Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Polşanın "Nafta Polska" neft şirkətinin prezidenti Yeji Kaminskinin Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi qəbulda söhbətindən - Varşava, 27 avqust 1997-ci il


Hörmətli cənab Kaminski!

Hörmətli cənablar!

İlk öncə dəvət üçün, köhnə Varşavanın mərkəzində mənim şərəfimə təşkil olunmuş qəbula görə buraya toplaşanlara minnətdarlığımı bildirirəm və deyirəm ki, hər bir xalqın öz tarixi ilə fəxr etməyə haqqı olduğu kimi, polyak xalqının da öz qədim mədəniyyəti, dövləti, özünün azadlığını və müstəqilliyini təmin etmiş qəhrəmanlığı ilə fəxr etməyə haqqı var. Mən polyak xalqının azadlıq və müstəqillik əzminə heyran qaldığımı və dərin hörmət bəslədiyimi xüsusi vurğulayaraq bildirirəm ki, yalnız vətənə olan böyük məhəbbət İkinci dünya müharibəsi zamanı dağılmış Varşavanı qısa müddətdə bərpa etməyə imkan vermişdir. Polşa prezidenti Aleksandr Kvasnevskinin dəvəti ilə ölkənizə rəsmi səfərim günlərində bir daha əmin oldum ki, polyak xalqı müstəqillik və azadlıq mövqeyində möhkəm dayanır, burada öz ölkəsinin iqtisadiyyatını ardıcıl qoruyacaq və bütün demokratik dəyişiklikləri həyata keçirəcək insanlar nəsli var, eyni zamanda Polşada layiqli və etibarlı rəhbərlik var. Əlbəttə, Aleksandr Kvasnevski kimi ağıllı, istedadlı və layiqli rəhbərin Polşa prezidenti olmasını bu baxımdan mühüm amil kimi qiymətləndirirəm.

Mən bizi səmimi qarşıladığına və qonaqpərvərliyinə görə, Polşa-Azərbaycan münasibətlərini genişləndirməyə və inkişaf etdirməyə hazır olduğuna görə Polşa xalqına bir daha təşəkkür edirəm və bildirirəm ki, əlaqələrimizi inkişaf etdirmək üçün çox böyük imkanlar var və xalqlarımızın rifahı naminə bunlardan hərtərəfli istifadə etmək lazımdır.

Sözümü bitirərkən bir daha polyak xalqına və Polşa rəhbərliyinə uğurlar, xoş həyat və tərəqqi arzulayıram.