Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ nümayəndə heyətini qəbul edərkən söhbətindən - 14 noyabr 2000-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar!

Amerika Birləşmiş Ştatlarından Müdafiə Nazirliyinin və Baş Qəraragahın belə yüksək səviyyədə nümayəndə heyətinin Azərbaycana gəlməsindən çox məmnunam. Bu, bizim ölkələrimizin arasındakı əməkdaşlığın müxtəlif sahələrdə, müxtəlif istiqamətlərdə inkişaf etməsini göstərir.

Amerika Birləşmiş Ştatlarından Silahlı Qüvvələrin Baş Qərargahı rəisinin müavini, müdafiə nazirinin müavini və sizinlə birlikdə belə mötəbər nümayəndə heyəti Azərbaycana ilk dəfədir ki, səfər edibdir. Mən sizi salamlayıram. Buyurun.

Riçard Mayerz: Cənab Prezident Əliyev, bu gün, bu axşam Sizinlə görüşmək üçün bizə verdiyiniz imkana görə təşəkkürümü bildirirəm. Bizə görüş üçün ayırdığınız vaxta görə də minnətdarıq.

Bizə də söyləyiblər ki, bu, indiyə qədər Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyindən Azərbaycana gələn nümayəndə heyətləri arasında ən yüksək səviyyəlisidir. Hesab edirəm ki, bizim bu səfərimizə ölkəmizin Azərbaycanın suverenliyinə, azadlığına sadiqliyinin əlaməti kimi baxmaq lazımdır. Biz sizinlə əlavə danışıqlar, müzakirələr aparmaq niyyətindəyik. Sağ olun.

Heydər Əliyev: Təşəkkür edirəm. Mən də siz dediyiniz fikirdəyəm. Sizin bu səfəriniz Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunması, möhkəmlənməsi sahəsində əhəmiyyətli bir səfərdir. Təbiidir ki, bu barədə fikir mübadiləsi aparmağa ehtiyac vardır.

"Azərbaycan" qəzeti, 15 noyabr 2000-ci il.