Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Prezidenti Əhməd Necdət Sezər ilə təkbətək görüşü - Prаqа, Kоnqrеs Мərkəzi, 22 nоyаbr 2002-ci il


NATO/Avroatlantikа Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Praqada keçirilən zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Prezidenti Əhməd Necdət Sezər ilə təkbətək görüşü olmuşdur.

Bir-birini mehribanlıq və səmimiyyətlə salamlayan dövlət başçıları yenidən görüşmək imkanından məmnun qaldıqlarını bildirdilər.

NATO sammitinin işini, müzakirə edilən məsələlər barədə fikir mübadiləsi aparan prezidentlər Praqa zirvə görüşünün, dünyada sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi sahəsində növbəti addım olduğunu vurğuladılar.

Dost və qardaş dövlətlər arasında əməkdaşlığın bütün sahələrdə genişlənməkdə və dərinləşməkdə olmasından razılıq hissi ilə söhbət açan prezidentlər iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd etdilər.

Dövlət başçıları Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarının işlənilməsi və enerji daşıyıcılarının Avropa bazarlarına nəqli sahəsində Azərbaycan–Türkiyə əməkdaşlığı barəsində, bu yaxınlarda təməlqoyma mərasimində birgə iştirak etdikləri Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin inşası və Bakı–Tbilisi–Ərzurum qaz kəməri layihəsinin reallaşması yolunda qarşıda duran vəzifələr barədə söhbət apardılar.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması sahəsində danışıqlar prosesinin gedişindən bəhs olundu. Türkiyə Prezidenti Əhməd Necdət Sezər nizamasalma prosesində öz ölkəsinin Azərbaycanı bundan sonra da həmişə dəstəkləyəcəyini vurğuladı.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi oldu.

AzərTAc