Azərbaycan Prezidenti Heydər Əliyevin Tbilisi Nəbatat bağında Fətəli xan Xoyskinin abidəsinin açılışı mərasimində nitqi - 9 mart 1996-cı il


Hörmətli cənab prezident Eduard Şevardnadze!

Hörmətli dostlar, hörmətli gürcü qardaşlarımız, bacılarımız!

Biz ikinci gündür ki, əziz Gürcüstan torpağında qonağıq. Gürcüstanın prezidenti, mənim əziz dostum Eduard Şevardnadzenin, gürcü xalqının qonağıyıq. İki gündür ki, biz gürcü xalqı ilə Azərbaycan xalqı arasında olan dostluğun keçmiş səhifələrini vərəqləyirik, dostluğun bu gün möhkəmlənməsi və gələcəkdə daha da möhkəm olması üçün çalışırıq.

Biz indi, bu dəqiqələrdə Gürcüstanın Tbilisi şəhərində, təbiətin gürcü xalqına bəxş etdiyi ən gözəl guşələrdən birindəyik. Böyük iftixar, məhəbbət hissi ilə qeyd edirəm ki, bu gözəl guşələrdən birində Azərbaycanın böyük övladları, böyük şəxsiyyətləri əbədiyyətə qovuşublar, əbədi uyuyurlar.

Azərbaycan xalqının böyük oğlu, mütəfəkkir insan, yazıçı, şair, alim, filosof, dövlət xadimi Mirzə Fətəli Axundovun məzarı buradadır. Onun övladlarının, qohum-əqrəbalarının məzarları da buradadır. Mirzə Fətəli Axundovun məzarı qarşısında, onun ruhu qarşısında Azərbaycan xalqı adından baş əyirəm, ona Allahdan bir daha, bir daha rəhmətlər diləyirəm.

Biz Azərbaycan xalqının görkəmli oğlu Mirzə Şəfi Vazehin qəbri önündəyik. Azərbaycan xalqının elminin, mədəniyyətinin inkişafında Mirzə Şəfi Vazehin böyük xidmətləri olubdur. O öz yaradıcılığı, fəaliyyəti ilə tarixdə böyük iz qoyubdur. Biz onun məzarı qarşısındayıq. Mən onun ruhu qarşısında baş əyirəm və ona Allahdan rəhmət diləyirəm.

Biz Azərbaycanın görkəmli oğlu, böyük dövlət xadimi, ictimai-siyasi xadim Fətəli xan Xoyskinin məzarı önündəyik. Fətəli xan Xoyskinin xatirəsini əbədiləşdirmək üçün məzarı üzərində onun büstünü gürcü qardaşlarımızla birlikdə təntənəli surətdə açdıq. Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin Azərbaycan elminin, mədəniyyətinin inkişafında böyük xidmətlərini qeyd edərək, eyni zamanda Fətəli xan Xoyskinin xalqımızın həyatında, ilk Azərbaycan Demokratik Respublikasının yaradılmasında böyük xidmətlərini biz bu gün minnətdarlıq hissi ilə qeyd edirik.

1918-ci ildə Cənubi Qafqazda - Gürcüstanda, Azərbaycanda, Ermənistanda çox böyük ictimai-siyasi proseslər gedən vaxt, bizim xalqlarımız - gürcü və Azərbaycan xalqları öz milli azadlıqları uğrunda mübarizə apardığı, öz müstəqil dövlətçiliyini qurmaq əzmində olduğu zaman bu böyük hadisələr, bu siyasi proseslər məhz burada, Gürcüstan torpağında, Tbilisidə baş vermişdir və Azərbaycanın görkəmli şəxsiyyətləri, o cümlədən Fətəli xan Xoyski də burada Azərbaycanın müstəqilliyi üçün çalışmış və böyük xidmətlər göstərmişdir.

Biz Azərbaycan Respublikasında, müstəqil ölkəmizdə bu gün müstəqil dövlət kimi yaşayırıq, öz milli azadlığımızın möhkəmlənməsi üçün çalışaraq 1918-ci ildə Azərbaycanda ilk demokratik, müstəqil dövlətin, müstəqil demokratik hökumətin yaranmasını böyük iftixar hissi ilə qeyd edirik. İlk Azərbaycan Demokratik Respublikasının yaradıcılarını bu gün böyük minnətdarlıq hissi ilə xatırlayırıq. İlk Azərbaycan Demokratik Respublikasının yaradıcıları, rəhbərləri Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyov və başqaları Azərbaycan xalqının tarixində böyük xidmətlər göstərmişlər və Azərbaycanda ilk dəfə müstəqilliyin, müstəqil dövlətçiliyin, demokratiyanın əsasını qoymuşlar. Çox səciyyəvidir ki, bu proseslər burada - Tbilisidə olmuşdur.

Bizim Azərbaycanın nümayəndələri o vaxt Cənubi Qafqaz Seymi yaratmaq üçün gürcü qardaşlarımızla bərabər çalışmışlar. Nəhayət, bu proseslərin nəticəsi ondan ibarət olmuşdur ki, 1918-ci il mayın 26-da Gürcüstanın görkəmli şəxsiyyətləri Gürcüstan Demokratik Respublikasını dünyaya bəyan etmişlər və ondan iki gün sonra - 1918-ci il mayın 28-də məhz burada, Gürcüstan torpağında, Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətləri ilk Azərbaycan Demokratik Respublikasının yaranmasını bütün dünyaya bəyan etmişlər.

Bu gün qeyd etmək lazımdır ki, o günlər Bakıda erməni daşnak qüvvələri hakimiyyətdə olduğuna görə, xalqımıza qarşı təxribat edən, Azərbaycan xalqının müstəqilliyinə maneçilik törədən başqa qüvvələr olduğuna görə ilk Azərbaycan Demokratik Respublikası bir müddət burada, Tbilisi şəhərində fəaliyyət göstərmiş, 1918-ci ilin iyun ayında buradan Gəncə şəhərinə və nəhayət, 1918-ci ilin sentyabrında Azərbaycanın paytaxtı Bakı şəhərinə köçə bilmişdir.

O ağır və çətin dövrdə ilk Azərbaycan Demokratik Respublikasının baş naziri vəzifəsini Azərbaycanın görkəmli oğlu Fətəli xan Xoyski öz üzərinə götürmüş, bu vəzifəni layiqincə həyata keçirmiş və xalqımız qarşısında böyük xidmətlər göstərmişdir.

Azərbaycanın ilk demokratik respublikası cəmi 23 ay yaşaya bilmişdi. O, sonra devrilmiş, amma buna baxmayaraq, Azərbaycanda dövlətçiliyin, müstəqilliyin, demokratiyanın ilk carçısı olmuş, ilk addımlar atmışdır. 1991-ci ildə Azərbaycan xalqı öz milli azadlığına nail olandan və dövlət müstəqilliyini əldə edəndən sonra, şübhəsiz ki, bu şəxsiyyətlər və onların arasında Fətəli xan Xoyski öz tarixi xidmətlərinə görə bizim üçün daha da əziz, daha da yaxın olmuşlar.

Gürcü xalqı ilə Azərbaycan xalqı arasında tarixi dostluğu bu gün nümayiş etdirən faktlar məhz bundan ibarətdir ki, Azərbaycan Demokratik Respublikasını yaradanlar onu Gürcüstan torpağında yaratmışlar, burada fəaliyyət göstərmiş, gürcü xalqının köməyindən istifadə etmişlər.

Azərbaycanın dəyərli oğulları Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski dünyalarını dəyişəndən sonra da məhz Tbilisidə - Gürcüstan torpağında əbədiyyətə qovuşmuşlar. Fətəli xan Xoyski burada - Tbilisidə ilk Azərbaycan Demokratik Respublikasının baş naziri vəzifəsinə seçilmiş və 1920-ci ildə erməni terrorçularının gülləsindən Tbilisi torpağında həlak olaraq burada dəfn edilmişdir. Azərbaycan xalqı gürcü xalqına daim minnətdardır və daim minnətdar olacaq, bir də ona görə ki, Azərbaycanın görkəmli şəxsiyyətləri Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh və Fətəli xan Xoyskinin məzarlarını on illərlə, yüz illərlə burada qoruyub saxlayıb.

Azərbaycanın görkəmli şəxsiyyətləri bu müqəddəs torpaqda əbədiyyətə qovuşublar və beləliklə, bu müqəddəs torpaq, Gürcüstanın bu gözəl guşəsi - indi bizim olduğumuz bu guşə Azərbaycanın da bir hissəsini təşkil edir.

Bu gün biz Fətəli xan Xoyskinin məzarı üzərində ona layiq olan büstü açdıq. Bu büstün hazırlanmasında, bu qəbrin üzərinin götürülməsində və onun layiqli şəklə salınmasında Azərbaycanın Şəmkir rayonu icra hakimiyyətinin başçısı Aslan Aslanovun xidmətlərini mən qeyd etmək istəyirəm. Ancaq durduğumuz bu ərazidə, bu gözəl guşədə Azərbaycan övladlarının məzarlarının qorunub saxlanılması üçün keçmişdə də, bu gün də xidmətlər göstərən gürcü xalqına, gürcü qardaşlarımıza, müstəqil Gürcüstana və onun dəyərli rəhbəri, əziz Eduard Şevardnadzeyə hörmət və ehtiramımı, təşəkkürümü bildirirəm, Gürcüstana dünəndən başlanmış rəsmi səfərimizdə Azərbaycandan gələn nümayəndələrə, mənə gürcü xalqı, prezident Eduard Şevardnadze tərəfindən göstərilən qonaqpərvərlik, mehribanlıq, dostluq hissləri bizi daha da coşdurur, sevindirir, bizdə yeni böyük hissiyyatlar yaradır. Biz bunu heç vaxt unutmayacağıq. Bu günlər, bu dəqiqələr, bax, bizim indiki bu görüşümüz Gürcüstan və Azərbaycan arasında olan dostluq və qardaşlıq əlaqələrinin parlaq səhifələrindən biri olacaqdır. Mən heç şübhə etmirəm ki, bu yer, bu gözəl guşə, Azərbaycanın görkəmli övladlarının, şəxsiyyətlərinin qəbirləri xalqımız üçün və o cümlədən gürcü qardaşlarımız üçün ibadətgah olacaqdır. Həm Gürcüstanda yaşayan azərbaycanlılar, həm də Gürcüstana qonaq gələn azərbaycanlılar buranı daim ziyarət edəcəklər və bu yer Gürcüstan ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələrinin daim rəmzi olacaqdır.

Azərbaycanın görkəmli şəxsiyyətləri Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin, Fətəli xan Xoyskinin ruhları qarşısında, onların qəbirləri önündə mən bir daha baş əyirəm. Onlara Allahdan rəhmət diləyirəm. Azərbaycan xalqına və gürcü xalqına qarşıda duran ağır və çətin vəzifələrin həyata keçirilməsində, Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində nailiyyətlər, xalqlarımıza səadət, xoşbəxtlik, bütün işlərində uğurlar diləyirəm. Bir daha təşəkkür edirəm, cənab Şevardnadze, əziz dostum, qardaşım, mən sənə minnətdaram ki, biz burada bir yerdəyik və siz Azərbaycan oğullarına bu qədər hörmət və ehtiram etmisiniz. Çox sağ olun.