Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT-nin Vyanadakı nümayəndəliyinin binasında BMT baş katibinin müavini, nümayəndəliyin baş direktoru Pino Arlakki ilə görüşü zamanı söhbətindən - Vyana, 7 iyul 2000-ci il


Pino Arlakki: Cənab prezident, bir neçə həftə bundan öncə Tehranda keçirdiyimiz görüşdən sonra Sizinlə burada görüşməkdən məmnunluq deyuruq. Siz BMT-nin Vyanadakı mərkəzini ziyarət etməklə bizə böyük şərəf verdiniz. Əminəm ki, Sizin ziyarətiniz Birləşmiş Millətlər Təşkilatının bu mərkəzi ilə ölkəniz arasında münasibətlərin inkişaf etdirilməsi yolunda həlledici mərhələ olacaqdır.

Bizim mərkəzin qarşısında duran ən böyük vəzifələrdən biri, baş katibin obrazlı şəkildə dediyi kimi, "sivil olmayan cəmiyyətə qarşı mübarizədir". Baş katib bunu deyərkən cəmiyyətlərin sabit inkişafına zərbə vuran, ona təhlükə doğura biləcək bütün amillərə qarşı mübarizəni, xüsusən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, mütəşəkkil cinayətkarlığa və "çirkli pulların yuyulmasına" qarşı birgə mübarizəni nəzərdə tutur.

Biz terrorizmin də daxil olduğu yeni təhlükələrə qarşı birgə mübarizəni təşkil etmək üçün BMT-nin üzvü olan dövlətlərlə birlikdə mübarizənin yeni strategiyaları və konsepsiyaları üzərində çalışırıq.

Adını çəkdiyim sahələr üzrə üzv dövlətlərdə həyata keçirilən tədbirlərin hamısı bizim üçün əhəmiyyətlidir. Bu baxımdan, fürsətdən istifadə edərək, ölkənizdə korrupsiyaya qarşı mübarizə ilə əlaqədar son dövrdə gördüyünüz tədbirlər münasibətilə, habelə Azərbaycanın Avropa Şurasına qəbul olunması ilə bağlı Sizi təbrik etmək istəyirəm. Biz bunu belə başa düşürük ki, Azərbaycan korrupsiyaya, mütəşəkkil cinayətkarlığa, terrorizmə və digər təhlükəli meyllərə qarşı mübarizə sahəsində öz qanunvericiliyini də beynəlxalq standartlara uyğunlaşdırmaq niyyətindədir.

Biz bu sahələrdə Sizinlə birgə çalışa bilərik. Artıq bizim Qafqazda həyata keçirdiyimiz proqramımız, layihəmiz vardır. Lakin Sizin bölgənin Əfqanıstandan Avropaya narkotik maddələrin daşındığı yolun üzərində yerləşdiyini nəzərə alsaq, deyə bilərik ki, görməli işlərimiz daha çoxdur. Bu gün imzalanacaq birgə protokol və həmçinin Sizinlə bugünkü müzakirələr, zənnimcə, gələcək çox məhsuldar əməkdaşlığımızın əsası olacaqdır.

Heydər Əliyev: Hörmətli cənablar, xanımlar!

Mən Birləşmiş Millətlər Təşkilatının Vyanadakı mərkəzinə ziyarətimi özüm üçün və ölkəm üçün çox əhəmiyyətli hadisə hesab edirəm.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini əldə edəndən sonra dərhal Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıb və BMT-nin üzvüdür. Biz bunu müstəqilliyimizin ən mühüm amillərindən biri hesab edirik. Birləşmiş Millətlər Təşklatı ilə daim əməkdaşlıq edirik və bundan sonra da edəcəyik.

Doğrudur, Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığımız dövründə bəzi məsələlərdən narazıyıq. Bu da ondan ibarətdir ki, bölgəmizdə Ermənistanla Azərbaycan arasında münaqişənin qarşısının alınmasında Birləşmiş Millətlər Təşkilatı təsirli qərarlar qəbul edə bilmir. Bilirsiniz ki, bu münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan zorla çıxarılıb və uzun müddətdir - altı-yeddi ildir ölkəmizin müxtəlif yerlərində, çadırlarda çox ağır vəziyyətdə yaşayırlar.

1992-1993-cü illərdə Ermənistan silahlı qüvvələrini Azərbaycanın ərazilərini işğal edərkən Azərbaycan Birləşmiş Millətlər Təşkilatına müraciət etmişdi. Birləşmiş Millətlər Təşkilatı bu müraciətlərə Təhlükəsizlik Şurasında dörd dəfə, bəlkə də çox baxmışdır. Hər halda 1992-1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycandan qeyd-şərtsiz çıxması haqqında dörd qətnamə qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının bu barədə bir neçə xüsusi bəyanatı da olmuşdur.

Amma Birləşmiş Millətlər Təşkilatının üzvü olan Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların heç birisini yerinə yetirməyibdir. Belə çıxır ki, Təhlükəsizlik Şurası qərar qəbul edir, amma yerinə yetirmir. Bu da Birləşmiş Millətlər Təşkilatına hörmət gətirmir.

Mən həm keçmiş baş katib Butros Qaliyə, həm də indiki baş katib Kofi Annana bu sualı bir neçə dəfə vermişəm. Ancaq hər dəfə belə cavab almışam ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamə və qərarlarının həyata keçirilməsi mexanizmi yoxdur. Əgər belə bir mexanizm yoxdursa, onu yaratmaq lazımdır. Əgər o, yaradılmırsa, demək, Birləşmiş Millətlər Təşkilatı özü qəbul etdiyi qətnamələrin həyata keçirilməsinə biganə qalır.

Mən bu gün burada bu sözləri deməyə məcburam. Çünki ölkəmizin düşdüyü vəziyyət məni buna məcbur edir. Azərbaycan torpaqlarının 20 faizi indiyə qədər Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Doğrudur, Birləşmiş Millətlər Təşkilatı bu məsələni bir növ üzərindən götürüb və ATƏT-ə həvalə edibdir.

1992-ci ildən bu məsələ ilə ATƏT məşğul olur və ATƏT də Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün xüsusi Minsk qrupu yaradıbdır. Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır.

ATƏT-in 1994-cü il Budareşt zirvə görüşündə, 1996-cı il Lissabon zirvə görüşündə bu məsələnin həll edilməsi üçün mühüm qərarlar qəbul olunmuşdur. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu qərarlar da həyata keçirilmir.

İndi ATƏT-in Minsk qrupu fəaliyyətini davam etdirir. ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri bu yaxın vaxtlarda bizim bölgəyə gələcəkdir.

Bilirsiniz ki, biz 1994-cü ildə Ermənistanla Azərbaycan arasında müharibəni dayandırmışıq, atəşkəs haqqında saziş imzalamışıq və məsələnin sülh yolu ilə həll edilməsi üçün danışıqlar aparırıq. Ancaq hələ bir nəticə yoxdur.

Keçən ildən başlayaraq, Ermənistan prezidenti Robert Koçaryanla Azərbaycan prezidenti Heydər Əliyev arasında bilavasitə bir neçə görüş də keçirilmişdir. Bu məsələlər bir neçə dəfə Amerika prezidenti cənab Bill Klintonun yanında müzakirə olunub, son vaxtlar Rusiyanın yeni prezidenti cənab Putinin iştirakı ilə müzakirə edilibdir, Fransanın prezidenti cənab Jak Şirakın iştirakı ilə müzakirə olunubdur. Ancaq hələ ki, Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyondan artıq azərbaycanlı altı-yeddi ildir öz ölkəsində qaçqın-köçkün vəziyyətində, çadırlarda ağır şəraitdə yaşayır.

Hesab edirəm ki, Birləşmiş Millətlər Təşkilatı bu məsələlərə daha diqqətlə yanaşmalıdır. İndiki halda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və Humanitar Yardımlar üzrə Ali Komissarlığı da Azərbaycanın ağır vəziyyətdə yaşayan qaçqın-köçkünlərinə daha səmərəli yardımlar göstərməlidirlər. Təəssüf ki, məlum olmayan səbəblərdən son illər bu yardımlar tədricən azalır. Bu da bizi narahat edir.

Cənab Arlakki, mən bilirəm, bu, sizin sahəniz deyildir. Amma siz Birləşmiş Millətlər Təşkilatı baş katibinin müavinisiniz və mən BMT-nin Vyana ofisindəyəm. Bu sözləri deməyə bilmərəm. Ümid edirəm ki, bu sözlər sizin üçün yalnız məlumat olmayacaq, mənim fikirlərimə öz tərəfinizdən reaksiya verəcəksiniz. "Reaksiya" deyəndə mən Birləşmiş Millətlər Təşkilatı tərəfindən əməli hərəkətləri nəzərdə tuturam.

İndi isə sizinlə bugünkü söhbətimizin əsas mövzusuna keçə bilərik. Siz bildirdiniz ki, son vaxtlar Azərbaycan narkotiklərlə mübarizə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya qarşı mübarizə barəsində ətraflı əməli tədbirlər həyata keçirir. Mən təşəkkür edirəm ki, siz gördüyümüz işləri vurğulayır və qiymətləndirirsiniz. Biz həqiqətən bu sahələrdə mübarizəni dövlətçiliyimizin qorunması üçün və ümumiyyətlə dünyada bu çox təhlükəli halların qarşısının alınması üçün dövlətimizin mühüm vəzifəsi hesab edirik.

Narkotiklərlə mübarizə sahəsində biz bir çox tədbirlər görmüşük. Xüsusən, sizə məlumdur ki, mənim fərmanımla ayrıca komissiya yaradılmışdır və ona baş nazirin müavini rəhbərlik edir. Deyə bilərəm ki, bu komissiya çox güclü fəaliyyət göstərir. Biz narkotiklərlə mübarizə sahəsində üç konvensiyaya qoşulmuşuq. Amma bizim qonşularımız bu konvensiyalara hələ qoşulmayıblar.

Narkotiklərlə mübarizə sahəsində BMT ilə birlikdə mühüm bir proqram həyata keçirilir. Onun həyata keçirilməsi üçün BMT xüsusən bizim gömrük təşkilatı və Daxili İşlər Nazirliyi ilə əməli işlər görübdür. Bu proqramın birinci hissəsi başa çatıbdır. Onun həyata keçirilməsi üçün Birləşmiş Millətlər Təşkilatı müəyyən məbləğdə vəsait ayırıbdır. Ancaq mən bildirmək istəyirəm ki, sizinlə birlikdə tərtib olunmuş proqram həyata keçirilir, onun üçün ayrılan vəsaitdən istifadə edilibdir. Biz istəyirik ki, proqramın ikinci mərhələsini həyata keçirək. Amma bunu sizinlə birlikdə həm tərtib etməliyik, həm də, təbiidir ki, proqramın ikinci hissəsinin həyata keçirilməsi üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən yenə də maliyyə köməyi göstərilməlidir.

Siz qeyd etdiniz ki, Azərbaycan öz coğrafi vəziyyətinə, mövqeyinə görə narkotiklərin həm Əfqanıstandan, Mərkəzi Asiyadan Qərbə, həm də İrandan Şimala, Qərbə daşındığı yolun üzərində yerləşir. Biz bunu bilirik, nəzərə alırıq, lazımi tədbirlər görürük. Ancaq bildirmək istəyirəm ki, nə Mərkəzi Asiyadan, Əfqanıstandan, nə də İrandan narkotiklərin Azərbaycan ərazisi vasitəsilə Qərbə çatdırılması üçün başqa kanallara bənzər güclü kanallar yoxdur. Yəni bizim apardığımız işlər bunların qarşısını alıbdır. Ona görə də bizim ərazi o qədər istifadə oluna bilmir. Bu da onunla əlaqədardır ki, biz bu sahədə həmişə çox ciddi tədbirlər görmüşük. Sizinlə bərabər tərtib olunmuş və həyata keçirilmiş proqram öz müsbət nəticələrini verir. Ancaq biz arxayınlaşmırıq, həmin kanalların qarşısını almaq üçün daim lazımi tədbirlər görürük və görəcəyik.

Biz nəinki narkotiklərin daşınması üçün tranzit ölkə kimi bununla mübarizə aparırıq, eyni zamanda istəyirik ki, ölkəmizdə vətəndaşlarımız arasında narkotik vasitələrdən istifadə yayılmasın. Böyük məmnuniyyətlə deyə bilərəm ki, başqa ölkələrə, çox ölkələrə nisbətən, bəlkə də hamısına nisbətən Azərbaycan əhalisi arasında narkotiklərdən istifadə olunması çox aşağı səviyyədədir. Şübhəsiz ki, biz mübarizə aparırıq, əhalimizin sağlamlığını qoruyuruq.

Mütəşəkkil cinayətkarlıqla mübarizə barədə. Təbiidir ki, narkotiklərlə mübarizə bunun bir hissəsidir. Amma mütəşəkkil cinayətkarlıqla məşğul olan qruplar bir çox başqa sahələrdə də özlərini göstərir. Məsələn - terrorizm, ekstremizm, separatizm. Biz bunlara qarşı həmişə mübarizə aparmışıq.

Bilirsiniz ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkədə daxili sabitlik pozulmuşdu. Azərbaycanda qanunsuz silahlı dəstələr həm 1990-1991-ci, həm də 1992-1993-cü illərdə silah yolu ilə dövlət çevrilişi etmək və bir neçə terror aktı həyata keçirmək cəhdləri göstərmişlər.

1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi mövcud idi. Biz onun qarşısını aldıq. Ondan sonra silahlı dəstələr tərəfindən iki dəfə dövlət çevrilişinə cəhd göstərilmişdir. Bunların da qarşısı alınmışdır. Amma həmin cinayətkarların bir çoxu müxtəlif ölkələrdə gizlənirlər və özlərinin terrorçuluq niyyətlərindən əl çəkmirlər.

Məsələn, 1995-ci ildə Ukrayna prezidenti cənab Kuçma ilə mən Bakıdan hava limanına gedəndən iki saat öncə məlum oldu ki, yoldakı körpünün altına iki yüz kiloqram trotil qoymuşlar ki, avtomobillər keçəndə partlasın və iki prezident həlak olsun. Bizim hüquq-mühafizə orqanları yaxşı işlədi və bunun qarşısını aldılar.

Yaxud da, 1995-ci ilin payızında Azərbaycan prezidenti xarici səfərdən dönərkən müəyyən edilmişdi ki, prezidentin təyyarəsi hava limanına enəndə onu raketlə vurmalı idilər. Bu halda isə bizə hüquq-mühafizə orqanları yox, Allah kömək etdi. Bakı hava limanına təyyarələr iki istiqamətdən enir.

Amma əksər hallarda həmin raketin qurulduğu tərəfdən enir. Biz enərkən küləyin istiqaməti dəyişib, ona görə də təyyarə raket olan tərəfdən yox, başqa tərəfdən enmişdi. Amma onda bilmirdik ki, bizi vurmaq istəyirlər. Təyyarəni vurmaq üçün raket ata bilmədilər. Ancaq bir neçə gün sonra biz məsələni araşdırdıq, tapdıq. Terroristlərin bir qismi cəzalandırıldı. Amma bəziləri hələ də başqa ölkələrdə gizlənirlər.

Demək istəyirəm ki, bütün bu hallarda - dövlət çevrilişi, terror aktları cəhdlərində bəzi ölkələrin xüsusi xidmət orqanları da iştrak ediblər. Bu gün də bizə qarşı, Azərbaycan prezidentinə qarşı terror aktları törətmək niyyətləri qalmaqdadır.

Məsələn, 1995-ci ildə dövlət çevrilişinə cəhd edən qrupun başçılarından biri sonra gəlib Avstriyada, Zalsburq şəhərində gizlənmişdi. İki il burada yaşamışdı və ona burada sığınacaq vermişdilər. Biz onun Azərbaycana qaytarılması barədə Avstriya hökumətinə bir neçə dəfə müraciət etdik. Ancaq bizim müraciətlərimiz təmin olunmadı.

Sonra isə o, İrana getdi. İki ildir ki, orada ətrafına terrorist qruplar toplayır və Azərbaycan prezidentinə qarşı terror etmək istəyir. İran hökuməti də bizim tələbimizi yerinə yetirmir, onu qaytarmır. Ona görə mən Tehrana gedəndə orada məni xüsusi mühafizə edirdilər. Elə burada da mənim mühafizəmi çox gücləndiriblər. Çünki məlumatlar var idi ki, o, İrandan buraya gələcəkdir. Hər halda onun ailəsi Zalsburqda yaşayır.

Yəni bu faktları sizə çatdıraraq demək istəyirəm ki, bizim dövlətin siyasətində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə xüsusi yer tutur. Çünki ölkəmiz belə bir vəziyyətdədir.

Eləcə də korrupsiyaya qarşı çox güclü mübarizə aparılır. Mən 1997-ci ildə bu barədə çox ciddi fərmanlar vermişdim, lazımi tədbirlər görüldü. Yeni fərman vermişəm və qanun hazırlanır. Bu barədə bizim mövqeyimiz çox kəskindir.

Beləliklə, görürsünüz ki, bu sahələrdə bizim təcrübəmiz var. Ona görə əgər siz Cənubi Qafqazda narkotiklərlə mübarizə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar bir büro yaratmaq istəyirsinizsə, - mən eşitmişəm ki, istəyirsiniz, - onun qərargahını Bakıda, Azərbaycanda yaratsanız daha da faydalı olar.

Mən sizə bildirdim ki, biz konvensiyalara qoşulmuşuq. Bu gün memorandum imzalanacaqdır. Ancaq biz bilirik ki, hələ 1996-cı ildə siz Mərkəzi Asiya ölkələri ilə narkotiklərlə mübarizə haqqında memorandum imzalamısınız. Mənə məlumat verdilər ki, bu memorandum açıq sənəd xarakteri daşıyır və ona qoşulmaq olar. Mən bu gün bəyan edirəm ki, biz həmin memoranduma da qoşulmağa hazırıq. Təşəkkür edirəm.

Pino Arlakki: Cənab Prezident, ölkənizdəki vəziyyətlə əlaqədar bizə verdiyiniz ətraflı məlumata görə çox sağ olun. Münaqişənin həlli və narkotiklərlə mübarizə sahəsində görülən tədbirlər haqqında verdiyiniz məlumata görə Sizə təşəkkür edirik.

Narkotiklərin daşınması, terrorizm, vətəndaş müharibələri ifadələri bir çoxları üçün yalnız mücərrəd məna daşıyır. Onlar bu barədə ancaq qəzetlərdən, kitablardan oxuyur və bir də televiziyadan eşidirlər. İnsanların əksəriyyəti müharibənin nə demək olduğunu anlamır, terror aktının insan həyatı üçün nə qədər təhlükəli olduğunu təsəvvür etmirlər. Amma Sizin şəxsi həyatınız və iş təcrübəniz ölkədə güclü dövlət qurmaq və idarəçiliyi tam surətdə təmin etmək məqsədi ilə narkotik maddələrin daşınmasına və terrorizmə qarşı mübarizədə sərt mövqe tutmağın nə qədər vacib olduğunu göstərir.

Çıxışınızın əvvəlində dediniz ki, Birləşmiş Millətlər Təşkilatı münaqişələrin, xüsusilə Sizin bölgədə olan münaqişənin aradan qaldırılmasında səmərəli rol oynamayıb, Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilməyibdir. Mən BMT-də olan bu problemdən xəbərdaram. Sizin ölkənizdəki münaqişə ilə əlaqədar qəbul olunmuş dörd qətnamədən də tam xəbərim var. Təəssüf ki, icra olunmamış qətnamələr təkcə Sizin ölkənizə aid deyildir. Bir çox münaqişələrə, müharibələrə dair, hətta dövlətlər arasında olan bir çox məsələlərin həllinə dair qətnamələr qəbul edilib, ancaq onlar da həyata keçirilməyibdir.

Cənab prezident, amma onu da bildirmək istəyirəm ki, həmin qətnamələrin yerinə yetirilməməsini bu gün mənim burada təmsil etdiyim baş katibin o qətnamələri yerinə yetirmək niyyətnin olmaması ilə izah etmək düzgün olmazdı. Başqa sözlə desək, həm baş katib, həm də onun mənim kimi təmsilçiləri əllərindən gələni edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilsin, bir mexanizm olsun ki, qətnamələrin həyata keçirilməsi təmin edilsin.

Amma hər halda mən Sizin bu fikrinizi baş katibə çatdıracaq, Sizinlə bugünkü görüşüm barədə onunla şəxsən danışacağam. Sizi əmin edirəm ki, biz ölkənizin təhlükəsizliyi məsələlərinə daha həssas mövqedən yanaşacağıq.

BMT ilə Sizin ölkəniz arasında narkotiklərə, terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığa gəldikdə isə, mən də məmnuniyyətlə bildirmək istəyirəm ki, ölkənizlə birgə həyata keçirdiyimiz proqramın birinci hissəsi daha məhsuldar əməkdaşlıq üçün yaxşı zəmindir.

Əfqanıstandan və İrandan gətirilən narkotiklərin qarşısının alınması üçün Sizin ölkənizdə görülən tədbirlər yalnız öz ölkənizin xalqının sağlamlığını təmin etmək məqsədi daşımır, həm də bu narkotiklərin çatdırılması nəzərdə tutulan son nöqtənin, yəni Avropa ölkələrinin problemlərinin aradan qaldırılmasına xidmət edir. Ona görə də biz Qərbi Avropa ölkələri ilə birgə fəaliyyətimizdə həmin ölkələrə narkotik madddələrin daşınmasının qarşısını almaqda Azərbaycanın aparıcı rol oynadığı barədə məlumatları da onlara çatdıracağıq.

Anlaşma memorandumunu imzalamaqla biz qarşılıqlı əməkdaşlığımızı daha da gücləndirəcəyik. Mərkəzi Asiya ölkələri ilə imzaladığımız memoranduma qoşulmaq barədə bu gün burada bəyan etdiyiniz niyyəti də yüksək qiymətləndirir və alqışlayırıq. Hesab edirəm ki, Mərkəzi Asiyanın beş ölkəsi ilə imzaladığımız həmin anlaşma memorandumuna Azərbaycanın qoşulması ilə bu əməkdaşlığın çərçivəsi genişlənəcək və tam şəkil alacaqdır.

Ümidvar olduğumu bildirirəm ki, biz başqa sahələrdə - məsələn, terrorizm kimi meyllərə qarşı mübarizədə də yeni imkanlardan və perspektivlərdən istifadə edə bilərik. Mənim məsul olduğum idarə həm də terrorizmə qarşı mübarizə sahəsinə cavabdehdir və indi biz bundan ötrü xüsusi struktur yaradırıq.

Bizim işləyib hazırlamaq istədiyimiz vasitələrdən biri terroristlərin bir ölkədən digərinə ekstradisiyasını - təhvil verilməsini təmin etməkdir. Siz öz çıxışınızda terrorizmə qarşı mübarizədə tam əməkdaşlığın olmamasının əyani, bariz nümunəsini göstərdiniz. Bu sahədə daha sıx əməkdaşlığın təmin olunması hazırda sizin üzləşdiyiniz təhlükənin azaldılmasına və ölkənizdəki sabitliyin möhkəmlənməsinə xidmət edərdi.

Bütün bunları deməklə diqqəti ona yönəltmək istəyirəm ki, terrorizmə qarşı mübarizə sahəsindəki beynəlxalq əməkdaşlıq özündə daha konkret elementləri əks etdirir. Bu, sadəcə, vəkillərin, hüquqşünasların bir otağa toplaşaraq hazırladığı əməkdaşlıq sənədlərindən ibarət deyildir. Ona görə də hesab edirəm ki, biz birgə çalışmaqla bir çox sahələrdə, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində böyük irəliləyişlərə nail ola bilərik.

Siz çox yaxşı bilirsiniz ki, terrorizm, narkotiklərin daşınması, mütəşəkkil cinayətkarlıq bəzən bir-biri ilə sıx bağlı olan meyllərdir. Eyni qrupa mənsub adamlar bu sahələrdə fəaliyyət göstərirlər və çox zaman da narkotik maddələrin qanunsuz satışından əldə edilən vəsait məhz terror aktlarının maliyyələşdirilməsinə sərf olunur.

Məlumat üçün bildirirəm ki, bu ilin oktyabrında Daşkənd şəhərində narkotik maddələrin daşınmasına qarşı mübarizə sahəsində tədbirlər barədə beynəlxalq konfrans keçirəcəyik. Mən fürsətdən istifadə edərək, Sizi bu ilin sonunda İtaliyanın Palermo şəhərində keçiriləcək beynəlxalq tədbirə dəvət edirəm.

İndi biz burada, Vyana şəhərində mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə dair beynəlxalq konvensiyasının işlənib hazırlanmasının birinci mərhələsini bitirməkdəyik. Həmin konvensiya dünyanın bütün bölgələrində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində ən güclü vasitə olacaqdır. Bunun sayəsində biz mütəşəkkil cinayətkarlıqla məşğul olan şəxslərin əmlakının müsadirə edilməsini, bu şəxslərin daha səmərəli şəkildə və tez bir zamanda bir ölkədən digərinə təhvil verilməsini təmin edə biləcəyik.

İtaliyanın Palermo şəhərində keçiriləcək tədbirimiz dekabrın 12-nə təyin edilib və dövlət, hökumət başçıları səviyyəsində təşkil olunacaqdır. BMT-nin baş katibi Kofi Annan, Avropa Komissiyasının sədri, İtaliya prezidenti və bir çox digər dövlət başçıları bu tədbirdə iştirak etmək barədə öz razılıqlarını veriblər. Dəvətimizi qəbul edib bu mühüm konfransda bizimlə bərabər olsaydınız, bizə şərəf verərdiniz və çox məmnun olardıq.

Heydər Əliyev: Qəbul edirəm və mütləq gələcəyəm.

Pino Arlakki: Əmin edirəm ki, orada Sizin üçün müvafiq təhlükəsizlik tədbirləri də təmin olunacaqdır. Sizin problemlərinizə oxşar problemləri olan bir şəxs kimi, mən Sizin nəyi nəzərdə tutduğunuzu başa düşürəm. Həm Siz, həm də mən bəxti gətirmiş insanlarıq.

Heydər Əliyev: Siz də belə şeylə rastlaşmısınız?

Pino Arlakki: Bəli.

Heydər Əliyev: Onda Siz məni yaxşı başa düşərsiniz.

Pino Arlakki: İcazə verirsinizsə, anlaşmanı imzalayarıq.

Heydər Əliyev: Bir məsələni də demək istəyirəm. Siz bilirsiniz ki, uzun illərdir Azərbaycanda kosmik tədqiqatlar mərkəzi yaradılıbdır. Onun əməkdaşları buraya gəlib prosedurda iştirak ediblər. Keçən il BMT-nin konfransında da iştirak ediblər. Bu da sizin sahəyə aid olan işdir. Əgər siz Azərbaycanın bu təşkilatını bölgə üçün bir mərkəz kimi müəyyən etsəniz, faydalı olar. Bu sahədə bizim yaxşı təcrübəmiz, alimlərimiz var. Hələ Sovetlər İttifaqı vaxtından, təxminən iyirmi ildir ki, bu təşkilat fəaliyyət göstərir. Ona görə bu əməkdaşlığı da genişləndirmək yaxşı olardı.

Pino Arlakki: Cənab prezident, Sizi əmin edirəm ki, biz bununla məşğul olacağıq. Burada da kosmik tədqiqatlarla məşğul olan bir mərkəz var və o, bilavasitə mənə tabedir.

Heydər Əliyev: Bəli, mən ona görə Sizə müraciət edirəm.

Pino Arlakki: Mən həmin mərkəzin menecerləri ilə danışaram. Əlimizdən gələni edərik ki, Sizin ölkənizlə bu sahədə də əməkdaşlığı təmin edək. Hesab edirəm ki, Sizin ölkənin təcrübəsindən və orada olan ekspertlərin xidmətlərindən istifadə edə bilərik. Neçə illər əvvəl olduğu kimi, həmin regionda Azərbaycanı indi də tədqiqat işlərini həyata keçirən bir mərkəzə çevirə bilərik.

"Azərbaycan" qəzeti, 14 iyul 2000-ci il.

Oçerklər

Azərbaycan - BMT

Ümumi tarixi arayış

Azərbaycan - BMT‎

Tarixi arayış

Azərbaycan - BMT