"Neftçilər günü"nə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 22 sentyabr 2001-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Əziz neftçilər!

Hörmətli xanımlar və cənablar!

Qonaqlar!

Sizi neftçilərin peşə bayramı - "Neftçilər günü" münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan neftçilərinə səadət və gələcək işlərində uğurlar arzulayıram.

"Neftçilər günü" sentyabrın 20-si müəyyən olunmuşdur. Bu da neftçilərin özlərinin arzusu, istəyi nəticəsində müəyyən edilmişdir. Bu, təsadüfi hal deyildir. Çünki 20 sentyabr 1994-cü ildə Azərbaycanın neft sənayesində yeni era başlanıbdır. Müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyasının əməli surətdə həyata keçirilməsinə başlanmışdır. Ona görə də mən sizin hamınızı Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi"nin 7-ci ildönümü münasibətilə təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, dünyanın müştərək iş gördüyümüz, böyük təcrübəyə, yüksək texnikaya və texnologiyaya malik olan neft şirkətləri ilə və digər şirkətlərlə biz "Əsrin müqaviləsi" ilə əsası qoyulmuş yeni neft erasını uğurla keçirəcəyik.

Ancaq Azərbaycan neft sənayesinin, Azərbaycan neftçilərinin böyük, zəngin və şərəfli tarixi var. Azərbaycanda ən qədim zamanlardan insanlar neft kəşf etmişdilər. Lakin bəzən onun nə cür hasil olunmasını bilməyərək, bəzən də o dövrlərdə heç bir vasitə, heç bir texnika olmadığına görə bu böyük sərvətdən müxtəlif yollarla istifadə etmişdilər. Buna görə də Azərbaycan qədim neft diyarı adlandırılır. Azərbaycan "Odlar yurdu" adlandırılır. Təsadüfi deyildir ki, müstəqil Azərbaycan dövlətinin milli gerbinin mərkəzində də alov əks etdirilibdir.

Yəni Azərbaycanın ən böyük sərvəti və ondan alınan alov. Ancaq 150 il bundan öncə Azərbaycanda - Bakıda ilk dəfə sənaye üsulu ilə neft hasilatına başlanmışdır. Bu ilk addımlar dünyanın bir çox ölkələrini və o dövrdə artıq mühərriklər, başqa texniki vasitələr icad edən insanları Azərbaycana cəlb etmişdir. Beləliklə də ölkəmizdə 150 il bundan öncə dünyada ilk dəfə olaraq neftin sənaye üsulu ilə hasilatına başlanmışdır. Ancaq o dövrün şəraiti təbiidir ki, bu işin sürətlə aparılması üçün imkanlar yarada bilməzdi. Amma buna baxmayaraq, tarixi nöqteyi-nəzərdən çox qısa bir zamanda inkişaf etmiş Qərb ölkələrinin şirkətləri, mütəxəssisləri, alimləri Azərbaycan neftindən artıq geniş miqyasda istifadə etmək üçün Azərbaycana axışmışlar və beləliklə də Azərbaycanda artıq neftin geniş miqyasda sənaye üsulu ilə hasilatına başlanmışdır.

Yəqin ki, Azərbaycan neftinin təkcə ölkəmiz üçün yox, o illərdə bizim mənsub olduğumuz Rusiya imperatorluğu üçün yox, bütün dünya üçün nə qədər əhəmiyyətli olduğunu hamı bilir. Amma bir rəqəm onu göstərir ki, həqiqətən dünyada neft istehsalının və ondan artıq müxtəlif sahələrdə istifadə olunmasının təməli, əsası Azərbaycanda qoyulmuşdur.

XX əsrin əvvəlində Azərbaycanda 13 milyon ton neft çıxarılmışdı. Bu isə dünyada hasil edilən neftin 50 faizindən çox idi. Yəni o vaxt dünyada dedikdə, Amerikanı nəzərə almaq lazımdır. Azərbaycanda 13 milyon ton, Amerika Birləşmiş Ştatlarında 11 milyon ton, təxminən 1 milyon ton Rumıniyada. Başqa heç bir yerdə neftin mövcud olduğu bilinmirdi, neft yataqları kəşf olunmamışdı və neft hasilatına başlanmamışdı. Ona görə də biz böyük iftixar hissi ilə deyirik ki, Azərbaycanın zəngin təbii sərvəti olan neftinin sənaye üsulu ilə hasil olunmasına başlanması dünyada gələcəkdə böyük dəyişikliklərin baş verməsinin səbəblərindən biri olmuşdur.

Azərbaycanın neft sənayesinin zəngin tarixi bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ, yəqin ki, 1848-ci ildən 1918-1920-ci illərə qədər hesab edilə bilər.

Bu zaman, artıq qeyd etdiyim kimi, Qərb ölkələrinin çox böyük şirkətləri Azərbaycanda fəaliyyət göstərmiş, neft hasil etmişlər və xam neftin emalı ilə məşğul olmuşlar. Xam neftdən digər məhsulların alınmasına nail olmuşlar.

Xarici şirkətlərlə yanaşı, o vaxt meydana çıxmış Azərbaycan milli burjuaziyasının nümayəndələri də bu işlərlə məşğul olmuşlar.

1918-1920-ci illərdən sonra təbiidir ki, burada, Azərbaycanda neft sənayesində artıq xarici ölkələrin şirkətləri fəaliyyət göstərməmişlər.

Yəni 1917, 1918, 1919, 1920-ci illərdə baş vermiş hadisələrə görə onlar artıq buradan getmiş və Azərbaycanın neft sənayesinin tarixinin, demək olar ki, ikinci mərhələsi başlanmışdır. Bu işlər o vaxt SSRİ dövləti tərəfindən aparılmışdır. Demək olar ki, 1920-1930-cu illərdə məhz Azərbaycan neftçilərinin qəhrəman əməyi nəticəsində və o vaxt artıq yetişmiş Azərbaycan milli kadrlarının, mütəxəssislərinin, alimlərinin əməyi və ixtiraları nəticəsində Azərbaycanda neft hasilatı sürətlə inkişaf etmişdir.

Əgər o dövrü xatırlasaq, o dövr bizim keçmişdə yaşadığımız SSRİ-nin aqrar ölkədən sənaye-aqrar ölkəyə çevrilməsi dövrü idi. Təbiidir, SSRİ-nin əksəriyyətini təşkil edən Rusiya idi. Rusiya isə keçmişdə olduğu kimi, o vaxta qədər də aqrar bir ölkə olaraq qalmışdı. Sonra isə, təbiidir, 1920-1930-cu illərdə sənayenin inkişafına cəhdlər göstərilmiş və ölkəni aqrar-sənaye, yaxud da ki, sənaye-aqrar ölkəsinə çevirmək planları qurulmuş, həyata keçirilmişdir. Bu dövrdə də məhz Azərbaycanın neft sənayesi xüsusi rol oynamışdır. Təəssüflər olsun ki, o vaxt və ondan əvvəlki dövrdə də Azərbaycan xalqı Allah-təalanın ona bəxş etdiyi zəngin təbii sərvəti olan neftdən özü üçün, öz mənafeyi üçün tam istifadə edə bilməmişdir, daha doğrusu, ona bu sərvətdən olduqca az pay çatmışdır. Ancaq bunlarla yanaşı, Azərbaycan xalqı, Azərbaycan neftçiləri o dövrdə həm Azərbaycanda, həm də SSRİ-də sənayenin inkişafında çox böyük rol oynamışlar.

Əgər Azərbaycan nefti olmasaydı, təbiidir ki, SSRİ kimi böyük bir dövlətin sənayenin inkişaf etdirilməsindəki nailiyyətləri mümkün olmazdı. Çünki artıq bu dövrdə neft ən ön sıraya çıxmışdı. Bütün bunların nəticəsində 1940-cı ildə Azərbaycanda neft hasilatı ən yüksək səviyyəyə çatmışdı, 24-25 milyon ton neft çıxarılmışdı. Onda hələ Azərbaycanın yalnız quru hissəsində neft hasil edilirdi.

Bütün bunlarla yanaşı, SSRİ dövlətinə Azərbaycanın verdiyi ən böyük fayda o olmuşdur ki, ikinci dünya müharibəsində - faşizmin bəşəriyyət üçün ən böyük təhlükə kimi meydana çıxıb bütün ölkələrə və xalqlara meydan oxuduğu zaman, Avropanı, demək olar ki, tamamilə işğal edəndən sonra işğalçı ordularla Şərqə doğru irəliləyən zaman məhz Azərbaycan neftçilərinin, Azərbaycan xalqının hasil etdiyi neft, ondan alınan müxtəlif məhsullar o dəhşətli müharibədə tankların, təyyarələrin, avtomobillərin işləməsi və s. üçün, demək olar ki, əsas şərt idi. O illərdə Azərbaycan SSRİ-də hasil edilən neftin 75 faizini verirdi. Bu da faktdır və dəfələrlə müxtəlif səviyyələrdə etiraf edilibdir ki, əgər Azərbaycan nefti, ağır müharibə şəraitində Azərbaycan xalqının, Azərbaycan neftçilərinin qəhrəmanlığı olmasaydı, alman faşizminin qarşısını almaq çox çətin olardı.

Bu dövr Azərbaycan neft sənayesinin tarixində, Azərbaycan xalqının tarixində, Azərbaycan neftçilərinin tarixində ən parlaq səhifələrdən biridir. Bunu heç vaxt unutmaq olmaz. Biz də çalışmalıyıq ki, bu, unudulmasın.

İndi bəzi arxivlərdə kinokadrlar saxlanılır. Düzdür, onlar azdır. Amma onlar bəzən nümayiş etdirilir. Güman edirəm ki, bu gün bizim bu mərasimin ikinci hissəsində də onları bizə göstərərlər. Məsələn, əsrin əvvəlində neft buruqlarında bu gün buradakı sərgidə onlar barədə bəzi fotoşəkillər vardır - çox bəsit üsullarla neft hasil olunması. Üstündən 100 il keçəndən sonra yenə də adamın ürəyi ağrıyır ki, Azərbaycan oğlu o mazutun, çirkin içində, ağır şəraitdə gecə-gündüz işləyərək neft hasil edibdir. Bu, o dövrə aiddir. Amma sonrakı dövrü - XX əsrin 20-ci, 30-cu, 40-cı illərini götürün. Artıq o vaxt neft sənayesinin inkişaf etdirilməsi üçün bütün Azərbaycan səfərbər olunmuşdu.

Təbiidir ki, SSRİ-nin başqa bölgələrindən neft sənayesinin inkişaf etdirilməsi üçün lazımi avadanlıq gəlirdi. Amma əsas iş burada idi. Bunu həyata keçirən Azərbaycan xalqı idi, bunu həyata keçirən qəhrəman Azərbaycan neftçiləri idi.

Azərbaycan neft sənayesinin, neftçilərinin tarixində ən parlaq səhifələrindən biri də 1949-cu ildə Xəzər dənizində, sahildən 100 kilometr məsafədə suyun dərinliyində neftin hasilatına başlanılmasıdır. Təbiidir ki, bu, bir gündə olan şey deyildi. Ona görə də bu haqda söz deyərkən, birinci növbədə bizim alimlərimizin, geoloqlarımızın, təcrübəli neftçilərimizin, təcrübəli fəhlələrimizin əməyini unutmamalıyıq. O dövrdən 50 il keçibdir. Məhz onları xatırlamaq lazımdır. O vaxt ümumiyyətlə, dünya hansı şəraitdə idi, Azərbaycan hansı şəraitdə idi, bizim əlimizdə hansı texnika, avadanlıq var idi? Bunlar çox məhdud idi. Ancaq 1949-cu ildə yenə də dünyada birinci dəfə olaraq Xəzər dənizində suyun dərinliklərindən neft hasilatına başlandı. Qısa bir müddətdə orada, Neft daşlarında böyük bir şəhərcik tikildi. Hər bir neftçi Neft daşlarında işləməyi özünə şərəf hesab edirdi. Baxmayaraq ki, dənizdə işləmək quruda işləməkdən qat-qat çətin idi.

Xəzər dənizi nə qədər gözəl olsa da, o qədər də qorxulu bir dənizdir. Bəzən dalğalar elə qalxır ki, onun yüksəkliyini demək mümkün deyildir. Neft daşlarında gecə-gündüz çalışan, işləyən insanlar məhz Azərbaycan neftinin şöhrətini qaldırmaq üçün bu qədər fədakarlıq göstəriblər.

O illər bu, dünyada möcüzələr adası hesab olunurdu. O illər hələ dünyada belə təsəvvür yox idi ki, dənizdə, suyun dərinliklərində neft hasil etmək olar. Ona görə də Azərbaycanda Neft daşlarının yaranması və orada çox böyük estakadaların qurulması, hətta orada yaşamaq üçün bəzi evlərin də tikilməsi - bunlar hamısı dünya alimlərinə, dünya mütəxəssislərinə dənizin dərinliklərində olan neft və qaz yataqlarının axtarılması və aşkar edilməsi üçün əsas yaratdı.

Mən o illər Neft daşlarına özümün və çoxlarının ziyarətini xatırlayıram. Birincisi, Azərbaycana gələn qonaqların hər biri, xüsusən xaricdən gələn qonaqlar mütləq Neft daşlarına getmək istəyirdilər. İkincisi, yenə də deyirəm, Neft daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insan idi. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz.

Mənim xatirimdədir, bir neçə dəfə hətta böyük gəmi ilə Neft daşlarına gedəndə dənizin dalğaları elə idi ki, bizim gəmimiz bir saat oraya yan ala bilmədi. Belə bir şəraitdə insanlar yaşayırdılar, işləyirdilər. Neft daşları Azərbaycanda neft hasilatını xeyli artırdı. Neft daşları yaranandan sonra Azərbaycanın Xəzər dənizində başqa sahələrdə də neft və qaz yataqlarının axtarışına sürətlə başladılar.

Qeyd etmək lazımdır ki, ondan əvvəl də Azərbaycanın alimləri, neftçiləri, geoloqları Xəzər dənizinin dibində neft və qaz yataqları olması haqqında tədqiqatlar aparmış və çox dəyərli əsərlər yazmışdılar.

Onları həyata keçirmək və xüsusən o dövrdə, yenə də deyirəm, texnikanın, texnologiyanın o vaxtkı səviyyəsində bu işləri görmək çox çətin idi. Ancaq Neft daşlarının yaranması və oradan çox böyük miqdarda neft hasil olunması Azərbaycan neftçilərini, alimlərini Xəzər dənizinin bütün başqa bölgələrində də neft və qaz yataqlarının aşkar edilməsinə yönəltdi və onlar bu sahədə çox dəyərli, çox qiymətli işlər gördülər.

İndi Xəzər dənizi, Xəzər bölgəsi dünyada məşhur olubdur. Demək olar ki, dünyanın bir çox ölkələri Xəzər dənizinə böyük maraq göstərir və bunun bütün dünya iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyətli olduğunu dərk edirlər. Ancaq bunun əsası, kökü hardadır? Bunun kökü Azərbaycan xalqının, Azərbaycan neftçilərinin gördüyü işlərdədir. Onların əldə etdiyi nailiyyətlərdədir. Onların kəşf etdiyi neft və qaz yataqlarındadır. Nəhayət, bunlar hamısı bizi 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalamağa gətirib çıxartdı. Ona görə Netf daşları Azərbaycanın tarixində xüsusi yer tutur.

1999-cu ildə Neft daşlarında ilk neftin hasil edilməsinin 50 illiyi qeyd olundu. İndi təbiidir ki, Neft daşlarının o qədər gücü yoxdur. Hamı da bilir ki, o neft buruqlarından neft daim eyni miqdarda çıxmır, get-gedə azalır. Ancaq Azərbaycan neftçiləri bunu yaxşı bilərək, təkcə Neft daşları ilə kifayətlənmədilər, yeni-yeni yataqları axtardılar, tapdılar və onları istismar etməyə başladılar. Məsələn, biz neft daşlarında neft hasilatına başlayandan indiyə qədər dənizdən 476 milyon ton neft hasil olunubdur. 1971-ci ildə biz Azərbaycanın neft sənayesi tarixində 1 milyard ton neftin hasil olmasını böyük təntənə ilə qeyd etdik. Təsəvvür edin, 1850-ci ildən başlayan işdən sonra, 1971-ci ildə Azərbaycanın 1 milyard ton zəngin təbii sərvəti, neft hasil olunubdur.

Ancaq təəssüflər olsun ki, bu 1 milyard ton neftin hamısı Azərbaycan xalqına mənsub olmayıbdır. Azərbaycan xalqına bunun ancaq ən kiçik bir hissəsi çatıbdır. Azərbaycan neftçisi, Azərbaycan xalqı zəhmət çəkibdir, böyük işlər görübdür və dünyada neft sənayesinin inkişafı üçün böyük töhfələr veribdir. Ancaq öz təbii sərvətlərinin sahibi olmayıbdır.

Beləliklə, mən hesab edirəm ki, Azərbaycanın neft sənayesinin tarixində ikinci mərhələ 1918-20-ci illərdən başlayaraq, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinə qədər dövr hesab oluna bilər. Ancaq hansı vaxt, hansı hakimiyyətin, hansı dövlətin mövcudluğundan asılı olmayaraq, bu tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Çünki Azərbaycan xalqının ən böyük təbii sərvəti neft və qaz olubdur. Neft və qaz hasilatı Azərbaycanın inkişafına, təbiidir ki, dünya iqtisadiyyatının inkişafına təsir göstəribdir. SSRİ kimi böyük dövlətin iqtisadiyyatının inkişafına təsir göstəribdir. Ancaq eyni zamanda, hansı dövlətin tərkibində olub-olmamasından asılı olmayaraq, Azərbaycanın inkişafında böyük rol oynamışdır. Ona görə bu tarix bizim üçün əzizdir, bizim üçün dəyərlidir və heç bir şey unudulmamalıdır, heç kəs unudulmamalıdır.

Mən bu gün tarixdən daha çox danışsam, buna vaxt tələb olunar. Ona görə də, sadəcə demək istəyirəm ki, bütün mərhələlərdə Azərbaycanda neft sənayesinin yaranmasında, inkişaf etməsində, yeni-yeni neft və qaz yataqlarının kəşf olunmasında zəhmət çəkmiş, böyük işlər görmüş, qəhrəmanlıqlar göstərmiş, dünyaya böyük ixtiralar təqdim etmiş insanlar da bizim tariximizdə görkəmli yer tuturlar. Biz onları da heç vaxt unuda bilmərik.

Bu gün, Azərbaycanın müstəqilliyinin onuncu ilində, Azərbaycanda yeni neft erasının başlanmasının yeddinci ilində biz Azərbaycan neftçilərinin bütün nəsillərinə böyük hörmət, ehtiramımızı bildirməliyik, minnətdarlığımızı bildirməliyik və bəyan etməliyik ki, məhz onların gördüyü işlər Azərbaycanda bu qədər böyük neft və qaz sənayesi potensialı yaradıbdır. Bu isə bu gün müstəqil Azərbaycanın ən böyük, ən dəyərli sərvətidir.

Azərbaycan neft ölkəsidir deyəndə, bu, heç də o demək deyildir ki, Azərbaycanda ancaq neft sənayesi olubdur. Neft sənayesi Azərbaycanda sənayenin bir çox başqa sahələrinin yaranmasına və inkişaf etməsinə əsas yaradıbdır. Məsələn, Azərbaycanın maşınqayırma sənayesi. Bunun ən böyük hissəsi neft maşınqayırma zavodlarıdır. Məlumdur ki, 1970-ci illərdə Sovet İttifaqında neft avadanlığının 70 faizi Azərbaycanın neft maşınqayırması zavodlarında istehsal olunur və neft sənayesi bu avadanlıqla təmin edilirdi.

Mən dedim ki, Azərbaycanda neft sənayesinin inkişafı və görülən işlər dünya iqtisadiyyatına müsbət təsir edib, SSRİ dövlətinin həyatında böyük rol oynayıbdır. Ancaq təkcə onunla yox ki, sadəcə, bizim təcrübəmizi görüblər, yaxud bizim neft hasilatından əldə olunan gəlirlərdən istifadə ediblər. Yox. Azərbaycanın neftçiləri, alimləri öz təcrübəsi, biliyi, elmi ilə SSRİ-nin bir çox bölgələrində neft və qaz yataqlarının kəşf edilməsində və işlənilməsində böyük xidmətlər göstərmişlər. Yəni onlar o illərdə - hələ 1930-cu illərdə SSRİ-nin başqa bölgələrinə ezam edilmişdilər. Orada ikinci Bakı, üçüncü Bakı, dördüncü Bakı kimi böyük neft mərkəzlərinin yaranmasında iştirak ediblər. Bu da Azərbaycan neftçilərinin xidmətləridir.

İndi Rusiyanın böyük neft hasilatı bölgələrinin hansına getsəniz, orada xeyli miqdarda azərbaycanlı görəcəksiniz. Onlar 30-40 il bundan öncə oraya gediblər, yerləşiblər, böyük xidmətlər göstəriblər və orada artıq məskunlaşıblar, orada da yaşayırlar. Bu, bizdə, sadəcə, iftixar hissi doğurur. Ona görə ki, demək azərbaycanlı, Azərbaycan neftçisi gedib Rusiyanın müxtəlif bölgələrində neft hasilatının təmin olunması üçün yardım göstərir, onları öyrədir, öz təcrübəsini verir və ora artıq onun üçün xoş olduğuna görə, oranı sevdiyinə görə orada da yaşayır. Biz bununla fəxr edirik.

Bütün bunların hamısı Azərbaycanın böyük sənaye, iqtisadi potensialının yaranmasının əsasını təşkil edir. Təbiidir ki, neft və neft məhsullarının kənd təsərrüfatında, başqa sahələrdə istifadə edilməsi də bütün Azərbaycan iqtisadiyyatını təmin edən amillərdəndir.

Ancaq fəxr edirik ki, biz 1991-ci ilin sonunda dövlət müstəqilliyini elan etdiyimiz zaman, o vaxt ölkəmizin çox çətin şəraitdə yaşamasına, böyük sınaqlardan keçməsinə baxmayaraq, Azərbaycan o dövrə, yəni müstəqilliyin elan edildiyi dövrdə artıq böyük iqtisadi, sənaye potensialı və elmi, intellektual potensialla gəlmişdi. Əgər, bax, bu tarix olmasaydı, əgər bu keçmiş olmasaydı, əgər bütün bu tarix boyu görülən işlər Azərbaycan xalqında elmin, mədəniyyətin inkişafına öz təsirini göstərməsəydi, biz müstəqillik əldə edən zaman və ya ondan sonra rast gəldiyimiz başqa çətinliklərlə yanaşı, iqtisadiyyat sahəsində daha da böyük çətinliklərlə üzləşə bilərdik.

Biz keçən il Azərbaycanda Neft Akademiyasının yaranmasının 80-ci ildönümünü qeyd etdik. Neft Akademiyası 80 ildə təkcə Azərbaycan üçün yox, keçmiş SSRİ-nin bütün bölgələri üçün yüksək səviyyəli kadrlar hazırlamışdı. Bu, təhsil ocağıdır. Amma Azərbaycanın bütün neft sahəsində gördüyü bu işlər ona yeni bir ad veribdir - Azərbaycan Neft Akademiyası adını alıbdır.

Bütün bunların əsasında Azərbaycanda neft sənayesinin üçüncü mərhələsi başlandı. Bu isə bizim Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsindən sonra və onun birbaşa nəticəsi kimi meydana çıxdı.

Bir də qeyd edirəm, biz yeni neft strategiyasını yaradarkən, Azərbaycanın neft sənayesinin yeni erasını başlayarkən böyük potensiala malik idik. Burada çıxış edənlər bu barədə söylədilər. Bunlar olmasaydı, biz bu neft strategiyasını yaradıb, qısa müddətdə bu cür nailiyyətlər əldə edə bilməzdik.

Burada doğru deyildi, təəssüflər olsun ki, 1990-1993-cü illərdə Azərbaycandakı hakimiyyətsizlik, hərc-mərclik, Ermənistanın Azərbaycana etdiyi təcavüz, ictimai-siyasi sabitliyin pozulması - bunların hamısı Azərbaycanın iqtisadiyyatını tənəzzülə uğratdı. O cümlədən əsas sahə olan, iqtisadiyyatın əsasını təşkil edən neft sənayesini tənəzzülə uğratdı. Bir neçə il lazım oldu ki, o tənəzzülün qarşısı alınsın, ondan sonra inkişafa başlayaq. Biz buna yalnız 1995-1996-cı illərdə nail olduq. Ancaq bu, bizim üçün, müstəqil Azərbaycan üçün yetərli deyildi.

Yəni tək Azərbaycanın öz imkanları çərçivəsində iş görmək və Azərbaycana məxsus olan çox zəngin neft və qaz yataqlarının işlənilməsini təmin etmək - bu, artıq bizim özümüz üçün çətin vəzifə idi. Ona görə də biz yeni neft strategiyasını yaratdıq və onu inkişaf etdirməyə başladıq.

Mən qeyd etdim ki, dünyada ilk dəfə Neft Daşlarında dənizin dərinliyindən neft çıxarılıbdır. Ancaq o zamandan 25 il sonra dünyanın bir çox bölgələrində dənizin daha da çox dərinliklərindən neft və qaz hasilatına başlayıblar. Bunun üçün çox yüksək səviyyəli texnikaya və texnologiyaya malik olan işlər lazım idi. Bu isə Azərbaycanda yox idi. Ona görə bizim başqa yolumuz yox idi. Biz bu yolla getməli idik. Təkcə ona görə yox ki, bizim başqa yolumuz yox idi. Bir də ona görə ki, 1993-1994-cü illərdə hazırladığımız yeni neft strategiyası təkcə iqtisadi, kommersiya xarakteri daşımır. Bu, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün ən əsas yollardan biridir. Biz artıq bunun canlı şahidiyik ki, bizim bu fikrimiz, bizim bu arzumuz ötən yeddi il müddətində həyata keçirilibdir.

Ancaq neft strategiyasını yaratmaq və onun əsasını qoymaq, çox böyük təcrübəyə, böyük potensiala, böyük maliyyə vəsaitinə malik olan şirkətləri Azərbaycana cəlb etmək asan proses, asan iş deyildi. Bunun üçün Azərbaycanda mövcud olan anarxiyaya, hərc-mərcliyə, hakimiyyətsizliyə son qoyulmalı idi. Bunun üçün Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək lazım idi. Bunun üçün Azərbaycanda hər bir şirkətin qorxmadan, çəkinmədən işləməsinə zəmanət verən şərait lazım idi. Biz bunların hamısını yaxşı bilirdik. Bilərək də bu işləri kompleks şəklində aparırdıq. Bəli, əgər 1993-cü ildə Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunmasına başlamasaydıq və ona nail ola bilməsəydik, təbiidir ki, indi Azərbaycanda çalışan neft şirkətləri buraya gəlməzdilər. Bizim yeni neft strategiyamız da ancaq fərziyyə kimi, yaxud nəzəriyyə kimi qala bilərdi. Ona görə də bizim gördüyümüz bu işlər Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etdi. Bizə inandılar. Bizə etibar etdilər. Azərbaycana axın başlandı.

Baxmayaraq ki, 1993-cü ilin sonundan 1994-cü ilin sentyabrına qədər "Əsrin müqaviləsi"nin hazırlanması ilə məşğul idik, o da çox mürəkkəb şəraitdə keçirdi. Çünki bir çox məsələlərdə bizim o qədər də təcrübəmiz yox idi. Biz çox məsələlərdə ayrı-ayrı şirkətlərlə eyni fikrə gələ bilmirik. Biz bunların hamısını bir neçə ay müddətində etdik və 1994-cü il sentyabrın 20-də ilk böyük müqavilə, "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı. Bu, dünyada bir bomba kimi partladı. Bu, Azərbaycanı bütün dünyaya yenidən tanıtdı. Bu, eyni zamanda Azərbaycanın xarici sərmayə üçün nə qədər əlverişli olduğunu nümayiş etdirdi. Buna sevinənlər də oldu, amma kədərlənənlər də oldu. Buna tərəfdarlar da oldu, əleyhinə çıxanlar da oldu. Ancaq bunların hamısını bir yerə cəmləsək, bizim bu işimizə həm xaricdə, həm daxildə maneçilik törədənlər oldu. Xaricdəkilər ona görə mane olmağa çalışdılar ki, onlar Azərbaycanın inkişafını istəmirdilər. Azərbaycanı əzmək, boğmaq istəyirdilər. Bunu anlamaq olar. Amma daxildə isə insanlar öz şəxsi mənafeyini hər şeydən üstün tutaraq xalqın, millətin mənafeyini öz şəxsi məqsədlərinə qurban verərək, bunların qarşısını almağa çalışdılar. Məlumdur ki, müqavilə imzalanandan bir neçə gün sonra biz böyük faciələrlə rastlaşdıq. Bir dəstə cinayətkar qaçırıldı. İki terror hadisəsi baş verdi. Ondan bir neçə gün sonra burada silahlı çevrilişə cəhd göstərildi. Ancaq xalq artıq anlayırdı ki, yox, bu yol, Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin tutduğu yol ən doğru yoldur. Ona görə də xalq dövlətlə oldu, xalq bizimlə oldu və biz onların qarşısını aldıq.

Sonrakı illərdə də biz çox çətinliklərlə, maneələrlə rastlaşdıq. Bir neçə ölkədə bizim əleyhimizə mətbuatda indiyə qədər də təbliğat aparılır. Təbiidir ki, Azərbaycana düşmən gözü ilə baxan, yaxud da ki, qısqanan dairələrin fəaliyyəti nəticəsində yenə də Azərbaycanı dünya miqyasında gözdən salmaq istəyirlər. Azərbaycanda əvvəl bəyan edilən qədər neft və qaz ehtiyatlarının olmaması haqqında fikirlər söyləyirlər. Bu, bizi narahat etmir.

Eyni zamanda bu, dünyada gedən proseslərin bir hissəsidir.

Dünya rəqabət dünyasıdır. Dünya mübarizə dünyasıdır. Bu, bizi narahat etmir. Ona görə ki, biz öz işimizi bilirik. Biz gördüyümüz işlərin əsasını bilirik. Biz həqiqəti bilirik. Əgər bilməsək, biz nə özümüzü, nə də başqalarını aldadarıq. Təsadüfi deyildir ki, qısa bir zamanda "Əsrin müqaviləsi" imzalanandan təxminən 5-6 il keçdi, 21 müqavilə imzalanıbdır, 14 ölkədən 30 böyük neft şirkəti burada fəaliyyət göstərir. Bunlarla yanaşı, 400-ə qədər servis xidməti göstərən müxtəlif xarici ölkələrdən çox böyük potensiala malik olan şirkətlər burada fəaliyyət göstərir. Bütün bu şirkətlərdə 10 mindən artıq Azərbaycan vətəndaşı, Azərbaycan mütəxəssisi, Azərbaycan gənci özünə yaxşı iş yeri tapıbdır. Təkcə bu deyildir. Buradakı hər bir şirkətin fəaliyyətindən Azərbaycanın xəzinəsinə gəlirlər gəlir. Artıq biz birinci müqavilənin - "Əsrin müqaviləsi"nin icrasından mənfəət nefti alırıq. Neft fondu yaranıbdır. İndi orada 435 milyon dollardan artıq vəsait toplanıbdır. Bunların hamısı işin hələ başlanğıcıdır. Əminəm ki, biz bu yeddi il ərzində həm öz xalqımıza, millətimizə, vətəndaşlarımıza gördüyümüz işlərin bu gün üçün, gələcək üçün nə qədər faydalı olduğunu sübut etdik, eyni zamanda, dünyada böyük etibar, etimad qazandıq.

Bu illərdə biz təkcə neft və qaz yataqları ilə məşğul olmadıq. Təbiidir ki, əgər neft çox miqdarda hasil olunursa, onu dünya bazarlarına çıxarmaq lazımdır.

"Şahdəniz" yatağını kəşf etdik. Doğrudur, onu çoxdan kəşf etmişdilər. Yəni onun artıq işlənilməsinə başlandı. Qısa bir müddətdə orada 1 trilyon kubmetrdən artıq qazın olması aydın oldu. İndi artıq biz bir tərəfdən "Şahdəniz" yatağında iş aparırıq, ikinci tərəfdən, qazın ixracı üçün yol axtarırıq və onu tapmışıq. Biz artıq iki ixrac kəmərindən istifadə edirik. Bakı-Novorossiysk və Bakı-Supsa. Əsas neft ixrac kəməri Bakı-Tbilisi-Ceyhandır. Biz böyük çətinliklərdən və müqavimətlərdən keçərək buna nail olduq. 1998-ci ildə Ankara bəyannaməsi, 1999-cu ildə İstanbulda imzalanmış saziş və verilən bəyannamə, sonra isə Türkiyə və Azərbaycan, Gürcüstan və Azərbaycan arasında imzalanmış kommersiya sazişləri artıq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına başlanmasına şərait yaratdı.

Bu iş başlanıb və 2004-cü ildə qurtaracaqdır. 2005-ci ilin əvvəlində Azərbaycan nefti həmin bu Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə, uzun məsafədə Gürcüstan və Türkiyə ərazisindən keçərək Aralıq dənizində Ceyhan limanına çatacaqdır. Ceyhan limanına, dünya bazarına çıxacaqdır.

Mən mart ayında Türkiyədə rəsmi səfərdə olduğum zaman biz qazın ixracı üçün də saziş imzalamışıq. Gürcüstanla danışıqlar aparılır. Bu günlərdə o saziş də imzalanacaqdır. Beləliklə, biz qazın ixrac olunması üçün də xüsusi kəmərin çəkilməsinə başlayacağıq. Yəni qazın çıxarılması təmin olunduqda onun dərhal ixracı təmin edilsin.

Bir tərəfdən, dünyanın böyük neft şirkətlərinin Azərbaycana, Xəzər dənizinə cəlb edilməsi, ikinci tərəfdən, neftin və qazın Avropa istiqamətində ixrac olunması - bunlar, yenə də deyirəm, təkcə iqtisadi, kommersiya məsələsi deyildir. Bu, siyasi məsələdir. Bir də qeyd edirəm, bu, bizim Qərb ilə, inkişaf etmiş ölkələrlə inteqrasiyamızın əsasıdır. Bu, eyni zamanda bizim bölgəmizdə təhlükəsizliyin təmin olunmasının əsasıdır. Demək bu, eyni zamanda böyük bir siyasi məsələdir. Biz bu məsələni, problemi də həll edirik.

Yeni neft strategiyası əsasında bizim gördüyümüz bütün bu işlər gələcəyə yönəlibdir. Biz artıq bu gün bunun faydasını görürük. Mən sizə bir neçə rəqəmlər deyim. "Çıraq" neft platformasından 16 milyon ton neft hasil olunubdur və dünya bazarlarına çıxarılıbdır. Azərbaycan oradan öz neft mənfəətini götürübdür. Ancaq bu, hələ indi əldə olunan nailiyyətlərdir. Gələcəkdə isə, indi təsəvvür edin, təkcə "Azəri", "Çıraq" yataqlarından, "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsindən ildə təxminən 50-60 milyon ton neft çıxarılması nəzərdə tutulubdur.

Azərbaycanda görülən bütün bu işlərə təxminən 60 milyard dollar həcmində vəsait, sərmayə qoyulması nəzərdə tutulubdur. Təbiidir ki, bunlar bir-iki-üç gündə həyata keçirilmir. Bunun bəzilərinin müddəti 2005-ci ildir, bəzilərininki 2007-ci ildir, bəzilərininki 2010-cu ildir. Hətta bəzilərininki 2015-ci ildir. Demək, biz indi həm bugünkü nəsillər üçün iqtisadi imkanlar yaradırıq, həm də gələcək nəsillərimizin xoşbəxt, firavan yaşaması üçün əsas yaradırıq və onlara böyük irs qoyub gedəcəyik.

Ancaq bu işlərin uğurla həyata keçirilməsi üçün biz daim Azərbaycanda dövlət quruculuğunu möhkəmləndirməliyik. Azərbaycanda artıq demokratik, hüquqi, dünyəvi dövlət qurulub, bütün hakimiyyət orqanları yaranıb, iqtisadi, siyasi, hüquqi islahatlar həyata keçirilir və keçirilməkdədir. Bunlar öz nəticələrini verib, bundan sonra daha da dəyərli nəticələr verəcəkdir. Biz bu yolu tutmuşuq, bu yolla gedəcəyik.

Azərbaycanda daxili ictimai-siyasi sabitliyi qoruyub saxlamaq lazımdır. Bəziləri yenə də sabitliyi pozmağa cəhdlər göstərirlər. Ancaq əbəsdir. Onlar nə özlərini aldatsınlar, nə də başqalarını aldadıb pis yola salsınlar. Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik möhkəmdir, dönməzdir və əbədidir. Bu, bizim və gələcək nəsillərin üzərində olan ən əsas vəzifələrdən biridir. Güman edirəm ki, biz bu vəzifələri şərəflə yerinə yetirəcəyik.

Bu gün çox əlamətdar bir gündür. Biz bu gün neftçilərin nailiyyətindən danışırıq. Ancaq Azərbaycanın hələ həll olunmamış problemləri də vardır. Azərbaycanın həyatında çox çətin işlər də var. Azərbaycan vətəndaşlarının bütün təbəqələrinin rifah halının təmin olunması vəzifəsi var. Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, ərazi bütövlüyünün bərpa edilməsi və köçkün vəziyyətində, çadırlarda yaşayan bir milyondan artıq insanın öz yerinə, yurduna qayıtması və dağıdılmış, viran olmuş Azərbaycan torpaqlarında yeni həyat qurulması vəzifəsi qarşıda durur. Təsəvvür edin, Azərbaycan nə qədər böyük işlər qarşısındadır. Biz neçə ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində yaranmış problemi sülh yolu və danışıqlar yolu ilə aradan qaldırmaq istəyirik. Ancaq buna hələ nail ola bilməmişik. Lakin nail olacağıq. Mütləq nail olacağıq. Yerindən, yurdundan didərgin düşmüş insanlar öz elinə-obasına qayıdacaqlar. Onda ikinci mərhələ başlanır. Gələcəklər öz torpaqlarına, amma ev yox, bina yox, yol yox, körpü yox, nəqliyyat yox, infrastruktur yox. Heç bir şey yox.

İndi görün, bizə nə qədər vəsait lazımdır ki, məsələni həll edəndən sonra bu işləri də görə bilək. İnsanları normal yaşamaq üçün təmin edək. İndi görün, bizim çiynimizə nə qədər böyük yük düşübdür. Bu da ancaq onun nəticəsidir ki, Ermənistan hələ 1988-ci ildən Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edərək, hərbi təcavüz edibdir. Onun qarşısı alınmayıbdır və ölkəmiz belə bəlalarla rastlaşıbdır. Ancaq bunlar da həll olunacaq, bunlar da, hesab edirəm ki, geridə qalacaqdır.

Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdən ibarətdir. Həyata keçirdiyimiz daxili və xarici siyasət, o cümlədən Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlətin qurulması, Azərbaycanın yeni neft strategiyası və Azərbaycan neftinin, qazının adlarını çəkdiyim kəmərlərlə dünya bazarlarına çıxarılması Azərbaycanın müstəqilliyinin daimi olması üçün əsas şərtlərdən biridir. Bu, müstəqilliyimizin təminatıdır. Ona görə də hər bir vicdanlı Azərbaycan vətəndaşı, hansı şəraitdə yaşamasından asılı olmayaraq o bilməlidir ki, o xoşbəxt adamdır. Çünki o, artıq azaddır, öz ölkəsinin sahibidir, heç bir başqa ölkənin müstəmləkəsi, yaxud da ki, bir hissəsi olmayan müstəqil dövlətdə yaşayır. Bu, tarixi nailiyyətdir. Biz bunu qiymətləndirməliyik. Hər bir vətəndaş bunu qiymətləndirərək, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün öz töhfəsini verməlidir. Müxtəlif problemlər, fikir ayrılıqları ola bilər. Biz plüralist bir ölkədə yaşayırıq. Biz azad mətbuat ölkəsində yaşayırıq. Ancaq hər bir vətəndaş bilməlidir ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, Azərbaycanda hüquqi, demokratik dövlətin inkişaf etməsi və ən əsas şərt - Azərbaycanın müstəqilliyinin əbədi edilməsi hamının vəzifəsidir.

Ancaq bilin ki, bizim müstəqilliyimizə qarşı yönəldilmiş təhlükələr də var. Heç kəs arxayınçılığa yol verməməlidir. Biz bu təhlükələrin qarşısını almalıyıq. Biz onlara imkan verməməliyik. Bunun üçün də təkcə dövlət yox, yaxud dövlətin başında duranlar yox, hər bir vicdanlı vətəndaş anlamalıdır, bilməlidir ki, bizim müstəqilliyimizin bu günü və gələcəyi Azərbaycan xalqının birliyindən, Azərbaycan xalqının həmrəyliyindən, Azərbaycan xalqının öz müstəqilliyini qorumaq əzmindən asılıdır. Əminəm ki, mənim bu sözlərimi eşidən hər bir vətəndaş bu yolda öz xidmətlərini göstərəcək və göstərməlidir. Mən əminəm ki, biz Azərbaycanın müstəqilliyini qoruyacağıq, saxlayacağıq və gələcək nəsillərə müstəqil, yüksək iqtisadiyyata və potensiala malik olan bir dövlət bəxş edəcəyik. Bu, bizim hamımızın - həm neftçilərin, həm bütün başqa sahədə çalışan insanların, adi vətəndaşların vəzifəsidir. Bu, Azərbaycan dövlətinin vəzifəsidir. Bu, Azərbaycan prezidentinin vəzifəsidir. Əmin ola bilərsiniz ki, mənə göstərilən bu etimadı yüksək qiymətləndirərək, bu vəzifəni həyatımın son dəqiqəsinə qədər şərəflə yerinə yetirəcəyəm.

Azərbaycan neftçilərinə eşq olsun!

Yaşasın azad, müstəqil Azərbaycan, Azərbaycan, Azərbaycan!

"Azərbaycan" qəzeti, 23 sentyabr 2001-ci il.