‎"Azərbaycan və Rumıniya prezidentlərinin birgə mətbuat konfransında Azərbaycan ‎Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı" (Bakı, 30 iyun 1998-ci il) sənədinə ‎tarixi arayış


Rumıniya ‎Respublikası 1991-ci il dekabrın 11-də Azərbaycanın müstəqilliyini tanıdığını bəyan edib. ‎Rumıniya Türkiyə Respublikasından sonra bu addımı atan ikinci dövlətdir. 3 noyabr 1998-ci ildə Rumıniyanın Azərbaycan Respublikasında diplomatik səfirlyi fəaliyyətə başlayıb. ‎‎2001-ci ildə isə Azərbaycanın Şərqi Avropa dövlətləri içərisində ilk dəfə olaraq Rumıniya ‎Respublikasında səfirliyi açılıb.‎ (http://www.mfa.gov.az/)

Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında siyasi münasibətlər yüksək ‎səviyyədə inkişaf edir. Dövlətlər arasındakı əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri ‎mühüm rol oynayıb. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər ‎Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı iki ölkə arasında əməkdaşlıqla bağlı çox mühüm ‎sənədlər imzalanıb. Heydər Əliyev və Rumıniya Prezidenti İon İliyesku Rumıniyanın paytaxtı ‎Buxarestdə Azərbaycan və Rumıniya arasında Dostluq və Əməkdaşlıq haqqında bəyanat ‎imzalayıblar. Bu səfər Azərbaycan ilə Rumıniya arasındakı ikitərəfli münasibətlərin inkişafında ‎həlledici rol oynayıb.‎

‎1998-ci il iyunun 29-da Rumıniya Respublikasının Prezidenti Emil Konstantinesku Azərbaycan ‎Respublikasının Prezidenti Heydər Əliyevin dəvətilə Azərbaycana rəsmi səfər edib. Səfərin ‎gedişində Rumıniya ilə Azərbaycan arasındakı əlaqələrin inkişaf etdirilməsi üçün əhəmiyyətli ‎sənədlər imzalanıb. Bu sənədlərdən prezidentlər Heydər Əliyev və Emil Konstantineskunun ‎imzaladığı "Azərbaycan Respublikası ilə Rumıniya arasında dostluq münasibətlərinin və ‎tərəfdaşlığın inkişafı haqqında" bəyannaməni misal göstərmək olar. Qeyd edək ki, Rumıniyanın ‎dövlət rəhbərləri son on ildə Azərbaycana bir neçə dəfə səfər edib.

Dövlətlər arasında mədəni əlaqələr də getdikcə genişlənir. Bakıda "Azərbaycan-Rumıniya ‎dostluq cəmiyyəti" fəaliyyət göstərir. 2001-ci ildə Buxarest şəhərində "Rom-Azer" Rumın-‎Azərbaycan dostluq cəmiyyəti" və "Azərbaycan və Rumıniya gəncləri və mədəniyyəti ‎assosiasiyası" yaradılıb. ‎

Rumıniya Respublikası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinin ‎tərəfdarıdır.‎

‎1998-ci il iyunun 30-da Prezident sarayında Azərbaycan-Rumıniya sənədlərinin imzalanması ‎mərasimindən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycan Respublikasının ‎Prezidenti Heydər Əliyev bəyanatla çıxış edərək Azərbaycanla Rumıniya arasında imzalanmış ‎bəyannamənin bütün müddəalarının bu iki ölkənin dünyada gedən proseslər, regionda, Avropada ‎olan məsələlər və Qafqaz regionundakı proseslər haqqında eyni fikirdə olduğunu bir daha təsdiq ‎etdiyini bildirib.‎

2003-cü ildə Azərbaycan ‎Respublikasının prezidenti seçilən İlham Əliyev 11-12 oktyabr 2004-cü ildə Rumıniyaya dövlət səfəri edib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rumıniya Prezidenti İon İliyesku arasında təkbətək görüş keçirilib. Görüş zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, eləcə də beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb. Dövlət başçıları regionda sabitlik və təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyevə "Rumıniya Ulduzu" ordeni təqdim olunub. Bu münasibətlə keçirilən mərasimdə Rumıniya Prezidenti İon İliyeskunun Azərbaycan Prezidentinin "Rumıniya Ulduzu" ordeni ilə təltif edilməsi haqqında Fərmanı oxunub. Fərmanda deyilir: "Rumıniya-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi böyük xidmətlərə görə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın yüksək dövlət mükafatı "Rumıniya Ulduzu" ordeni ilə təltif olunsun". Sonra Rumıniya Prezidenti İon İliyeskunun "İstiqlal" ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı oxunub. Prezident İlham Əliyev "İstiqlal" ordenini dost ölkənin Prezidenti İon İliyeskuya təqdim edib.

Rumıniya-Azərbaycan münasibətlərinin inkişafı baxımından 2006-cı ili daha uğurlu saymaq olar. 2006-cı il iyunun 4-də Azərbaycan Prezidenti İlham Əliyev Qara dəniz dialoq və əməkdaşlıq forumunda iştirak etmək üçün Buxarestdə rəsmi səfərdə olub. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın ən müxtəlif aspektlərinə dair faydalı müzakirələr aparılıb. (http://www.azerbaijan.news.az/) Oktyabrın 11-də Rumıniya Prezidenti Trayan Beseskunun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya gerçəkləşən rəsmi səfəri isə ikitərəfli münasibətlərin inkişafı üçün geniş potensialdan daha səmərəli istifadə yollarının aranması, bir sıra mühüm saziş və razılaşmaların əldə olunması ilə yaddaqalan olub. Səfər zamanı keçirilən müxtəlif səviyyəli görüşlərdə Prezident Trayan Besesku Azərbaycanın regionda artan roluna və nüfuzuna xüsusi diqqət çəkmiş, eyni zamanda Rumıniyanın Cənubi Qafqazda gerçəkləşdirilən layihələrdə fəal iştiraka maraq göstərdiyini deyib. Rumıniya Prezidenti Xəzər hövzəsinin zəngin enerji resurslarının Qərbə daşınmasında ölkəsinin tranzit əhəmiyyətini xüsusi vurğulayaraq, bu istiqamətdə Azərbaycanla səmərəli əməkdaşlığın tərəfdarı olduğunu söyləyib.

24 sentyabr 2007-cü ildə Buxarestdəki Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkın açılışı olub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku və onların xanımları iştirak ediblər.

Hələ 2004-cü ilin oktyabrında Buxarestdə zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin büstünün açılışı olub. Əlamətdar haldır ki, 1989-cu il inqilabından sonra Rumıniyada xarici ölkələrin siyasi xadimlərindən yalnız 3 nəfərin - Şarl de Qoll, Mustafa Kamal Atatürk və Heydər Əliyevin abidələri qoyulub.

24 sentyabr 2007-ci ildə Buxarestdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan xiyabanın rəsmi açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış ederek Rumıniya-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin çox böyük rolu olduğunu bildirib. " Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində və postsovet məkanındakı başqa oxşar münaqişələrin həlli məsələlərində Rumıniyanın birmənalı mövqeyi var. O da ondan ibarətdir ki, beynəlxalq hüquq normalarına əməl edilməli ölkələrin ərazi bütövlüyü bərpa olunmalıdır. Mən Rumıniya-Azərbaycan münasibətlərinin perspektivlərinə çox böyük nikbinliklə baxıram".(www.president.az)

Həmin gün "Lak-2" iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun görüşü olub. Görüş zamanı Azərbaycan-Rumıniya əməkdaşlığının uğurlu inkişafı, qarşılıqlı surətdə faydalı iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib. Hər iki ölkənin beynəlxalq təşkilatlarda, o cümlədən Avroatlantik strukturlarında bir-birinin mövqelərini qarşılıqlı dəstəkləməsi qeyd olunub. (www.president.az)

Tarixi arayış 18 iyul 2008-ci ildə yeniləşdirilib.