İsparta Universitetinin fəxri doktoru adının verilməsinə həsr edilmiş təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 28 noyabr 1999-cu il


Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan xalqının böyük dostu, əziz qardaşım hörmətli Süleyman Dəmirəl!

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti, əziz dostum, qardaşım Rauf Denktaş!

Hörmətli nazirlər!

Hörmətli rektor, professorlar, doktorlar, tələbələr, müəllimlər!

Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram və Azərbaycan xalqı adından, müstəqil Azərbaycan adından sizə ən dərin, qəlbimdən gələn hörmət və ehtiramımı bildirirəm.

Mən bu gün həyatımın çox tarixi bir gününü yaşayıram. Bilirsiniz ki, mənim həyatım həm Süleyman Dəmirəlin, həm də Rauf Denktaşın həyatından yaşca böyükdür. Onlar məndən gəncdirlər.

Bəli, mən həyatımın tarixi bir gününü yaşayıram, ona görə ki, yenidən qardaş, dost Türkiyədəyəm. Ona görə ki, Türkiyənin qədim diyarı olan İspartadayam. Ona görə ki, xalqımızın böyük dostu, mənim əziz qardaşım Süleyman Dəmirəlin vətənindəyəm. Ona görə ki, sizinlə bir yerdəyəm, bərabərəm.

Türkiyənin hər bir diyarı, hər şəhəri, hər vilayəti gözəldir. Biz Azərbaycanda Türkiyəni həmişə sevmişik, indi də sevirik. Ancaq Azərbaycan xalqı doğma türk xalqından 70 il ayrı düşmüşdü. Biz ondan əvvəl Rusiya imperatorluğunun, 1920-ci ildən isə Sovetlər Birliyinin, Sovet imperiyasının tərkibində yaşamışıq. O illər Sovetlər Birliyində heç bir xarici ölkə, xalq ilə əlaqə qurmaq mümkün deyildi.

Təbiidir ki, o vaxt azərbaycanlılar dünyanın hər yeri ilə əlaqə qurmaq arzusunda deyildilər. Türkiyə, türk xalqı isə Azərbaycan üçün əziz, doğma, qardaş, bizim kökümüz, dilimiz, dinimiz, adət-ənənələrimiz bir olduğuna görə biz həmişə çalışırdıq ki, Türkiyəni görək, Türkiyə ilə əlaqə quraq. Ancaq o illərdə bunlar mümkün deyildi. Yəni biz illərlə, on illərlə Türkiyə həsrəti ilə yaşamışıq.

Nəhayət, Sovetlər Birliyi dağıldı, Azərbaycan öz dövlət müstəqilliyini, istiqlaliyyətini əldə etdi və qısa bir zamanda, demək olar ki, bir gündə, bir ayda, bir ildə Türkiyə ilə Azərbaycan arasında elə əlaqələr yarandı ki, sanki biz 70 il bir-birimizdən ayrı olmamışıq. Biz ayrı olarkən ancaq radiodan - televiziya sonra yarandı - Türkiyədə türkcənin necə olduğunu dinləyirdik, bilirdik. Sevinirdik ki, bizim dilimiz birdir. Ancaq qovuşandan, birləşəndən sonra görürsünüz ki, biz nə qədər bir-birimizlə birik. Mən sizi yüz faiz başa düşürəm, siz isə məni bəlkə yüzdə 95 faiz başa düşürsünüz. Türkiyəyə nə qədər çox gəlsək də, nə qədər çox görüşsək də biz Türkiyədən doymuruq.

Bugünkü gün mənim üçün çox önəmlidir. Mən bununla fəxr edirəm, sevinirəm. Çünki həm İspartanı gördüm, həm xalq ilə görüşdüm, xalqın öz dövlətinə, öz prezidentinə, onun qonaqlarına və böyük öndər Mustafa Kamal Atatürkün qoyduğu yola nə qədər məhəbbətli, sədaqətli olduğunu gözlərimlə gördüm.

Bu gün burada İsparta üçün, təkcə İsparta üçün yox, bütün Türkiyə üçün çox əlamətdar hadisələr baş verdi. Burada qəlb cərrahiyyə əməliyyatı xəstəxanası, mərkəzi açıldı. Gözəl bir orta məktəb istifadəyə verildi. Çox gözəl, möhtəşəm bir mədəniyyət mərkəzi salonları ilə birgə açıldı. Nəhayət, mənim əziz dostum Süleyman Dəmirəlin adını daşıyan universitetdəyəm. Mən bu universitetin fəxri doktoru adını almağa layiq görülmüşəm.

Mən bu ilin aprel ayında Amerika Birləşmiş Ştatlarında qəlb cərrahiyyə əməliyyatı keçirmişəm. Ondan əvvəl bunun nə olduğunu bilmirdim. Bəzən insanlar "qəlb cərrahiyyə əməliyyatı" deyəndə mən fikirləşirdim ki, yəqin hər adamda yox, çox xəstə olanlarda belə əməliyyat aparılır. Amma belə deyilmiş. Mən Vaşinqtona NATO-nun yubileyinə getmişdim. Həmin yubiley tədbirləri başa çatan gün elə oldu ki, mən xəstəxanaya düşdüm və üzərimdə cərrahiyyə əməliyyatı keçirdilər. Bunu ona görə deyirəm ki, bu cərrahiyyə əməliyyatını keçirmiş bir insan kimi mən bilirəm - hörmətli Şövkət Dəmirəlin təşəbbüsü və fədakarlığı nəticəsində ən yüksək səviyyədə, müasir texnologiya ilə işləyəcək belə bir ürək cərrahiyyə əməliyyatı xəstəxanasının İspartada açılması həqiqətən böyük bir hadisədir. Mən sizə deyə bilərəm, Azərbaycan müstəqil dövlətdir, ölkəmizin 8 milyon əhalisi var, amma bizdə belə bir xəstəxana yoxdur. Ancaq olacaqdır.

Əgər Türkiyədə, onun böyük şəhərlərində saysız-hesabsız sağlamlıq mərkəzləri, xəstəxanalar varsa və bu gün İspartada belə bir xəstəxana açılırsa, görün Türkiyə qısa zamanda nə qədər böyük bir inkişaf yolu keçibdir.

Əziz dostum Süleyman Dəmirəl dünən Ankarada TEMA-nın gözəl bir toplantısını keçirdi. Bu, həddən ziyadə, çox gözəl bir işdir. Məmnunam ki, mən o toplantıda iştirak etdim, hətta orada mənə nitq söyləməyə də imkan verdilər. Mən orada gördüm ki, Türkiyədə təbiətin - torpağın, suların, ormanların qorunması üçün nə qədər böyük işlər aparılır. Bu, nə üçündür? Bunlar hamısı insanlar üçündür. Əgər dünyada, o cümlədən Türkiyədə bir tərəfdən sənaye, texnologiya inkişaf edir, torpağa kimyəvi gübrələr verilib, sənaye tullantıları çaylara, sulara axıdılıb torpağı zəhərləyirsə, o biri tərəfdən ağacları qırırlarsa, digər tərəfdən isə torpağın eroziyasının qarşısını almağa, torpağı təmizləməyə, sağlamlaşdırmağa çalışırlar, meşələri, ormanları artırırlar - nə üçün? Bunlar insanların yaşaması üçündür. Bunlar türk xalqı üçündür. Bunlar hər bir türk üçündür.

Dünən ilə bu gün bir-biri ilə üzvi surətdə bağlıdır. Türkiyənin həyatında bu iki gün sadəcə, onu göstərir ki, Türkiyənin dövləti, xalqı, iş adamları və Türkiyənin prezidenti, əziz dostum Süleyman Dəmirəl ölkənin inkişafı və xalqın rifah halının yaxşılaşması, xalqın günü-gündən sağlamlaşması üçün nə qədər böyük işlər görürlər. Mən sizi bu nailiyyətlərə görə təbrik edirəm.

Bu gün mənə fəxri doktor adı verildi. Bu, mənim üçün həqiqətən böyük şərəfdir. Mən həyatımda çox böyük mükafatlar, dövlət nişanları almışam. Ancaq noyabrın 1-də Ankarada mənə böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan Beynəlxalq Sülh Mükafatının verilməsini mən həyatımda ən yüksək hadisə hesab edirəm və bu nişanı böyük iftixar hissi ilə daşıyıram.

Mən bir çox ölkələrin universitetlərinin fəxri doktoru adını almışam. Mənə Türkiyə Cümhuriyyətinin bir neçə universitetlərinin də fəxri doktoru adı verilib. Bizim səfir mənə xəbər verdi ki, onları almışam. Həm də bildirir ki, bəziləri də var, gedib onları özüm almalıyam. Mən vaxt tapıb bunu edəcəyəm. Amma bu gün burada Süleyman Dəmirəlin adını daşıyan universitetin fəxri doktoru adını almaq mənim üçün çox böyük şərəfdir və mən bunu çox yüksək qiymətləndirirəm.

Süleyman Dəmirəlin adını daşıyan universitet qısa bir zamanda - 7 il ərzində nə qədər yüksəlib, böyüyübdür, inkişaf edibdir. Bunu təsəvvür etmək mümkün deyildir. Bilirsiniz, siz Türkiyədə öyrənmisiniz ki, çox böyük universitetlər yaranır. Bu universitetləri dövlət də, vəqflər də yaradır. Hətta bəziləri narazı olurlar ki, niyə daha çox yaradılmır. Amma görün, 7 il öncə İspartada bu qədər böyük binalara, ləvazimata, texnologiyaya, cihazlara malik olan universitet yaranıbdır. 7 il içərisində o, nə qədər yüksəlib, inkişaf edib və dünyanın böyük universitetləri ilə yarışa bilən bir universitetə çevrilibdir.

Mən fəxr edirəm ki, əziz dostum Süleyman Dəmirəlin adını daşıyan universitetin fəxri doktoruyam və ömrümün sonuna qədər bu adı iftixar hissi ilə daşıyacağam. Mən anlayıram ki, bu, mənim üzərimə vəzifələr qoyur. Bu vəzifələr təbii, ondan ibarət deyildir ki, gəlib burada sizinlə birlikdə dərs deyəcəyəm, yaxud başqa işlər görəcəyəm. Bunları siz özünüz bizdən yaxşı bilirsiniz. Vəzifə bunu Azərbaycan-Türkiyə dostluğunun rəmzi kimi qəbul edərək, bu dostluğu, qardaşlığı günü-gündən inkişaf etdirməkdən və əbədi, sarsılmaz etməkdən ibarətdir.

Eyni zamanda Azərbaycan universitetləri ilə Türkiyə universitetləri arasında əlaqələr inkişaf edir. Həm milli təhsil naziri, həm də ali təhsil idarəsinin rəhbəri bu gün burada bu barədə danışdılar. Mən bundan çox məmnunam. Hesab edirəm ki, bu əlaqələri daha da genişləndirmək lazımdır. Xüsusən, hesab edirəm ki, Bakı Dövlət Universiteti - bu universitet, onun böyük tarixi, 80 ildən çox yaxşı vardır - Süleyman Dəmirəl adına Universitet ilə birbaşa əlaqə qurmalıdır, iş birliyi aparmalıdır və onlar bir-birinə yardım etməlidirlər.

Əziz dostlar, mən noyabr ayında üçüncü dəfədir ki, Türkiyədəyəm. Əziz dostum, hörmətli Süleyman Dəmirəlin dəvəti ilə noyabrın 1-də mən buraya gəldim. Biz zəlzələ olmuş yerlərə birlikdə getdik, Kocaelidə, İzmitdə olduq, insanlarla görüşdük. Həmin insanlar üçün tikilmiş müvəqqəti evləri, çadırları gördük.

Onların dərdi, qəmi, kədəri bizim dərdimiz, qəmimiz, kədərimiz olduğu üçün mən bunları gördükcə daha da kədərləndim, üzüldüm. Ancaq eyni zamanda məmnun oldum ki, Türkiyə Cümhuriyyəti və Türkiyə hökuməti, xalqı bu böyük sınaqdan, yəni bu ağır fəlakətdən uğurla çıxmışdır və qısa zamanda, birinci növbədə insanların həyatını qurmaq, onların yaşaması üçün şərait yaratmaq işi ilə məşğuldur.

Şübhəsiz ki, dağılan binaların hamısı yenidən bərpa olunacaq, bəlkə də ondan yaxşıları tikiləcəkdir. Dünyada belə zəlzələlər olur. Türkiyədə keçmişdə də belələri olubdur. Ancaq nə qədər insan həlak olubdur. Mən bu gün fürsətdən istifadə edib, onlara Allah-Taaladan bir daha rəhmət diləyirəm və bütün Türkiyə xalqına "keçmiş olsun" deyirəm.

Dedim ki, biz Ankarada olduq və mənə Beynəlxalq Atatürk Sülh Mükafatı verildi. Sonra noyabrın 17-də yenə də Türkiyəyə gəldim, ayın 20-dək İstanbulda ATƏT-in zirvə görüşündə oldum.

Mən ATƏT-in zirvə görüşlərində əvvəllər də iştirak etmişəm. Ancaq ATƏT-in İstanbul zirvə görüşü ona görə çox önəmlidir, tarixi əhəmiyyət kəsb edir ki, o, XX əsrin sonunda keçirilən zirvə görüşüdür. Növbəti zirvə görüşü artıq XXI əsrdə olacaqdır. Bu sammit ona görə önəmlidir ki, həmin zirvə görüşündə XXI əsrə işıq saçan çox əhəmiyyətli qərarlar qəbul olundu, sənədlər imzalandı. Dövlət başçıları görüşdülər, danışdılar, bir çox məsələlər həll olundu.

Şübhəsiz ki, mən bu zirvə görüşünü çox uğurlu hesab edirəm. Ancaq eyni zamanda mən bu zirvə görüşünü Türkiyə üçün daha da çox uğurlu hesab edirəm. Türkiyə Cümhuriyyəti dünya birliyində nə qədər böyük yer tutubdur ki, belə bir beynəlxalq toplantının məhz Türkiyədə, İstanbulda keçirilməsi Türkiyəyə etibar edilibdir. Bu, Türkiyə Cümhuriyyətinin dünyada böyük hörmətini göstərir. Türkiyə Cümhuriyyəti, hökuməti, prezidenti, əziz dostum Süleyman Dəmirəl də dünyada nümayiş etdirdilər ki, Türkiyə Cümhuriyyəti bu gün bundan da gözəl, böyük dünyəvi, beynəlxalq əhəmiyyəti olan toplantılar keçirməyə və həm də uğurla keçirməyə qadirdirlər.

Təbiidir, İstanbul zirvə görüşü ərəfəsində Amerika prezidenti Bill Klintonun Türkiyəni ziyarət etməsi, Türkiyəyə çox böyük önəm verməsi və gözəl nitqlər söyləməsi, Türkiyənin dünyada tutduğu yer haqqında gözəl fikirlər deməsi məni türk xalqını sevindirən kimi sevindirir. ATƏT-in zirvə görüşünün bu qədər gözəl təşkil olunması - yəni hər bir toplantının uğuru onun təşkil edilməsindən asılıdır - şübhəsiz ki, Türkiyə Cümhuriyyətinin və bu işlə şəxsən məşğul olan hörmətli Süleyman Dəmirəlin böyük xidmətləridir. Onun bu xidmətləri hər bir dövlət başçısı tərəfindən yüksək qiymətləndirildi. Onun bu xidmətləri və Türkiyənin bu gün dünyadakı strateji yeri Amerika prezidenti Bill Klinton tərəfindən bəyan edildi. Bir dost, qardaş kimi, bunlar hamısı məndə Türkiyə üçün böyük iftixar, qürur hissi doğurur.

Bəli, mən dedim, artıq üçüncü dəfədir ki, Türkiyədəyəm. Türkiyəni ziyarət etmək mənim üçün sevindiricidir. Amma eyni zamanda, görün mən Türkiyəni nə qədər sevirəm ki, bir ay içərisində üç dəfə buraya gəlmişəm.

Azərbaycan haqqında sizin bilgiləriniz vardır. Bilirsiniz ki, Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Artıq qeyd etdim ki, biz bir kökdənik. Dostum Süleyman Dəmirəl çox gözəl bir ifadə işlətdi ki, biz bir böyük çinarın budaqlarıyıq. Həmin budaqlardan biri də Azərbaycandır.

Ancaq keçmişdə də Azərbaycanın həyatında çoxlu problemlər olubdur, müstəqillik, istiqlaliyyət əldə edəndən sonra da onun həyatı çox çətindir. Bizim üçün ən ağır problem Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüzüdür. Bu hərbi təcavüz 1988-ci ildə başlanıbdır. O vaxt Azərbaycan da, Ermənistan da hələ Sovetlər Birliyinin tərkibində idi. Bu təcavüz nəticəsində müəyyən səbəblərə görə Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin, torpaqlarının 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlılar - sizin qardaşlarınız, bacılarınız yeddi ildir ki, öz yerindən-yurdundan qovulub, zorla çıxarılıb və çadırlarda ağır şəraitdə yaşayırlar.

Universitetin rektoru mənim tərcümeyi-halım haqqında məlumat verəndə dedi. Bəli, Ermənistan-Azərbaycan münaqişəsi başlanandan Azərbaycanda sabitlik olmayıbdır. Xüsusən, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlamışdı. Azərbaycan dağılmaq ərəfəsində idi. Ancaq biz 1993-cü ildən başlayaraq bütün bunların qarşısını aldıq. Ölkəmizdə bir neçə dəfə dövlət çevrilişinə cəhd göstərmək istədilər, biz bunların da qarşısını aldıq.

İndi Azərbaycan sabitdir. Ölkəmizdə istiqrar təmin olunubdur. Azərbaycan yaşayır, inkişaf edir. Onun yaşamasının, inkişaf etməsinin səbəblərindən də biri odur ki, biz 1994-cü ildə müharibədə atəşi dayandırdıq. Yəni atəşkəs haqqında Ermənistanla saziş imzaladıq. Biz o vaxtdan indiyədək məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq.

Bildirmək istəyirəm ki, bütün bu illərdə Türkiyə Azərbaycanla birgə olubdur. Azərbaycanın müstəqilliyi, istiqlaliyyətini dünyada tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti olubdur. Ermənistanı Azərbaycana hərbi təcavüz etmiş dövlət kimi dünyaya bəyan edən Türkiyədir.

ATƏT-in Minsk qrupunun üzvü olan bir ölkə kimi Türkiyə - təkcə buna görə yox, bizimlə qardaşlıq əlaqələri olduğuna görə - Azərbaycana daim yardım edir və məsələnin sülh yolu ilə həll edilməsi sahəsində nə qədər biz çalışırıqsa, o qədər də Türkiyə Cümhuriyyəti və xüsusən, əziz dostum Süleyman Dəmirəl çalışır.

Bilirsiniz, bəzən mənə elə gəlir ki, hörmətli dostum Süleyman Dəmirəl Azərbaycanı ölkəmizdə yüksək vəzifələrdə çalışan bəzi adamlardan daha da yaxşı tanıyır. Çünki o, bizim işlərimizlə maraqlanır, soruşur, məlumat alır və tövsiyələr verir. Bütün bunlara görə xalqımız Türkiyə Cümhuriyyətinə və əziz dostum prezident Süleyman Dəmirələ, Türkiyə hökumətinə minnətdardır.

Mən ümid edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə həll olunacaqdır. Biz yenidən müharibə etmək istəmirik. Biz müharibə, savaş tərəfdarı deyilik. Biz sülh tərəfdarıyıq. Təsadüfi deyil ki, mənə Beynəlxalq Atatürk Sülh Mükafatı verilibdir. Mən bundan sonra heç vaxt müharibə edə bilmərəm. Ancaq biz torpaqlarımızın ermənilərin əlində qalmasına da imkan verə bilmərik. Biz Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə çalışırıq və bunu edəcəyik, işğal olunmuş torpaqlardan didərgin düşmüş azərbaycanlıları öz yerlərinə-yurdlarına qaytaracağıq. Bu torpaqlar Ermənistan silahlı qüvvələrindən azad olunacaq və Azərbaycan bir müstəqil dövlət kimi daha sürətlə inkişaf edəcəkdir.

ATƏT-in İstanbul zirvə görüşü zamanı tarixi bir hadisə baş verdi. O da sizə məlum olan Bakı-Ceyhan əsas ixrac boru kəməri haqqında sazişin imzalanmasıdır. Bu, tarixi bir hadisədir. Çünki Türkiyənin, Azərbaycanın dostları və bu məsələdə bizə ötən beş ildə dəstək verənlər sevinirlər. Ancaq onun əleyhinə olanlar, onu istəməyənlər, Türkiyəni, Azərbaycanı istəməyənlər çox narahatdırlar, rahatsızdırlar. Ona görə də dünyanın müxtəlif ölkələrində indi cürbəcür yazılar yazılır. Biri deyir ki, bu, uğursuz olacaqdır. O birisi deyir, Xəzərdə o qədər neft yoxdur ki, belə bir bahalı boru xətti çəkilsin. Digəri deyir ki, buna imkan verilməyəcəkdir.

Bu yazılar, danışıqlar indi çox dolaşır. Amma biz bu layihənin əsasını 1994-cü ildə qoyduq. 1994-cü ildə Azərbaycan cəmisi üç il müstəqil dövlət olduğu zaman biz cəsarətli bir addım atdıq. Biz burada da Türkiyə ilə əməkdaşlıq edirdik, iş birliyi qururduq. O da ondan ibarət idi ki, 9 ölkədən dünyanın 11 böyük neft şirkətini Azərbaycana dəvət etdik, Azərbaycanın Xəzər dənizində olan zəngin yataqlarının müştərək işlənməsi haqqında böyük bir müqavilə imzaladıq. Bu müqavilə bütün dünyaya səs saldı, onun adına "Əsrin müqaviləsi" dedilər. Biz bununla Xəzər dənizinin böyük neft və qaz sərvətlərindən bütün dünya birliyi üçün istifadə olunmasının təməlini, əsasını qoyduq. Biz bununla Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin əsasını qoyduq. Həmin müqavilədə Türkiyənin hissəsi vardır. Sonrakı müqavilələrdə də Türkiyənin hissəsi vardır.

Biz bu müqaviləni imzalayandan sonra neft haradan haraya gedəcəkdir? Şərqə, Şimala, Qərbə - haraya gedəcək? Hərə bir tərəfə çəkirdi. Ancaq biz Azərbaycan olaraq birinci gündən qərar qəbul etdik. Mən iftixar hissi ilə deyirəm ki, mən bu işi birinci gündən əziz dostum Süleyman Dəmirəllə birlikdə sona qədər apardım ki, bu, Bakı-Ceyhan boru xətti olmalıdır, bu, mütləq Türkiyəyə getməlidir. Bunun üzərində 5 il çalışandan sonra ona nail olduq. ATƏT-in zirvə görüşü zamanı bu sazişin yüksək səviyyədə məhz Türkiyədə, İstanbulda, "Çırağan sarayı"nda Amerika prezidenti Bill Klintonun iştirakı ilə imzalanması və onun altında Amerika prezidentinin imzasının olması da bunu uğurlu, uzunmüddətli etdi. Bu, bizim - Türkiyənin, Azərbaycanın böyük qələbəsidir. Mən bu qələbə münasibətilə sizi təbrik edirəm.

Əziz dostum Süleyman Dəmirəl bu gün çox gözəl bir nitq söylədi. O, dünən də çox gözəl nitq söylədi. Hörmətli Süleyman Dəmirəl qısa bir zamanda Türkiyənin inkişafını, yüksəlməsini sadəcə sözlə yox, rəqəmlərlə, faktlarla bir daha çatdırdı. Baxmayaraq ki, Türkiyə bunu bilir, amma insan elədir ki, gərək onu daim insanın beyninə doldurasan. Çünki bunlar bəzilərinin beynindən çıxır.

Əziz dostum Süleyman Dəmirəl gözəl bir nitq söylədi. Onun nitqinin bir hissəsi də odur ki, bəli, Adriatik dənizindən Çin səddinə qədər türkdilli dövlətlər dünyası var və gələcəkdə də olacaqdır. Mən də onu deyirəm ki, bu, pantürkizm, panislamizm deyildir. Amma bu odur ki, bir kökdən, bir mədəniyyətdən, bir dindən, bir adət-ənənədən olmuş bu xalqlar bir-biri ilə daha da yaxınlaşmalıdırlar.

Məhz bu məqsədlə hörmətli Süleyman Dəmirəlin təşəbbüsü ilə 1992-ci ildə yenicə müstəqillik, istiqlaliyyət qazanmış türkdilli ölkələrin dövlət başçılarının İstanbulda toplantısı keçirilibdir. Burada bu təşkilatın əsası qoyulubdur. Bu təşkilat artıq 7 ildir ki, yaşayır. Biz ildə bir dəfə bu toplantıları türkdilli cümhuriyyətlərdə keçiririk. Mədəniyyət, iqtisadiyyat, başqa bütün sahələrdə əməkdaşlığımızı edirik və tarixi bir daha təhlil edirik. Müştərək tarixi abidələrimizi yada salır və onların yubileylərini keçiririk. Bu, çox böyük əhəmiyyətə malikdir.

Bəli, bu, türk dünyasının inkişafının təməli kimi bir şeydir. Amma bu, heç də asan deyildir. Çünki onu da qısqananlar və onun əleyhinə olanlar vardır. Amma bu birliyin yaranmasında və bu birliyin 7 ildən bəri yaşamasında Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostum və türk dünyasının lideri Süleyman Dəmirəlin xüsusi xidmətləri vardır.

Bəlkə də siz bunları bilmirsiniz, amma bilməlisiniz. Biz, türkdilli ölkələrin dövlət başçıları, prezidentləri həmişə görüşürük, danışırıq. Bizim üçün Süleyman Dəmirəl - Azərbaycanda ağsaqqal deyirlər, siz baba deyirsiniz. O, babadan da babadır, mən ona babadan da yüksək ad arayıram. Ola bilər ki, həmin dövlətlər arasında hansısa bir məsələ bir-birinə xoş gəlməsin. Amma hörmətli Süleyman Dəmirəl olan yerdə türkdilli ölkələrin dövlət başçılarının hamısı onun ətrafındadır, onların hamısı onunla birdir. Əziz dostum Süleyman Dəmirəl Türkiyə Cümhuriyyətinin ağırlığını öz çiynində daşıyır və daşıyacaqdır.

Mən çox məmnunam ki, indi Türkiyə Cümhuriyyətinin Süleyman Dəmirəl kimi dünyada tanınmış lideri vardır. Hörmətli Süleyman Dəmirəl 50 ildən çoxdur ki, dövlət, siyasət işi ilə məşğul olur və uğurla məşğul olur. ATƏT-in İstanbul zirvə görüşündə bir fikir də qeyd edildi. Deyəsən, bunu Bill Klinton dedi. O dedi ki, 25 il bundan öncə Helsinkidə ATƏT-in əsası qoyulubdur, orada Helsinki yekun aktı qəbul edilibdir. 35 dövlət həmin sənədə imza atıbdır. Orada Türkiyədən Süleyman Dəmirəlin imzası vardır. O sənədə imza atanlardan - bəziləri bu gün həyatda, bəziləri də dünya siyasətində yoxdur - dünya siyasətində olan yeganə şəxs Süleyman Dəmirəldir. Mən bunu bilirdim. Amma mən bunu Bill Klintondan eşidəndə nə qədər sevindim.

Bir məsələni də demək istəyirəm. O vaxt biz Sovetlər Birliyinin tərkibində idik. 1975-ci ildə bunu televiziya vasitəsilə göstərirdilər. Orada Süleyman Dəmirəlin yanında Sovetlər Birliyi kimi böyük bir dövlətin başçısı Brejnev oturmuşdu. Süleyman Dəmirəlin o biri yanında isə o vaxt çox məhur olan adam, Broz Tito oturmuşdu. O vaxt mən Süleyman Dəmirələ baxırdım. Çünki bunların da kim olduğu əhəmiyyətlidir, amma arayırdım ki, Türkiyə, Süleyman Dəmirəl haradadır. Mən televiziya vasitəsilə ona baxanda sevinirdim ki, Türkiyənin nümayəndəsi, o vaxtkı baş naziri həmin 35 dövlətin başçıları ilə oturub birlikdə həmin o ATƏT Təşkilatının əsasnaməsini, qərarlarını imzalayırdı. Nə qədər böyük xoşbəxtlikdir ki, bu adam bu gün də yaşayır və Türkiyəyə liderlik edir. Əminəm ki, bundan sonra da hələ çox illər liderlik edəcəkdir.

Əziz dostlarım, ona görə də Süleyman Dəmirəli qoruyun, - gözünüz, canınız kimi qoruyun. Çünki o, sizə, Türkiyə Cümhuriyyətinə, türk dünyasına lazımdır.

Əziz dostlar, bu gün biz səhərdən indiyədək çalışırıq. Bəlkə kimsə yorulub, amma mən yorulmamışam. Çünki mən bu qədər gözəl qonaqpərvərlik, dostpərvərlik, mehribanlıq görürəm və o qədər gözəl hadisələr baş verir ki, mən yorulmamışam. Əgər hörmətli Süleyman Dəmirəlin hələ bir proqramı olsa, bundan sonra 12 saat da çalışa bilərik.

Mənə göstərilən qonaqpərvərliyə, dostluq, qardaşlıq münasibətinə görə sizə bir daha təşəkkür edirəm. Bir daha bəyan edirəm ki, Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir. Mən əmin olduğumu bildirirəm ki, Türkiyə Cümhuriyyəti böyük öndər Mustafa Kamal Atatürkün yolu ilə əbədi olaraq gedəcəkdir. Türk xalqı nə qədər ki, bu yolla gedəcək, o qədər də uğurlar əldə edəcəkdir.

Yaşasın qəhrəman türk xalqı!

Yaşasın Atatürk Türkiyə Cümhuriyyəti!

Yaşasın əbədi, sarsılmaz Türkiyə-Azərbaycan dostluğu!