İran İslam inqilabının 16-cı ildönümü münasibətilə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin təşkil etdiyi mərasimdə çıxış - "Gülüstan" sarayı, 10 fevral 1995-ci il


Sizi, İran İslam Respublikasının bütün vətəndaşlarını İslam inqilabının 16-cı ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Sizə, İran xalqına xoşbəxtlik, səadət arzulayıram. İslam inqilabı qədim tarixə malik olan İran dövlətinin, bu ölkənin xalqının həyatında böyük dəyişikliklər əmələ gətirmiş tarixi, əlamətdar bir hadisədir. Biz Azərbaycanda bu hadisələri daim izləmişik və İran İslam Cümhuriyyətinin əldə etdiyi nailiyyətlərə həmişə sevinmişik. İran İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. İran ilə Azərbaycan arasında yaranan əlaqələr indi artıq təkcə dövlətlərimiz arasındakı əlaqələr deyil, həm də o tayda, bu tayda yaşayan minlərlə insanın şəxsi əlaqələridir. İndi ramazan ayıdır, bu münasibətlə də sizi yə İran İslam Respublikasındakı bütün qardaş və bacılarımızı, İran vətəndaşlarını təbrik edirəm. İran İslam İnqilabının 16-cı ildönümü münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik diləyirəm. İran xalqına qarşıya qoyulan məqsədlərin hamısının həyata keçirilməsini arzulayıram. Arzu edirəm ki, bizim qonşu, dostpərvər İran İslam Respublikası günü-gündən inkişaf etsin, möhkəmlənsin, dünya birliyində özünün layiqli yerini tutsun.