Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanın pravoslav xristianlarına təbriki - Bakı şəhəri, 14 aprel 2001-ci il


Əziz həmvətənlər!

Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzularımı yetirirəm.

Cəmiyyətdə əxlaqi dəyərlərin, əmin-amanlığın, dostluq və humanizm prinsiplərinin bərqərar olunmasında dinin rolu danılmazdır. Bu xeyirxah niyyətin gerçəkləşməsi işində Azərbaycanda tarixən mövcud olmuş başqa konfessiyalarla yanaşı, rus pravoslav kilsəsi də yaxından iştirak edir, insanların ilahi kəlama tapınması və mənən saflaşması yolunda layiqli xidmətlər göstərir.

Vicdan və dini etiqad azadlığı cəmiyyətimizin mənəvi sərvətidir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları bu əzəli haqdan yararlanaraq öz milli adət-ənənələrini, dini bayram və mərasimlərini sərbəst şəkildə icra edirlər. Belə mərasimlərdən biri də hər il Azərbaycanda təntənə ilə keçirilən, insanlara mənəvi rahatlıq, həmrəylik, şəfqət duyğuları bəxş edən Pasxa bayramıdır.

Bu əziz gündə hər birinizə xoşbəxtlik, ailələrinizə əmin-amanlıq arzulayıram.

Bayramınız mübarək olsun!

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.