Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının üzvləri ilə görüşdə giriş sözü - Prezident Sarayı 9 noyabr 1995-ci il


Seçkilərə hazırlıq işləri başlanan zaman, Mərkəzi Seçki Komissiyasının tərkibi təsdiq olunandan sonra mən komissiyanın üzvləri ilə görüşdüm, söhbət etdim və onların işlərinin uğurla getməsi barədə arzumu bildirdim. Hesab edirəm ki, Mərkəzi seçki komissiyası bu müddətdə gərgin iş aparıb və çox iş görübdür. İndi parlament seçkilərinə və konstitusiyanın qəbul olunması üçün keçiriləcək referenduma az bir vaxt qalıbdır. Mərkəzi seçki komissiyası öz işində müstəqildir və seçkilərin keçirilməsinin təmin olunması onun üzərinə düşür. Bu komissiya müstəqil fəaliyyət göstərir. Ona görə də mən Mərkəzi Seçki Komissiyasının işinə qarışmamışam və qarışmıram. Bugünkü görüşümün məqsədi isə məhz ondan ibarətdir ki, respublikamızda bu böyük tədbirlərin keçirilməsinin təmin olunması üçün bir prezident kimi özümü cavabdeh hesab edirəm və bu işdə çox böyük marağım olduğunu göstərmək istəyirəm. Marağım və cavabdehliyim də ondan ibarətdir ki, Azərbaycanda seçkilər sərbəst, azad, demokratik qaydada keçsin, insanların hüquqları təmin olunsun, seçkilərə buraxılmış adamlar, vətəndaşlar bu seçkilərdə səs toplamaq üçün öz hüquqlarından istifadə etsinlər, xüsusən seçicilər öz iradələrini sərbəst, azad ifadə edə bilsinlər və gəlib, birincisi, seçkidə, səsvermədə iştirak etsinlər, ikincisi də, istədikləri namizədə səs versinlər. Məqsəd bundan ibarətdir. Bir dövlət başçısı kimi mənim şəxsən arzum, istəyim və məqsədim bundan ibarətdir.

Ona görə də bu gün sizinlə görüşmək arzusunda oldum və bu sözləri sizə çatdırmaq istəyirəm. Doğrudur, siz mənim bu fikirlərimi bilirsiniz. Bu seçkiqabağı kampaniyada mən öz fikirlərimi dəfələrlə bildirmişəm, ancaq bunları sizə bir daha bildirmək istəyirəm. Çünki sizin işiniz təkcə indiyədək görülən işlər deyil, bu seçki kampaniyasını axıra çatdırmaqdan ibarətdir. İndiyə qədər çox iş görmüsünüz. Mən bilirəm ki, çox gərgin işləmisiniz və hesab edirəm ki, işlərinizin hamısı səmərəli olubdur, ümumiyyətlə, müsbət qiymətləndirilə bilər. Ancaq bu son mərhələdə də sizin qarşınızda çox böyük vəzifə durur. Həmin vəzifəni də layiqincə yerinə yetirib, bu böyük işi tamamlamaq lazımdır. Mən sizi buna görə dəvət etmişəm və əgər mənə dair sözünüz olsa, yaxud məlumat vermək istəsəniz, mən sizi dinləməyə hazıram.

Yekun Sözü

Siz - Mərkəzi Seçki Komissiyasının üzvləri və yerlərdə dairə seçki komissiyaları indiyə qədər çox iş görmüsünüz. Sizin gördüyünüz işləri mən çox müsbət qiymətləndirirəm. Şübhəsiz ki, sizin və dairə seçki komissiyalarının işlərində nöqsanlar, qüsurlar da var və bunların aradan qaldırılması üçün indən sonra da zəruri tədbirlər görmək lazımdır. Müxalifət qüvvələrinin qəzetlərdə və televiziya vasitəsilə çıxışları haqqında siz burada danışdınız. Birincisi, artıq belə şeylərə öyrəşmək, vərdiş etmək lazımdır. Müxalifət elə ona görə müxalifətdir ki, gərək o danışsın. İkincisi, gərək bu danışıqlar sizi çox da narahat etməsin. Şübhəsiz, indi bizim cəmiyyətimiz formalaşma prosesində olduğu kimi, müxalifət də hələ formalaşır. Bizdə həqiqi, normal, konstruktiv mövqedə duran, eyni zamanda qanunlar çərçivəsində fəaliyyət göstərən müxalifət, demək olar ki, hələ yoxdur. Müxalifətdə olanların çoxu yalnız yalan, böhtan danışmaqla, hay-küy salmaqla özlərinin müxalifətliyini sübut etmək istəyir. Ona görə də bizim keçid dövrümüzdə belə hallar təbiidir və bu sizi narahat etməsin. Eyni zamanda bu böhtanlar, bu yalanlar, cürbəcür hədyanlar, şübhəsiz ki, insanlarda hiddət doğurur. Güman edirəm ki, bu cür mövqedə duran qüvvələr, partiyalar, ayrı-ayrı şəxslər sadəcə olaraq özləri-özlərini nüfuzdan salırlar və heç bir şey qazanmırlar. İctimaiyyətimiz, xalqımız tədricən yaxşını pisdən seçməyi bacarır və güman edirəm ki, bu, get-gedə normal bir prosesə çevriləcəkdir. Mən də sizə tərəfdaram ki, müxalifət tərəfindən deyilən, yazıları fikirlərin əksəriyyəti ədalətsizdir və bir çoxu da böhtan xarakteri daşıyır, yalandır. Hesab edirəm ki, cəmiyyətimizin üzvlərinin əksəriyyəti onlara inanmır və bir çoxları da bunları etiraz hissi ilə, bəzən də nifrətlə qarşılayırlar.

Siz burada Nemət Pənahovun icad etdiyi siyahı haqqında danışdınız. Mən eşidirəm, son vaxtlar mətbuatda da belə danışıqlar gedir ki, nə üçün iqtidar bu siyahı haqqında meydana çıxan məlumat barəsində susur. Respublika Ali Sovetinin sədri Rəsul Quliyev dünən televiziya ilə müsahibəsində bu barədə geniş izahat verdi. Digər tərəfdən isə, mən hesab edirəm ki, buna heç izahat, cavab verməyə ehtiyac yoxdur. Çünki biz hər bir böhtana, yalana cavab verməyə başlasaq, işimizi görə bilmərik. Yenə deyirəm, mən hesab edirəm ki, böhtana, yalana cavab verməyə ehtiyac yoxdur. O, başdan-ayağa quraşdırmadır, yalandır, Bu kiminsə tərəfindən, ola bilər, elə şəxsən Nemət Pənahov tərəfindən yalandan quraşdırılmış bir siyahıdır. Şübhəsiz, insanlarda müəyyən bir inam yaratmaq üçün hər adam bir təhlil, mülahizə aparır. Rəfiq Zəka da burada düzgün dedi ki, namizədliyini vermiş 1.070 adamın siyahısı dərc olunubdur, hər kəs müəyyən qədər proqnozlaşdırma aparar ki, buradan təxminən kim keçə bilər. Bunların çoxunu proqnozlaşdırmaq olar. Bunu kim istəyir edə bilər və hərə də bir siyahı düzəldə bilər. Ola da bilər ki, bu siyahılar bir-birinə bənzəsin. Bizdə heç bir siyahı yoxdur, belə bir siyahı olmayıbdır. Yenə də deyirəm - bu, ağ yalan olduğuna görə mən ona cavab verməyə ehtiyac bilməmişəm. Amma bir halda ki, siz, Mərkəzi seçki komissiyasının üzvləri bu məsələyə toxundunuz, mən bu barədə öz fikrimi deyirəm.

Siz burada müşahidəçilər haqqında fikirlər söylədiniz, verilən bəyanatdan narazı olduğunuzu bildirdiniz. Bilirsiniz, müşahidəçiləri biz özümüz dəvət etmişik. Nə üçün dəvət etmişik? Çünki biz özümüzə arxayınıq, həqiqətən demokratik prinsiplər əsasında parlament seçkiləri keçirmək istədiyimizi bütün dünyaya nümayiş etdirməliyik. Bunu bütün dünyaya nümayiş etdirmək üçün özümüz maraqlıyıq ki, Azərbaycana daha çox müşahidəçilər gəlsin. Bir neçə ay bundan qabaq bu müraciəti biz özümüz etmişik. Əgər biz özümüz bütün beynəlxalq təşkilatlara, dünyanın demokratiya sahəsində inkişaf etmiş ölkələrinə, bu ölkələrin demokratiya institutlarına öz müşahidəçilərimizi göndərmək barədə müraciət etmişiksə, demək, biz heç kəsdən heç bir şeyi gizlətmək istəmirik. Azərbaycanda ilk dəfədir ki, demokratik seçkilər keçirilir. Müstəqil Azərbaycan Respublikasının ilk parlamenti yaranır. Heç kəs güman etməsin və mən də belə fikirdə deyiləm ki, bu proses qüsursuz, səhvsiz, nöqsansız olacaqdır. Bu, heç də belə deyil. Güman edirəm ki, seçkiləri qurtarandan sonra da biz bu məsələni çox obyektiv təhlil edib buraxılan səhvləri, nöqsanları, qüsurları aşkar etməliyik və göstərməliyik ki, bəli, bu qüsurlar, səhvlər olub. Bunun əsasında da biz gələcəkdə cəmiyyətimizi demokratiya prinsipləri ilə formalaşdıracaq, inkişaf etdirəcək, irəliyə aparacağıq. Bax, biz bu əsaslara söykənərək beynəlxalq müşahidəçiləri ölkəmizə dəvət etmişik. Mən çox məmnunam ki, onlar gəliblər.

Onların bəzi fikirlərinə, sözlərinə, yaxud verdikləri bəyanata gəldikdə isə, ola bilər ki, bunlar üst-üstə düşməsin və sizin xoşunuza gəlməsin. Bundan narahat olmayın. Onların öz fikri, sizin də öz fikriniz var. Ancaq mən hesab etmirəm ki, beynəlxalq müşahidəçilər işimizə mane olmağa, yaxud bizim əleyhimizə iş aparmağa gəliblər. Bunlar düzgün deyil. Mən buna etiraz edirəm. Belə adamlar ola bilməz. İndi burada dedilər, ola bilər, müşahidəçilərdən kim isə gedib Kələkidə Əbülfəz Elçibəylə ərəb dilində danışıb. istəyir lap yapon dilində danışsın. Əbülfəz Elçibəy iki il yarımdan sonra, nəhayət, televiziyada göründü, siz də onun danışığını gördünüz. İndi o gün o, ərəb dilində, yaxud Azərbaycan dilində danışırdı, - bunu da gördünüz, aydın etdiniz. Ona görə də siz buna narahat olmaym. Kim hara istəyir getsin, kim kimin yanına getmək istəyir getsin, kim kiminlə görüşmək istəyir, - gedib görüşsün. Bu da aşkarlıqdır, bizim siyasi pluralism siyasətimizin təcəssümüdür, demokratiyamızın nümayişidir. Buna heç narahat olmayın. Ancaq, siz heç də düşünməyin ki, hər şeyi düz etmisiniz. Həmişə çalışın ki, baxasınız və harada nəyi isə səhv etmisinizsə, onu düzəldəsiniz. Bu sizin üçün nə qədər acı olsa da və bunu sizə nə qədər acı desələr də, görsəniz ki, səhv etmisiniz, - yaxşı olar, səhvlərinizi düzəldəsiniz, nəinki inadkarlıqla sübut edəsiniz ki, "yox, mən səhv demirəm, sən səhvsən". İnadkarlıq lazım deyil. Biz bunlara öyrənməliyik, bu prosesi keçməliyik, özümüz özümüzü formalaşdırmalıyıq.

Dünən mən ABŞ Milli Demokratiya İnstitutunun direktoru cənab Letski ilə görüşdüm. O, çox yaxşı bir insan, təcrübəli adamdır. Mən onunla üçüncü dəfədir ki, görüşürəm. Əvvəllər bir dəfə bura gəlmişdi, görüşdük. Nyu-Yorkda gəlib mənimlə görüşdü, dünən də görüşdük. Mən ona da dedim və dəfələrlə demişəm, - bu demokratiya elə bir şey deyil ki, göydən düşsün, sən də onu götürüb hər yerdə tətbiq edəsən. Əgər Amerika Birləşmiş Ştatlarında demokratiya 200 il müddətində formalaşıbsa, burada hələ də demokratiyadan şikayət varsa, yaxud demokratiya sahəsində inkişaf etmiş digər dövlətlərdə demokratiyanın pozulmasından yenə də şikayət varsa, biz bu sahədə yenicə addım atmış bir ölkəyik, xalqıq. Axı biz nə vaxt demokratiya şəraitində yaşamışıq! Heç vaxt. Tarixi keçmişimizdə də hakimlərimiz padşahlar, şahlar, sultanlar olub. İndiyə qədər yaşadığımız dövrdə də biz bir partiyanın hakimiyyəti altında olmuşuq. Ona görə də dünyada tanınmış, bəyənilmiş demokratiya bizdə indi tətbiq olunur. Mən hesab etmirəm ki, bu üç-dörd il içərisində biz demokratiyanı mənimsəmişik. Yəqin hələ illər lazım olacaq ki, tam demokratiya şəraitinə çataq. Ancaq bir şey həqiqətdir və bu da ondan ibarətdir ki, biz bu yolla qəti gedirik və bu yolla da gedəcəyik. Bu seçkilərdə də çalışmalıyıq ki, hər bir dairədə, məntəqədə bu yolla gedək. İndi siz verilən bəyanatdan narahatsınız. Hərə öz münasibətini bildirə bilər, bu sizin öz işinizdir. Ancaq mən hesab edirəm ki, narahat olmağa əsas yoxdur.

Hazırda bizim ən böyük vəzifəmiz indiyədək görülən işə yaxşı yekun vurmaqdır. Siz bir neçə aydır ki, işləyirsiniz. Respublikamızın ictimaiyyəti işləyir. Bu seçki prosesinə nə qədər adam qoşulub və iştirak edir. Burada deyildi, yerlərdə nə qədər məntəqələr, dairələr yaradılıb, bu işə nə qədər adam cəlb olunub. Biz bu işə nə qədər vəsait sərf edirik. Lazımdır ki, bu öz nəticəsini versin.

Ona görə də mənim sizdən xahişim ondan ibarətdir ki, indiyə qədər olan işlər geridə qaldı, çalışın bu gün, sabah noyabrın 12-dək işlər elə qurulsun ki, biz seçkilərin keçirilməsində maksimum demokratiyaya nail olaq. Mən demirəm ki, tam demokratiyaya nail olaq. Ola bilər, tam demokratiya olmasın, - mən bu reallıqdan danışıram, - amma maksimum demokratiyaya nail olmağa çalışmaq lazımdır. Ona görə yox ki, mən tam demokratiyanın olmasını istəmirəm. Mən bunu hamıdan çox istəyirəm. Nyu-Yorkda keçirdiyim görüşlərdə də bunu demişəm. Əgər Azərbaycandakı bu seçkilərdə demokratiyanın tam şəkıldə ifadə olunmasına çalışan adamlar varsa, onlardan ən birincisi mənəm. Çünki, mən bu respublikanın, dövlətin başçısıyam, prezidentəm və demokratiya yolu ilə gedirəm. Özüm bu prinsiplərə sadiqəm. Bu prinsipləri öz xalqıma, millətimə, ölkəmə sirayət etdirmək istəyirəm. Ona görə də mən çalışıram ki, bu olsun. Ancaq biz buna nə qədər nail olacağıq, təminat verə bilmərəm. Sizdən xahişim ondan ibarətdir ki, seçkilərin maksimum demokratiya ilə keçməsinə çalışasınız. Ona görə də bu günlərdə müşahidəçilərin hər bir sözünə diqqətlə yanaşmaq, ciddi fikir vermək lazımdır. Bu sözlər, ola bilər ki, sizin xoşunuza gəlməyən formada, acı deyilsin. Siz bu sözlərin formasına yox, mənasına, məzmununa, əhəmiyyətinə fikir verin. Görün, doğrudan da bir səhv, nöqsan, qüsur varsa, onu tezliklə aradan götürmək lazımdır. Mən əmin olduğumu bildirmək istəyirəm ki, siz indiyədək gördüyünüz işlərə, gərgin fəaliyyətinizə yaxşı yekun vurmağa çalışacaqsınız. Qarşıdakı günlərdə daha fəal olacaqsınız, sərbəstliyə, demokratiyaya daha da kömək edəcəksiniz. Çalışacaqsınız ki, seçkilərin nəticəsi yaxşı olsun və beynəlxalq müşahidəçilər bu nəticəni demokratik seçkilərin nəticəsi kimi təsdiq etsinlər. Hesab edirəm ki, bunun üçün bizim imkanımız var. İndiyədək gördüyümüz işlər buna əsas verir. Birmandatlı dairələrdən 400-dək namizəd var. Demək, orta hesabla hər bir yerə dörd namizəd var. 8 partiya var, 8 partiyanın hər biri 25 namizəd irəli sürüb. Partiya siyahılarından 200 namizəd, birmandatlı dairələrdən 400 namizəd var. Demək, 125 deputat yerinə 600 namizəd var. İndi seçkilərdə 8 partiya iştirak edir. Azərbaycanın tarixində nə vaxt olubdur ki, bir partiyadan artıq partiya seçkilərdə iştirak etsin? Bu günədək olan şeylərə kim nə deyir, desin. Bu, böyük nailiyyətdir. Bu bizim üçün yeni böyük bir mərhələdir. Ancaq bunu sona çatdırmaq, bu nailiyyəti doğrudan da tamamilə nailiyyət etmək üçün noyabrın 12-dək və xüsusən noyabrın 12-də görüləcək işlər çox mühümdür, çox əhəmiyyətlidir. Güman edirəm ki, siz bunu edəcəksiniz. Yenə də deyirəm, mən sizing daxili işinizə qarışmıram. Komissiyanın sədri Cəfər Vəliyev başda olmaqla oturub fikirləşin ki, bu gün, sabah nə iş görəcəksiniz, noyabrın 12-də nə işlə məşğul olacaqsınız. Yerli icra hakimiyyəti orqanları göstəriş alıblar və yenə də göstəriş alacaqlar. Mən bu gün tapşırıram ki, seçkilərin demokratik, sərbəst şəraitdə keçirilməsi üçün dairə, məntəqə seçki komissiyalarına və Mərkəzi Seçki Komissiyasına lazımi kömək etsinlər. Onlar kömək etməlidirlər, şərait yaratmalıdırlar, amma seçkiləri Mərkəzi Seçki Komissiyası, dairə, məntəqə seçki komissiyaları həyata keçirməlidirlər.

Məsuliyyət sizin üzərinizdədir. Mən bu yolda sizə uğurlar arzulayıram. Sağ olun.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış