Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycan Müəllimi" qəzetinin kollektivinə təbriki - 18 noyabr 1994-cü il


"Azərbaycan müəllimi" qəzeti respublikamızın mətbuat tarixinə şərəfli yaradıcılıq yolu keçmiş, pedaqoji ənənələrin inkişafında silinməz izlər buraxmış, özünəməxsus dəst-xətti ilə seçilən nəşrlərdən biri kimi daxil olmuşdur. Azərbaycanda pedaqoji mühitin formalaşmasında, müəllim kadrların elmi-metodiki səviyyəsinin yüksəldilməsində bu qəzetin mühüm xidmətləri vardır.

"Azərbaycan müəllimi" yalnız sahə qəzeti olmaqla kifayətlənməmiş, respublika həyatında baş verən ictimai-siyasi hadisələrə də nüfuz etmişdir. Qəzet respublikamızda jurnalistika sənətinin inkişafi işində əhəmiyyətli rol oynamışdır.

"Azərbaycan müəllimi" qəzeti bu gün də öz ənənələrinə sadiq qalaraq pedaqoji maarif istiqamətində fəaliyyətini davam etdirir. Müstəqilliyinə qovuşmuş respublikamızın elm və təhsil sisteminin yeni əsaslar üzərində qurulduğu bir dövrdə, xalq maarifinin qarşısında duran başlıca vəzifələr qəzetin səhifələrində öz əksini tapir. Pedaqoji aləmdə qazanılmış qabaqcıl təcrübələr, görkəmli maarif və elm xadimlərinin həyatı qəzetdə mütəmadi işıqlandırılan məsələlərdəndir.

İlk nömrəsinin çapdan çıxmasının 60 illiyi münasibətilə "Azərbaycan müəllimi" qəzetinin bütün əməkdaşlarını ürəkdən təbrik edir, sizə cansağlığı, dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MEDİA