Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək mənəvi sifətlərlə səciyyələnən gözəl qadın obrazlarının bədii təsviri verilmişdir.
Mənəviyyatımızın təməl kitabı olan "Kitabi-Dədə Qorqud"un qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir. Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir. Dahi Nizami öz əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaratmışdır. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə-xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı, xalqımızın qadına göstərdiyi ehtiramın parlaq təcəssümüdür.
Azərbaycan mədəniyyətinin və elminin inkişafında mühüm mərhələ olan orta əsrlər dövründə Azərbaycan qadınının fəaliyyəti xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılması və zənginləşdirilməsinə xidmət etmişdir. XII əsr poeziyasının görkəmli nümayəndələrindən olan Məhsəti Gəncəvinin şeir məclisləri Azərbaycan qadınının adını uzaq ellərdə tanıtdı.
Orta əsrlər tariximizdə Azərbaycan hökmdarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanın arvadı Mehrcan xanım, Uzun Həsənin anası Sara Xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, Şirvanşah Xəlilullahın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa Bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimlərinin adları hörmətlə yad edilir.
XIX əsr Azərbaycanın həyatında qadınların fəallığı və böyük yaradıcılıq uğurları ilə səciyyələnir. Bu mənada Xurşud Banu Nətavanın, Ağa Bəyim Ağa Ağabacının, Qönçəbəyimin, Fatma xanım Kəminənin, Şahnigar xanımın, Qəmərbəyim Şeyda Qarabağinin və başqalarının yaradıcılığı diqqəti cəlb edir. Həmin əsrdən Azərbaycanda baş verən siyasi, iqtisadi və mədəni proseslər qadınların maariflənməsi və ictimai həyatda daha fəal iştirak etməsinə güclü təkan verdi.
Dünyəvi teatrın, demokratik mətbuatın, ana dilli məktəbin, qız məktəblərinin və qadın gimnaziyalarının yaradılması Azərbaycan qadınlarının hərtərəfli inkişafı üçün yeni üfüqlər açdı. Bu dövrdə cəmiyyətdə maarifçiliklə yanaşı, xeyriyyəçilik də mühüm yer tuturdu. Gövhər xanım Qacar, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinskaya, Məsmə xanım Talışinskaya, Səltənət xanım Əhmədova və digərlərinin yaratdıqları qadın xeyriyyə cəmiyyətləri böyük iş aparırdı. O dövrün möhtəşəm abidəsi olan Təzəpir məscidi də həmin xeyriyyə tədbirlərindən biri kimi Nabat xanım Aşurbəyli Rzayeva tərəfindən tikdirilmişdir. Bütün bu işlərin məntiqi nəticəsi olaraq tariximizdə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verildi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan qadınının demokratik cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaratdı. Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir, qadın gimnaziyaları qısa bir müddətdə müəllim, həkim, mühəndis və şair peşələrinə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir.
1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. Nəriman Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini qadın azadlığı ideyaları təşkil etdi. Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının artırılması sahəsində böyük işlər həyata keçirildi. 1921-ci ildə qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra ali qadın pedaqoji institutuna çevrildi. Ceyran Bayramovanın təşəbbüsü ilə yaradılmış ilk qadın klubu bu dövrdə qadın hərəkatının inkişafında mühüm rol oynadı. 1923-cü ildə "Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu.
İkinci dünya müharibəsi qadınların əməyə daha geniş surətdə cəlb edilməsinə təkan verdi. Bir çox sahələrdə cəbhəyə gedən kişiləri qadınlar əvəz etdi. Həmin dövrdə Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva kimi təyyarəçi, Şövkət Səlimova kimi qadın gəmi kapitanı yetişmişdi. Müharibə dövründə qadınlarımız ön cəbhədə mərdliklə döyüşmüş, arxa cəbhədə əmək rəşadəti, fədakarlıq nümayiş etdirmişlər. Bütün bunlar Azərbaycanda qadın hərəkatı tarixinin unudulmaz səhifələridir.
Azərbaycan qadınlarının sovet hakimiyyəti illərində elm və mədəniyyət sahələrində əldə etdikləri nailiyyətlər onların böyük istedad və əməksevərliyinə dəlalət edən tutarlı sübutdur. Teatr səhnəsinin mahir ustaları Mərziyə Davudova, Fatma Qədri, Hökumə Qurbanova, Münəvvər Kələntərli, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Nəsibə Zeynalova, Şəfiqə Məmmədova, Amalya Pənahova, Azərbaycan baletinin ulduzları Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova, sevimli müğənnilərimiz Şövkət Məmmədova, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Zeynəb Xanlarova, görkəmli bəstəkarlarımız Ağabacı Rzayeva, Şəfiqə Axundova, Firəngiz Əlizadə, böyük qadın rəssamlarımız Vəcihə Səmədova, Reyhan Topçubaşova, Güllü Mustafayeva, Elmira Şahtaxtinskaya, Maral Rəhmanzadə milli mədəniyyətimizin inkişafına öz layiqli töhfələrini vermişlər.
Azərbaycanın qadın şair və yazıçıları Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Mədinə Gülcün, Hökumə Billuri, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli də Azərbaycan ədəbiyyatının inkişafı tarixində silinməz izlər qoymuşlar. Sovet hakimiyyəti dövründə Azərbaycan qadınlarının 1957, 1967 və 1972-ci illərdə keçirilmiş qurultayları da Azərbaycan qadın hərəkatının inkişafında, onun daha mütəşəkkil forma almasında mühüm rol oynadı.
Azərbaycan qadınları XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçmişlər. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş vermişdir. Əldə edilmiş nailiyyətlərlə yanaşı, sovet dövründə formalaşan stereotiplər milli və ənənəvi xüsusiyyətləri sırf qadına məxsus cəhətləri bəzən nəzərə almırdı. Qadın mövqelərinin həddi və qadın inkişafı haqqında sovet konsepsiyasında bir çox amillər diqqətdən kənarda qalırdı. Məşğulluğun forması, göstəriciləri qabardılır, əməyin keyfiyyəti, qadının daxili tələbatı ilə bu əməyin uyğunluğu və qadının əməkdə öz potensialını ifadə etmək imkanları unudulurdu.
Azərbaycan qadınları müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında idilər. 1988-ci ildən respublikada cərəyan edən mürəkkəb proseslərdə də qadınlar kişilərlə bərabər iştirak edirdilər. 1990-cı il yanvarın 19-20-də sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və rayonlarında törətdikləri qanlı faciənin qurbanları arasında qadınlar da var idi. Azərbaycanın milli qəhrəmanları - Qarabağ cəbhəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova yeni dövrün fədakarlıq rəmzi oldular. Erməni qəsbkarlarının Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində öz doğma ev-eşiyindən didərgin düşmüş bir milyona qədər Azərbaycan vətəndaşı arasında qadınların sayı çoxdur. Qarabağ müharibəsinin nəticələrindən doğan əsas problemlərin, o cümlədən qaçqınlıq və köçkünlük həyatının ağırlığı başlıca olaraq qadınların - anaların, bacıların, qız-gəlinlərin üzərinə düşdü. Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun qadın təşkilatları yaratdılar. Ümummilli miqyasda fəaliyyət göstərən qadın təşkilatları öz əsas məqsədi kimi Azərbaycanda qadının vəziyyətinin yaxşılaşdırılmasını, onun sosial-iqtisadi problemlərinin həllini və sair məsələləri qeyd edirlər.
Bu gün də yeni-yeni qadın təşkilatları formalaşır, mövcud təşkilatlar isə öz şəbəkəsini, fəaliyyət dairəsini genişləndirir. 1995-ci ildə Pekində keçirilən VI Ümumdünya Qadınlar Konfransına hazırlıq dövründə Azərbaycanda fəaliyyət göstərən Qadınların Milli Komitəsi Pekin konfransına ümummilli məruzəni hazırlayıb təqdim etmişdir.
Konfransdan sonra ümummilli fəaliyyət platformasına aid müzakirələr və konfranslar keçirilmişdir. Azərbaycan Respublikası 1995-ci il iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürmüşdür.
Pekin konfransından keçən beş il ərzində onun sənədlərində qeyd olunmuş prinsip və tövsiyələrin həyata keçirilməsi istiqamətində çox işlər görülmüş və Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumlarına bu barədə hesabatlar təqdim edilmişdir.
Respublikada qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası prezidentinin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı və Nazirlər Kabinetinə ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunu artırmaq məqsədi ilə müvafiq təkliflər işləyib hazırlamaq tapşırıldı.
Fərmanın yerinə yetirilməsi ilə əlaqədar respublika həyatının müxtəlif sahələrində, ayrı-ayrı nazirlik, idarə və şirkətlərdə, ümumiyyətlə, dövlət idarəçilik sistemində qadınların təmsil olunmasına dair əldə edilmiş statistik məlumat göstərdi ki, respublikanın 80-dən çox şəhər və rayon icra başçısından yalnız 5-i qadındır və hətta əksər işçiləri qadınlardan ibarət olan dövlət qurumlarında və müxtəlif peşə sahələrində qərar qəbuletmə mövqelərində qadınlar çox zəif təmsil olunurlar. Şəhər və rayonlarda işçilərinin böyük əksəriyyətini qadınların təşkil etdiyi təhsil şöbələrinin 5-nə, səhiyyə şöbələrinin isə 8-nə qadınlar rəhbərlik edir.
Respublikada müxtəlif səviyyələrdə qəbul olunan qanunvericilik aktları, qərar və qətnamələr, xüsusilə Nazirlər Kabineti, ayrı-ayrı nazirlik və idarələrdə qəbul olunan qərarlar çox vaxt Gender siyasətinin tələbləri baxımından ekspertiza olunmur.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövr qadınların qarşısında yeni məqsəd və vəzifələr qoydu. Bazar iqtisadiyyatının təşəkkül tapması, ölkəmizin müxtəlif sahələrdə aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəaliyyətinin artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını tələb edir. Bu baxımdan qeyd edilməlidir ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir.
Qadın problemlərinin həlli zərurəti Azərbaycan qadınlarının 1998-ci il sentyabrın 25-də keçirilmiş ilk qurultayında qeyd olundu. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultay göstərdi ki, cəmiyyətdə qadınların rolunun artırılması yolunda hələ çox iş görülməlidir.
Qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilsin.
2. Dövlət Statistika Komitəsi Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə respublikada qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumat hazırlasın.
3. Nazirlər Kabinetinə tapşırılsın ki:
- Ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə Gender siyasəti tələblərini rəhbər tutmaqla qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılmasını təmin etsin;
- Qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib işlə təmin edilməsi proqramı hazırlayıb həyata keçirsin;
- Qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarında müvafiq dəyişikliklər və əlavələr edilməsi məqsədi ilə mövcud qanunvericiliyi təhlil edib təkliflər versin;
- Hər il martın 1-nə qədər bu fərmanın yerinə yetirilməsinin gedişi haqqında Azərbaycan Respublikasının prezidentinə məruzə təqdim etsin;
- Bu fərmandan irəli gələn məsələləri həll etsin.