Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri - Jorj Vojye (Fransa), Yuri Yukalov (Rusiya) və Donald Kayzerı (ABŞ) ilə görüşdəki söhbətindən - Prezident sarayı, 9 noyabr 1998-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, mən sizi ürəkdən salamlayıram. Azərbaycana yenidən xoş gəlmisiniz. Sizi çoxdan gözləyirdik. Çox məmnunuq ki, nəhayət, siz işə başlamısınız və Azərbaycana gəlmisiniz. Mən keçən görüşümüzdə də bəyan etmişdim - biz çox təəssüf edirik ki, 1997-ci ilin payızından Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində işləri zəifləyibdir və danışıq prosesi demək olar ki, dayandırılıbdır. Bu bizi, Azərbaycan dövlətini, Azərbaycan ictimaiyyətini çox narahat edir. Danışıq prosesinin zəifləməsinin səbəblərini siz bizə izah etmişdiniz. Biz bunları anlayırıq. Ancaq eyni zamanda Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində Azərbaycanın düşdüyü ağır vəziyyət, xüsusən işğal olunmuş ərazilərdən zorla çıxarılmış bir milyondan artıq azərbaycanlıların çətin şəraitdə, çadırlarda yaşaması və belə bir ağır vəziyyətin yaranması, şübhəsiz ki, biz bu səbəbləri nə qədər başa düşmüş olsaq da bizi və ictimaiyyəti rahat qoya bilmir. Ancaq nə etməli, - biz o dövrü də yaşadıq. Hiss edirik ki, indi artıq siz danışıq prosesini əvvəlki səviyyəyə gətirib çatdırmaq istəyirsiniz. Biz bunu alqışlayırıq. Mən danışıqları intensivləşdirmək və məsələni həll etmək arzusu ilə sizinlə görüşürəm. Ümid edirik ki bundan sonra bizim işimizdə fasilə olmayacaqdır. Danışıqlar prosesi intensiv gedəcəkdir və sizin köməyinizlə, hamımızın ümumi səyləri ilə Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsinə; böyük sülhün yaranmasına nail olacağıq. Mən bu fikirlərlə, arzularla sizi məmnuniyyətlə dinləyirəm.

Jorj Vojye: Cənab prezident, həmsədrlər danışıqlar prosesini gücləndirmək əzmindədirlər. Bakıda axırıncı görüşdən sonra çox hadisələr baş vermişdir. Azərbaycanda prezident seçkilərinin nəticələrini öz adımdan və həmkarlarım adından məmnunluqla qeyd edir və Sizin yenidən respublika prezidenti seçilməyiniz münasibətilə həmsədarət adından təbrik edirəm. Habelə Fransa prezidenti Jak Şirak tərəfindən Sizin ünvana təbriklər olduğunu təsdiqləyirəm. Prezident Heydər Əliyevin bu vəzifəyə yenidən seçilməsi Azərbaycanın sabitliyinin perspektivliyinə, habelə Qarabağ böhranının aradan qaldırılacağına təminata dəlalətdir. Axırıncı görüşümüzdən bəri Ermənistan tərəfi ilə danışıqlar aparmağa imkanımız olmuşdur. Ümumi dövlət konsepsiyasına, Sizin kimi, onlar da maraq göstərmişlər. Beləliklə, bu anlayışa əsaslanan prinsipləri müəyyənləşdirmək üçün biz çox əlbir işlədik. Bu prinsiplər özünün yalnız bir hissəsində yenidir. Onların çoxu Sizə artıq yaxşı məlumdur. Zənnimizcə, onlar bu mənada yenidir ki, bütün tərəflər üçün məqbul ola biləcək əsasları özündə əks etdirəcəyinə və danışıqlar prosesinə bacardıqca daha tez bir zamanda yenidən başlanılmasına gətirib çıxaracağına ümid bəsləməyə imkan verir. Bu gün Xarici İşlər Nazirliyində həmin məsələ barəsində çox ətraflı fikir mübadiləsi aparmağa imkanımız oldu. Əlbəttə, biz də məmnun qalardıq ki, bu söhbəti genişləndirməyə və onu bu əsasda davam etdirmək üçün həmin cəhətlər barəsində Sizin ilk təəssüratınızı öyrənməyə imkanımız olsun. İstərdim ki, həmkarlarım da öz fikirlərini söyləsinlər.

YuriYukalov: Cənab prezident, Sizin Rusiya prezidentindən və Rusiya Federasiyasının bir çox digər səxslərindən almış olduğunuz təbriklərə Rusiya həmsədarəti də qoşulmaq istərdi. Biz danışıqlara yenidən başlanması ilə Zaqafqaziyada möhkəm sülhün və sabitliyin bərqərar olmasına doğru uğurlu irəliləyişi Sizin adınızla bağlayırıq. Danışıqlara yenidən başlamaq və onları illərlə davam etdirmək olar. Lakin biz hamımız, - zənnimcə, mən bütün həmsədrlərin rəyini ifadə edirəm, - bölgədə sülhün və sabitliyin bacardıqca tez bir zamanda bərqərar olmasını istəyirik. Ona görə ki, bu, bütün ölkələrin xalqlarının mənafelərinə və istəyinə cavab verir.

Donald Kayzer: Cənab prezident, icazə verin, Sizin prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə həmsədarətin Amerika tərəfi adından ən səmimi təbrikləri ifadə edim. Bir daha nəzərə çarpdırmaq istəyirəm ki, bizim president Klinton da Sizə şəxsi məktubunda öz hisslərini ifadə etmişdir. Əlbəttə, ümumi nizamasalmaya nail olmaq yolunda axtarışımızda hazırda olduğumuz mərhələ barəsində həmsədr həmkarlarımın söylədikləri fikrə mən də şərikəm. Cənab prezident, ayrıca vurğulamaq istəyirəm ki, Sizinlə sentyabrda görüşümüz zamanı özünü büruzə vermiş əhval-ruhiyyə bizi çox ruhlandırdı. Həmin görüşdə Sizin iştirakınız nizamasalmaya nail olmaq məqsədilə irəli sürdüyümüz təkliflərin qəbul edilməsinə razılığı təsdiqlədi. Həmçinin qeyd etmək istərdim ki, Bakıda TRASEKA-ya dair konfrans keçirilərkən nümayiş etdirilmiş dövlət müdrikliyi və bu konfrans zamanı Ermənistan nümayəndələrinə göstərilmiş münasibət bizə çox böyük təəssürat bağışladı. Mənə elə gəlir ki, bunların hamısı Minsk qrupunun işinə təkan vermək üçün lazımi mühit yaradılmasına kömək etmişdir. Beləliklə, təsdiqləmək istərdim ki, məqsəd və vəzifələrimiz məhz Sizin verdiyiniz təkliflərdən - işimizi gücləndirmək, məsələyə baxılmasına ən ədalətli yolla ciddi yanaşmaq və ona tərəflərin iştirakı ilə qoşulmaq təkliflərindən ibarətdir.

Heydər Əliyev: Hörmətli cənab Vojye, hörmətli cənab Yukalov, hörmətli cənab Kayzer. Mənim yenidən president seçilməyim münasibətilə söylədiyiniz xoş sözlərə görə, təbriklərinizə görə sizə təşəkkür edirəm. Eyni zamanda Fransanın prezidenti cənab Jak Şiraka, Rusiyanın prezidenti cənab Boris Yeltsinə, ABŞ-ın prezidenti cənab Bill Klintona mənim yenidən president seçilməyim münasibətilə mənə göstərdikləri diqqətə, göndərdikləri təbrik məktublarına görə təşəkkür edirəm. Sizin hamınıza təşəkkür edirəm və bildirirəm ki, mən yenidən Azərbaycanın prezidenti seçilərək, sizin ölkələrinizlə indiyə qədər olan əlaqələrimizi bundan sonra da ardıcıl surətdə inkişaf etdirmək əzmindəyəm. Azərbaycanda prezident seçkilərinin vaxtında, Konstitusiyaya əsasən, demokratik şəraitdə keçirilməsi, əldə olunan nəticələr və mənim yenidən Azərbaycan prezidenti seçilməyim Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün çox mühüm bir amildir. Ötən beş ildə biz, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində həmişə çalışmışıq və bu məsələnin həll olunmasında da Minsk qrupuna və onun həmsədrlərinə, bilavasitə sizin ölkələrə - Fransaya, Rusiyaya, ABŞ-a çox böyük ümidlər bəsləmişik. Məmnuniyyətlə qeyd edirəm ki, biz bu beş ildə nə qədər çətin olsa da sizinlə birlikdə çox işlər görmüşük və məsələnin sülh yolu ilə həll olunması üçün yaxşı əsaslar yaranıbdır. Mən Minsk qrupunun, onun həmsədrləri Fransa, Rusiya və ABŞ-ın fəaliyyətini qiymətləndirirəm və gələcək prezidentlik dövrümdə də sizinlə, Minsk qrupu ilə, onun həmsədrləri ilə sıx əməkdaşlıq etmək fikrində olduğumu bildirirəm. Mən çox ümid edirəm və bildirmək istəyirəm ki, seçkiqabağı görüşlərdə də seçicilər, Azərbaycanın ictimaiyyəti bütün danışıqlarda, bütün görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, işğal olunmuş torpaqların azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsini ön plana çıxarıblar, bir nömrəli məsələ kimi həmişə irəli sürüblər və bir prezident kimi məndən bu məsələnin həll olunmasını tələb ediblər. Seçkiqabağı günlərdə mən işğal olunmuş torpaqlardan zorla çıxarılmış və indi çadır şəhərciklərində məskunlaşmış Azərbaycan vətəndaşları ilə demək olar ki, bütün çadır şəhərciklərində görüşdüm. Onların yaşayış vəziyyəti həddindən artıq ağırdır və çətindir. Bu, bizə də, sizə də məlumdur və ayrı-ayrı ölkələrdən Azərbaycana yeni gələn hər bir kəs o çadır şəhərciklərinə gedib insanların yaşadıqları şəraiti görərkən dəhşətə gəlir. Mən çadır şəhərciklərində ağır vəziyyətdə yaşayan bütün vətəndaşlarımıza bildirmişəm, onları əmin etmişəm ki, biz işğal olunmuş torpaqların azad edilməsinə nail olacağıq, onların öz yerlərinə-yurdlarına qayıtmasına nail olacağıq və bunu da Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasında görürük, Minsk qrupu ilə əməkdaşlığımızda görürük. Onlar mənə indiyə qədər də inanıblar, indi də inanırlar və çox böyük ümidlərlə yaşayırlar. Sizə bildirmək istəyirəm ki, mənə verilən məlumatdan görünür ki, çadır şəhərciklərində qaçqın vəziyyətində yaşayan insanlar, ümumiyyətlə, işğal olunmuş torpaqlardan didərgin düşmüş və Azərbaycanın müxtəlif bölgələrində yaşayanların tam əksəriyyəti prezident seçkilərində mənə səs veriblər. Hətta onlar başqa təbəqələrə nisbətən daha da çox mənə səs veriblər. Bu səslər mənim üçün çox qiymətlidir və deyə bilərəm, bəlkə başqa təbəqələrdən verilən səslərdən də mənim üçün çox qiymətlidir. Amma eyni zamanda mən dərk edirəm ki, bu səslər ümid, inam səsləridir. Yəni onlar inanırlar, ümid edirlər ki, biz onların öz yerlərinə qayıtmasına nail olacağıq, Mən şəxsən onları bu barədə əmin etmişəm. Bunlar hamısı şəxsən mənim üzərimə böyük vəzifə qoyubdur. Mən də bu vəzifəni yerinə yetirmək istəyirəm və bu vəzifəni də yalnız Sizinlə birlikdə, hamımızın ümumi birliyi nəticəsində yerinə yetirmək mümkündür. Ona görə də Sizin yenidən intensiv işə başlamağınız bizim hamımız üçün böyük bir hadisədir, sevindirici haldır və mən, bütün Azərbaycan Sizin işlərinizə, bizim əməkdaşlığımıza çox böyük ümidlər bəsləyirik. Mən bilirəm, Siz bu gün Xarici İşlər Nazirliyində danışıqlar aparmısınız və bilirəm ki, Sizin müəyyən yeni təklifiniz vardır. Şübhəsiz ki, biz onları öyrənməliyik, ətraflı təhlil etməliyik və bundan sonra öz fikrimizi deməliyik.

Cənab Vojye, istəyirəm ki, diqqətinizi bir məqama cəlb edim. Siz dediniz ki, biz ümumi dövlət prinsipini qəbul etmişik və bu da işlərin, təkliflərin hazırlanmasına kömək edibdir. Həqiqətən, bizim keçən danışıqlarımızda ümumi dövlət prinsipi haqqında fikir mübadiləsi olubdur və bu, maraqlı bir fikirdir. Ancaq bunu dəqiqləşdirmək lazımdır. Çünki xüsusi dövlət anlayışı bizim üçün yeni bir anlayışdır və xüsusi dövlət anlayışının da cürbəcür formaları ola bilər. Ona görə bu məsələnin böyük təhlilə ehtiyacı vardır. Yəni bu barədə birmənalı söz demək mümkün deyildir. Məlumdur ki, bu məsələnin həll edilməsi üçün bizim əsas götürdüyümüz prinsiplər Lissabonda qəbul olunmuş prinsiplərdir. Aydındır ki, bu Lissabon prinsipləri Ermənistan tərəfindən indiyə qədər qəbul olunmur. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi yolunu biz dəfələrlə bəyan etmişik və bu gün də bildirirəm ki, biz bunu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Azərbaycanın vahid bir dövdət kimi təmin olunması yolunda görürük. Buna müxtəlif adlar da vermək olar. Ancaq mənası məlumdur ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində özünüidarəetmə hüququ almalıdır. Mən sadəcə olaraq, diqqətinizi bu məsələyə cəlb etdim və bu məsələni geniş şəkildə müzakirə etmək fikrində deyiləm. İndi yəqin ki, Siz o təklifləri təqdim edəcəksiniz. Biz ondan sonra bunları öyrənib fikirlərimizi Sizə çatdıracağıq. Danışıqların yenidən başlanması münasibətilə Sizə bir daha təşəkkür edirəm.

Jorj Vojye: Cənab prezident, Sizə təşəkkür edirəm. Zənnimcə, haqqında danışdığınız bütün tələbləri biz ahəngdar şəkildə birləşdirməyə çalışacağıq. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə gəldikdə, elə formullar tapmağa çalışmışıq ki, onlar Dağlıq Qarabağa özünüidarə statusunu geniş səpgidə həyata keçirməyə imkan versin. Həmçinin qeyd etmək istərdim ki, biz insan amili ilə, yəni qaçqınların vəziyyəti ilə bağlı problemlərin həllinə birinci dərəcəli əhəmiyyət veririk. Ümidvarıq ki, işləyib hazırladığımız təkliflər Sizin müsbət diqqətinizə səbəb olacaq, Sizin tərəfinizdən müsbət qarşılanacaq və sonra tərəflər arasında gələcək danışıqlar üçün zəmin olacaqdır. Ola bilsin ki, biz yolun axırında deyilik, amma bu yolun əvvəlində də deyilik. İnanırıq ki, işlənib hazırlanmış nə varsa, onlar problemin həllinə müəyyən dərəcədə yaxınlaşmağa imkan verəcəkdir. Biz problemin həllinə nəhayət, tamamilə yaxınlaşacağıq.

Cənab prezident, bizim bu danışıqlar məxfiliyin bəzi şərtlərinin gözlənilməsini tələb edir. Buna görə də bəlkə biz, öz iştirakı ilə bizə şərəf göstərmiş olan jurnalistlərimizə təşəkkürümüzü bildirək.

Heydər Əliyev: Mən Sizi anlayıram. Sizin təklifinizlə razıyam. Mən jurnalistlərə təşəkkür edirəm. Biz söhbətimizi davam etdirməliyik.