Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Böyük Millət Məclisinin sədri Hüsaməddin Cindorukla görüşdə çıxışı - 2 noyabr 1994-cü il


Burada biz doğma torpağımız, doğma ölkəmiz olan Türkiyədəyik. Bunu dəfələrlə mən də demişəm, əziz dostum, qardaşım Süleyman Dəmirəl də deyib: biz iki ölkəyik, bir xalqıq. Ona görə də buraya gələndə özümüzü öz məmləkətimizdə hiss edirik. Siz də Azərbaycana gələndə özünüzü elə hiss edirsiniz.

Biz dünən dahi Füzulinin 500 illiyini bərabər, çox yaxşı keçirdik. Mən bundan çox məmnunam. Bunu birinci növbədə Füzuli şəxsiyyətinə verilən qiymət hesab edirəm. İkincisi də biz bütün dünyaya bir daha nümayiş etdirdik ki, bir kökdən olan xalqlarıq, bizim ədəbiyyatımız da, mədəniyyətimiz də, adət-ənənələrimiz də - hamısı eynidir və Füzulinin 500 il bundan qabaq yaratdığı əsərlər indi də yaşayır. Dünən biz bunun şahidi olduq. Böyük bəstəkarımız Üzeyir Hacıbəyovun əsrin əvvəlində yaratdığı "Leyli və Məcnun" operasından parçalar dinlədik və yaxşı bir konsertə baxdıq. Bunlar hamısı Ankarada, Bilkənddə oldu. Bilkənddə yeni bir şəhər yaranıb, yeni bir salon yaranıb və dünən onun açılışı olub. Bunların hamısını bizim əziz dostumuz İhsan Doğramaçıoğlu yaratmışdır. Ona görə də mən onun Şərəf kitabına öz ürək sözlərimi yazdım. Bu gün öz hörmət və ehtiramımı İhsan Doğramaçıoğluna bir daha bildirirəm, dahi Füzulinin 500 illik yubiley mərasiminin təşkilindəki xidmətlərinə görə ona öz təşəkkürümü bildirirəm.

Bu gün biz əziz dostum və qardaşım Süleyman bəyi doğum günü münasibətilə təbrik edirik. O, bizim bütün heyətimizi qəbul edti, biz qəlbimizdən gələn qardaş sözlərimizi ona söylədik. Öz hədiyyəmizi verdik. Hədiyyə bir xalıdır ki, onun üzərində türk dünyasının dəyərli oğlunun portreti əks olunmuşdur.

İndi də sizin hüzurunuza gəlmişik. Bu ilin əvvəlində Böyük Millət Məclisində olmağımdan çox məmnunam. Türkiyə Böyük Millət Məclisi mənim hafizəmdə, beynimdə uşaq vaxtlarımdan həmişə əzəmətli bir qurum kimi qalmışdır. Ola bilər, o zaman güman edə bilməzdim ki, bir vaxtlar mən Böyük Millət Məclisində bütün millət vəkilləri, bütün Türkiyə qarşısında söz söyləyəcəyəm, xalqa xitab edəcəyəm. Bu imkanı siz mənə yaratdınız. Buna görə də çox məmnunam. Bu gün də qonaqpərvərliyinizə görə sizə minnətdaram.

Biz sizin vaxtınızı alırıq. Amma güman edirəm ki, bu hüç də hədər deyildir. Yəni bunlar hamısı həm Türkiyə, həm Azərbaycan üçün, həm də xalqlarımızın bu günü, gələcəyi üçün lazım olan işlərdir. Bu işləri də biz bərabər görürük. Bütün bunlara görə də mən sizə təşəkkürümü bildirirəm. Azərbaycan xalqı adından Türkiyə xalqına hörmət və ehtiramımı, sevgimi bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Türkiyə Cümhuriyyəti bundan sonra da bütün türk xalqlarına, Azərbaycan xalqına örnək olacaqdır.

"Azərbaycan" qəzeti, 3 noyabr 1994-cü il.