Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ərəb ölkələrinin nümayəndə heyəti ilə görüşdə söhbətindən - 7 iyul 2000-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz!

Hörmətli Şeyxülislam sizinlə yaxın əlaqədədir və mən bilirəm ki, burada görüşlər keçirmisiniz. Mədəniyyət, ədəbiyyat sahəsində bəzi görüşləriniz olubdur.

Mənə verilən məlumata görə, siz çox böyük işlərlə məşğulsunuz, xeyriyyəçilik işləri görürsünüz. Bu, çox gözəldir. Azərbaycana gəlməyinizdən də mən çox məmnunam. Bilirsiniz ki, mən ölkədə yox idim, Avstriyaya getmişdim, dünən axşam dönmüşəm. Mən ölkədə olmayanda da işlər çox tökülür qalır. Hörmətli Şeyxülislam xahiş etdi ki, sizinlə görüşüm. Proqramın çox çətin olmasına baxmayaraq, mən də sizinlə görüşməyə vaxt tapmışam. Buyurun, sizi dinləyirəm.

Əbd əl-Əziz Səud əl-Babteyn: Qiymətli vaxtınızdan bizə ayırdığınız üçün mən öz adımdan və həmkarlarım, qardaşlarım, dostlarım adından Sizə təşəkkürümü bildirirəm. Sizinlə birlikdə olmaqdan özümüzü xoşbəxt sayırıq. Mənim üçün şərəfdir ki, ölkəmizin başçısı, əlahəzrət şeyx Cabir əl-Əhmədin salamını sizə yetirim. Ümumiyyətlə isə, bütövlükdə ərəb xalqının salamlarını sizə yetirirəm.

Eyni zamanda xüsusi olaraq Küveyt xalqının salamlarını Sizə yetirirəm. Azərbaycan xalqının Ermənistan tərəfindən təcavüzə məruz qaldığı dövrdə keçirdiyi hissləri Küveyt xalqı da təcavüzlə qarşılaşarkən keçirmişdir. Biz hər dəfə Azərbaycana səfər edərkən qəlbimizdəki məhəbbətiniz daha da artır. Xüsusilə, ölkənizdə bu cür irəliləyişi hər dəfə görəndə özümüzü xoşbəxt hesab edirik.

Şəxsən mən bir neçə dəfə sizin ölkənizə gəlmişəm və buraya sərmayə qoymaq fikrim olubdur. Körfəz ölkələrində də belə fikirdə olanlar az deyildir. Təbii ki, sərmayə qoymaq üçün sərmayədarlar ölkədə sabitlik olmasını istəyirlər. Biz bunun şahidiyik ki, ölkənizdə sabitlik vardır və buraya sərmayə qoymaq fikrimizi sizə bildiririk.

Eyni zamanda biz "Əl-Əzhər" Universitetində təhsil alan tələbələrə yardım fondu yaratmışıq. Həmin universitetdə azərbaycanlı tələbələrin böyük bir qrupu da təhsil alır. Arzu edirik ki, həmin tələbələr buraya qayıdandan sonra öz ölkələrinə xidmət göstərmək üçün, ölkələrinin tərəqqisi üçün əllərindən gələni etsinlər.

Biz Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycana daim inkişaf və tərəqqi arzulayırıq. İcazə verin, fürsətdən istifadə edərək, möhtərəm şeyx həzrətlərinə təşəkkürümü bildirim. O, bizim rahatlığımız, səfərimizin yaxşı keçməsi üçün əlindən gələni edir. Buna görə də biz qəlbən onu Küveytin və yaxud ərəblərin Azərbaycandakı səfiri kimi qəbul edirik.

İndi isə icazə verin, həmkarlarımı Sizə təqdim edim.

Biz Sizi Küveytdə böyük səbirsizliklə gözləyirik. Bir il-il yarım bundan əvvəl Siz vəd etmişdiniz. Ona görə də biz bu səfərin həyata keçirilməsini böyük səbirsizliklə gözləyirik. Təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun. Sizə təşəkkür edirəm ki, nümayəndə heyətinizin üzvlərini mənə təqdim etdiniz. Çox mötəbər nümayəndə heyəti var. Mən çox məmnunam ki, siz hamınız Azərbaycana gəlmisiniz, ölkəmizlə tanış olmusunuz. Hiss etdim ki, Azərbaycanda ilk dəfə deyilsiniz. Qeyd etdiniz ki, Azərbaycandakı bu inkişafı, sabitliyi görürsünüz və buna görə də Azərbaycana sərmayə qoymaq fikrindəsiniz.

Mən bunu dəstəkləyirəm. Sizi əmin edə bilərəm ki, indi Azərbaycanda xarici sərmayəçilərin fəaliyyət göstərməsi üçün həqiqətən çox gözəl imkanlar yaranıbdır. Birincisi, sizin qeyd etdiyiniz kimi, ölkədə sabitlik var və artıq dönməzdir. Yəni bu sabitlik həmişə olacaqdır. Hər bir sərmayəçi üçün sabitlik xüsusi rol oynayır.

İkincisi, xarici sərmayələrin işini təmin etmək üçün bizim çox əlverişli qanunlarımız var. Bunlar həm xarici sərmayəçilərə sərmayə qoymaq imkanları yaradır, həm də sərmayəçilərin hüquqlarını qoruyur. Yol sizin üçün açıqdır. Buyurun, gəlin, sərmayə qoyun və öz sərmayənizdən faydanızı götürün.

Təbiidir ki, gördüyünüz işlər yaşayacaqdır. Mən bilirəm ki, siz çox yerlərdə məktəblər, xəstəxanalar, universitetlər tikmisiniz. Bunlar da çox əhəmiyyətlidir.

Qeyd etdiniz ki, Ermənistanın Azərbaycana təcavüzünü siz daha yaxşı hiss edə bilirsiniz, çünki vaxtilə özünüz belə bir təcavüzə məruz qalmışdınız. Mən o günləri xatırlayıram. Doğrudan da, İraq tərəfindən sizin ölkəyə qarşı hərbi təcavüz edilmişdi və bu, ölkənizə çox zərərlər gətirmişdi. Amma tezliklə sizə yardım etdilər və bunun nəticəsində də təcavüzdən tezliklə xilas oldunuz. Təcavüzkarı da cəzalandırdılar, indi də öz cəzasını çəkir.

Ancaq Azərbaycana edilən təcavüzün qarşısını heç kəs almayıbdır. Bəzi ölkələr isə təcavüzkara - Ermənistana kömək göstəriblər və indi də kömək edirlər. Bilirsiniz ki, Azərbaycanın torpaqlarının 20 faizi işğal olunubdur. Bir milyondan artıq azərbaycanlı - müsəlman öz yerindən-yurdundan çıxarılıb və çox illərdir ki, çadırlarda yaşayıblar.

Bizim yardıma ehtiyacımız var. Əgər siz xeyriyyəçilik işinizdə yerindən-yurdundan didərgin düşmüş həmin qaçqınları da nəzərə alsanız, çox xeyirxah iş görmüş olarsınız. Bu, Allaha da çox xoş gedər. Rica edirəm, bu barədə bir az düşünün.

Qahirədə oxuyan azərbaycanlı tələbələrə yardımınıza, qayğınıza görə sizə təşəkkür edirəm. Güman edirəm ki, sizin Azərbaycana daha çox yardım etməyə imkanlarınız vardır.

Ölkənizin əmirinin, dostumun mənə göndərdiyi salamlara görə təşəkkür edirəm. Hörmətli dostum əmir Cabir əs-Sabahın dəvətini mən çoxdan almışam, ürəyim çox istəyir ki, Küveytə gedim. Birincisi, sizin ölkəni görməmişəm, ikincisi də qardaşlarımla görüşmək istərdim. Bu dəvəti mütləq həyata keçirəcəyəm. Amma indi yəqin ki, sizdə havalar bizdə olduğundan da istidir.

Əbd əl-Əziz Səud əl-Babteyn: Bizdə havanın istiliyi 50 dərəcədən yuxarıdır.

Heydər Əliyev: Ola bilər ki, indi əmir də ölkədə yoxdur, sərin yerlərə gedibdir.

Əbd əl-Əziz Səud əl-Babteyn: O, ölkədədir. Çoxları gedib, təkcə əmir ölkədədir.

Heydər Əliyev: Görürsünüzmü, mən sizin xasiyyətinizi bilirəm. Mən bu dəvəti mütləq həyata keçirəcəyəm. Xahiş edirəm mənim salamlarımı, hörmət və ehtiramımı əziz dostum əmir Cabir əs-Sabaha çatdırasınız. Mən sizin ölkənizlə dostluğu Azərbaycan üçün çox əhəmiyyətli hesab edirəm.

Oktyabr ayında Qətərdə İslam Konfransı Təşkilatının zirvə görüşü olacaqdır. Əgər sizin əmir orada olsa, onunla görüşərik və mənim səfərim üçün yaxşı bir vaxt müəyyən edərik. Mən sizə uğurlar arzulayıram.

Əbd əl-Əziz Səud əl-Babteyn: İcazə versəydiniz bir söz deyərdim. Keçən il Sizə vəd etmişdik ki, qaçqın düşərgəsində məktəb tikib istifadəyə verəcəyik. Biz öz vədimizə əməl etmişik. Bu gün Sizinlə görüşdüyüm üçün başqa bir iş görməyi, yerinə yetirməyi vəd edirəm. Biz bilirik ki, Siz dünən Avstriyadan vətəninizə gec qayıtmısınız və vaxtınız məhduddur. Mənim Sizdən bir xahişim var. Təbiidir ki, biz Sizin vaxtınızın az olduğunu bilirik və bunu qiymətləndiririk. Təşəkkür edirik ki, bu gün bizim üçün vaxt tapdınız. Bizim bu axşam bir ziyafətimiz vardır. Əgər imkanınız olarsa, vaxt tapıb gəlsəniz biz Sizin iştirakınızdan şad olarıq.

Heydər Əliyev: Çox sağ olun. Təşəkkür edirəm.

Adil Abdulla əl-Fələh (Beynəlxalq Asiya Müsəlmanları Komitəsi İdarə Heyətinin sədri): Zati-aliləri cənab prezidentin vaxtının az olmasına baxmayaraq bizim üçün bu şəraiti yaratdığına və bizə bu şərəfi göstərdiyinizə görə bir daha minnətdarlığımızı bildiririk. Bu gün şeyx Əbd əl-Əziz əl-Babteynə göstərilən diqqət və qayğı, onun mükafatlandırılması, ona elmi dərəcə verilməsi eyni zamanda bütün Küveyt xalqına olan hörmətin, diqqətin bir təzahürüdür, ölkələrimiz arasında dostluğun, qarşılıqlı ehtiramın daha da möhkəmləndirilməsinə həm bu gün, həm də gələcək üçün möhkəm zəmindir.

Mən sizinlə bu görüşümüzdən istifadə edərək, Asiya Müsəlmanları Komitəsi haqqında çox müxtəsər, qısa bir şey demək istəyirəm. Asiya Müsəlmanları Komitəsi Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Bu komitə, hesab edin ki, həm də sizin komitənizdir. Onun fəaliyyəti bir çox sahələri - xeyriyyə, mədəni, dini və bir sıra başqa sahələri əhatə edir. Azərbaycan onun fəaliyyətində, məcazi mənada desək, "şir payı" - çox böyük bir pay götürübdür. Bu vaxta qədər də mən çox düşünürəm - bunun səbəbi nədir ki, komitənin fəaliyyətinin böyük bir hissəsi Azərbaycana verilibdir?

Mən elə düşünürəm ki, bu, Azərbaycana olan sevgi-məhəbbətdir. Mən hesab edirəm ki, cənab Şeyxülislam Hacı Allahşükür Paşazadənin səyinin nəticəsidir ki, komitənin burada xeyriyyə işləri uğurla həyata keçirilir.

Gördüyümüz işlərdən biri 1993-cü ildə Sizin həyatınıza və fəaliyyətinizə həsr edilmiş kitabın ərəb dilinə tərcümə olunub ərəb ailələri arasında yaymağımız oldu. Azərbaycanın Qahirədəki səfiri İsrafil Vəkilovun köməyi ilə, onunla əməkdaşlıq şəraitində biz bunu həyata keçirə bildik. Bu gün də biz Küveyt dövlətinin əmiri şeyx Cabir əs-Sabahın həyat və fəaliyyətinə həsr edilmiş kitabın Azərbaycan dilinə tərcüməsinin yayılmasına nail olduq.

Zati-aliləri, biz Azərbaycanda gördüyümüz nailiyyətlərə görə Sizi təbrik edirik. İcazə verin, Sizin müdrikliyiniz, rəhbərliyiniz sayəsində Azərbaycanın ən gərgin, ən çətin mərhələlərini keçə bildiyinizə görə Sizə öz heyranlığımı bildirim. Mən Sizin çıxışlarınızı, nitqlərinizi izləyirəm və islam hüququnun, islam əxlaqının bu ölkədə geniş yayılması üçün Sizin göstərdiyiniz səyləri yüksək qiymətləndirirəm. Asiya Müsəlmanları Komitəsinin 1993-cü ildən başlanmış fəaliyyəti xüsusilə qaçqınlara həsr olunmuş konfransdan sonra daha geniş inkişaf etmişdir. Yəni o konfransdan sonra bizim ölkələrdə qaçqınların məsələləri ilə məşğul olan bütün təşkilatların fəaliyyətinin məqsədyönlü şəkildə istiqamətləndirilməsinə nail ola bilməmişik. Biz qaçqınların problemləri ilə, demək olar ki, gündəlik məşğul oluruq. Mən hər gün komitənin nümayəndəlikləri ilə əlaqə saxlayıram və onlardan kifayət qədər məlumat alıram. Öyrənirəm ki, qaçqınlara hansı yardımlar göstərilib, vəziyyət necədir.

Qaçqınlarla bağlı bizim bəzi təkliflərimiz, fikirlərimiz vardır. Bu təklifləri baş nazirin müavini, Dövlət qaçqınkomun sədri Əli Həsənova təqdim etmişik. Biz Sizdən icazə istəyirik ki, qaçqınların işləri ilə, onların problemləri ilə daha məqsədyönlü, daha faydalı, səmərəli məşğul olmaq üçün xüsusi bir komissiya yaradılmasına razılıq verəsiniz.

Asiya Müsəlmanları Komitəsi öz xeyriyyəçilik fəaliyyətini daha da artıraraq digər sahələrə də keçməyə başlamışdır. Bu komitə Azərbaycanla Küveyt arasında bir vasitəçi, bağlayıcı təşkilat rolunu oynayır. Biz Azərbaycana etdiyimiz hər səfər zamanı ən önəmli adamlarımızı, şəxsiyyətlərimizi buraya gətiririk ki, bu işlərdə bizə yardımçı olsunlar. Biz istərdik elə bir müəssisə yaradaq ki, orada iki yüz, üç yüz, bəlkə də min nəfər işləyə bilsin. Bu min nəfərin vəziyyətinin yüngülləşdirilməsinə kömək edər. Mən onu demək istəyirəm ki, bizim tacirlərimizin, iş adamlarımızın Azərbaycanda işləmək üçün olduqca böyük istəkləri vardır. İnşallah, Sizin diqqətiniz və qayğınız sayəsində onlar burada əllərindən gələni etməyə hazır olduqlarını bildirirlər. Tacirlərdən, iş adamlarından başqa burada yazıçılar, ədiblər vardır ki, onların Azərbaycan haqqında yazıları ilə minlərlə, on minlərlə oxucu tanış olur.

Zati-aliləri cənab prezident, eyni zamanda, Sizə məlumat verirəm ki, biz Azərbaycan-Küveyt Dostluq Cəmiyyətinin yaradılmasını bitirmək üzrəyik. Küveyt tərəfindən bu cəmiyyətə tanınmış xeyriyyəçi, iş adamı şeyx Əbd əl-Əziz Səud əl-Babteyn başçılıq edir.

Bu fürsəti bizə verdiyinizə, öz fikirlərimizi Sizə çatdırmağa imkan yaratdığınıza görə Sizə bir daha minnətdarlığımızı bildiririk.

Mən öz adımdan və dostlarım adından Sizə təşəkkürümü yetirirəm.

Heydər Əliyev: Asiya Komitəsinin Azərbaycanla əlaqədar gördüyü işlərə görə sizə təşəkkür edirəm.

Asiya Komitəsinin Bakıda keçirdiyi konfrans mənim xatirimdədir. Yəqin siz də xatırlayırsınız ki, mən o konfransda iştirak etmişəm və nitq söyləmişəm. Ona görə də sizin verdiyiniz məlumatlar məni sevindirir ki, o konfransdan sonra iş güclənibdir. Küveyt-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin yaradılması təklifini də mən dəstəkləyirəm və cənab Əbd əl-Əziz Səud əl-Babteynin bu işə rəhbərlik etməsi, təbiidir ki, bu cəmiyyətin fəaliyyətinin çox güclü olmasını təmin edəcəkdir. Azərbaycan tərəfdən bu cəmiyyətə rəhbərlik edəcək şəxsi biz təyin edirik.

Hamınızı Azərbaycanda qaçqın vəziyyətində yaşayan insanlara yardımınızı əsirgəməməyə bir daha çağırıram. Yardımınızı əsirgəməyin, hətta artırmağa çalışın.

Təşəkkür edirəm. Mənim salamlarımı Küveyt xalqına, Küveyt əmiri şeyx Cabir əl-Əhmədə çatdırın.

Sağ olun.

"Azərbaycan" qəzeti, 8 iyul 2000-ci il.