Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avstriya Respublikasının Federal Kansleri Volfqanq Şüssel ilə görüşdə söhbəti - Vyana, 4 iyul 2000-ci il


Volfqanq Şüssel: Avstriyaya rəsmi səfərə xoş gəlmisiniz, cənab Prezident. Sizinlə görüşdən olduqca məmnun qaldım. Mən hələ 1999-cu ilin iyulunda Avstriya Respublikasının vitse-kansleri, Xarici İşlər naziri kimi, Bakıya səfər etmişdim. Sizinlə keçirdiyim görüşü, apardığım danışıqları həmişə razılıqla xatırlayıram.

Vyanaya rəsmi səfəriniz ölkələrimiz arasındakı əlaqələrin inkişafında mühüm mərhələ olacaqdır. Sözsüz ki, Avstriya zəngin ehtiyatlara malik olan, demokratik inkişaf yolu ilə uğurla addımlayan müstəqil Azərbaycan Respublikası ilə bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa böyük maraq göstərir.

Heydər Əliyev: Səmimi sözlərə və Vyanaya rəsmi səfərə dəvətə görə təşəkkürümü bildirirəm. Avropada iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən biri olan Avstriya ilə əməkdaşlığın daha da sıxlaşdırılması Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.

Bazar münasibətlərini, demokratik inkişaf yolunu seçmiş, hüquqi, demokratik, dünyəvi dövlət quran müstəqil Azərbaycan Respublikası dünya və Avropa dəyərləri ilə sıx bağlıdır. Ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunması barədə Avropa Şurası Parlament Assambleyası qərar qəbul etmişdir. Bu gün respublikamız üçün ən ağır problem 12 ildən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Zəhmət olmasa bir xəritəyə baxın. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır şəraitdə yaşayır, işğal edilmiş ərazilərdə şəhərlərimiz, kəndlərimiz, qədim tarixə malik mədəniyyət abidələrimiz dağıdılaraq viran qoyulur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli sahəsində ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar aparılır. Bu məsələnin həllində ölkəmiz həmişə konsturktiv mövqe tutur və tutacaq. Təəssüflə bildirirəm ki, Ermənistan tərəfi sülh sazişinin əldə edilməsinə hər vasitə ilə mane olur, təcavüzkar niyyətindən əl çəkmək istəmir. Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ, Fransa sülh prosesini sürətləndirmək üçün səylər göstərir. Əmin olduğumu bildirirəm ki, hazırda ATƏT-ə sədrlik edən Avstriya bu münaqişənin sülh yolu ilə tezliklə aradan qaldırılması üçün bütün imkanlarından səmərəli istifadə edəcəkdir.

Volfqanq Şüssel: Möhtərəm cənab Prezident. Mən də Sizi əmin edirəm ki, Avstriya tərəfindən Azərbaycanın mövqeyi dəstəklənəcək. Avstriyanın Xarici İşlər naziri, ATƏT-in hazırkı sədri xanım Benita Ferrero-Valdner bölgəyə səfər edəcəkdir. Deməliyəm ki, mənim ölkəm bu münaqişənin sülh yolu ilə həllinə hər cür kömək göstərməyə hazırdır.

Heydər Əliyev: Cənab kansler! Mən inanıram ki, Azərbaycan-Avstriya iqtisadi əlaqələri daha da inkişaf edəcəkdir. Bu sahədə apardığımız siyasət və həyata keçirdiyimiz tədbirlər, əlbəttə ki, uğurla nəticələnəcəkdir.

Cənab kansler, mən Sizə təşəkkür edirəm və Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Volfqanq Şüssel: Çox sağ olun. Dəvətinizi məmnunluqla qəbul edirəm.