Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdür - 28 yanvar 2003-cü il


MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının Kiyevdə keçirilən zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yanvarın 28-də onun üçün ayrılmış iqamətgahda ATƏT-in Minsk qrupunun həmsədrləri Rudolf Perinanı (ABŞ), Nikolay Qribkovu (Rusiya) və Anri Jakoləni (Fransa), habelə Fransadan olan keçmiş həmsədr Üq Perneni qəbul etmişdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələləri barədə söhbət aparıldı.

Tam sülh əldə edilənədək atəşkəs rejiminə əməl olunmasının vacibliyini bir daha nəzərə çarpdıran prezident Heydər Əliyev nizamasalma prosesində ATƏT-in Minsk qrupu çərçivəsində səylərin daha da artırılması lüzumunu qeyd etdi.

Söhbət zamanı münaqişənin aradan qaldırılması sahəsində Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa görüşlərinin zəruri olduğu və bunların davam etdirilməsinin vacibliyi vurğulandı.

ATƏT-in Minsk qrupunun həmsədrləri görüş üçün vaxt ayırdığına görə Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdarlıqlarını bildirdilər.

Azər TAc