Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan Prezidenti Fərrux Əhməd Xan Leqarinin şərəfinə rəsmi qəbulda nitq - "Gülüstan" Sarayı, 10 oktyabr 1995-ci il


Hörmətli cənab prezident!

Hörmətli xanımlar və cənablar!

Pakistan İslam Respublikasının prezidenti cənab Fərrux Əhməd xan Leqarinin Azərbaycana rəsmi səfərinin ikinci günü başa çatır. Mənim dəvətimi qəbul edib Azərbaycan Respublikasına rəsmi səfərə gəldiyinə və bu iki gün müddətində aramızda aparılan danışıqlara və əldə olunan nailiyyətlərə, sazişlərə görə cənab prezidentə bir daha təşəkkürümü bildirirəm.

Hörmətli cənab prezident, sizi və sizi müşayiət edən nümayəndə heyətinin üzvlərini, Pakistandan Azərbaycana gəlmiş bütün qonaqları Bakıda bu gözəl "Gülüstan" sarayında bir daha səmimi qəlbdən salamlayıram. Pakistan Respublikası prezidentinin Azərbaycana rəsmi səfəri Pakistan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin yeni bir mərhələsidir.

Ölkələrimiz arasında olan diplomatik əlaqələr dövründə ilk dəfədir ki, Pakistan Respublikasının prezidenti Azərbaycan torpağına gəlibdir. Biz bunu yüksək qiymətləndiririk və bu iki gün müddətində - cənab president Azərbaycanda olduğu zaman şahid oldu ki, Azərbaycan vətəndaşları onu böyük hörmət və ehtiramla qarşılayırlar.

İki gün müddətində aparılan danışıqlar onu sübut edir ki, ölkələrimiz arasında səmimi dostluq əlaqələri var və bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Bu dostluq əlaqələrinin genişləndirilməsi barədə fikirlərimiz eynidir və buna görə də Pakistan Respublikasının prezidenti və mən dostluq və əməkdaşlıq haqqında böyük bir müqaviləni imzaladıq. Eyni zamanda əlaqələrimizi, xüsusən iqtisadi, ticarət əlaqələrimizi inkişaf etdirmək üçün bir neçə saziş də imzalanıbdır. Bu sənədlər bizim gələcək fəaliyyətimiz üçün yaxşı əsas yaradır. Ancaq bu günlər əldə olunan ən əsas nəticə ondan ibarətdir ki, Pakistan və Azərbaycan dost ölkələr kimi bir-biri ilə əlaqələrini daha da genişləndirəcək, inkişaf etdirəcək və bir-birinə daha yaxından yardım edəcəkdir.

Hörmətli prezident bu gün Azərbaycan Respublikasının parlamentində çox dəyərli, əhəmiyyətli nitq söylədi. Hörmətli prezidentin nitqinin müddəaları bizim, yəni Azərbaycan dövləti ilə Pakistan dövlətinin, hökumətlərimizin arasındakı bütün məsələlərdə fikirlərin eyni olduğunu bir daha nümayiş etdirdi. Pakistan xalqı milli azadlığına, dövlət müstəqilliyinə nail olandan sonra demokratik, sivilizasiyalı, hüquqi dövlət qurmaq yolu ilə gedir, bu sahədə bütün çətinliklərin öhdəsindən gələrək böyük nailiyyətlər əldə edibdir. Azərbaycan Respublikası da dörd il bundan əvvəl öz dövlət müstəqilliyini, milli azadlığını əldə edərək müstəqilliyini möhkəmləndirməyə çalışır, dövlət quruculuğu ilə, Azərbaycanda hüquqi, demokratik, sivilizasiyalı dövlət yaratmaq prosesi ilə məşğuldur.

Bir aydan sonra müstəqil Azərbaycan Respublikasında ilk demokratik parlament seçkiləri keçiriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikasının ilk demokratik konstitusiyası qəbul olunacaqdır. Azərbaycanın bu ağır, çətin dövründə belə demokratik və çox böyük əhəmiyyət kəsb edən tədbirlərin keçirilməsi onu sübut edir ki, Azərbaycan xalqı, respublika hakimiyyəti demokratiya yolu ilə gedir və daim bu yol ilə gedəcəkdir. Azərbaycanda gedən bu proseslər və respublikamızda demokratiyanı bərqərar etmək üçün həyata keçirilən başqa tədbirlər, o cümlədən iqtisadi islahatların aparılması Pakistan dövləti tərəfindən qiymətləndirilir və bu barədə hörmətli prezident parlamentin iclasında çox əhəmiyyətli fikirlər söylədi.

Eyni zamanda bizim qonaqlarımız bu iki gün müddətində Azərbaycanın ağır və çətin problemləri ilə tanış oldular. Həmin problemlərdən ən böyüyü, ən çətini Ermənistan tərəfindən Azərbaycana edilən hərbi təcavüz, bu təcavüz nəticəsində Azərbaycan Respublikası ərazisinin bir qisminin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və işğal edilmiş torpaqlardan bir milyondan çox vətəndaşımızın zorla qovulmasıdır. Mən bir daha məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Pakistan Azərbaycan Respublikasına qarşı Ermənistanın etdiyi hərbi təcavüzü daim pisləmişdir və bu gün də pisləyir. Eyni zamanda Azərbaycanın ağır vəziyyətdən ləyaqətlə çıxması və bu məsələlərin sülh yolu ilə həll olunması üçün lazımi səylər göstərir. Azərbaycan xalqının bu ağır dövründə Pakistan xalqının, Pakistan dövlətinin onunla həmrəy olması bizim üçün çox qiymətlidir.

Biz bilirik ki, Pakistanın yerləşdiyi regionda onu narahat edən bəzi problemlər var. Kəşmir probleminin həll olunmasında biz Pakistanı daim dəstəkləmişik və bu gün də mən bu barədə dövlətimiz adından bəyanat verirəm. Pakistanı narahat edən məsələlərdən biri də Əfqanıstanda yaranmış vəziyyətdir. Biz Əfqanıstanda bütün məsələlərin sülh, danışıqlar yolu ilə, dincliklə həll olunmasının tərəfdarıyıq. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Pakistan bu istiqamətdə fəaliyyət göstərəcək və onları narahat edən problemlərin öhdəsindən gələ biləcəkdir.

Biz hər yerdə sülh olmasını istəyirik, dünyada zorakılığın əleyhinəyik. İşğalçılığın, bir dövlətin zor işlədərək başqa dövlətin ərazisini ələ keçirməsinin əleyhinəyik. Biz bütün beynəlxalq hüquq normalarına hər bir dövlət tərəfindən əməl olunmasının tərəfdarıyıq və bunu tələb edirik. Dünən və bu gün aparılan söhbətlərimizdə bizə bir daha məlum oldu ki, Pakistan xalqı və Pakistan dövləti özünün qarşısında duran məsələləri öz iradəsi ilə, ədalətlə həll etmək istəyir. Azərbaycanın qarşısında duran problemləri də Azərbaycan xalqı öz iradəsi ilə, müstəqil surətdə, ədalətlə həll etmək istəyir.

Bu məsələlərdə həmfikir olmağımız gələcək əməkdaşlığımız üçün daha yaxşı şərait yaradır. Bir sözlə, danışıqlarımız, söhbətlərimiz Pakistan ilə Azərbaycan arasındakı dostluq, əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı zəmin yaradıbdır və biz Azərbaycanda bu imkanlardan səmərəli istifadə etməyə çalışacağıq. Ümidvaram ki, yüksək səviyyədə dövlətlərarası əlaqələrimiz bundan sonra mütəmadi olaraq davam edəcəkdir. Mən hörmətli prezidentin dəvətindən istifadə edib Pakistanı ziyarət etmək fikrindəyəm. Pakistanın baş naziri, hörmətli xanım Bənəzir Bhuttonu Azərbaycana dəvət etmişəm və biz onun ölkəmizə gəlməsini səbrsizliklə gözləyəcəyik. Bu əlaqələr, danışıqlar dövlətlərimizin, hökumətlərimizin bütün səviyyələrində də davam edəcəkdir.

Biz - həm Pakistan, həm də Azərbaycan istər dövlət quruculuğunda qarşımızda duran məsələləri həll etmək, müstəqilliyimizi möhkəmləndirmək üçün, istərsə də beynəlxalq aləmdə öz mövqelərimizi möhkəmləndirmək üçün, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etməsi üçün birgə səylər göstərəcəyik.

Pakistan xalqına, onun dövlətinə, hökumətinə səadət, xoşbəxtlik arzulayır, qarşıda duran vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi üçün uğurlar diləyirəm. Sağ olun.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış