədqiq edilən dövrdə Naxçıvan MR-in dünya dövlətləri, beynəlxalq iqtisadi təşkilatlarla münasibətləri də inkişaf etməyə, muxtar respublikanın Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərində rolu artmağa başlamışdı. 1996- cı ildə Heydər Əliyevin təşəbbüsü ilə BMT-nin İnkişaf Proqramı Naxçıvan MR-in regional inkişaf layihəsini hazırlamış və bu məqsədlə 1.200 min ABŞ dolları həcmində kredit ayrılmışdı.(«Azərbaycan» qəzeti, 1997, 17 may)

Beləliklə, Heydər Əliyevin başçılığı ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Naxçıvan MR-in sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərmiş. 1995-2003-cü illərdə ümumi məhsul istehsal xeyli artmış, bütün makroiqtisadi göstəricilər yüksələn xətlə davam etmişdir. Muxtar respublikada sənaye, kənd təsərrüfatı, əsaslı tikinti və digər sahələrdə mühüm uğurlar əldə edilmişdir.

IV fəslin ikinci paraqrafı «Heydər Əliyev və Naxçıvan MR-in ictimaisiyasi, mədəni-mənəvi həyatı» adlanır. Paraqrafda qeyd edilir ki, Naxçıvan MR-in 1993-cü ildən sonrakı tarixi inkişaf dövrü təkcə muxtar respublikanın sosial-iqtisadi inkişafı dövrü kimi deyil, həmçinin ictimaisiyasi həyatda mütərəqqi dəyişikliklər, sabitləşmə dövrü kimi səciyyələndirilə bilər.

1995-ci il dekabrın 16-da Heydər Əliyevin idarəçilik məktəbinin yetirməsi, ümummilli liderin Naxçıvanda işləyərkən ən yaxın köməkçisi və silahdaşı olmuş Vasif Talıbovun Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi bölgənin siyasi tarixində mühüm mərhələ oldu. Onun bu yüksək vəzifədə qəbul etdiyi prinsipial qərarlar, atdığı əməli addımlar həm muxtar respublika əhalisi, həm də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdi. Vasif Talıbovun başçılığı altında muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafında çox mühüm dəyişikliklər baş verdi, quruculuq və bərpa işləri genişləndi, ən əsası, sağlam ictimai-siyasi mühit yaradıldı. V.Talıbovun Ali Məclisin sədri kimi fəaliyyətinə Heydər Əliyev yüksək qiymət verirdi. (Qədim Naxçıvanda bayram. Naxçıvan Muxtar Respublikası – 75. Bakı: Azərbaycan, 1999, s.271) Naxçıvan MR-də əldə edilmiş uğurlu nəticələr Heydər Əliyevin bütün ölkədə həyata keçirdiyi strateji xəttin, mütərəqqi islahatların tərkib hissəsi və məntiqi davamı idi. Ölkə başçısı seçildikdən sonra da Heydər Əliyev Naxçıvan MR-in sosial-iqtisadi, siyasi, mədəni həyatı ilə daim maraqlanır, problemlərin həlli üçün bütün zəruri tədbirləri həyata keçirirdi. Azərbaycan prezidenti kimi Heydər Əliyevin Naxçıvana MR-ə səfərləri (1996-cı il oktyabr, 1999-cu il oktyabr, 2002-ci il iyun və avqust ayları) MR-in ictimai-siyasi həyatında mühüm hadisə oldu, regionun inkişafına müsbət təsir göstərdi.

Naxçıvanda yaranmış sağlam ictimai-siyasi mühiti dəyərləndirən Heydər Əliyev göstərmişdi: Mən Naxçıvan şəhərində artıq baş vermiş müsbət dəyişiklikləri və burada yaranmış mühiti, əhval-ruhiyyəni görərkən daha da çox sevinirəm. Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi düzgün yoldadır. Siz birlikdə bu yolla böyük nailiyyətlər əldə edə biləcəksiniz.(Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 7-ci kitab, s.488)

Heydər Əliyevin başçılığı altında Naxçıvan MR-in yeni konstitusiyasının hazırlanaraq qəbul edilməsi muxtar respublikada demokratik, hüquqi dövlət quruculuğu prosesinə yeni təkan verdi. Heydər Əliyev Naxçıvanın tarixinə, onun muxtariyyət statusu məsələsinə qısa ekskurs edərək qeyd edirdi ki, erməni daşnak qüvvələri həmişə Naxçıvana göz dikmişlər, qəsd etmişlər, Naxçıvanı ələ keçirmək istəmişlər. … Əgər Naxçıvanı Azərbaycan ərazilərindən ayıran Azərbaycan torpaqları – Zəngəzur mahalı Ermənistana verilməsəydi, bəlkə də heç Naxçıvana muxtariyyət də lazım deyildi, Azərbaycan vahid əraziyə malik bir dövlət idi.(Əliyev H.Ə. Müstəqilliyüimiz əbədidir. 14-cü kitab, s. 75) Bununla da Heydər Əliyev Naxçıvanın muxtariyyətin statusunun milli ərazi amili ilə deyil, tarixi, geosiyasi amillərlə əlaqədar olduğunu bir daha nəzərə çatdırdı. Heydər Əliyev tarixi proseslərin gedişinə məntiqi yekun vuraraq göstərirdi ki, «Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq».(Yenə orada, s. 89) Bəzi tarixi məqamları yada salmaqla Heydər Əliyev Naxçıvan muxtariyyətini qoruyub saxlamağı və Naxçıvana lazım olan hüquqların verilməsini bir millət atası kimi gələcək nəsillərə tövsiyə edirdi. Heydər Əliyev Naxçıvan muxtariyyətinin tarixi hadisə, böyük bir mübarizənin nəticəsi olduğunu diqqətə çatdıraraq ağır şəraitdə Naxçıvanın yaşamasının, inkişaf etməsinin əsas şərtlərindən biri kimi onun muxtariyyət hüququnun olmasını önə çəkmişdi.(Əliyev H.Ə. Müstəqilliyüimiz əbədidir. 22-ci kitab, s.249)

1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi muxtar respublikanın, bütövlükdə Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisəyə çevrildi. Naxçıvan MR-in yaranmasının böyük tarixi-siyasi əhəmiyyətini və xalqımızın tarixində özünəməxsus yer tutduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu il fevralın 4-də xüsusi fərman imzalamış, yubiley tədbirlərində yaxından iştirak etmişdi. 2002-ci ildə daha iki dəfə (iyun və avqust) aylarında Naxçıvan MR-ə səfərə gələn ölkə prezidenti muxtar respublikada gedən quruculuq işləri, ictimai-mədəni proseslərlə bilavasitə tanış olmaqla yanaşı regionun gələcək inkişafı ilə bağlı öz tövsiyələrini muxtar respublika rəhbərliyinə çatdırdı. Naxçıvan MR-in bütün əhalisi ölkə prezidenti Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və prinsipial siyasi xətti dəstəkləyir, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi altında muxtar respublika iqtisadiyyatının, təhsilinin, mədəniyyətinin çiçəklənərək inkişaf etdirilməsi, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, diyarın hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımları müdafiə edirdi.

Heydər Əliyevin milli inkişaf strategiyasının mühüm tərkib hissəsini mədəniyyətin, elmin, təhsilin, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi təşkil edir. Naxçıvan MR-də mədəniyyət, elm, təhsil Heydər Əliyev dövründə yenidən dirçəlməyə və sürətlə inkişaf etməyə başlamışdır.

Heydər Əliyevin tapşırığı əsasında muxtar respublikada yerləşən tarixi abidələrin, müqəddəs yerlərin bərpası da diqqət mərkəzində olmuşdur. Bilavasitə dahi rəhbərin tapşırığı ilə müqəddəs «Əshabül Kəhf» ziyarətgahı, tarixi Ipək yolunun üstündə yerləşən Aza körpüsü, Naxçıvan şəhərində XVIII əsrin yadigarı Zaviyə məscidi, Əcəmi seyrangahındakı «Pir» abidəsi, Buzxana, «Şərq» hamam kompleksi, İmamzadə məscid kompleksi və Yusif-ibn Küseyr türbəsi bərpa olunmuşdur.

Muxtar Respublikada mədəni tərəqqi sonrakı illərdə də davam etdirilirdi. 2000-2003-cü illərdə burada Hüseyn Cavidin ev muzeyi, Bazarçayı ətrafında yeraltı abidə, Bəhruz Kəngərlinin ev muzeyi, Sədərək Tarix Diyarşünaslıq Muzeyi, Babək rayon Tarix-Diyarşünaslıq muzeyi, Xan evi, Xanəgah abidəsi, Ordubadda «Zorxana» abidəsi və s. tikilmiş və ya bərpa olunmuşdur. Dünya Bankının ayırdığı vəsait hesabına Möminə Xatun türbəsi, Qarabağlar türbəsi və Qoşa minarə (ümumilikdə 5 tarixi abidə) «Mədəni irsin qorunması layihəsi» çərçivəsində konservasiya və bərpa olunmuşdur.

Azərbaycanın yaradıcı ittifaqlarının (Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı və s.) Naxçıvan bölmələri müstəqil təşkilatlara çevrilmiş, muxtar respublikada yaşayan ziyalıların fəaliyyəti üçün bütün zəruri addımlar atılmışdır.

Banisi olduğu Naxçıvan Dövlət Universitetinin yenidən qurulmasında və inkişafında onun bir prezident kimi xidmətləri böyük olmuşdur. (Həbibbəyli İ.Ə. Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan./Heydər Əliyev və Azərbaycanın davamlı inkişaf strategiyası, s.483) Azərbaycanda milli təhsilin, elm və mədəniyyətin inkişafı sahəsində görkəmli xidmətlərinə görə Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 1999-cu il 9 oktyabr tarixli qərarı ilə Heydər Əlirza oğlu Əliyevə fəxri doktor alimlik dərəcəsi verilmişdi. Heydər Əliyev 1999-cu il oktyabrın 11- də universitetdə olarkən ona fəxri doktor diplomu və onun akademik geyimi təqdim edilmişdi. Öz çıxışında Heydər Əliyev bir çox böyük dövlətlərin zəngin tarixə malik universitetlərinin fəxri doktoru olması ilə fəxr etdiyini, ancaq Naxçıvan Dövlət Universitetinin doktoru olduğuna görə daha da çox fəxr etdiyini bildirmişdi.(Qədim Naxçıvanda bayram. Naxçıvan Muxtar Respublikası – 75, s.69-70) NDU-dan başqa Naxçıvanda daha iki ali təhsil müəssisəsinin – Naxçıvan Özəl Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun açılması da Heydər Əliyevin muxtar respublikada ali təhsilə qayğısının təzahürü sayılmalıdır.

Heydər Əliyev Naxçıvanda hərbi təhsilin inkişafını ön plana çəkərək burada Cəmşid Naxçıvanski adına Hərbi Liseyin filialının yaradılması haqqında 13 mart 1998-ci il tarixdə sərəncam vermiş, Naxçıvan MR Ali Məclisinin sədri V.Talıbovun bilavasitə təşəbbüsü və səyi ilə filial Heydər Əliyev adına müstəqil hərbi liseyə çevrilmiş, onun üçün ən müasir tələblərə cavab verən tədris şəhərciyi salınmışdır. 1999-cu il oktyabrın 13-də Heydər Əliyev filialın açılışında iştirak etmiş, onun fəaliyyətinə uğurlar arzulamışdı. (Qədim Naxçıvanda bayram. Naxçıvan Muxtar Respublikası – 75, s.219-22)

Heydər Əliyevin prezidentliyi dövründə orta ümumtəhsil məktəblərinin inkişafı sahəsində də muxtar respublikada xeyli iş görülmüşdür. Həmin illərdə muxtar respublikada 100-ə yaxın orta məktəb tikilmiş və əsaslı təmir olunmuş müasir kompyuter və avadanlıqlarla təmin edilmişdir.

Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev milli elm sistemini yenidən bərpa etməyə, elmi mühiti canlandırmağa nail oldu. Ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması muxtar respublikada elmi-tədqiqatların daha da genişləndirilməsi üçün münbit şərait yaratdı. («Azərbaycan» qəzeti. 2002, 15 avqust)

Nisbətən qısa zaman kəsiyi ərzində Naxçıvan MR-də mədəniyyət, elm, təhsil sahəsində qazanılmış cahanşümul müvəffəqiyyətlər görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirərək həyata keçirdiyi davamlı inkişaf strategiyasının nəticəsidir. Heydər Əliyevin siyasi kursu, müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə həyata keçirilir. Naxçıvan MR-in həyatının bütün sahələrində - iqtisadiyyatda, mədəniyyətdə, elm və təhsildə son illərdə qazanılan uğurlar bunu bariz sübut edir.

Nəticədə dissertasiya işinə yekun vurulmuş və qeyd edilmişdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası öz tarixi ərzində mürəkkəb və çətin inkişaf yolu keçsə də onun həqiqi inkişafı və tərəqqisi böyük öndərimizin həyatı və fəaliyyəti ilə bağlı olmuşdur.

 

Dissertasiyanın əsas məzmunu müəllifin nəşr edilmiş aşağıdakı elmi əsərlərində öz əksini tapmışdır:

1.Heydər Əliyev inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70-80-ci illəri). Monoqrafiya. Bakı: Təhsil, 2009, 320 s.

2.Naxçıvan MSSR zəhmətkeşlərinin maddi və mədəni həyat səviyyəsinin yüksəlməsi (1971-1980-ci illər) // Gənc alimlərin Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin 40 illiyinə həsr olunmuş II elmi konfransının materialları. Bakı: Elm, 1987, s.3-7.

3.Naxçıvan MSSR texniki-peşə təhsili sistemində ixtisaslı fəhlə kadrların hazırlanması (1981-1985-ci illər) // Böyük Oktyabr Sosialist inqilabının 70 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı: 1989, s.117- 119.

4.Naxçıvanın müasir dövr tarixinin öyrənilməsi və elmi ədəbiyyatda əks olunması məsələlərinə dair // Naxçıvan tarixinin səhifələri («Uluslararası qaynaqlarda Naxçıvan» beynəlxalq simpoziumun materialları. Bakı: 1996, s. 154-159.

5.Naxçıvan MR-də xalq maarifi (1946-1960-cı illər) // Azərbaycan Respublikası Odlar Yurdu Universiteti. Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri. Bakı: 1998, №1, s.180-182.

6.Naxçıvan Muxtar Respublikası müharibə illərində (1941-1945-ci illər) // Naxçıvan Muxtar Respublikası. Məqalələr toplusu. Bakı: Elm, 1999, s.112-120.

7.Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafı (1946-1991-ci illər) // Naxçıvan Muxtar Respublikası. Məqalələr toplusu. Bakı: Elm, 1999, s.166-174.

8.Naxçıvan Muxtar Respublikasının sosial və mədəni inkişafı (70-80-ci illər) // Naxçıvan Dövlət Universiteti Elmi Əsərlər. Humanitar seriya. Naxçıvan: 1999, №5, s.33-36.

9.Naxçıvanın geosiyasi vəziyyəti // Azərbaycan Respublikası Odlar Yurdu Universiteti. Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri. Bakı: 1999, №3, s.206-213.

  1. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı // Ümummilli liderimiz Heydər Əliyevin siyasəti Azərbaycanın gələcəyidir. Elmi praktik konfransın tezisləri. Bakı: 2004, s.9-11.
  2. Naxçıvan Muxtar Respublikası 1946-1990-cı illərdə // Naxçıvan: Tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri (9-10 iyun 2006-cı ildə keçirilmiş beynəlxalq simpoziumun materialları Naxçıvan: 2006, s.131- 143.
  3. Naxçıvanın XX əsr tarixi Azərbaycan tarixşünaslığında // AMEA Tarix İnstitutu. Elmi əsərlər. Bakı: 2007, 21-ci cild, s.96-105.
  4. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatı (1991-2005-ci illər) // Naxçıvan bu gün: islahatlar, perspektivlər. (5-6 oktyabr 2007-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan: 2008, s.190-198.
  5. Faşist Almaniyası üzərində qələbənin təmin edilməsində Naxçıvan Muxtar Respublikasının töhfəsi // Azərbaycan 1941-1945-ci illər müharibəsində. Məqalələr toplusu. Bakı: Elm, 2008, s.210-221.
  6. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı (XX əsrin 70-80-ci illəri) // Azərbaycan dövlətçilik ənənələrinin tarixi. Azərbaycan Cümhuriyyətinin qurulmasının və Bakının azad olunmasının 90 illiyinə həsr edilmiş beynəlxalq simpozium. Tezisləri. Bakı: 2008, s.71-72.
  7. Heydər Əliyev və XX əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikasının inkişaf strategiyası // Heydər Əliyev və Azərbaycan. Bakı: 2008, s.320-330.
  8. Naxçıvanın erməni təcavüzündən qorunmasında Heydər Əliyevin xidmətləri // Tarix və onun problemləri, Nəzəri, elmi, metodik jurnal. Bakı: 2009, №3, s. 215-222.
  9. Heydər Əliyev və XX əsrin 70-80-ci illərində. Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. İctimai və humanitar elmlər seriyası. Naxçıvan: 2009, №3, s.5-14.
  10. Heydər Əliyevin Naxçıvana gəlişi və muxtar respublikada ictimaisiyasi dəyişikliklər // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. Bakı: 2009, №5, s.142-149.
  11. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı (XX əsrin 70-80-ci illəri) // Tarix və gerçəklik. Bakı: 2009, cild 1 (5), s.120-125.
  12. Haydar Aliyev Türkiyə-Nahçıvan ilişkilerinin kurucusudur // Kültür evreni. Uluslararası sosiyal bilimlər dərgisi. Ankara: 2009, №4, s.298- 304.
  13. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı (1993-2003-cü illər) // AMEA Tarix İnstitutu. Elmi əsərlər. Bakı: 2009, cild 27, s.172-182
  14. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf strategiyası (1969-2003-cü illər) // AMEA-nın Xəbərləri. Tarix fəlsəfə və hüquq seriyası. Bakı: 2009, №12, s.141-150.
  15. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasını sosial-iqtisadi, siyasi və mənəvi böhrandan çıxarmaq sahəsində fəaliyyəti (1991-1993-cü illər) // ADPU. Xəbərləri. Humanitar elmlər seriyası. Bakı: 2010, №1, s.85-94.
  16. Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70-80-ci illəri) // Dirçəliş - XXI əsr, Bakı: 2010, №141-142, s.146-153.
  17. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı (XX əsrin 70-80-ci illəri) // Naxçıvan Dövlət Universiteti. Elmi Əsərlər. Tarix və ictimai elmlər seriyası. Naxçıvan: 2010, №1 (29), s.117-125.
  18. Naxçıvanın tarixi taleyində Heydər Əliyevin rolu // Bakı Dövlət Universitetinin Xəbərləri. Bakı: 2010, №1, s.187-192.
  19. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı (XX əsrin 70-80-ci illəri) // Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. Bakı: 2010, №2, s. 112-118.
  20. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının mədəni-mənəvi həyatı (1993-2003-cü illər) //ADPU-nun Xəbərləri. Humanitar elmlər seriyası. Humanitar elmləri seriyası. Bakı: 2010, №3, s.111-124.
  21. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı (1993-2003-cü illər) // AMEA Naxçıvan bölməsinin Xəbərləri. İctimai və humanitar elmlər seriyası. Naxçıvan: 2010, №3, s.5-12.
  22. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının xarici iqtisadi əlaqələri (1993-2003-cü illər) // Kültür evreni. Uluslararası sosiyal bilimlər dərgisi. Ankara: 2010, №6, s. 255-261.
  23. Haidar Aliyev and Iran-Nakhchivan Relationships. Кавказ и Мир // Международный научный журнал. Тбилиси, 2010, №5, s.112-114.
  24. Стратегия развития региона в Азербайджане в 70-е годы ХХ столетия (по материалом Нахчыванской АР) // Федерация. Научный журнал проблемах политики, экономики, социологии и права. Москва: 2009, №6-7, с.49-54.
  25. Гейдар Алиев и автономный статус Нахчывана // Исторические науки, Москва: 2009, №4, с.21-15.
  26. Роль Гейдар Алиева в развитии и укреплении автономного статуса Нахчевана //Азербайджан и азербайджанцы. Президиум НАНА. Баку: 2010, №1-2, с.22-26.

http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/tar/tar_d_qaq_25_06_11.pdf