Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelevlə birgə mətbuat konfransında çıxışı - Sofiya, 29 iyun 1995-ci il


Hörmətli prezident, hörmətli xanımlar və cənablar!

Hörmətli mətbuat, informasiya orqanlarının nümayəndələri!

Təəssüf ki, mən sizin qarşınızda Azərbaycanın dövlət dilində çıxış etmək imkanına malik deyiləm. Ona görə ki, bizim kifayət qədər hazırlıqlı, peşəkar tərcüməçimiz yoxdur. Doğrudur, aramızda, bizim nümayəndə heyətində bir şair var. O, artıq uzun illərdən bəri bolqar şairlərin şerlərini Azərbaycan dilinə çevirir və bolqar ədəbiyyatı ilə müvəffəqiyyətlə əməkdaşlıq edir. O, indi tərcümə edə bilərdi. Lakin mən parlamentdə çıxışım zamanı onun çətinlik çəkdiyini duydum, buna görə də öz fikirlərimi daha aydın və anlaşıqlı şəkildə çatdırmaq üçün rusca danışacağam. Üstəlik, sizin yaxşı tərcüməçiniz var. Bu xanım rus dilindən bolqar dilinə, bolqar dilindən rus dilinə tərcümə edir.

Yəqin ki, siz məni başa düşərsiniz, axı Azərbaycan öz dövlət müstəqilliyinə üç il yarım əvvəl nail olmuşdur. Biz başqa ölkələrlə ünsiyyət zamanı əsasən rus dilindən istifadə edirdik. Lakin indi müstəqil respublikamız öz ana dilini, dövlət dili olan Azərbaycan dilini işlədir. Biz bütün dillərdə kifayət qədər tərcüməçilər hələ hazırlaya bilməmişik. Əlbəttə, ingilis, fransız, alman dillərini bilən çoxlu tərcüməçimiz var. İnanıram ki, gələn dəfəyədək bolqar-Azərbaycan mətnləri üzrə də yaxşı tərcüməçi olacaqdır.

Mən ən əvvəl Bolqarıstan Respublikasının prezidenti, hörmətli cənab Jelyu Jelevə dəvətə görə və Azərbaycan Respublikası prezidentinin Bolqarıstana səfəri kimi hazırda başa çatmaqda olan rəsmi səfərə görə təşəkkürümü bildirmək istəyirəm. Mən bizim bugünkü günümüzdən, birgə işimizdən, söhbət və danışıqlarımızdan, ən əvvəl, cənab prezident Jelyu Jelevlə danışıqlarımızdan, mənə Bolqarıstan parlamenti qarşısında çıxış etmək imkanı verilməsindən məmnunam. Mən Bolqarıstanın baş naziri ilə görüşdüm. Başlıcası isə, cənab Jelevin dediyi kimi, bu gün biz çox mühüm sənəd imzaladıq, ən əvvəl, iki prezident Bolqarıstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında sənədlər imzaladıq. Bu, əsas sənəddir və gələcək əməkdaşlığımız üçün yaxşı bünövrə qoyur. Mən cənab prezident Jelevin belə bir rəyi ilə tamam razıyam ki, Bolqarıstan tərəfindən Azərbaycan tərəfə ilk addım 1992-ci ildə, yəni Bolqarıstan Azərbaycanın dövlət müstəqilliyini və Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyan vaxt atılmışdır. Bilirsiniz ki, keçmiş Sovet İttifaqı respublikaları kimi, Azərbaycan da öz dövlət müstəqilliyini Sovet İttifaqının süqutu nəticəsində əldə etmişdir, hərçənd Azərbaycan hələ 1918-ci ildə öz dövlət müstəqilliyinə malik idi, Şərqdə ilk Azərbaycan Demokratik Respublikası idi, 23 ay mövcud olmuşdur. Lakin sonra bu respublika ölkəmizdə, Azərbaycanda Sovet hakimiyyəti qurulması ilə əlaqədar devrildi. Budur, 77 ildən sonra biz öz müstəqilliyimizi bərpa etmişik və təbii idi ki, digər ölkələr tərəfindən tanınmağa ehtiyac duyurduq. Bolqarıstan Azərbaycanın dövlət müstəqilliyini birincilər sırasında tanımışdır ki, bu da xüsusilə vacibdir. Biz öz dövlət müstəqilliyimizi əldə etdiyimiz dövrdə, təəssüflər olsun, Ermənistan Respublikası ilə müharibə vəziyyətində idik və bu gün də müharibə vəziyyətindəyik. Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Odur ki, Azərbaycan Respublikasının milli istiqlaliyyətinin, dövlət müstəqilliyinin, suverenliyinin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün respublikamız üçün məhz belə mürəkkəb dövrdə Bolqarıstan tərəfindən tanınması bizə şübhəsiz, böyük kömək idi.

Budur, indi biz həmin əsasda işi davam etdiririk və imzaladığımız müqavilə, zənnimcə, gələcək əməkdaşlıq üçün etibarlı zəmindir. İmzalanmış digər sənədlər barəsində cənab Jelev danışdı və mən onun dediklərini təkrarlayaraq vaxtınızı almayacağam. Yalnız onu deyəcəyəm ki, bu sənədlər də çox böyük əhəmiyyətə malikdir, əməkdaşlığımıza konkret istiqamətlər verir. Buna görə də əminəm ki, onların əməli surətdə həyata keçirilməsi ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın inkişaf etdirilməsi və dostluğun möhkəmləndirilməsi üçün konkret nəticələr gətirəcəkdir.

Əməkdaşlıq haqqında artıq razılığa gəldiyimiz və ya razılıq əldə edilməkdə olan bəzi sahələr barəsində cənab Jelevin söylədiyi fikirlərlə razıyam. Həqiqətən, bu sahələr olduqca vacibdir, onlar istər Bolqarıstan üçün, istərsə də Azərbaycan üçün böyük iqtisadi əhəmiyyətə malikdir. Cənab Jelevin göstərdiyi konkret məsələlər üzrə aramızda əməli əməkdaşlıq olması üçün biz hər şey edəcəyik.

Azərbaycan demokratik hüquqi dövlət qurur, iqtisadiyyat sahəsində islahatlar həyata keçirir, bazar iqtisadiyyatı yolu ilə gedir. Bu il noyabrın 12-də biz müstəqil respublikanın parlamentinə tam demokratik əsasda ilk seçkilər keçirəcəyik. Biz ümumxalq referendumu vasitəsilə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul edəcəyik. Cari il bizim üçün çox mühüm ildir və şübhəsiz ki, respublikamızın demokratik prinsiplərinin daha da möhkəmlənməsi və inkişaf etməsi ilə əlamətdar olacaqdır.

Respublikamızda siyasi plüralizm mühiti hökm sürür. Biz insan hüquqlarının qorunmasını təmin etmək məsələlərinə böyük əhəmiyyət veririk. Respublikamız çoxmillətli respublikadır. Milliyyətindən, dilindən, dini etiqadından, siyasi əqidələrindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları bərabər hüquqlara malikdir, ölkəmizin dövlət və ictimai həyatında fəal iştirak edirlər.

Ermənistan ilə Azərbaycan arasında münaqişəli vəziyyət bizim üçün çox ağır problemdir. Bu münaqişə - Azərbaycan ərazisinin tərkib hissəsi olan Dağlıq Qarabağı ilhaq etmək məqsədi ilə Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü 1988-ci ildə başlanmışdır. Yeddi ildir ki, müharibə gedir, qan tökülür, torpaqlarımızın təxminən 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu işğal olunmuş torpaqlardan bir milyon nəfərdən çox Azərbaycan vətəndaşı didərgin salınmışdır. Onlar çadır düşərgələrində yaşayırlar, olduqca ağır vəziyyətdədirlər. Təbii ki, bunların hamısı Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyəti çətinləşdirir.

Ötən ilin may ayında biz Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında saziş əldə etdik ki, bu da çox əhəmiyyətlidir. Bütün bunlar ATƏT çərçivəsində, ATƏT-in Minsk qrupu çərçivəsində, dünyanın iri dövlətlərinin vasitəçiliyi ilə baş verir. Bu danışıqlar nəticəsində keçən il mayın 12-də biz atəşkəs haqqında saziş imzaladıq. On üç aydır ki, biz atəşkəs rejimini gözləyirik və bu rejimin pozulmaması üçün bundan sonra da öz tərəfimizdən hər şeyi edəcəyik. Onu nəzərdə tuturuq ki, həmin dövrdə biz Ermənistan ilə Azərbaycan arasında möhkəm, uzunmüddətli sülhə nail olmağa çalışmalıyıq. Biz qonşuların hamısı ilə, o cümlədən də qonşu Ermənistanla sülh şəraitində yaşamaq istəyirik. Qonşularımıza qarşı heç bir iddia-tələbimiz yoxdur, hansısa qonşu respublikanın torpaqlarının bir hissəsini qəsb etməyi qarşımıza məqsəd qoymuruq. Bununla yanaşı, biz, şübhəsiz, razılaşa bilmərik ki, ərazimizin bir hissəsi ilhaq edilsin.

Buna görə də biz ATƏT-in Minsk qrupunun köməyi ilə sülhə, lakin ədalətli sülhə nail olmağa çalışırıq. Elə sülhə ki, Azərbaycanın ərazi bütövlüyünü, respublikamızın sərhədlərinin toxunulmazlığını tamamilə təmin etsin. Biz, əlbəttə, onu əsas tuturuq ki, Dağlıq Qarabağın erməni əhalisi Azərbaycanın tərkibində tam təhlükəsizliyə, muxtariyyətə, müvafiq statusa malik olacaqdır. Həm də bu status həmin regionun əvvəllər aldığı statusdan, şübhəsiz, daha böyük olacaqdır. Lakin bütün bunlar Azərbaycan Respublikasının tərkibində olmalıdır. Bu, həm ədalətlidir, həm də beynəlxalq hüquq normalarına uyğundur. Separatçılığa heç cür haqq qazandırmaq olmaz. Biz separatçılığa qarşı, müharibələrə və təcavüzə qarşı həmişə çıxış edəcəyik.

Biz sülhsevər ölkəyik və öz qonşularımızla aramızda sülh olmasını istəyirik, bizim Qafqaz bölgəsində sülh olmasını istəyirik, Balkanlarda sülh olmasını istəyirik, hazırda hərbi münaqişələr gedən Yer kürəsinin hər yerində sülh olmasını istəyirik. Bununla əlaqədar mən cənab Jelevin dediyi bu sözlərə görə ona minnətdaram ki, ATƏT-in üzvü kimi Bolqarıstan bölgəmizdə sülhün bərqərar olması məsələsinin və sülhün qorunmasını və təbii olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək üçün sülhyaratma qüvvələrinin təşkili məsələsinin müzakirəsində fəal iştirak edəcəkdir. Bu, bizim üçün çox mühüm məsələdir və buna görə də biz bütün dünya birliyinə, bütün xoş məramlı adamlara bu vəziyyətdən çıxmaq üçün bizə kömək göstərmək, bizi dəstəkləmək xahişi ilə müraciət edirik.

Təkrar edirəm, biz hərbi əməliyyatların davam etməsini istəmirik, biz bu məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Mən şadam ki, ATƏT-in fəal üzvü olan Bolqarıstan tərəfindən biz bu məsələlərdə dəstəklənirik.

Mən səhərdən bəri gün ərzində birlikdə gördüyümüz işlərdən və xüsusən imzalanmış sənədlərdən və fikir mübadiləsindən, əldə edilmiş razılaşmalardan son dərəcə məmnunam və əmin edirəm ki, əməkdaşlığımızın inkişafı üçün bizim tərəfimizdən, Azərbaycan tərəfindən hər şey ediləcəkdir. Mən konkretləşdirmək istəmirəm, çünki cənab Jelev konkret məsələlərdən danışdı. Bütün bu konkret problemlərlə mən də razıyam, çünki o, məhz bizim birgə mövqeyimizi şərh etdi.

Diqqətinizə görə təşəkkür edirəm.

Mən suallar üçün sözü sizə verirəm.

Sual: Birincisi - siz 77 il Sovet Rusiyasının hakimiyyəti altında yaşamısınız. Siz ölkənizlə əlaqədar bu dövrü necə qiymətləndirirsiniz və belə bir fikri qəbul edirsinizmi ki, şər imperiyasında yaşamısınız? İkincisi - bütün postsosialist ölkələrin demokratikləşdirilməsinin təminatçısı kimi NATO-nun strukturlarına münasibətiniz necədir?

Heydər Əliyev: Bəli, biz 77 il Sovet İttifaqının tərkibində yaşamışıq, daha sizin dediyiniz kimi, Rusiyanın hakimiyyəti altında yox, çünki Sovet İttifaqı var idi və bu Sovet İttifaqına bərabər hüquq əsasında 15 respublika daxil idi. Təbii ki, bu İttifaqda üstün rol Rusiyaya məxsus idi. Bu, hamıya məlumdur. Lakin biz məhz Sovet İttifaqının tərkibində yaşayırdıq, bəli, yaşayırdıq. Nə etmək olar, biz xalqımızın tarixinin, həyatımızın həmin mərhələsinin üstündən heç cür qələm çəkə bilmərik. Həmin illər ərzində xalqımız iqtisadiyyatın, elmin, mədəniyyətin inkişafında böyük müvəffəqiyyətlər qazanmış, bir çox məsələlərdə irəliləmişdir. Amma bununla bərabər, biz ən başlıca hüquqa - müstəqillik hüququna malik deyildik, milli azadlığımız yox idi. Təbii ki, bu, potensial imkanlarımızdan istifadəni məhdudlaşdırırdı. Azərbaycanın malik olduğu öz daxili potensialını tamamilə üzə çıxarmağa, öz təbii vasitələrindən, öz təbii ehtiyatlarından, öz intellektual potensialından və bütün digər imkanlarından istifadə etməyə qoymurdu.

Biz son dərəcə məmnunuq ki, Sovet İttifaqı dağıldı və müstəqil dövlətlər meydana gəldi. Mən o kəslərdən biriyəm ki, 91-ci ildə Sovet İttifaqının dağılmasına tərəfdar çıxdım. Onda Sovet İttifaqını hələ saxlamağa cəhd göstərilirdi və Sovet İttifaqının saxlanması xeyrinə ölkədə referendum keçirilmişdi. Lakin bu referendum Sovet İttifaqının saxlanmasının mümkünlüyü barədə qərar çıxarsa da, ictimai-tarixi inkişafın gedişi sübuta yetirdi ki, Sovet İttifaqı öz imkanlarını tükəndirmişdir. Buna görə də o, süquta uğradı.

Mən hesab edirəm ki, belə də olmalı idi və bu, Azərbaycan xalqına öz milli azadlığını və dövlət müstəqilliyini əldə etməyə imkan verdi. Dövlət müstəqilliyinin əldə olunması Azərbaycan üçün, Azərbaycan xalqı üçün çox böyük tarixi nailiyyətdir. Mən əminəm, biz bir daha yol verməyəcəyik ki, müstəqilliyimiz itirilsin. Hər halda 20-ci ildə ilk demokratik müstəqil dövlətimizin başına gələnlər daha bu Azərbaycanın başına gəlməyəcəkdir. Hərçənd müstəqilliyi qoruyub saxlamaq o qədər də asan deyildir, xüsusən də Azərbaycan üçün. Dediyim kimi, Azərbaycan yeddi ildir Ermənistan tərəfindən təcavüzə məruz qalır. Bir çox digər çətinliklər də var. Lakin biz öz müstəqilliyimizin qədrini bilirik və onu göz bəbəyi kimi qoruyacağıq.

O ki qaldı NATO-ya münasibətimizə, Azərbaycan "Sülh naminə tərəfdaşlıq" haqqında NATO proqramını keçmiş Sovet İttifaqı respublikaları - indiki müstəqil dövlətlər arasında birincilər sırasında imzalamışdır. Mən bu məsələ ilə əlaqədar xüsusi olaraq Brüsselə getdim, NATO-nun iqamətgahında oldum və Azərbaycan Respublikası adından həmin proqramı imzaladım. Biz bunu Avropada sabitlik üçün, bütün dünyada təhlükəsizlik üçün mühüm amil sayırıq.

Sual:  Cənab prezident, öyrənmək çox maraqlı olardı, siz Bolqarıstan kommunistlərinin Bolqarıstanı 16-cı respublikaya çevirmək arzusuna necə baxırdınız? Bu, çox maraqlıdır.

Heydər Əliyev: Mən indi görürəm ki, sualları təkcə müxbirlərdən deyil, prezidentdən, dostumdan da alıram. Mən çox şadam.

Sovet İttifaqında əyintilər çox olmuşdur. Yəqin ki, bioqrafiyamdan bilirsiniz, mən keçmiş Sovet İttifaqının rəhbərlərindən biriyəm. Lakin bununla bərabər sizə yəqin bu da məlumdur ki, 87-ci ildə, daha doğrusu, ilin axırlarında istefa verdim və bundan sonra bir çox təqiblərə və demək olar, repressiyalara və digər belə hallara məruz qaldım. Amma 93-cü ildə Azərbaycan xalqı uzun sürən sürgündən sonra mənim Azərbaycana qayıtmağımı yenidən tələb etdi. Odur ki, mən 1993-cü ilin oktyabrından bəri Azərbaycan Respublikasının bütün xalq tərəfindən seçilmiş prezidentiyəm. Sovet İttifaqının siyasətində, xüsusən də o vaxtlar sosializm düşərgəsi ölkələri adlandırdığımız sosialist düşərgəsi barəsində siyasətində əyintilər, təhriflər çox olmuşdur. Bunları sadalamaq çox vaxt aparardı. Sağlıq olsun, nə vaxtsa əlimə öz xatirələrimi yazmaq imkanı düşər, onda çox şey barəsində yazacağam. Çünki milli məsələlərə, milli qarşılıqlı münasibətlərə, Sovet İttifaqının rəhbər dairələrinin siyasətinə mən, bəlkə də, başqalarına nisbətən daha həssas idim. Odur ki, bunu Sovet İttifaqının məhz rəhbər dairələrində, bəlkə də, başqalarına nisbətən daha həssas duyurdum. Lakin mən, əlbəttə, bolqar xalqının və ya Bolqarıstanın hər hansı rəhbərlərinin iradəsinə qarşı çıxa bilməzdim. Amma keçmiş Bolqarıstanın bəzi rəhbərləri Sovet İttifaqının 16-cı respublikası olmaq istədiklərini dəfələrlə bildirdikdə, mən onlara açıqca heç nə demirdim, yalnız qulaqlarına sakitcə deyirdim ki, lazım deyildir, yaxşısı budur, müstəqil, azad olun. Mən Bolqarıstandan olan adamlara ancaq bu məsələdə kömək edə bildim. Lakin zənnimcə, yaxşı ki, onların dediyi kimi olmadı. Bəlkə də, bunlar konyunktura xarakterli şüarlar idi. Mən bunu bilmirəm. Lakin hər halda belə bəyanatlar dəfələrlə verilmişdi.

Mən xalqların müstəqil, respublikaların müstəqil olmasını istəyən bir şəxs kimi və bu prosesin içində olan bir şəxs kimi, əlbəttə, açıqca deyə bilərdim ki, bu, səhvdir və bolqar xalqına baha başa gələ bilər. Yaxşı ki, Bolqarıstan Sovet İttifaqının 16-cı respublikası olmadı, yaxşı ki, nəinki Sovet İttifaqı, həm də Varşava Müqaviləsi dağıldı və beləliklə, Şərqi Avropa ölkələri də azadlığa çıxdılar. Çünki digər Şərqi Avropa ölkələri kimi, Bolqarıstan da müstəqil dövlət idi, onlar Sovet İttifaqına daxil olmasalar da, sosialist düşərgəsinə, Qarşılıqlı İqtisadi Yardım Şurasına, Varşava Müqaviləsinə daxil idilər. Mənə məlumdur ki, bu, həmin ölkələri müstəqillikdən məhrum edir, buxovlayırdı. Odur ki, siz də indi müəyyən dərəcədə müstəqilliyə nail olmusunuz. Mən sizi də təbrik edirəm.

Sual: Cənab prezident Jelyu Jelev, siz dediniz ki, Bolqarıstan bölgəyə müşahidəçilər göndərməyə hazırdır. Lakin Budapeşt Zirvə toplantısında ATƏT-in sülhyaratma qüvvələrinin təşkili haqqında qərar qəbul edilmişdir. Belə isə Bolqarıstan bölgəyə müşahidəçilər deyil, hərbi kontingent göndərməyə hazırdırmı? İkinci sual: xalqların öz müqəddəratını təyin etmək prinsipi dövlətin ərazi bütövlüyü prinsipi ilə, sizcə, necə əlaqələndirilməlidir?

Jelyu Jelev: Bolqarıstan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü kimi iştirak etməyə hazır olduğunu, Dağlıq Qarabağda sülhyaratma prosesində öz imkanları daxilində iştirak etməyə hazır olduğunu bildirmişdir. Biz bunu bildirmişik və adətən söhbət həmin təşkilat adından mülki müşahidəçilər göndərilməsindən getmişdir. Lakin biz məsələnin ədalətli həllinə kömək göstərmək üçün bu səylərdə başqa formalarda da iştirak etməyə hazırıq. Əlbəttə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının himayəsi altında.

Dövlətin, xalqın öz müqəddəratını təyin etməsi ilə dövlət müstəqilliyi necə əlaqələndirilir? Şəxsən mən bu anlayışlar arasında ziddiyyət görmürəm.

Sual: Xalqların öz müqəddəratını təyin etmək hüququ və ərazi bütövlüyü prinsipi... Erməni tərəfi həmişə deyir: onlar bunu əsas tuturlar ki, xalqlar öz müqəddəratını təyin etməlidirlər. Bu, ali prinsipdir, yoxsa ərazi bütövlüyü prinsipi başlıca prinsipdir?

Jelyu Jelev: Bu, postkommunist dövrdə qarşılaşdığımız ən mürəkkəb məsələlərdən biridir. Sualınızın birinci hissəsi ilə ikinci hissəsi arasındakı ziddiyyəti biz müəyyən dərəcədə keçmiş Yuqoslaviyada müşahidə edirik. Əlbəttə, xalqın öz müqəddəratını təyin etməsi prinsipi həmişə ali prinsipdir. Lakin məsələ bundadır ki, Yuqoslaviya kimi bir federasiyada xalq bir və eyni ərazidə yaşamır. Sərhədləri müəyyənləşdirmək məqamı çatdıqda isə xalqın öz müqəddəratını təyin etməsi ilə dövlətin ərazi bütövlüyü arasında real ziddiyyətlər meydana çıxdı. Prinsipcə elə bir dövlət yoxdur ki, orada ancaq millət yaşasın. Məsələn, mən Balkan bölgəsini nəzərdə tuturam. Bütün Balkan ölkələrində müxtəlif millətlər, digər xalqların nümayəndələri yaşayırlar. Mən bunu normal hal sayıram. Buna görə də insan hüquqlarına hörmət, bu hüquqlara əməl edilməsi məsələsi ortaya çıxmışdır. Bu isə Avropa Şurasının məşğul olduğu ən ağır problemlərdən biridir.

Şəxsən mən də belə bir fikrə şərik deyiləm ki, xalq, dövlət öz problemlərini həll edərkən məsələni belə qoymalıdırlar: zorakılıq yolu ilə etnik təmizlik uğrunda, milli təmizlik uğrunda, azlıqları qovub dağıtmalı, onlara divan tutmalı. Biz, məsələn, Bosniyada məhz bunları müşahidə edirik. Halbuki Bosniyada əhali qarışıqdır, şəhərlərdə nigahların təxminən 60 faizi qarışıq nigahlardır. Özü də bu məsələ heç də həmin ölkənin ərazisinə aid deyildir, bu məsələ ailələrdən keçir. Bax, buna görə də bu, çox ağır məsələdir. Buna görə də məsələnin demokratik həlli yollarını axtarıb tapmaq lazımdır. Bu barədə qərarlarda həmin ölkədə yaşayan azlıqların hüquqlarına hörmət bəslənməsi, insan hüquqlarına hörmət edilməsi hökmən nəzərdə tutulmalıdır.

"Azərbaycan" qəzeti, 30 iyun 1995-ci il