Emil Konstantinesku, Rumıniya Prezidenti (1996-2000)


Cənab Prezident Heydər Əliyevlə biz dəfələrlə görüşüb söhbət etmişik. Heydər Əliyev kimi tanınmış siyasi xadimin təcrübəsi şəxsən mənim üçün böyük əhəmiyyətə malikdir.

Prezident Heydər Əliyev çox maraqlı simadır, onun dünya miqyaslı liderlərdən biri olduğunu nəzərə alsaq, görərik ki, o, çox parlaq şəxsiyyətdir. Onunla mən hələ prezident seçilməzdən əvvəl tanış olmaq istəyirdim. Lakin təəssüf ki, buna müvəffəq olmadım. Bizim ilk ünsiyyətimiz Lissabonda oldu, sonra başqa beynəlxalq tədbirlərdə görüşdük. Əgər bizim müxtəlif dünyalardan olduğumuzu nəzərə alsaq, deməliyəm ki, bu gün mən çox maraqlı təcrübə müşahidə etdim.

Belə bir fakt maraqlıdır ki, Heydər Əliyev totalitar dövlətin rəhbər heyətində olmuşdur.

Lakin o, başa düşdü ki, islahatlar və dəyişikliklər xətti müəyyən istiqamətdə gedir və onun özü də bu xətlə gedə bilmişdir. Eyni zamanda, elə bir rəhbərə çevrilmişdir ki, hamı bu xətlə onun ardınca gedir. Mərkəzi və Cənubi Avropada liderlərin əksəriyyəti Prezident Heydər Əliyevin nail olduğu bu cür nəticələrə nail ola bilməmişdir. Tarix müəyyən nəticələr əldə etməyə müvəffəq olmayan liderləri aradan götürmüşdür.

Prezident Heydər Əliyev bu ən yüksək vəzifədə rəhbərlik təcrübəsinə malikdir. Bununla yanaşı, o, demokratiyanın, bazar iqtisadiyyatının dəyərlərinə, insan hüquqları ilə bağlı dəyərlərə səmimiyyətlə inanır.

Prezident Heydər Əliyevdə olan mühüm ideyalar insanları dəyişdirə bilər və insanlar da birlikdə xalqın taleyini dəyişdirə bilərlər.

Zənnimcə, Heydər Əliyev dünya siyasətində çox mühüm rol oynamışdır və oynayacaqdır. Bu gün mən onun daha bir keyfiyyətini - bir sıra nəsillər üçün nəzərdə tutulmuş mühüm layihələrə qoşulan böyük dövlət xadimi keyfiyyətini kəşf etdim. Mən müəyyən dərəcədə tarixi fürsət olan İpək yolunu nəzərdə tuturam. Ən başlıcası, öz xalqından istifadə etmək deyil, əksinə öz xalqına xidmət etməkdir.

Prezident Heydər Əliyev görkəmli siyasətçidir və qarşılıqlı maraq doğuran məsələləri son illlər ərzində onunla bir neçə dəfə səmimi və konstruktiv şəraitdə müzakirə etmək mənə nəsib olmuşdur.

"Dünyanı heyran qoyan insan" (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.112.