Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Prezidenti adından Ukrayna Prezidenti Leonid Kuçmanın şərəfinə təşkil edilmiş ziyafətdə nitqi - Bakı Əyləncə Mərkəzi, 16 mart 2000-ci il


Cənab prezident, hörmətli Leonid Daniloviç Kuçma!

Hörmətli qonaqlar, xanımlar və cənablar, dostlar!

Bu gün Azərbaycanda milli bayram - Qurban bayramıdır. Bu, müqəddəs və fərəhli bayramdır. Bu bayram günündə biz yaxın dostlarımızı - Ukrayna prezidenti Leonid Daniloviç Kuçmanı və onun nümayəndə heyətini qəbul edirik. Buna görə də ilk öncə istərdim ki, sizi bayram münasibətilə təbrik edim. Azərbaycanın bütün vətəndaşlarını Qurban bayramı münasibətilə təbrik etmək, hamıya sülh, əmin-amanlıq, firavanlıq, xoşbəxtlik, həyatda və işdə uğurlar arzulamaq istəyirəm.

Ukrayna prezidenti Leonid Daniloviç Kuçmanın Azərbaycana rəsmi səfəri Azərbaycan-Ukrayna münasibətləri salnaməsinin mühüm səhifəsidir.

Ukrayna və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin zəngin, qədim tarixi var. Biz Ukrayna və Azərbaycan xalqlarının bütün ən yaxşı nümayəndələrinə minnətdarlıq hissi ilə ehtiramımızı bildiririk. Onlar bu dostluq münasibətlərini onilliklər, yüzilliklər ərzində yaratmış, möhkəmlətmiş və inkişaf etdirmişlər. Xalqlarımız arasında indiki münasibətlər keçmişlərdəki münasibətlərlə müqayisədə keyfiyyətcə başqa xarakterə malikdir. Ukrayna və Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkələrimiz arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri təşəkkül tapmışdır. Biz buna doğru lap əvvəldən, müstəqil dövlətlər olduğumuz ilk günlərdən irəliləmişik.

Tarixi baxımdan o qədər də çox vaxt ötməyibdir. Lakin biz böyük yol keçmiş və çox şeyə nail olmuşuq. Başlıcası budur ki, biz dostuq, dostluq münasibətləri saxlayırıq, həyatın bütün sahələrində Ukrayna ilə Azərbaycan arasında sıx əməkdaşlığı təmin edirik və siyasi, iqtisadi və sosial sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə çatmışıq.

Ukrayna böyük Avropa ölkəsidir, müstəqil dövlətdir, beynəlxalq həyatda, Avropada və bütün dünyada sanballı nüfuza malikdir. Biz Ukrayna ilə dostluğu və əməkdaşlığı özümüz üçün çox mühüm amil hesab edirik. Bu, ona əsaslanır ki, Ukrayna da, Azərbaycan da xalqlarımızın azad, müstəqil olmasını, öz taleyimizi özümüzün müəyyən etməyimizi, öz məsələlərimizi müstəqil həll etməyimizi və beynəlxalq birliyin tamhüquqlu üzvü olmağımızı yüksək qiymətləndirirlər.

Ukrayna böyük iqtisadi potensiala malik ölkədir, onun istedadlı xalqı, böyük elmi, zəngin mədəniyyəti var. Bütün bunlar indi, Ukraynanın müstəqil dövlət olduğu və əsl müstəqil siyasət apardığı, demokratiya, bazar iqtisadiyyatı, Avropa strukturlarına inteqrasiya yolu ilə getdiyi dövrdə daha dolğun şəkildə üzə çıxır. Eyni hallar Azərbaycanda da baş verir. Ölkələrimiz arasında təşəkkül tapmış dostluğun, əməkdaşlığın və strateji tərəfdaşlığın başlıca əsası məhz budur. Zənnimcə, bu, Ukrayna üçün də, Azərbaycan üçün də böyük sərvətdir. Azərbaycanda biz bu münasibətləri, dostluğu yüksək qiymətləndiririk və əlbəttə, bu dəyərlərə həmişə sadiq qalacağıq.

Hörmətli Leonid Daniloviç Kuçmanın 1995-ci ildə Azərbaycana ilk rəsmi səfərindən sonra münasibətlərimiz xüsusilə intensiv inkişaf etməyə başlamışdır. O vaxtdan beş il ötmüşdür. Lakin, sözün düzü, bu görüşə hazırlaşarkən, bu dövrün salnaməsinin səhifələrini, necə deyərlər, vərəqləyərkən özüm də təəccübləndim ki, bir gör, biz nə qədər işlər görmüşük, nə qədər nailiyyətlər qazanmışıq. Onu nəzərdə tuturam ki, ölkələrimiz arasında 60-dan çox dövlətlərarası, hökumətlərarası sənəd imzalanmışdır, onlar əməkdaşlığımızın müqavilə-hüquqi əsasını müəyyənləşdirmişdir. Mən bu müddət ərzində dostum Leonid Daniloviç Kuçma ilə mənim aramda olmuş çoxsaylı görüşləri nəzərdə tuturam. Mən Ukrayna və Azərbaycan hökumət başçılarının, Ukrayna və Azərbaycanın müxtəlif nümayəndə heyətlərinin görüşlərini, təkcə iqtisadiyyat problemləri ilə deyil, başqa problemlərlə də bağlı daimi əlaqələri nəzərdə tuturam.

Hesab edirəm ki, ötən beş ildə böyük yol keçilmişdir, biz çox şeyə nail olmuşuq. Bu gün, Leonid Daniloviç Kuçmanın Azərbaycana rəsmi səfərinin başlandığı gün biz daha da irəlilədik. Biz təkbətək çox səmərəli söhbət etdik, bir çox məsələlər barəsində fikir mübadiləsi apardıq, dövlətlərarası münasibətlərin bir çox məsələləri, dünyada gedən proseslər barəsində baxışlarımızın tam oxşarlığını, anlayışımızın yekdilliyini bir daha təsdiqlədik.

Mən bu söhbətdən çox məmnunam və Leonid Daniloviç Kuçma ilə aramızdakı dostluq münasibətlərini, səmimi münasibətləri çox yüksək qiymətləndirirəm. Nümayəndə heyətlərimiz də səmərəli iş apardılar. Başlıca iş səfərin hazırlanması dövründə görüldü, bu gün isə böyük fikir mübadiləsi oldu. Biz mühüm sənədlər imzaladıq, başlıcası isə, münasibətlərimizin gələcək inkişaf perspektivlərini müəyyənləşdirən sənəd - Ukrayna ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq haqqında müqavilə imzaladıq.

İqtisadiyyat sahəsində əməkdaşlığımız üçün imkanlar olduqca böyükdür. Ümumi sərhədlərimiz olmasa da, biz yaxın qonşularıq, çox oxşar coğrafi və coğrafi-strateji mövqeyimiz var. Bundan əlavə, biz böyük İpək yolunun magistralı üstündə yerləşirik. Buna görə də əməkdaşlığımızın mühüm sahəsi məhz bundan ibarətdir ki, Ukrayna da, Azərbaycan da TRASEKA proqramının həyata keçirilməsinə, böyük İpək yolunun bərpası proqramına böyük əhəmiyyət verirlər. 1998-ci ilin sentyabrında Bakıda keçirilmiş və işində Leonid Daniloviç Kuçmanın fəal iştirak etdiyi beynəlxalq konfrans TRASEKA proqramını həyata keçirməyin və böyük İpək yolunu bərpa etməyin perspektivlərini və konkret yollarını müəyyənləşdirdi. Bu, bizim aramızda əməkdaşlıq üçün böyük imkanlar açır. Ölkələrimiz arasında əməkdaşlıq prosesində Azərbaycanın gələcək inkişafı üçün əhəmiyyətli sahələr Ukraynada olduqca çoxdur.

Xəzər hövzəsi, Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz sərvətləri, Transqafqaz magistralı, Bakı-Supsa, Bakı-Ceyhan neft kəmərləri, gələcəkdə isə neft məhsullarının indi çəkilməkdə olan Odessa-Brodı boru kəməri ilə nəql olunmaq üçün Ukraynaya göndərilməsi imkanları Ukraynanı, əlbəttə, cəlb edir. Ola bilsin ki, bu, konkret məsələdir, lakin indi bu məsələlər çoxdur. Odur ki, biz malik olduğumuz imkanlardan istifadə etmək üçün konkret tədbirlər görməliyik. Bu isə əməkdaşlığımızı həm inkişaf etdirəcək, həm də möhkəmlədəcəkdir.

GUÖAM təşkilatında iştirakımız əməkdaşlığımızın mühüm amilidir. Bu təşkilatı ölkələrimiz - Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova 1997-ci ilin oktyabrında Strasburqda yaratmışlar. Sonra Özbəkistan da bizə qoşulmuşdur. Qarşımızda ölkələrimizin milli mənafeləri ilə bağlı çox mühüm və nəcib məqsədlər durur. Bu təşkilat əsla hər hansı digər ölkələrə qarşı yönəldilməyibdir, o, ancaq öz coğrafi mövqeyi, iqtisadi və digər imkanları baxımından əməkdaşlıq spesifikasına malik olan ölkələrimiz arasında daha sıx əməkdaşlığı təmin etməkdən ötrü yaradılmış və mövcuddur. Bu gün biz belə əməkdaşlığa sadiqliyimizi bir daha təsdiqlədik və əlbəttə, bundan ötrü çox iş görəcəyik.

Ukrayna və Azərbaycan öz dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı ilə, müxtəlif siyasi, iqtisadi və sosial islahatların həyata keçirilməsi ilə bağlı eyni problemlərlə, eyni proseslərlə üzləşirlər. Əlbəttə, bu yolda çətinliklərimiz çoxdur. Lakin biz əminik ki, bu çətinlikləri dəf etmək mümkündür. Ukrayna islahatların aparılmasında öndədir, Avropa strukturlarına inteqrasiya üçün çox addımlar atmışdır. Biz Ukraynanın təcrübəsindən istifadə edirik, bu işlərdə onun dəstəyinə ümid bəsləyirik. Ümidvarıq ki, bu sahədə də fəal əməkdaşlıq üçün imkanlarımız var. Çox geniş iqtisadi və intellektual potensialları olan ölkə kimi, Ukrayna Avropanın yüksək inkişaf etmiş ölkəsinə çevrilmək, öz xalqına ən yaxşı həyat şəraiti təmin etmək üçün böyük perspektivə malikdir. Məsələn, mən Ukraynaya bələdəm və orada gedən prosesləri izləyirəm, inanıram ki, bütün bunlar yaxın gələcəyin reallığıdır.

Ukraynanın prezidenti, dostumuz - Azərbaycan xalqının dostu, şəxsən mənim dostum Leonid Daniloviç Kuçma Ukraynanın demokratikləşməsində, iqtisadi islahatların həyata keçirilməsində, onun dövlət müstəqilliyinin möhkəmləndirilməsində böyük rol oynayır.

Leonid Daniloviç Kuçmanın çox böyük fəaliyyəti Ukraynada da, onun hüdudlarından kənarda da geniş dəstəklənir, Ukraynaya da, onun lideri Leonid Daniloviç Kuçmaya da hüsn-rəğbət və hörmət qazandırır. Leonid Daniloviç Kuçma Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində də böyük rol oynayır. Təbii ki, əməkdaşlıq ikitərəfli prosesdir. Gərək buna hər iki tərəf çalışsın. Bütün bu illər ərzində mən Leonid Daniloviç Kuçmanın Azərbaycanla dostluğu və əməkdaşlığı necə qiymətləndirdiyini, bu əməkdaşlığın möhkəmlənməsi və inkişafı üçün nə qədər işlər gördüyünü həmişə müşahidə etmişəm. Leonid Daniloviç Kuçma buna görə, böyük xidmətlərinə görə, Azərbaycanın ən yüksək ordeni - «İstiqlal» ordeni ilə təltif edilmişdir. Müstəqil Azərbaycan Respublikasının yüksək mükafatı Leonid Daniloviçə sabah təntənəli şəraitdə təqdim olunacaqdır.

Azərbaycanda ukraynalılar da yaşayırlar. Doğrudur, onlar çox deyil, təxminən 30 min nəfərdir. Lakin onlar Azərbaycanın tamhüquqlu vətəndaşlarıdır, iqtisadiyyata və Azərbaycanın həyatının digər sahələrinə böyük töhfə verirlər. Onlar keçmişdə çox işlər görmüşlər. Onlar bu gün də müstəqil Azərbaycan Respublikasının vətəndaşları olaraq, Azərbaycan üçün, Azərbaycan-Ukrayna dostluq münasibətlərinin möhkəmlənməsi üçün çox şey edirlər.

İndi Ukraynada da çoxlu azərbaycanlı yaşayır. Onlar təqribən 500 min nəfərdir. Bu gün Leonid Daniloviç Kuçmaya, Ukraynanın bütün hakimiyyət orqanlarına böyük təşəkkür hissi ilə demək istəyirəm ki, azərbaycanlılar Ukraynada öz doğma evlərindəki kimi yaşayırlar. Onların bir çoxu Ukrayna həyatının müxtəlif sahələrində fəal çalışırlar. Onlar orada uzun illərdən bəri, on illərdən bəri yaşayırlar və həyatlarından razıdırlar.

Bilirəm ki, Ukraynada yaşayan bütün azərbaycanlılar Ukraynada bu yaxınlarda keçirilmiş prezident seçkilərində Leonid Daniloviç Kuçmaya səs vermişlər.

Leonid Kuçma: Ümumiyyətlə, onlar Sizə qulaq asırlar.

Heydər Əliyev: Onlar bizə nəinki qulaq asır, həm də Azərbaycan xalqının şəxsən sizə münasibətini hiss edirlər. Onlar Azərbaycan prezidentinin şəxsən sizə münasibətini hiss edirlər. Bundan əlavə, onlar Ukraynada sizin dəstəyinizi duyur, sizin Ukrayna xalqı üçün, Ukraynada yaşayan bütün vətəndaşlar üçün nə qədər böyük işlər gördüyünüzü, hələ nə qədər çox işlər görə biləcəyinizi görür və dərk edirlər. Odur ki, bu səsvermə kor-koranə deyildi, əksinə, hər şeydən əvvəl sizin Ukrayna xalqı qarşısında böyük xidmətlərinizə görə, Ukraynanın inkişafındakı böyük xidmətlərinizə görə şüurlu surətdə və qəlbin hökmü ilə edilmiş səsvermə idi. Münasibətlərimizin indisi və gələcəyi üçün bu hal da mühüm amildir. Zənnimcə, indi münasibətlərimiz elə bir mərhələdədir ki, biz buna sevinə bilərik.

Bu gün biz mətbuat konfransında dedik, bir daha demək istəyirəm ki, Leonid Daniloviç Kuçma Azərbaycanda böyük nüfuz və hörmətə malikdir. Leonid Daniloviç mənim şəxsi dostumdur və mən fəxr edirəm ki, belə dostum var. Əlbəttə, bu dostluq çox böyük dövlətlərarası əhəmiyyətə malikdir, əslinə qalsa, o, ölkələr arasında dostluq münasibətləri, əməkdaşlıq, strateji tərəfdaşlıq adlandırdığımız amillərin mühüm tərkib hissəsidir.

Leonid Daniloviç, mənim dəvətimi qəbul edib, Azərbaycana gəldiyinizə görə sizə minnətdaram. Zənnimcə, mənim kimi, siz də məmnunsunuz ki, bu gün biz xeyli iş gördük. Hesab edirəm ki, Azərbaycana səfəriniz münasibətlərimizdə yeni dövrdür, onun gələcək üçün böyük əhəmiyyəti olacaqdır.

Müstəqil Ukraynanın şərəfinə badə qaldırmağı təklif edirəm!

Ukrayna xalqının şərəfinə!

Ukraynanın daha da çiçəklənməsi şərəfinə!

Ukrayna prezidenti, dostumuz Leonid Daniloviç Kuçmanın şərəfinə!

Ukrayna nümayəndə heyəti üzvlərinin şərəfinə!

Hörmətli dostlar, sizin sağlığınıza!

Leonid Daniloviç, sizin sağlığınıza, sizə işinizdə uğurlar, həyatda xoşbəxtlik arzulayır, gözəl ailənizə ən xoş diləklərimizi bildirirəm.