Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə ABŞ-ın Dövlət Departamentində rəsmi qəbul – Vаşinqtоn, 26 fеvrаl 2003-cü il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a səfəri çərçivəsində fevralın 26-da Dövlət Departamentində onun şərəfinə rəsmi qəbul təşkil olundu.

Rəsmi qəbul zamanı Prezident Heydər Əliyev ilə Dövlət katibinin birinci müavini Riçard Armitac arasında söhbət aparılmışdır.

Azərbaycan prezidentini səmimiyyətlə salamlayan cənab Armitac dövlətimizin başçısı ilə Bakıda və Vaşinqtonda keçirdiyi görüşləri məmnunluqla xatırladığını bildirdi.

Prezident Heydər Əliyevə xüsusi hüsn-rəğbətini nəzərə çatdıran cənab Armitac bu görüşdən şad olduğunu vurğuladı. Ölkələrimiz arasında münasibətlərin son dövrdə daha da dərinləşməsindən və genişlənməsindən razılıqla söhbət açan Dövlət katibinin birinci müavini beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanın fəal iştirakına görə dövlətimizin başçısına təşəkkürünü bildirdi.

Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında münasibətlərin vəziyyəti və perspektivləri, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin inşası ilə bağlı məsələlər, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli sahəsində danışıqlar prosesinin gedişi və bir sıra digər məsələlər barəsində ətraflı fikir mübadiləsi aparıldı. Xəzər neftini dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan layihəsinə böyük maraq göstərən cənab Armitac bu layihənin əhəmiyyətini vurğuladı.

Layihənin həyata keçirilməsi sahəsində işlərin vəziyyətindən bəhs edən Prezident Heydər Əliyev əsas ixrac boru kəmərinin inşasına ABŞ-ın dəstəyini yüksək qiymətləndirdiyini bildirdi.

Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə həllindən söhbət gedərkən Prezident Heydər Əliyev xəritə üzərində məlumat verdi.

Dövlətimizin başçısı münaqişə nəticəsində Azərbaycanın ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyondan çox həmvətənimizin qaçqın və köçkün vəziyyətinə düşdüyünü, onların əksəriyyətinin çadır şəhərciklərində ağır şəraitdə yaşadığını bildirdi.

Azərbaycan prezidenti münaqişənin aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində görülən işlərdən də bəhs etdi və həmsədr ölkələrdən biri kimi, ABŞ-ın nizamasalma prosesində səylərini daha da artırmasının vacibliyini vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də nəzərdən keçirildi.