Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə dövlət komissiyasının iclasında Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü. 9 fevral 1999-cu il


Hörmətli xanımlar və cənablar!

Naxçıvan Muxtar Respublikasının yaranmasının 75-ci ildönümü münasibətilə mən fərman imzalamışam. Bu fərmanla da muxtar respublikanın 75-ci ildönümü yubileyini hazırlamaq və keçirmək üçün dövlət komissiyası yaranıbdır. Biz bu gün dövlət komissiyasının birinci iclasına toplaşmışıq.

Naxçıvan Azərbaycanın qədim diyarıdır, ayrılmaz bir hissəsidir. Ancaq bu əsrin 20-ci illərinin əvvəlində Azərbaycanın və Azərbaycanla qonşu olan ölkələrin sərhədləri müəyyən edilərkən Azərbaycana qarşı bir çox ədalətsizliklər olubdur. Bu qədim Azərbaycan torpaqlarının bir qismi Azərbaycanın təyin edilmiş, müəyyən olunmuş sərhədlərindən kənarda qalıbdır və xüsusən qonşu Ermənistana verilibdir.

Biz hələ 1918-1919-cu illərdə Xalq Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyskinin məktubu ilə İrəvan xanlığının, İrəvanın Ermənistana verilməsini görürük. Sovet hakimiyyəti qurulduqdan sonra bu proses davam edibdir. Bunun nəticəsində, o cümlədən Zəngəzur mahalı Ermənistana verilibdir. Baxmayaraq ki, bu, qədim Azərbaycan torpağıdır. Bu da Azərbaycanın əsas ərazisi ilə Naxçıvanın ərazisini bir-birindən ərazicə ayırıbdır.

Ancaq eyni zamanda, o dövrdə Azərbaycanın mənafeyini qoruyanlar çox olublar, onlar çox mübarizə aparıblar. Bunların nəticəsində beynəlxalq müqavilələr - Moskva və Qars müqavilələri ilə Naxçıvan Azərbaycanın tərkibində, Azərbayacnın ayrılmaz bir hissəsi kimi təsdiq edilibdir. Ona görə də 1924-cü ildə Naxçıvan Muxtar Respublikası yaranıbdır.

75 il ərzində Naxçıvana, Azərbaycanın başqa torpaqlarına yenə də qəsdlər olubdur. Ancaq bunların hamısına baxmayaraq, Naxçıvan ərazicə Azərbaycanın əsas hissəsindən indi Ermənistana məxsus olan ərazi ilə ayrı düşsə də, Naxçıvan yaşayıb, inkişaf edibdir. Nəhayət, indi müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikasının o tarixi şəraitdə yaranması, şübhəsiz ki, Azərbaycan üçün, xalqımız üçün tarixi bir hadisədir. Biz bunu qiymətləndirməliyik. Çünki Azərbaycanın torpaqlarına, xüsusən Ermənistan tərəfindən iddia həmin bu 75 il içərisində azalmayıbdır. O cümlədən Naxçıvan da Ermənistanın həmin bu iddiası içində olubdur. Ancaq Naxçıvan Muxtar Respublikasının yaranması və Azərbaycanın öz ərazisini qorumaq sahəsində qətiyyətli mövqe tutması bütün bu iddiaları - şübhəsiz ki, əsassız iddiaları - rədd edibdir. Naxçıvan Muxtar Respublikası artıq 75 ildir ki, yaşayır və mən inanıram ki, bundan sonra da yaşayacaqdır.

Bütün bunlara görə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi böyük siyasi, beynəlxalq xarakter daşıyır. Bunlara görə də mən Naxçıvan Muxtar Respublikasının 75-ci ildönümünün qeyd olunması ilə əlaqədar geniş bir fərman imzalamışam. Fərman mətbuatda dərc olunubdur, siz onun məzmunu ilə tanışsınız. Siz görürsünüz ki, Naxçıvanın tarixi sxematik olaraq bu fərmanda öz əksini tapıbdır. Ancaq güman edirəm ki, biz Naxçıvanın 75 illik yubileyi münasibətilə geniş tədbirlər həyata keçirməliyik. Bu tədbirlərin həyata keçirilməsi zamanı Naxçıvanın qədim və son əsrlərdəki tarixi daha da geniş təhlil olunmalıdır, yazılmalıdır. Azərbaycana torpaq iddiası ilə yaşayanlara qətiyyətli cavab verilməlidir. Bunun əhəmiyyəti bir də ondan ibarətdir ki, biz Naxçıvan Muxtar Respublikasının 75 illiyini artıq Azərbaycanın müstəqilliyi dövründə keçiririk.

Naxçıvan Muxtar Respublikasının yaranmasının yubileyləri olubdur. Xatirimdədir ki, onun 25 illik, sonra 40, 50 illik yubileylərinin çoxunda vaxtilə iştirak etmişəm. Ancaq indi müstəqil Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yubileyini keçirməsi heç də bir təntənə, şənlik məqsədi daşımır. Bu, böyük bir siyasi məqsəd daşıyıq. Bir də ona görə ki, biz artıq müstəqil dövlət olaraq tariximizi düzgün, doğru, kənar təzyiqlərdən azad şəkildə özümüz müəyyən edirik və bu halda da müəyyən edirik, edəcəyik. Həm bu gün üçün, həm də gələcək nəsillər üçün Azərbaycanın tarixinin bir hissəsini bu müddətdə yaradıb həm öz ictimaiyyətimizə, həm dünya ictimaiyyətinə nümayiş etdirəcəyik, yenə deyirəm, həm də ki, gələcək nəsillər üçün bir əsas yaradacağıq. Bu yubileyin keçirilməsinin əsas məqsədi bundan ibarətdir.

Komissiyanın bugünkü iclasına yubiley tədbirlərinin həyata keçməsi ilə əlaqədar plan layihəsi təqdim edilibdir. Həmin layihə bu gün komissiyanın üzvlərinə verilibdir, yəqin siz onunla tanış olmusunuz. Ona görə də bu planın müzakirəsi, ümumiyyətlə, bu hadisə ilə əlaqədar imzalanmış fərmanın müddəalarının müzakirəsi ilə biz bundan sonra işimizin daha da düzgün qurulmasını təmin edə bilərik.

İndi isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova söz verirəm.

Yekun nitqi

Müzakirə bir daha onu göstərdi ki, Naxçıvan Muxtar Respublikasının 75-ci ildönümünün qeyd olunması ilə əlaqədar qəbul etdiyimiz fərman çox əsaslıdır və tədbirlərin həyata keçirilməsi də çox zəruridir. Onu da demək istəyirəm ki, burada məqsəd hansısa təntənəli mərasim keçirib onu qeyd etməkdən ibarət deyildir.

Naxçıvanın yaranmasının keçmişdə, o vaxtkı sovet hakimiyyəti dövründə 25, 40, 50, 60 illiyini qeyd edərkən əsas bu yubiley şənlikləri nəzərdə tutulur, Naxçıvanın muxtariyyəti yaranandan sonrakı dövrü təhlil olunurdu. Amma indi qaldırılan bu məsələlər o zaman heç vaxt təhlil olunmamışdı və bu məsələlərə demək olar ki, çox səthi yanaşılmışdı. Bunun da səbəbləri vardı. Çünki o zamanlar adətən yubileylər sovet hakimiyyəti qurulandan sonrakı dövrü əhatə edirdi. Amma qədim dövr, yaxud da XVIII, XIX əsrlər səthi olaraq göstərilirdi. Ona görə də mən komissiyanın bugünkü iclasının əvvəlində dedim ki, bu yubileyin keçirilməsi keçmişlərdən tam fərqlidir.

Bir daha qeyd edirəm ki, məqsəd sadəcə bir mərasim keçirməkdən ibarət deyil, məqsəd Azərbaycanın tərkib hissəsi, ayrılmaz hissəsi olan Naxçıvanın tarixini təhlil etmək və bunu geniş kütləyə, o cümlədən beynəlxalq aləmə təqdim etməkdən ibarətdir. Bunun da zərurəti ondan irəli gəlir ki, Azərbaycanın başqa torpaqlarına iddialarla yanaşı, Naxçıvana qarşı iddia daha da kəskindir. Naxçıvanın Ermənistan ərazisi ilə Azərbaycanın əsas hissəsindən ayrı düşməsi də buna müəyyən qədər əsas yaradır.

Güman edirəm ki, bugünkü müzakirə bizim gələcək işlərimiz üçün yeni təkliflər meydana çıxardı. Ona görə də bu təkliflərin hamısına baxılmalıdır, iş planına əlavə olunmalıdır və bütün bu işlər bu ilin içərisində görülməlidir. Biz gərək bunun üçün Naxçıvanın 75 illik yubileyini nə vaxt keçirəcəyimizi müəyyən edək. Çünki biz burada vaxt məsafəsini müəyyən etdik. Düşünürəm ki, əgər bunu sentyabr ayında etsək və sentyabr ayına qədər olan dövrdən səmərəli istifadə etsək, çox iş görə bilərik.

Ancaq eyni zamanda, mənim fikrim belədir ki, indi bizim işimizin əsası, planı yaradılmalıdır. Bu işlər təkcə 9 ay müddətində görülən işlər olmamalıdır. Burada bir neçə il üçün uzunmüddətli bir proqram müəyyən edilməlidir. Bizim komissiya üzvləri qəbul etsələr, o işləri ki, sentyabr ayına qədər görəcəyik - bu da çox intensiv görülməlidir - onlar bir bölmədə olmalıdır. Ancaq yenə də deyirəm, biz ümumiyyətlə, bu işin təməlini qoyuruq və gələcək bir çox illər üçün proqram düzəltməliyik, yaratmalıyıq. Naxçıvanın tarixi bu proqram əsasında öyrənilməli və yazılmalıdır. Bu barədə əsərlər yaradılmalıdır, başqa işlər görülməlidir. Mən belə düşünürəm.

Təəssüf ki, biz Naxçıvana aid iki mənfi meyllə rastlaşırıq. Birincisi, Ermənistanın Azərbaycana qarşı torpaq iddiası və xüsusən Naxçıvana qarşı son vaxtlar güclənmiş torpaq iddiası. Bu, məlumdur. Bizim alimlərimiz də burada dedilər ki, bir çox erməni alimləri, - indi təkcə alimləri deyil, adi insanlar da, siyasətçilər də, - Azərbaycan torpaqlarının çoxunun guya Ermənistana məxsus olduğunu sübut etməyə çalışırlar. Bu baxımdan onlar 1988-ci ildən başlayaraq Dağlıq Qarabağın Ermənistan torpağı olması məsələsini kəskin qoydular və müharibə, münaqişə başlandı, biz böyük faciələrlə rastlaşdıq. İndi isə, görünür ki, onlar yeni bir hücuma, Naxçıvana qarşı hücuma başlayırlar.

Biz bunların hamısına lazımi cavab verməliyik, bütün bu iddiaların əsassız, uydurma olduğunu beynəlxalq aləmdə sübut etməliyik. Bunun üçün də əsaslı sənədlər, fundamental elmi, populyar əsərlər yaranmalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü nəinki yaşadığımız indiki illərdə, gələcək nəsillər üçün də qoruyub saxlamaq üçün çox güclü konsepsiya, əsas yaratmalıyıq. Elə bir əsas yaratmalıyıq ki, heç bir qüvvə heç bir zaman bundan sonra Azərbaycan torpaqlarının hansısa bir hissəsini ələ keçirə bilməsin.

Mahmud İsmayılov burada çox geniş çıxış etdi ki, indi Ermənistan yerləşən ərazi də Azərbaycan torpağıdır. Bəli, mənim imzaladığım fərmanda bu göstərilibdir. İrəvan xanlığının tarixi məlumdur. Siz o rəqəmləri düzgün dediniz. Ancaq mən eyni zamanda, sizin çıxışınıza bir əlavə də etmək istəyirəm ki, Zaqafqaziya statistikasının məlumatına görə, 1918-1919-cu illərdə həmin İrəvan şəhərində azərbaycanlılar 50 faizdən çox olmuşdur. Mənim dediyim bu rəqəm 1918-1919-cu illərə aiddir.

Mahmud İsmayılov: Cənab prezident, XIX əsrin sonunda bundan da çox olubdur.

Heydər Əliyev: Sən XIX əsrin sonunu deyirsən, mən isə 1919-cu ili deyirəm. Statistika var.

Mahmud İsmayılov: Cənab prezident. Siz düz deyirsiniz, 1919-cu ildə belə olubdur.

Heydər Əliyev: Yaxşı, gəlin bu rəqəmlər barədə mübahisə etməyək. Hər halda hamımız eyni fikirdəyik. Bu da həqiqətdir. Siz tarixçilər bunları ardıcıl surətdə sübut etməlisiniz. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indi Ermənistan yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim ardıcıl surətdə sübut etsin. Biz bunu etməlyik. Biz gələcək nəsillər üçün bir yol açmalıyıq.

Biz bununla heç vaxt razılaşa bilmərik. Tarix böyükdür. Bir əsrdə olan hadisələr də sonrakı əsrdə dəyişilə bilir. Biz sadəcə, bu həqiqətləri əks etdirməliyik. Ancaq nə vaxt, nə mümkün olacaq, - bunu tarix göstərəcəkdir. Bizim indi ilkin vəzifəmiz Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi zaman beynəlxalq təşkilatların qəbul etdiyi sərhədlər içərisində Azərbaycan torpaqlarını qoruyub saxlamaqdan ibarətdir. Biz məhz bu tarixi torpaqlarımızın bizə mənsub olmasını daim sübut etməliyik. Bu, bizim geniş miqyasda işimizdir.

Ancaq bununla yanaşı, əsas vəzifəmiz müstəqil Azərbaycanın sərhədləri içərisində olan torpaqlarımızı, ərazimizi qoruyub saxlamaqdır. Bax, bu da Naxçıvan Muxtar Respublikası ilə əlaqədar bizim fikirlərimizin bir tərkib hissəsidir.

Vasif Talıbov burada qeyd etdi, - təəssüflər olsun ki, bizim daxilimizdə də müxalifətə mənsub olan, "Naxçıvana muxtariyyət verilməməlidir", "muxtariyyət ləğv olunmalıdır" fikirləri söyləyən bəzi şəxslər, yaxud Naxçıvanın konstitusiyasının qəbul olunmasına mənfi münasibət göstərənlər istər-istəməz, Azərbaycana düşmən mövqeyində duran ermənilərin həmin iddialarına kömək edirlər. Mən təəssüf edirəm.

Mən ilk dəfə bununla 1992-ci ildə Naxçıvanda işləyərkən rastlaşdım. O vaxta qədər mən təsəvvür edə bilməzdim ki, hansısa bir azərbaycanlı Naxçıvanın muxtariyyətinə müxalif çıxsın. Mən bunu təsəvvür edə bilməzdim. Siz bilirsiniz ki, mən 1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. Ondan əvvəl də 25-26 il dövlət təhlükəsizliyi idarəsində işləyərək Azərbaycanın tarixi, həyatı, keçmişi, varlığı ilə həmişə məşğul olmuşam. Mən belə bir insana rast gəlməmişəm desin ki, "Naxçıvan Muxtar Respublikasının muxtariyyəti Azərbaycana lazım deyildir". Bu, əcaib bir haldır. Ancaq nə edək, yerindən yenicə qalxmış, - Azərbaycanda deyirlər ki, hələ ağzının südü qurumamış, - həyatda heç bir iş görməmiş, universitetdən, yaxud hansısa bir təhsil müəssisəsindən diplom alıb-almayıb yenicə çıxmış bir gənc durub Azərbaycanın taleyi ilə oynayır.

Mən bunu 1992-ci ildə gördüm. O vaxt Xalq Cəbhəsinin həmin nümayəndələri Bakıdan gəlmişdilər, özü də Naxçıvanda doğulmuş adamlar idilər. Onlar Naxçıvan Muxtar Respublikasının Ali Məclisində çıxış etdilər ki, "Naxçıvanın muxtariyyəti ləğv olunmalıdır". Əlbəttə ki, onda mən də təəccüb etdim, Ali Məclisin deputatları da çox təəccüb etdilər və onlara cavab verdilər. Ancaq indi isə, görürsünüz, nələr edirlər? Onlar nə məqsəd daşıyırlar? Bununla nəyə nail olurlar? Azərbaycan dövlətinin unitar xarakteri olduğunu guya saxlamaq istəyirlər. Bunun üçün Naxçıvanın muxtariyyətini ləğv etmək lazım deyildir. Naxçıvanın ərazisinin hamısını qoruyub saxlamaq lazımdır.

Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt Azərbaycanın milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm.

Doğrudur, o vaxt Rusiyanın - həm sovet hakimiyyətinin, həm də sovet ittifaqı tərkibində olan ermənilərin Azərbaycana qarşı təzyiqi çox böyük idi. İndi bu gün danışmaq olar ki, o qərar nə üçün belə qəbul olundu, elə qəbul edilməməli idi. Əlbəttə ki, həmin vaxtdan 70 il keçəndən sonra, heç bir işlə məşğul olmayan adamlar çayxanada oturub, ya da küçədə, meydanda, yaxud da elmi idarədə mülahizə söyləyə bilərlər. Amma bunlar hamısı reallıqdan, həqiqətdən uzaqdır. Reallıq ondan ibarətdir ki, bəli, 1918-1919-cu illərdə, 1920-ci ilin əvvəllərində Azərbaycanın bir ölkə kimi saxlanması uğrunda kəskin mübarizə gedirdi. Ermənilər Azərbaycanın torpaqlarına iddia edirdilər, həm Zaqafqaziya təşkilatında, həm də Sovetlər İttifaqının kommunist rəhbərliyində erməniləri dəstəkləyirdilər. Çünki orada da, burada da ermənilər otururdu. İndi görünür ki, çoxları erməni olmasalar da, nə qədər ermənipərəstdirlər. Hər halda onlar ermənilərə daha çox meyl göstərirlər, nəinki azərbaycanlılara. Bunun da səbəbi, kökü, əsası vardır.

Məsələn, "Böyük sovet ensiklopediyası"nda Ermənistanla əlaqədar olan məlumatı, yazını bu günlər bir daha gördüm. Həmin yazıdan görünür ki, XIX əsrin əvvəllərində Rusiya-Iran və Rusiya-Türkiyə müharibələrindən sonra, Azərbaycanın böyük bir hissəsi, o cümlədən Qərbi Azərbaycan, Gürcüstan, bütün Cənubi Qafqaz Rusiya imperiyasının tərkibinə daxil olandan sonra indiki Ermənistanın bir hissəsində Ermənistan vilayəti yaradılıbdır. Bütün bunlar 1970-ci ildə buraxılan "Böyük Sovet ensiklopediyası"nda yazılmışdır. Orada yazılır ki, rus çarı Ermənistan vilayətinin yaranması qərarını ona görə veribdir ki, Rusiya həm İranla, həm də Türkiyə ilə müharibə apararkən ermənilər daim ruslara kömək etmişlər. Onların bu köməyinə görə Rusiya imperatoru həmin o torpaqlarda Ermənistan vilayətinin yaranması qərarını çıxarmışdır. Bu, "böyük sovet ensiklopediyası"nda yazılmışdır.

Yəni onu demək istəyirəm ki, həm çar Rusiyasının, həm sovet hakimiyyətinin ermənilərə daha da kömək etməsinin dərin kökləri vardır. Xristian mənsubiyyəti ilə əlaqədar bu da böyük rol oynayır. Bunu nəzərə alaraq, təsəvvür edin - həmin o illər, xüsusən sovet hakimiyyəti qurulandan sonra Cənubi Qafqazda sərhədləri müəyyən etməyə başladılar, - o vaxt Azərbaycanın milli mənafeyini qoruyanlar nə qədər gərgin iş görmüşlər!

Məsələn, Dağlıq Qarabağa vilayət statusu verilməsi gərgin bir şəraitdə keçibdir. Ermənilər 1988-ci ildə Dağlıq Qarabağa iddia etməyə başlayanda Stalini, Orconikidzeni və başqalarını günahlandırırdılar ki, guya azərbaycanlıların təsiri nəticəsində onlar Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxladılar. Biz isə hesab edirik ki, Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycanın əleyhinə olan bir qərar idi. Ancaq belə bir qərar meydana çıxdı. İndi Azərbaycanın o vaxtkı rəhbərlərindən kimisə günahlandırsaq, biz ədalətsiz olarıq. Tarixi bilənlər, tarixlə sənədlər əsasında tanış olanlar yaxşı bilirlər ki, Nərimanov və başqaları o vaxt nə qədər kəskin mübarizə aparmışlar. Ancaq sadəcə, ona nail ola bilmişlər ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalsın. Hətta məlumdur, tarixçilər yaxşı bilirlər ki, Moskvada, Tbilisidə, Zaqafqaziya Federasiyasında Dağlıq Qarabağın Ermənistana verilməsi barədə məsələ qoyulanda Nəriman Nərimanov ciddi bir bəyanat vermişdi və kəskin demişdi ki, onda biz Rusiyaya neft verilməsini dayandıracağıq. Belə bir qərar qəbul olunmuşdu. Məhz bu kəskin mübarizənin nəticəsində nəhayət, belə bir qərar qəbul olunmuşdu.

Bu fikri davam etdirərək, Naxçıvan haqqında deyirəm. Bəli, o vaxt ermənilər Naxçıvana iddia edirdilər, Naxçıvanı öz torpaqları kimi hesab edirdilər və Naxçıvanı Ermənistanın tərkibinə daxil etmək istəyirdilər. Burada da müəyyən tarixi nöqtələrdən istifadə edirdilər. Çünki çar Rusiyası Cənubi Qafqazı ələ keçirəndən sonra, Azərbaycana məxsus olan Naxçıvan xanlığı və İrəvan xanlığı 1848-1849-cu illərdə ləğv edilmişdi, İrəvan quberniyası yaranmışdı. Naxçıvan qəzası da quberniyanın içində idi. Bu, XIX əsrdə olan işdir. Onlar bundan istifadə edərək Naxçıvanı Ermənistana qatmaq cəhdləri göstərirdilər. O vaxt kəskin bir mübarizə gedirdi. Bu mübarizənin nəticəsində Azərbaycanın o vaxtkı hökuməti çox ciddi mövqe göstərərək həmin Qars müqaviləsində Naxçıvanın statusunu müəyyən etmiş və Naxçıvana muxtariyyət verilməsi haqqında qərar qəbul edilmişdir.

Bəli, o vaxt o insanlar çox milli qürurlu insanlar olublar. İndi bəziləri onların hamısının kommunist, bolşevik kimi, necə deyərlər, üzərindən qara xətt çəkirlər. Bu, ədalətsizlikdir. Mən buna həmişə etiraz etmişəm, bu gün də etiraz edirəm. Hansı partiyaya, hansı siyasi qüvvəyə mənsubluğundan asılı olmayaraq kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalıdırlar və tariximizə daxil olmalıdırlar. O vaxt Naxçıvanın muxtariyyəti belə bir gərgin şəraitdə əldə edilibdir. Qars müqaviləsinin altında Azərbaycanın xarici işlər naziri Behbud Şahtaxtinskinin imzası vardır.

İndi görürsünüz, tarixi nöqteyi-nəzərdən çox ağır, çətin, gərgin bir dövrdə Azərbaycan torpaqlarını qoruyub saxlamaq, Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvanı Azərbaycanın ayrılmaz bir hissəsi kimi saxlamaq üçün böyük nailiyyət əldə edilmiş, Naxçıvana muxtariyyət verilmişdir. Amma bu gün xalq, millət, dövlət qarşısında heç bir xidməti, heç bir səriştəsi olmayan cılız insanlar durub Naxçıvanın muxtariyyətinin əleyhinə çıxırlar. Hansı mənəvi haqla? Hansı hüquqla?

Onlar Azərbaycan xalqına düşmənçilik edirlər və bilsinlər, - belə insanlar heç vaxt Azərbaycanın bütövlüyünü təmin edə bilməyəcəklər. Ancaq onlar Azərbaycanda hakim olmaq iddiasındadırlar. Əgər onlar bu əhval-ruhiyyə ilə, bu fikirlərlə Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparırlarsa, xalqımızı bədbəxt edib bu insanların ixtiyarına heç vaxt vermək olmaz.

Beləliklə, bir daha deyirəm, Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi qeyd edilərkən, 1924-cü ildə əldə edilmiş o nailiyyəti daha da möhkəmləndirmək, əbədi etmək üçün bu, sənədlərlə, sübutlarla, elmi əsərlər, kitablar yazılması ilə gələcək üçün də təmin olunmalıdır.

Burada verilən təkliflərə aparatda baxacaqlar və bunlar iş planına əlavə ediləcəkdir. Ancaq mən bir fikrə öz münasibətimi bildirmək istəyirəm. Bu tarixə aid kitabların yazılması üçün biz dövlətdən müəyyən qrant ayıra bilərik. Elə qrant olsun ki, bizim həm o tarixçilərə, əsərləri yazanlara stimul yaratsın, həm də bu əsərlərin hazırlanması, nəşr olunması üçün şərait yaratsın. Biz bunların hamısını edə bilərik. Bu, çox lazımdır. Bunlar barədə fikirləşərsiniz, kimlər hansı əsərləri yaza bilər, onlar hamısı bizim bu iş planına daxil olsun.

Vəli Əliyev buradakı çıxışında Naxçıvanın 3500 illiyi haqqında təklif qaldırdı. Mənin xatirimdədir, vaxtilə belə bir təklif olmuşdu. Hesab edirəm ki, bu təklifə də baxmaq və onu bizim iş planına daxil etmək lazımdır. Həqiqətən, çox qədim şəhərlər var, onların tarixi qeyd edilibdir. Alimlərimiz bu barədə yetərli qədər sübutlar, tarixi sənədlər təqdim edərlərsə, gələcəkdə bunu etmək olar. Ancaq bunun üzərində indidən işləmək lazımdır. Mən bu təklifi də qəbul edirəm.

İndi son olaraq, bu yubiley mərasimlərinin sentyabr ayında keçirilməsinə etiraz yoxdur ki?

Yerdən səslər: Yoxdur.

Heydər Əliyev: Onda biz bunu öz iş planımıza artıq yaza bilərik.

Mən hesab edirəm ki, biz bu gün çox səmərəli iş gördük. Bu, müstəqil Azərbaycanın tarixinin bir səhifəsidir. Biz bu işlərimizlə gələcəkdə Azərbaycanın tarixini yenidən yazıb bu gün üçün və gələcək üçün təqdim edə bilərik. Sağ olun.

"Azərbaycan" qəzeti, 10 fevral 1999-cu il

Tarixi arayış