Azərbaycan Prezidenti Heydər Əliyevin İslam dininin banisi Həzrəti Məhəmməd Əleyhissəlamın müqəddəs mövlud günündə Bakının Şıx kəndində Bibiheybət Məscidinin bərpasına başlanması mərasimində çıxışı - 23 iyul 1997-ci il


Hörmətli Şeyxülislam!

Hörmətli müsəlmanlar, bacılar, qardaşlar!

Mən sizi həzrəti peyğəmbər əleyhissəlamın Mövlud günü münasibətilə təbrik edir, sizə, bütün Azərbaycan xalqına, bütün dünya müsəlmanlarına sülh, əmin-amanlıq, səadət arzulayıram.

Bu gün bizim üçün, müsəlmanlar üçün çox əziz gündür, əsrlər boyu müsəlmanların itaət etdiyi islam dininin banisi, yaradıcısı həzrəti Məhəmməd peyğəmbərin Mövlud günüdür. Bu, bizim böyük bayramımızdır. Həzrəti Məhəmməd peyğəmbərin yaratdığı Qurani-şərif, Qurani-kərim neçə əsrlərdir ki, dünya müsəlmanlarının həyat yolunu müəyyən edib, onları yaşadıb, onların bəşəriyyətdə özünəməxsus yer tutmalarını təmin edibdir.

Bu gün biz bu əlamətdar bayrama toplaşarkən tariximizi yad etməli və tariximizə minnətdar olmalıyıq. İslam dini yaranandan indiyə qədər Kürreyi-ərzin insanlarının çox bir hissəsini düz yola, ədalətə, saflığa, paklığa, yüksək mənəviyyata yönəltmiş və onların belə yaşamasını təmin etmiş müqəddəs bir dindir. İslam dini bəşər tarixində misilsiz xidmətlər göstərmiş, insanların, müsəlmanların yüksək mənəvi -əxlaqi dəyərlərə nail olmasını təmin etmiş və bu dinə itaət edən insanları dünyanın bütün əzab-əziyyətlərindən, keşməkeşlərindən keçirib onların yaşayışını təmin etmiş, onları yaşatmışdır.

Biz bu gün müqəddəs bir yerdə toplaşmışıq. Məhz bu müqəddəs yerdə həzrəti Məhəmməd əleyhissəlamın Mövlud gününü qeyd etmək həm bu günə bizim hörmət-ehtiramımızın təzəhürüdür, həm də islam dininin yaratdığı abidələrə, mənəvi dəyərlərə hörmət və ehtiramımızın, etiqadımızın, sabitliyimizin təzahürüdür. Biz fəxr edə bilərik ki, islam dini kimi yüksək mənəvi - əxlaqi dəyərlərə mənsub olan dinimiz var, müsəlmanları yaşamaq, yaratmaq, mübarizə aparmaq, öz həyatını qurmaq, azadlığını təmin etmək, torpağını qorumaq yolları ilə məhz islam dini aparıbdır, onun qanunları, tövsiyələri, Qurani-şərifin ayələri, surələri, kəlamları aparıbdır.

Ona görə də bu gün Azərbaycan müsəlmanlarının uzun müddət məhrumiyyətlərdən, çətinliklərdən sonra öz islam dinindən istədiyi kimi istifadə etmək imkanı əldə etməsi tarixi bir hadisədir. Eyni zamanda biz bu gün tariximizdə olan iki faciəvi hadisəni də yad edirik. Birincisi, həzrəti imam Museyi-Kazimin qızı Hökumə xanımın qətlə yetirilməsi, ikincisi isə onun xatirəsinə müsəlmanlar tərəfindən qurulub yaradılmış Bibiheybət məscidinin yetmiş il bundan öncə partladılmasıdır.

Görürsünüz, tarix nə cür qəribə hadisələr meydana çıxarır. Bu da onu göstərir ki, bizim islam dinimiz və onun aparıcıları, onu qoruyub saxlayanlar heç də asan yol keçməyiblər. Dinimizi, mənəviyyatımızı, mənəvi-dini adət-ənənələrimizi qoruyub saxlamaq üçün müsəlmanlar əsrlər boyu nə qədər qurbanlar, şəhidlər veriblər. Ancaq bunların heç birisi bizi həzrəti Məhəmməd Peyğəmbərin qoyduğu yolla getməkdən çəkindirə bilməyiblər. Doğrudur, tarixin bəzi mərhələlərində məhrumiyyətlər də, faciələr də, əzab-əziyyətlər də olubdur. Ancaq görün, bizim müqəddəs islam dininin gücü nədən ibarətdir ki, heç bir şey, heç bir qüvvə, güc onu məğlub edə bilməyiblər.

Əgər vaxtilə Allahsız hökmdar burada Hökumə xanımı qətlə yetiribsə, islama sadiq olan insanlar bu yeri müəqddəs ibadətgaha çeviriblər. Neçə əsr müsəlmanlar buraya, bu müqəddəs yerə ziyarətə gəlib ibadət ediblər, buradan mənəvi qida alıblar, öz həyatlarını qurmaq üçün, yaşamaq üçün güc alıblar və islam dininə sadiq olduqlarını göstəriblər.

Görürsünüz, bəzən faciə ondan sonra, o faciədən sonra meydana çıxan böyük bir abidə doğurur, böyük bir müqəddəs ocaq, ibadətgah, ziyarətgah doğurur.

Bu məscidi, müqəddəs yeri, bu ibadətgahı yetmiş il bundan öncə dağıdanlar böyük cinayət ediblər. Ancaq hamımız bilirik, - əgər məscid də dağılmışdısa, dini də qadağan etməyə çalışmışdılarsa, və etmişdilərsə, insanlar öz məsləkindən, əqidəsindən, dinindən, əxlaqından dönməmişlər. Burada məscid olmamışdır, amma Bibiheybət ibadətgahı, müqəddəs ocaq yaşamışdır. İnsanlar buraya cürbəcür arzularla gəlib - kimi düşdüyü bəladan xilas olmaq üçün ziyarət edib, nəzir verib və təskinlik alıbdır. Allahdan kömək alıbdır. Kimi başına gələn faciəni aradan qaldırmaq üçün buraya gəlibdir. Kimi həyatını xoşbəxt görmək üçün buradan xeyir-dua almaq və əxlaqi dəyərləri mənimsəmək üçün gəlibdir. Buraya gələnlərin hamısı məhz bu yerə inandıqlarına görə gəliblər. Görürsünüz, neçə vaxtdır - 70 il öncə dağılmış bu məscid heç də dağılmayıbdır. Keçmiş əsrlərdə də belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq - heç bir qüvvə islamın mənəvi dəyərlərini dağıda, poza bilməz. Müvəqqəti çətinliklər, məhrumiyyətlər çoxəsrlik tarixdə kiçik bir dövrdür.

Bax, bunlara görə də bu gün, bu müqəddəs gündə, Məhəmmd peyğəmbərin Mövlud günündə məhz buraya toplaşmağımız, bu müqəddəs yerdə bu bayramı qeyd etməyimiz bütün bu fikirlərdən irəli gələn ən gözəl təşəbbüsdür. Ona görə mən çox məmnunam ki, biz bu gün burada toplaşmışıq. Siz də, mən də, hamımız buraya bir amalla, bir fikirlə gəlmişik. Burada dinimizə, müqəddəs ocağımıza və Məhəmməd peyğəmbərin Mövlud gününə öz hörmət-ehtiramımızı bildiririk.

Son illər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, qorunub saxlanmasında, Azərbaycanın başına gələn bəlaların aradan götürülməsində, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün apardığımız işlərdə, bütün başqa işlərdə bizim milli-mənəvi dəyərlərimiz - Azərbaycan xalqının milli-mənəvi dəyərləri, Azərbaycan xalqının mənsub olduğu islam dininin mənəvi dəyərləri bizim üçün həmişə dayaq, ilham mənbəyi olmuş, bizə həmişə güc vermişdir.

Bildiyiniz kimi, son illər Azərbaycanın həyatı çox mürəkkəb bir dövrdür. Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb, ərazimizin bir qismi işğal olunub, işğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaşımız didərgin, qaçqın düşübdür, ağır vəziyyətdə yaşayır. Azərbaycanın başına başqa bəlalar da gəlmişdir. 1990-cı ilin qanlı Yanvar faciəsi, sovet imperiyasının Azərbaycan xalqına qarşı ən dəhşətli hərbi təcavüzü və tökülən qanlar, xalqımızın verdiyi qurbanlar, şəhidlər Azərbaycan xalqının qəlbinə vurulan böyük bir yara olmuşdur.

Bunlarla yanaşı, Azərbaycanın xarici və daxili düşmənləri müstəqil dövlət kimi yaşamasının qarşısını almağa çalışmışlar, maneçiliklər törətmişlər və indi də törədirlər. Ancaq biz bunların hamısının öhdəsindən gəlmişik və gələcəyik, hamısının qarşısını almışıq və alacağıq. Azərbaycanın müstəqil yaşaması, Azərbaycanın milli azadlığı, xalqımızın öz taleyinin sahibi olması, özünün milli-mənəvi, dini dəyərlərinə sahib olması tarixi bir hadisədir. Bu, çoxəsrlik tariximizdə bizim əlimizdə böyük bir fürsətdir, böyük bir tarixi mərhələdir. Biz bunu qiymətləndirməli, bu tarixi nailiyyətimizi qoruyub saxlamalıyıq.

Ancaq təəssüflər olsun ki, bunun əksinə olan qüvvələr də var. Daxilimizdə də var, eyni zamanda Azərbaycanın müstəqil dövlət kimi yaşamasını istəməyən xarici qüvvələr də var. Çünki Azərbaycan çox mühüm coğrafi-siyasi mövqeyə malik olan dövlətdir, ölkədir, torpaqdır. Azərbaycan zəngin təbii sərvətlərə malik olan ölkədir. Azərbaycan xalqının çoxəsrlik, şanlı tarixi var. Azərbaycanın əsrlərdən-əsrlərə yaranmış, dünya miqyasında özünəməxsus yer tutmuş zəngin mədəniyyəti, elmi var. Bunlar Azərbaycana düşmən olan xarici qüvvələrin gözünə ox kimi batır. Bizə keçmiş illərdə, əsrlərdə düşmən olan qüvvələr yenə də öz niyyətlərindən əl çəkmirlər.

Ona görə də Azərbaycanın milli azadlığının, dövlət müstəqilliyinin qorunub saxlanması mürəkkəb məsələdir, çətin bir vəzifədir. Heç kəs düşünməsin ki, bunlar asanlıqla hasil olan nailiyyətlərdir. Bu, asan deyildir. Çünki, yenə də deyirəm, təəssüflər olsun ki, ölkəmizə mənfi münasibət göstərən qüvvələr az deyildir. Təəssüflər olsun ki, xalqımızın, millətimizin içərisində də öz şəxsi mənafeləri naminə millətin, xalqın ümumi mənafeyini qurban verən və qurban verməyə hazır olan qüvvələr də var. Ancaq bilin, bütün bu çətinliklərin öhdəsindən gəlirik və bundan sonra da gələcəyik.

Bütün bu nailiyyətlərin əldə olunmasında xalqın həmrəyliyi, ümummilli birliyi, xalqın müstəqillik, azadlıq amallarına sadiqliyi və Azərbaycan dövlətinin, onun prezidentinin apardığı siyasətə dəstək verməsi bizim bütün nailiyyətlərimizin əsasını təşkil edir. Bu baxımdan Azərbaycanın müsəlmanlarının, yəni din xadimlərinin, din ocaqlarının da bu dövrdə, çətin mərhələdə Azərbaycan dövləti ilə əməkdaşlıq etməsi, onun daxili və xarici siyasətini, apardığı tədbirləri öz vasitələri ilə təbliğ etməsi və bunlara dəstək verməsi bizim üçün böyük dayaqdır.

Mən Azərbaycanın ümummilli, ümumxalq birliyi deyərkən bütün qüvvələrin hamısını nəzərdə tuturam. Bu gün demək istəyirəm ki, bu qüvvələr - ümumi birliyi, həmrəyliyi yaradan qüvvələr Azərbaycanda tam əksəriyyəti təşkil edir. Buna zidd olan, yaxud təxribatçılıqla, terrorçuluqla, cürbəcür düşmənçilik meylləri ilə yaşayan, yaxud o cinayətləri etmək istəyən qüvvələr azdır, çox azdır. Amma onlar cinayətkardırlar və gündən-günə ifşa edilirlər, məhv olunurlar. Məhz xalqın nifrəti onları bizim cəmiyyətdən tamamilə vurub çıxarır və təcrid edir.

Ona görə də bu gün, bu müqəddəs gündə, bayram günündə, bu müqəddəs yerdə mən sizi və bütün Azərbaycan xalqını əmin edirəm ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yolunda biz gecə-gündüz çalışırıq və çalışacağıq. Əminəm ki, işğal edilmiş torpaqlarımız azad olacaq, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək, didərgin düşmüş vətəndaşlarımız öz yerinə-yurduna dönəcəklər və Azərbaycanın suverenliyi tamamilə təmin olunacaqdır. Mən sizi əmin edir və inanıram ki, Azərbaycanın dövlət müstəqilliyi, milli azadlıq prinsipləri gündən-günə möhkəmlənəcək və güclənəcəkdir. Dövlət müstəqilliyimizi sarsıtmaq istəyən heç bir qüvvə bundan sonra da bizim qarşımızı ala bilməyəcəkdir.

Mən əminəm ki, tutduğumuz yolla, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə bundan sonra da sürətlə, əzmlə, cəsarətlə gedəcəyik və Azərbaycanda tam hüquqi, demokratik, insanların bütün azadlıqlarını təmin edən dövlət, cəmiyyət yaratmağa nail ola biləcəyik. Azərbaycanın iqtisadiyyatında aparılan islahatlar artıq öz nəticələrini verir və bundan sonra daha çox verəcəkdir. Bu islahatlar, iqtisadiyyat sahəsində apardığımız cəsarətli, ağıllı tədbirlər Azərbaycanın sosial-iqtisadi vəziyyətini yaxın zamanlarda, qısa bir müddətdə müsbət istiqamətdə dəyişdirəcək, insanların rifah halı gündən-günə yaxınlaşacaqdır. Mən əminəm ki, Azərbaycan müstəqil, azad, demokratik, hüquqi, dünyəvi dövlət kimi Dünya Birliyində özünə layiq yerini gündən-günə möhkəmləndirəcək və Azərbaycanın dünya miqyasında hörməti, nüfuzu, adı gündən-günə yüksələcəkdir. Mən buna əminəm.

Dövlət başçısı kimi, mənim üçün başlıca amillərdən biri, əsası da odur ki, indi xalqımız, cəmiyyətimiz birləşib, cəmiyyətdə, xalqda, millətdə həmrəylik hissi yüksəlib və xalqımız, millətimiz, cəmiyyətimiz apardığımız siyasətin hamısını dəstəkləyir.

Eyni zamanda gün biz burada, vaxtilə milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizə edilmiş cinayət nəticəsində dağıdılmış məscidin yerində həmin müqəddəs binanın bərpasının əsasını qoyuruq. Mən 1994-cü ildə Qurban bayramı günü buraya həm bu müqəddəs yerə hörmət-ehtiramımı bildirmək, həm də bu işlərə təkan vermək üçün gəlmişdim. Artıq bu işlər gedir və əminəm ki, bundan sonra da gedəcəkdir. Hörmətli Axund dedi ki, bu işlərin görülməsində çətinliklərlə rastlaşırlar, ancaq özləri bu çətinliklərin öhdəsindən gəlirlər. Bu, çox gözəldir. Ancaq mən bu gün elan edirəm ki, bu məscidin tikilməsini və tezliklə başa çatmasını bir prezident kimi öz şəxsi himayəm altına götürürəm. Ona görə də şeyxdən rica edirəm ki, işlərinizi gücləndirəsiniz və mənim tərəfimdən sizə nə kimi yardımlar edilməlidirsə, tezliklə mənə bildirin ki, bu gün verdiyim bəyanatı sizinlə birlikdə tezliklə həyata keçirim və qısa bir zamandan sonra bu məscidin tikilib başa çatdırılmasına nail olaq, yenidən buraya toplaşaq və onun açılış mərasimində birlikdə iştirak edək.

Sizin hamınızı bir daha təbrik edirəm. Həzrəti Məhəmməd peyğəmbərin Mövlud günü münasibətilə təbrik edirəm. Sizin hamınıza, bütün Azərbaycan müsəlmanlarına, bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, səadət arzulayıram.

Allah bütün işlərinizdə sizə yar olsun! Sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - X cild Azərnəşr, Bakı - 1998, səh.417