"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İsveçrə Konfederasiyasının prezidenti Kaspar Villiger ilə görüşdə söhbətindən" (Nyu-York, 2 fevral 2002-ci il) sənədinə tarixi arayış


Azərbaycan və İsveçrə arasında diplomatik münasibətlər 1992-ci ilin yanvarında yaradılıb. 2004-cü ildən Azərbaycanın Berndə səfirliyi fəaliyyət göstərir.(http://www.mfa.gov.az/)

İki ölkə arasında əməkdaşlıq daha çox çoxtərəfli qurumlarda, xüsusilə Azərbaycan rəhbərliyinin fəal iştirak etdiyi İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda inkişaf etməyə başlayıb. Azərbaycan Prezidenti Heydər Əliyev 1995, 2000, 2002-ci illərdə Davos İqtisadi Forumunun toplantılarında iştirak edib və bu tədbirlər zamanı İsveçrə Konfederasiyası rəhbərliyinin nümayəndələri ilə görüşlər keçirib.

2000-ci ilin yanvarında keçirilmiş Davos İqtisadi Forumunda Heydər Əliyev o zaman İsveçrənin maliyyə naziri olmuş Kaspar Villigerlə də görüş keçirib. Tərəflər arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycandakı enerji layihələri və İsveçrə şirkətlərinin Azərbaycanda fəaliyyəti məsələləri barədə söhbət aparılıb. Heydər Əliyev Kaspar Villigerə bəzi İsveçrə firmalarının Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionunda kommersiya fəaliyyətinin yolverilməz olduğunu bildirib. Villiger bu məsələ ilə əlaqədar tədbir görüləcəyinə söz verib.

Prezident Heydər Əliyevin Kaspar Villigerlə daha bir görüşü 2 fevral 2002-ci ildə Davos Forumunun Nyu Yorkda keçirilən toplantısında baş tutub. Azərbaycanın dövlət başçısı və artıq İsveçrənin prezidenti olmuş Kaspar Villiger 2 il əvvəl Davosda görüşlərini xatırlayaraq bu tədbirin böyük əhəmiyyət daşıdığını bildiriblər.

Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə İsveçrə bitərəf mövqe tutur.

İsveçrə Konfederasiyası ilə əlaqələr İlham Əliyevin Azərbaycan prezidenti seçildikdən sonra da davam edib. O, 2007-ci ildə Davos İqtisadi Forumunda iştirak edib və İsveçrənin rəhbər şəxsləri ilə görüşüb. 2006-cı ilin fevralında isə İsveçrənin xarici işlər nazirinin Azərbaycana səfəri zamanı iqtisadi əməkdaşlığı gücləndirmək üçün bir neçə saziş imzalanıb (http://www.azerbaijanfoundation.org/)

2008-ci il mayın 12-də İsveçrə Prezidenti Paskal Kuşpen ilk rəsmi səfərlə Azərbaycana gəlib. İki ölkə prezidentinin təkbətək görüşündə ölkələr arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub və əlaqələrin daha da inkişaf etdirilməsi üçün perspektivlərin olduğu qeyd edilib. İlham Əliyev İsveçrə prezidentinin Azərbaycana səfərini ikitərəfli əlaqələrdə yeni səhifə kimi səciyyələndirib (http://www.azerbaijan.news.az/)

Səfər çərçivəsində Paskal Kuşpen Heydər Əliyev Fondunda da olub. O, Heydər Əliyevin həyatımın ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, Heydər Əliyevə həsr olunan kitablarla tanış olub, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb (http://www.president.az/)

Tarixi arayış 15 may 2008-ci ildə yeniləşdirilib.