Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kanada parlamentinin Xarici İşlər və Beynəlxalq Ticarət Komitəsinin sədri Bill Qrehem başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 10 may 2000-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz, mən sizi salamlayıram. Əgər səhv etmirəmsə, Kanada parlamentinin nümayəndə heyəti Azərbaycana ilk dəfə gəlibdir. Bu, çox sevindirici haldır. Kanada çox böyük dövlətdir və dünyada, xüsusən Amerika qitəsində çox mühüm rol oynayır. Ona görə də biz Kanada ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk, bütün sahələrdə əlaqələrimizin olmasını istəyirik. Bu baxımdan parlamentin təşəbbüsü, təbiidir ki, bizim ürəyimizdəndir.

Ancaq Azərbaycana səfərə az vaxt ayırmısınız. Eyni zamanda, - mən sizin proqramınıza baxdım, - məni çox sevindirən odur ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində işğal olunmuş torpaqlardan didərgin düşmüş qaçqınlarımızın yaşadığı Bərdə rayonuna getmək istəyirsiniz. Sizin proqramınızda məni ən çox sevindirən budur. Çünki buraya gələn nümayəndələr çox vaxt ancaq Bakıda olurlar, çox az hallarda Bakıdan kənara çıxır, qaçqınlar, köçkünlər yaşayan düşərgələrə gedirlər. Halbuki bu, bizim həm siyasi, həm iqtisadi baxımdan ən ağır, ən çətin, həm də çox ağrılı problemimizdir.

Ermənistanın Azərbaycana təcavüzü, münaqişə nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı işğal olunmuş Azərbaycan torpaqlarından zorla çıxarılıbdır. Artıq yeddi-səkkiz ildir ki, onlar çadırlarda ağır şəraitdə yaşayırlar. Bunu görmək lazımdır. Görənlər dəhşətə gəlirlər ki, insanlara nə qədər zülm oluna bilər və insanlar nə qədər belə ağır vəziyyətdə yaşaya bilərlər?! Bu təşəbbüsünüzə görə çox sağ olun.

Ancaq hesab edirəm, sizin bu səfəriniz, təbiidir ki, Kanada ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişaf etməsi üçün əsas yaradacaqlar. Xoş gəlmisiniz!

Bill Qrehem: Cənab prezident, bizi hərarətlə salamladığınıza görə Sizə təşəkkürümü bildirirəm. Cənab prezident, bizim bütün nümayəndə heyətinin adından Sizi ad gününüz münasibətilə təbrik edirəm.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm.

Bill Qrehem: Çox minnətdarıq ki, Sizin üçün belə əlamətdar gündə vaxt ayırıb bizi qəbul edirsiniz.

Siz çox doğru dediniz, bizim nümayəndə heyəti Kanadanın parlament nümayəndə heyətidir. Nümayəndə heyətimizə əsasən Kanada parlamentinin İcmalar Palatasının ticarət, xarici siyasət komissiyalarını təmsil edən deputatlar daxildir. Bizim heyətdə Liberal Partiyadan iki deputat, habelə müxalifət partiyasını təmsil edən iki deputat vardır.

Bizim iş qaydalarımızla Sizi tanış etmək istəyirəm. Ölkəmizə qayıtdıqdan sonra səfərin yekunları ilə əlaqədar xüsusi hesabat hazırlayacağıq. Həmin hesabat hökumətə təqdim olunacaq və onun əsasında bu region barəsində hansı siyasəti müəyyənləşdirməyin lazım olması barədə fikirlərini bizimlə bölüşəcəkdir. Ona görə də təşəkkür edirik ki, Siz həm özünüz bizi qəbul edirsiniz, həm də ölkənizin rəsmi dairələrində görüşlər keçirməyimiz üçün imkan yaradılmışdır. Xüsusilə qaçqın düşərgələrində olmağımız üçün şərait yaradıldığına görə təşəkkür edirik. Fikrimizcə, bu cür görüşlər ölkəniz barədə daha dolğun təsəvvür əldə etməyə imkan yaradacaq və vətənə qayıtdıqdan sonra həm hökuməti, həm də Kanada ictimaiyyətini Azərbaycanda olan problemlərlə tanış etməyə, bu bölgə barəsində hansı siyasətin formalaşdırılması haqqında öz sözümüzü deməyə imkan verəcəkdir.

Fikrimizcə, biz səfərimizin yekunları əsasında çox ətraflı məruzə, hesabat hazırlamağa nail olacağıq və bu hesabat hökumətimiz üçün bir növ bələdçi rolunu oynayacaq ki, Azərbaycan barəsində siyasətini müəyyənləşdirsin. Eyni zamanda hesab edirik ki, bizim hazırlayacağımız hesabatdan Kanadanın işgüzar dairələrinə mənsub şəxslər, habelə Azərbaycanı ziyarət etmək istəyən adi Kanada vətəndaşları da fayda götürə biləcəklər. Zənnimcə, belə bir hesabat Azərbaycanda mövcud olan əlverişli kommersiya şəraitindən bəhrələnərək burada işgüzar əlaqələrin qurulması üçün istifadə ediləcəkdir. Qloballaşma proseslərinin getdiyi dünyada hamımızın birlikdə çalışdığımız demokratikləşmə, Dünya Ticarət Təşkilatı ilə ayrı-ayrı ölkələrin münasibətləri və digər məsələlər barəsində fikir mübadiləsi aparılmasına da yardımçı olacaqdır.

Cənab prezident, təəssüf edirəm ki, bu, Kanadadan Azərbaycana gələn birinci nümayəndə heyətidir, amma əminəm ki, sonuncu nümayəndə heyəti olmayacaqdır. Biz ATƏT-in Parlament Assambleyasında sizin nümayəndə heyəti ilə bərabər çalışmışıq. Ümidvarıq ki, gələcəkdə sizin parlamentin üzvləri ilə daha ətraflı əməkdaşlq münasibətləri qurmağa nail olacağıq.

Heydər Əliyev: Təşəkkür edirəm. Bir daha deyirəm ki, sizin Azərbaycana gəlişinizi çox məmnuniyyətlə qəbul edirəm. Sizin dediyiniz kimi, Kanada parlamentinin Qafqaz regionunu öyrənmək və hökumətə müvafiq məlumat və təkliflər vermək təşəbbüsü də çox qiymətlidir.

Qafqaz, xüsusən Cənubi Qafqaz regionu çox maraqlı, eyni zamanda çox mürəkkəb regiondur. Bizim ölkənin bir tərəfdən çox zəngin təbii sərvətləri var, çox əhəmiyyətli coğrafi-strateji vəziyyəti var. Azərbaycan Avropa ilə Asiyanın, Şərqlə Qərbin qovuşuğunda yerləşərək, böyük İpək yolunun bərpasında xüsusi rol oynayır. İkinci tərəfdən də, 12 ildən çoxdur ki, Ermənistanla Azərbaycan arasında hərbi münaqişə mövcuddur.

Mən bildiyimə görə, siz Gürcüstanda, Ermənistanda da olacaqsınız. Güman edirəm, bu ölkələrin hər birində onların problemləri haqqında lazımi məlumat toplaya biləcəksiniz. Amma mən sizə bildirmək istəyirəm ki, Cənubi Qafqaz bölgəsində - Azərbaycan, Gürcüstan, Ermənistan müstəqil dövlətləri haqqında deyirəm - gərginliyin əsas səbəbi Ermənistan-Azərbaycan münaqişəsidir. Bu münaqişnin də səbəbləri, faciəli nəticələri haqqında, güman edirəm, parlament sədri sizə geniş məlumat veribdir.

Murtuz Ələsgərov (Milli Məclisin sədri): Arif Rəhimzadə ilə görüşüblər.

Heydər Əliyev: Parlamentin sədri deyir ki, onun müavini ilə görüşmüsünüz. İndi isə mən şərait yaratmışam ki, özünü görəsiniz. Hər halda, güman edirəm, siz məlumat almısınız. Ona görə də bu barədə geniş məlumat vermək fikrində deyiləm.

Ancaq əsas məsələ ondan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı torpaq iddiası ilə hələ 1987-ci ildə çıxış edibdir. Azərbaycanın torpağı, ərazisi olan, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ vilayətini Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdi göstəribdir. Təbiidir ki, Azərbaycan tərəfi bununla razılaşmayıb. Münaqişə sonra böyük hərbi münaqişəyə çevrilibdir. Yəni bu münaqişənin günahkarı Azərbaycan tərəfi deyildir. Azərbaycan Ermənistana heç bir təcavüz etməyib, heç bir torpaq iddiası etməyibdir, - baxmayaraq ki, torpaq iddiası etmək üçün Azərbaycanın əsasları çoxdur. Ancaq Azərbaycan həmişə hesab edib ki, XX əsrdə meydana gəlmiş reallıqlarla hesablaşmaq lazımdır. Xüsusən Sovetlər İttifaqı dağılan zaman Ermənistanla Azərbaycan dövlət müstəqilliyi əldə edərkən Azərbaycanın da ərazisi müəyyən olunub və Ermənistanın da ərazisi, sərhədləri müəyyən olunubdur.

Müharibə nəticəsində bəzi səbəblərdən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edibdir. İşğal olunmuş bu ərazilərdən bir milyona qədər azərbaycanlı zorla çıxarılıb, demək, etnik təmizləmə tədbiri həyata keçirilibdir. İşğal edilmiş torpaqlardakı bütün varidat dağıdılıb, viran olunubdur. Oradan çıxarılmış insanlar isə çadırlarda çox ağır vəziyyətdə yaşayırlar.

Bütün bu itkilərə baxmayaraq, biz 1994-cü ilin may ayında Ermənistanla atəşkəs haqqında saziş imzalamışıq. Üç gündən sonra atəşkəs haqqında saziş imzalanmasının altı ili tamam olur. Biz məsələni sülh yolu ilə həll etməyə çalışmışıq və bu gün də çalışırıq. Ancaq buna nail ola bilmirik. Çünki Ermənistan qeyri-konstruktiv mövqe tutur və Dağlıq Qarabağı, Azərbaycanın onun ətrafında olan, Dağlıq Qarabağa daxil olmayan böyük bir hissəsini işğal edərək, yalnız və yanlız Dağlıq Qarabağa dövlət müstəqilliyi statusu verilməsini tələb edir.

Sizə bu xəritələri verdilər, yəqin ki, onları indiyədək görməmisiniz. Bu xəritələri görmüsünüzmü?

Bill Qrehem: Bu gün səhər görmüşük, amma ondan əvvəl heç vaxt görməmişdik.

Heydər Əliyev: Amma görmüsünüzsə, görünür, izahata ehtiyac yoxdur. Baxın, burada qırmızı rənglə Dağlıq Qarabağın ərazisi rənglənibdir. Dağlıq Qarabağ 1923-cü ildə Azərbaycanın tərkibində muxtar vilayət statusu alıbdır. Buradakı əhalinin 70 faizi erməni millətinə, 30 faizi isə Azərbaycan millətinə mənsub olub. Münaqişə başlanan zaman əhalinin ümumi sayı təxminən 170 min nəfər idi.

Ermənistan Dağlıq Qarabağı ələ keçirmək üçün müharibəyə başlayıbdır. Əvvəl Dağlıq Qarabağı işğal edib, sonra isə onun ətrafındakı əraziləri - Azərbaycanın xəritədə yaşıl və sarı rənglə rənglənmiş bölgələrini işğal edibdir.

1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə bir qərar qəbul olundu. Orada göstərilirdi ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Dağlıq Qarabağa isə Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüidarə statusu verilməlidir. Biz bu təklifi qəbul etdik və onu icra etməyə hazırıq. Amma Ermənistan tərəfi bununla razı olmadı. Onlar Dağlıq Qarabağa yalnız və yalnız dövlət statusu vermək şərti ilə Azərbaycanın digər rayonlarının ərazisini işğaldan azad etmək haqda bəyanat verirlər.

Siz xəritəyə baxın - Ermənistan ərazisinin bir qarışı da Azərbaycan tərəfindən işğal olunmayıbdır. Ona görə də kim ədalətlidir, kim ədalətsizdir - bunu sübut etmyə ehtiyac yoxdur.

Biz bu gün də məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Yenidən müharibə aparmaq, müharibə yolu ilə istədiyimizə nail olmaq fikrində deyilik. Ümid edirik ki, beynəlxalq təşkilatların köməyi ilə, xüsusən ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsində hansısa bir razılığa gəlib Ermənistanla Azərbaycan arasında sülh yarada bilərik.

Əgər Ermənistanla Azərbaycan arasında sülh yaransa, Ermənistan daha çox udacaqdır. Çünki o, bu münaqişə ilə və vəziyyəti belə gərgin saxlamaqla Cənubi Qafqazın bir çox iqtisadi proseslərində iştirakdan özü özünü məhrum edibdir.

Bilirsiniz ki, Azərbaycanın böyük neft və qaz yataqları var. Biz 1994-cü ildən başlayaraq dünyanın böyük neft şirkətlərini Azərbaycana dəvət etmişik və artıq onlar çoxlu investisiya gətiriblər. İndi 12 dövlətdən 32 neft şirkəti respublikamızın Xəzər dənizindəki sektorunda Azərbaycanla birlikdə müştərək işlər görür. O cümlədən, Kanadanın da bir şirkəti burada fəaliyyət göstərir, - siz bunu bilirsiniz. Ona görə də Azərbaycanın inkişafı çox gözəldir. Doğrudur, keçid dövründə biz bir çox ağır problemlərin qarşısını alırıq. Amma eyni zamanda Azərbaycana böyük investisiyalar gəlir.

Biz xarici neft şirkətləri ilə birlikdə hasil etdiyimiz nefti 1997-ci ildən ixrac etməyə başlamışıq. 1994-cü ildən indiyə qədər biz 19 müqavilə imzalamışıq. Bunlar nəzərdə tutur ki, Azərbaycana 60 milyard dollar həcmində investisiya gələcək, Azərbaycandan milyonlarla ton neft və milyardlarla kubmetr qaz hasil edilib dünya bazarlarına çıxarılacaqdır.

Biz - yəni Azərbaycan, Gürcüstan və Ermənistan Cənubi Qafqazda çox yaxşı iqtisadi əməkdaşlıq edə bilərik. Amma Ermənistan bunun qarşısını alır. Beləliklə o, Cənubi Qafqazda olan iqtisadi proseslərdən özü özünü məhrum edir. Güman edirəm, siz Ermənistanda öz gözünüzlə görəcəksiniz ki, orada iqtisadi vəziyyət çox ağırdır. Ancaq əgər sülh əldə olunsa, Azərbaycan torpaqları ermənistan silahlı qüvvələrinin işğalından azad edilsə, Cənubi Qafqaz ölkələri arasında çox səmərəli iqtisadi əməkdaşlıq ola bilər.

Məsələn, vaxtilə - elə indi də var - Bakı ilə Ermənistanın paytaxtı Yerevan arasında gözəl bir dəmir yolu vardı. Bu dəmir yolu eyni zamanda Bakıdan Şimala, Rusiyaya - Moskvaya, Peterburqa, başqa şəhərlərə gedir. Vaxtilə Ermənistan öz ehtiyaclarını ödəmək üçün məhz bu dəmir yolundan istifadə edirdi. İndi isə bu dəmir yolu bağlıdır, onu da Ermənistan bağlayıbdır.

Xəritəyə baxsanız görərsiniz, - yaşıl rənglə İranın sərhədini ayıran bu dəmir yoludur. Dəmir yolu Azərbaycanın İranla sərhədindən keçir, sonra Naxçıvana, oradan Yerevana gedir. Amma ermənilər bizim ərazini işğal etdiklərinə görə dəmir yolunun da 130 kilometri onların əlindədir. İndi bu dəmir yolu bağlanıbdır. Bu, bizə də zərər verir, amma daha çox Ermənistana zərər verir.

Təkcə bu deyil, başqa çoxlu faktlar da var. Ona görə də gərək Ermənistan, nəhayət, anlasın ki, bu cür zorakılıqla heç bir şeyə nail olmaq olmaz.

Təbiidir ki, Azərbaycan da keçid dövrünü yaşayaraq, böyük iqtisadi problemlərlə rastlaşıbdır. Ancaq bununla yanaşı, bizim böyük təbii sərvətlərimiz və Avropa ilə Asiya arasındakı, yəni Avropa ilə Orta Asiya arasındakı yolun üzərində olmağımız bizə çox böyük faydalar verir. Amma Ermənistan bunlardan təcrid olunubdur.

Biz bu çətinliklərin öhdəsindən gələcəyik, belə ağır vəziyyətdə də Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edəcəkdir. Ermənistanın isə iqtisadi vəziyyəti get-gedə daha da xarablaşacaqdır.

Bilirəm ki, siz Gürcüstana gedəcəksiniz. Bildirmək istəyirəm ki, Gürcüstanla Azərbaycan arasında çox səmimi dostluq və mehriban əməkdaşlıq mövcuddur. Bizim münasibətlərimizdə heç bir problem yoxdur.

İndi Gürcüstan ərazisində yarım milyon azərbaycanlı yaşayır. Onlar Gürcüstana qarşı heç bir separatçılıq etmirlər. Özü də bildirmək istəyirəm ki, azərbaycanlılar Gürcüstanın Azərbaycana bitişik hissəsində yaşayırlar, yəni Gürcüstan ərazisinin bizim ərazimizdən o tərəfdəki hissəsində ancaq azərbaycanlılar yaşayırlar. Ora onların tarixi vətənidir, orada da yaşayırlar. Biz bunda heç bir problem görmürük və bu, dostluğumuza mane olmur, əksinə, kömək edir.

Doğrudur, Gürcüstanın da bir neçə problemi var: gürcü-abxaz münaqişəsi var, Osetiya münaqişəsi var. Gürcüstanda iqtisadi vəziyyət də çətindir. Biz onlara imkan dairəsində yardım edirik.

Bilirsiniz ki, Azərbaycanda hasil olunan neftin ixracı üçün biz Bakıdan Gürcüstanın Qara dənizdəki limanı Supsaya 800 kilometrdən artıq neft kəməri çəkdik. Bakı-Tbilisi-Ceyhan neft kəməri barədə müqavilə bağlanandan sonra onun kommersiya məsələləri həll olunub və bu yaxınlarda biz onun inşasına başlayacağıq. Bu da Gürcüstan ərazisindən Türkiyə ərazisinə - onun Aralıq dənizindəki Ceyhan limanına gedəcəkdir.

Biz bu neft kəməri ilə ildə 60-70 milyon ton neft ixrac edəcəyik. Bunlar hamısı Gürcüstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün çox əhəmiyyətlidir. Beləliklə, biz Gürcüstanın da iqtisadiyyatındakı problemlərin həll olunması üçün əlimizdən gələni edirik. İndi görürsünüz, Cənubi Qafqazda Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələri hər iki ölkəyə yardım edir. Ermənistan ilə Azərbaycan arasındakı münaqişə isə hər iki ölkəyə zərər gətirir, daha çox Ermənistana iqtisadi cəhətdən çox zərər gətirir və ümumiyyətlə, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane olur.

Mən bir daha deyirəm, siz Ermənistana gedəcəksiniz. Biz Ermənistanla münaqişəni sülh yolu ilə həll etmyə çalışırıq və etibarlı sülh yaratmaq istəyirik. Bunun da əsas şərti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar gərək Ermnəistan silahlı qüvvələrinin işğalından azad olunsun, bir milyondan çox azərbaycanlı öz yerlərinə, yurdlarına qayıtsın. Hesab edirəm ki, gələcəkdə Ermənistan ilə Azərbaycan arasında, ümumiyyətlə, Cənubi Qafqazda çox səmərəli əməkdaşlıq yarana bilər.

Bill Qrehem: Cənab prezident, çox tarixi və bizim üçün maraqlı fikirlərinizə görə Sizə təşəkkürlərimizi bildiririk. Bilirik ki, bu regionda sülhün bərqərar olunması üçün şəxsən Siz səylər qoyursunuz. Biz bu səylərinizdə Sizə uğurlar arzulayırıq.

Mən ixtisasca tarixçiyəm. Siz Cənubi Qafqaz ölkələri arasında iqtisadi əməkdaşlığın perspektivləri barədə danışarkən 1956-cı ildə yaradılmış Avropa Birliyi ölkələrinin durumu bir anlığa mənim yadıma düşdü. Həmin dövrdə, belə demək mümkünsə, filiz və dəmir icması ölkələri arasında qarşıdurmanı məhz iqtisadi əməkdaşlıq vasitəsilə aradan qaldırmaq yolunu tutmuşdur. Biz kanadalılar bu problemlərinizin həll edilməsində Sizə yardımçı olmağa hazırıq. Mən hesab edirəm ki, biz öz hökumətimizə də lazımi tövsiyələr verəcəyik. Əminəm ki, ölkəmizin səfiri də, biz də bundan sonra bu sahədə istər ekspertlər səviyyəsində, yaxud hansısa başqa bir formada Sizə əlimizdən gələn köməyi göstərməyə hazır olacağıq.

Sizin parlament sədrinin müavini bu gün bizə bildirdi ki, ölkənizdə yeni seçki qanunu hazırlanır, Azərbaycan Avropa Şurasına qəbul edilmək ərəfəsindədir, respublikanızda çox böyük dəyişikliklər baş verməkdədir. Sizə deyim ki, bizim cəmiyyətimizdə də çoxlu dəyişikliklər baş verir və bütün bunlar təkamül yolu ilə olur. Ona görə də biz Sizinlə birgə çalışmağa və daha yaxşı cəmiyyət quruculuğu istiqamətində əməkdaşlıq etməyə həmişə hazırıq.

Bildirdiyim kimi, bizim nümayəndə heyətinin tərkibində müxalif partiyaları təmsil edən millət vəkilləri də vardır. Əgər vaxtınız olsaydı, istərdim ki, onlar da öz sözlərini qısaca bildirsinlər.

Qurman Qreval (komitənin üzvü): Zati-aliləri, Siz yaxşı bilirsiniz ki, Kanada dünyanı daha yaxşı vəziyyətə gətirmək üçün güc mərkəzi olubdur.

Heydər Əliyev: Biq dəqiqə bağışlayın, mən indi çox təcili telefona getməliyəm. Siz burada bir az gözləyin, mən gedib gəlim.

...Üzr istəyirəm ki, bir az fasilə verdim. Ancaq Sizdən gizlətmək istəmirəm: Rusiyanın prezidenti Vladimir Putin telefon edib, siz məni təbrik etdiyiniz kimi, doğum günü münasibətilə məni təbrik edirdi. Bu münasibətlə bizim aramızda Rusiya ilə Azərbaycan əlaqələri barədə çox əhəmiyyətli söhbət oldu.

Bill Qrehem: Ümidvaram, Siz Putinə söylədiniz ki, kanadalılar onu qabaqladılar.

Heydər Əliyev: Elədir. Buyurun.

Qurman Qreval: Cənab prezident, biz bu günün Sizin üçün xüsusi bir gün olduğunu anlayırıq. Bizə vaxt ayırdığınıza görə Sizə bir daha təşəkkür edirik.

Bildirmək istəyirəm ki, Kanada dünya ictimaiyyətinə çox böyük töhfələr vermiş bir ölkədir. Müxalifət nümayəndəsi olaraq biz hesab edirik ki, Kanada digər dövlətlərlə münasibətlərini genişləndirməli və öz müttəfiqlərinin sayını artırmalıdır. Biz Kanadanın daha uzun zaman çərçivəsi üçün hesablanmış inkişaf, əməkdaşlıq strategiyasının işlənib hazırlanmasını istəyirik. Biz Kanadanın dünyada oynadığı rolu genişləndirməklə, uzun illərdən bəri Kanadaya məxsus idealizmin, insan haqlarına hörmətin, insan hüquqlarının qorunmasının, azad cəmiyyət və hüququn aliliyinin təmin edildiyi cəmiyyət quruculuğunun və bəşəri dəyərlərin bütün dünya ölkələrinə yayılmasını arzulayırıq.

Cənab prezident, mən Sizə bir sualla müraciət edəcəyəm. Amma bu sualı verməmişdən öncə onu deyim ki, bizim sabiq baş nazirlərimizdən biri olmuş Pirson regional münaqişələrin həllində xüsusi rol oynadıqına görə Nobel mükafatı almışdır.

Zati-aliləri, bilmək istərdim ki, Siz bu regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına öz töhfəsini verməsi üçün Kanadanın rolunu nədə görürsünüz? Azərbaycanın Kanada ilə siyasi, diplomatik, iqtisadi münasibətlərinin möhkəmləndirilməsində Sizin hansı ideyalarınız, təklifləriniz, məsləhətiniz vardır ki, biz bunları da öz ölkəmizin hökumətinə çatdıra bilək?

Heydər Əliyev: Bu gün söhbətimizin əvvəlində də dedik ki, biz Kanada ilə bütün sahələrdə - həm iqtisadi, həm siyasi, həm də humanitar, elm, mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini istəyirik. Dünya dövlətləri içərisində Kanada bizim üçün çox vacib və əhəmiyyətli dövlətlərdən biridir. Mən bildirdim ki, Kanadanın bir neft şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda başqa ölkələrin şirkətləri ilə birlikdə bizimlə müştərək neft hasil edilməsi işi ilə məşğuldur. Kanadanın bir sıra başqa şirkətləri də burada işləyirlər. Güman edirəm ki, cənab səfir sizə bu barədə məlumat veribdir. Ancaq bunlar hələ azdır. Biz daha da geniş əlaqələr yarada bilərik. Biz bunun tərəfdarıyıq.

Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasında Kanadanın iştirak etməsinə gəldikdə isə onu deyə bilərəm ki, əlbəttə, biz hər bir təklifi məmnuniyyətlə qəbul edirik.

Bilirsiniz ki, bu münaqişənin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupu yaradılıbdır. Minsk qrupuna ATƏT-in üzvü olan 12 dövlət daxildir. Ancaq Minsk qrupunun üç həmsədri vardır. Bunlar Rusiya, Amerika Birləmiş Ştatları və Fransadır. Biz əsasən bu təşkilat vasitəsilə münaqişənin həll olunmasına çalışırıq. Biz eyni zamanda, imkanı olan hər bir başqa ölkənin təşəbbüsünü alqışlayırıq. Kim bu münaqişənin həll edilməsində bizə yardım göstərsə, o, iki dəfə Nobel mükafatı ala bilər. Ona görə də təklifinizi verin.

Bill Qrehem: Cənab prezident, bilirik ki, Siz dünən Minsk qrupunda Amerika Birləşmiş Ştatlarının həmsədrini qəbul etmisiniz. Həmin görüş səmərəli oldumu?

Heydər Əliyev: Bəli, yaxşı, səmərəli görüş idi. O, buraya gəlməmişdən əvvəl Ermənistanda da olmuşdu. Biz dünən onunla ətraflı söhbət etdik. Görüşümüz çox səmərəli oldu.

Bill Qrehem: Cənab prezident, xanım Lalond və mən ATƏT-in Parlament Assambleyasında iştirak edəcəyik və bu məsələlərlə əlaqədar orada gələcəkdə də fəaliyyət göstərəcəyik.

Xanım Fransin Lalond (komitənin üzvü): Cənab prezident, bizi qəbul etdiyiniz üçün Sizə minnətdarlığımızı bildirirəm. Mən Kvebek əyalətini təmsil edirəm, yəni oradan deputat seçilmişəm. Demək istəyirəm ki, kvebeliklilər bu əsrdə iki dəfə öz müstəqilliyini qazanmış Azərbaycan xalqına pərəstiş etdiklərini heç vaxt gizlətmirlər. Biz sizin ölkənin nə qədər zəngin potensiala malik olduğunu yaxşı bilirik.

Bildirmək istəyirəm ki, üzv olduğumuz komitədə biz bir-birimizlə anlaşma şəraitində əməkdaşlıq edirik. Mən buradan öz ölkəmə o fikirləri aparacağam ki, Azərbaycan həm zəngin ehtiyatlara malikdir, həm də onun çox yüksək intellektual potensialı vardır.

Cənab prezident, mən bütün bunlarla bağlı öz ölkəmdə - həm parlamentdə, həm hökumətdə, həm də əhali arasında hamını inandırmağa çalışacağam ki, dövlət adamları, iş adamları, ayrı-ayrı müəssisələr Azərbaycanla əməkdaşlığı daha da genişləndirsinlər.

Cənab prezident, mənim bir sualım vardır. Azərbaycan Avropa Şurasına qəbul olunmaq ərəfəsindədir. Bu barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Mən onu deyə bilərəm ki, bu sözlərinizə görə sizə təşəkkür edirəm. Biz çox istəyirik ki, Azərbaycan haqqında obyektiv həqiqətlər dünyanın hər yerinə yayılsın. Bu sahədə öz xidmətlərinizi göstərsəniz, mən sizə çox minnətdar olacağam.

Sualınız belədir ki, Azərbaycan Avropa Şurasına daxil olur, mən bu barədə nə deyə bilərəm? Mən onu deyə bilərəm ki, biz üç ildir Avropa Şurasında namizəd sifəti ilə iştirak edirik.

Fransin Lalond: Biz də Avropa Şurasında müşahidəçiyik.

Heydər Əliyev: Siz Avropa Şurasında müşahidəçisiniz, biz isə qonağıq. Biz Avropa Şurasına qəbul olunmağa namizədik. Çünki biz Avropa ölkəsiyik.

Görünür ki, ötən bu üç ildə biz imtahandan keçmişik və Avropa Şurasının həqiqi üzvü olmağa layiqik. Biz gözləyirik ki, bu yaxın vaxtlarda Azərbaycanı Avropa Şurasının həqiqi üzvü qəbul etsinlər. Dərk edirik ki, bu, bizim üzərimizə çox böyük məsuliyyət qoyur. Çünki Avropa Şurasının özünəməxsus prinsipləri vardır. Bu üç il müddətində çalışmışıq və artıq sübut etmişik ki, biz dövlətimizi bu gün də, gələcəkdə də Avropa Şurasının bu prinsipləri əsasında inkişaf etdirə bilərik.

Bernard Patri (komitənin üzvü): Zati-aliləri, mənim sualım yoxdur, amma qısaca iki şərh vermək istəyirəm.

Onu bildirmək istəyirəm ki, bizim səfərimiz çox uğurlu olmuşdur. Səfərimizin məqsədi Azərbaycanı öyrənmək idi. İndi tanışlıq prosesi davam edir.

İstəyirik biləsiniz, - biz yaxşı anlayırıq ki, Sizin liderliyiniz sayəsində atəşkəs əldə olunubdur. Anlayırıq ki, Siz münaqişənin sülh yolu ilə həll olunması üçün ciddi səylər göstərirsiniz.

Bildiyimizə görə, Birləşmiş Millətlər Təşkilatının üç qətnaməsi və BMT Təhlükəsizlik Şurasının bir qərarı olmuşdur. Bu qətnamələr və qərar işğal edilmiş torpaqların azad olunmasını və Azərbaycana qaytarılmasını tələb edir.

Mən Sizin ölkənin xarici işlər nazirinin müavinindən öyrəndim ki, gələn il Azərbaycanda yeni Mülki Məcəllə qəbul olunacaqdır. Sizin parlament sədrinin müavinindən onu da öyrəndim ki, Azərbaycanın Milli Məclisində 10 müxtəlif partiya təmsil olunubdur və bu payız ölkənizin parlamentinə seçkilər keçiriləcəkdir. Biz bu məsələlərdə də sizinlə əməkdaşlıq etmək istərdik.

Cənab prezident, çox sağ olun.

Heydər Əliyev: Çox sağ olun. Mən çox məmnunam. Təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 11 may 2000-ci il.

Oçerklər

XARİCİ SİYASƏT

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT