Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin milad bayramı münasibətilə Bakıdakı Kamera Musiqisi Salonunda keçirilən mərasimdə respublikanın pravoslav xristianlarına müraciəti - 7 yanvar 1995-ci il


Hörmətli xanımlar və cənablar, bacılar ,və qardaşlar,

Azərbaycan vətəndaşları! Sizi müqəddəs gün - İsa Məsihanın Milad günü münasibətilə ürəkdən təbrik edir, sizə və sizin şəxsinizdə Azərbaycanın bütün xristian vətəndaşlarına xoşbəxtlik, firavanlıq, sevinc, sülh və mərhəmət arzulayıram.

Bu müqəddəs gün hamımızı sülhə, əmin-amanlığa, başqa dinlərə münasibətdə dözümlü olmağa çağırır. Bu gün həm xristian pravoslavlar, həm də Azərbaycanda hamı üçün eyni dərəcədə müqəddəs və xoş gündür. Bu gün Azərbaycanda hamıya əzizdir. Bu anda biz tarixi köklərimizə müraciət edirik. İslam dini, Məhəmməd Peyğəmbər (ə) İsa Peyğəmbərə ehtiramla yanaşmışdır. Məlum olduğu kimi, İslamın müqəddəs kitabı Qurani-Kərimin surələrindən biri xristianlığa, İsa Məsihaya həsr edilmişdir. Başqa sözlə, bizim tarixi köklərimiz dərinlərə gedib çıxır, dostluğumuz və qardaşlığımız hələ dinlərimizin meydana gəldiyi vaxtdan başlayır. Biz də buna sadiq olmalıyıq.

Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Xristian dininə sitayiş edən vətəndaşlara da bizdə həmişə ehtiram göstərilmiş və onlar digər vətəndaşlarla bərabər hüquqlardan istifadə etmişlər. Azərbaycanda xristian pravoslav icmasının iki yüz illik tarixi var. Müxtəlif dinlərə mənsub olan xalqlarımız iki əsr ərzində vahid dostluq ailəsinə qovuşmuşlar, onların kədəri də, sevinci də bir olmuşdur. Azərbaycanda beynəlmiləlçilik hissi, bir-birinə qarşı dözümlü olmaq, Azərbaycan xalqının başqa xalqlara, xristianlara hörməti həmişə nümunəvi xarakter daşımışdır.

Biz də, siz də yaxın keçmişi xatırlayır və iki əsrlik tariximizi - birgə ömür, dostluq tariximizi, xoş həyat, sülh və əmin-amanlıq uğrunda mübarizə tariximizi yaxşı bilirik. İndi, Azərbaycan müstəqil dövlət olduğu bir vaxtda dilindən, dərisinin rəngindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyi Azərbaycan dövləti üçün, bir prezident kimi məndən ötrü birinci dərəcəli əhəmiyyətə malikdir. Mən dəfələrlə demişəm və bu müqəddəs gündə bir daha deyirəm: Azərbaycanın bütün vətəndaşları qəti əmin ola bilərlər ki, onların hüquqları eyni dərəcədə qorunacaq, onlar müdafiə ediləcəklər.

Azərbaycan prezidenti kimi mən dilindən və dinindən asılı olmayaraq hər bir adamın, hər bir vətəndaşın hüquqlarının təminatçısıyam. Bugünkü bayram bizi həqiqətən sülhə səsləyir. Leonid atanın haqlı olaraq dediyi kimi, qoy sülh hər birimizin ürəyində, qəlbində olsun. Bəli, indi bu, çox lazımdır, çünki biz tariximizin çox mürəkkəb, ağır dövrünü yaşayırıq. Biz bu mərhələni birlikdə keçməliyik. Bundan ötrü isə hər birimizdə sülh hissi, başqasına hörmətlə yanaşmaq hissi gərək həmişəkindən daha çox olsun.

Bilirsiniz ki, Azərbaycan altı ildən artıqdır Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. Biz böyük itkilər vermişik. Azərbaycan ərazisinin iyirmi faizindən çoxu erməni qəsbkarları tərəfindən işğal edilmişdir. İyirmi mindən artıq vətəndaşımız həlak olmuş, yüz mindən çoxu yaralanmış, xəsarət almışdır. Onların bir qismi həmişəlik əlil, şikəst olmuşdur. Bir milyondan artıq sakinimiz doğma yurdunu tərk etməyə məcbur olmuşdur və qaçqın kimi Azərbaycanın başqa regionlarında yaşayır. Onların bir çoxu bu ağır qış dövründə çadırlarda yaşayır, böyük məşəqqət çəkir.

Təbii ki, bütün bunlar Azərbaycanda keçid dövrü ilə əlaqədar onsuz da mürəkkəb olan vəziyyəti daha da çətinləşdirir. Belə bir şəraitdə xeyirxahlıq, sülh, bir-birinə hörmətlə yanaşmaq, qardaşlıq, dostluq hissləri çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, biz tariximizin bu ağır mərhələsindən daha uğurla, nisbətən az ağrı-acı ilə çıxa bilək, davam gətirə bilək, hamımız birləşərək Azərbaycanın ərazi bütövlüyünü, müstəqil dövlətimizin suverenliyini təmin edə bilək. Biz buna nail olmalıyıq.

Bilirsiniz ki, doqquz aya yaxındır döyüşlər getmir, atəşkəsə nail olmuşuq. Biz atəşkəs rejiminə sadiqik, gələcəkdə də buna çalışacağıq. Lakin bizə uzunmüddətli möhkəm sülh lazımdır, sülh haqqında Böyük Siyasi Saziş imzalanmalıdır. Biz buna çalışırıq. Lakin buna nail olmaq üçün çox iş görülməlidir. Biz bu üşi görürük. Bu mürəkkəb dövrdən hamımızın birlikdə çıxmağımız üçün daha sıx birləşməli, bir-birimizə daha çox hörmət etməliyik, sülh və dostluq hisslərinə əsaslanmalıyıq.

Bu müqəddəs, işıqlı gündə, bu xoş bayram günündə sizi sülhə, həmrəyliyə, dini dözümlülüyə, dostluğa və qardaşlığa çağırıram. Azərbaycan çoxmillətli dövlətdir və belə dövlət olaraq qalacaqdır. Biz hər şeyi edəcəyik ki, hər hansı millətdən olan Azərbaycan vətəndaşları özlərini nəinki bərabərhüquqlu hiss etsinlər, həm də özlərinin bu günü, sabahı üçün həqiqətən arxayın olsunlar. Əmin ola bilərsiniz, bir prezident kimi mən elə vəziyyət yaranmasına çalışacağam ki, Azərbaycanın hər bir vətəndaşı, o cümlədən ruslar - pravoslavlar, slavyanlar Azərbaycanda malik olduqları hüquqların hamısını mütləq saxlasınlar. Daim əmin olsunlar ki, özləri, uşaqları və nəvələri bu gün də, gələcəkdə də Azərbaycanda normal şəraitdə yaşayacaqlar, rifahdan və bütün hüquqlardan bəhrələnəcək, özlərini müstəqil Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşları hiss edəcəklər.

Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimiz, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Çalışacağıq ki, bu sərvətimiz əbədi olsun.

Sizə cansağlığı, firavanlıq, xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayıram. Müqəddəs gün - Milad bayramı münasibətilə sizi bir daha təbrik edirəm.