Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Baş naziri Məsud Yılmazla Azərbaycan ictimaiyyəti nümayəndələrinin görüşündə nitqi - Respublika Sarayı, 14 aprel 1996-cı il


Türkiyə Cümhuriyyətinin baş naziri, əziz dostumuz, qardaşımız Məsud Yılmaz!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Azərbaycan Respublikası ictimaiyyətinin nümayəndələri bu axşam buraya - Respublika Sarayına əlamətdar hadisə münasibətilə toplaşıblar. Bu gün Türkiyə Azərbaycan dostluğunun yeni bir səhifəsi yazılır. Türkiyə Cümhuriyyətinin baş naziri, əziz dostumuz, qardaşımız cənab Məsud Yılmaz mənim dəvətimlə Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Bu gün biz Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı olan bir çox məsələləri müzakirə etmişik və indi də Azərbaycan ictimaiyyətinin nümayəndələri Türkiyənin baş naziri ilə görüşə gəlmişlər.

Əziz dostumuz, qardaşımız! Mən bu salona toplaşanlar adından, bütün Azərbaycan xalqı, vətəndaşları adından sizi, Türkiyə Cümhuriyyətindən gəlmiş qonaqların hamısını səmimi qəlbdən salamlayıram, sizə xoş gəlmisiniz! - deyirəm.

Türkiyə-Azərbaycan dostluğu böyük tarixə malikdir. Biz Türkiyədə olarkən özümüzü öz məmləkətimizdə hiss edirik və əminəm ki, Türkiyədən gələn hər bir bacımız, qardaşımız da Azərbaycanda özünü öz məmləkətində hiss edir. Əziz dostumuz cənab Məsud Yılmaz, siz də bü gün burada - Azərbaycanda, onun paytaxtı Bakıda özünüzü öz evinizdə, öz məmləkətinizdə hiss edirsiniz və buna da tam haqqınız var.

Bizim dostluğumuzun böyük tarixi var və dostluq, qardaşlıq əlaqələrinin sarsılmazlığınm, bir-birimizə olan duyğularımızın, hisslərimizin bəyan edilməsinə görüşlərimizdə həmişə ehtiyaç hiss olunur. Bu gün də burada, Türkiyənin baş naziri, hörmətli dostumuz cənab Məsud Yılmazla görüşərkən Azərbaycan xalqının Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına, Türkiyə torpağına hədsiz hərarətini, məhəbbətini bildirirəm və buradan Ankaraya, İstanbula, Türkiyə Cümhuriyyətinin hər bir bölgəsinə Azərbaycan xalqının möhtəşəm salamını, hörmət və ehtirafını yetirmək istəyirəm.

Xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri tarixin böyük sınaqlarından keçibdir. Bu əlaqələr xalqlarımızı daim bərabər yaşamağa dəvət edibdir. Xalqlarımız bu dostluq və qardaşlıqdan daim bəhrələniblər. Biz bir kökdən olan, bir dinə mənsub xalqlarıq, bizim bir dilimiz var, adət-ənənələrimiz də eynidir, əcdadlarımızın, ulu babalarımızın keçdikləri yol da eynidir. Əcdadlarımız yan-yana yaşayıblar, öz həyatlarını qurublar, torpaqlarını yadellilərdən qoruyublar, daim bir olublar, öz azadlıqları uğrunda daim birlikdə mübarizə aparıblar. Bunlar bizim tarixi keçmişimizdir. Bu tarixin çox parlaq, seviridirici səhifələri var, biz onlarla fəxr edirik. Keçmişdə bizim böyük şəxsiyyətlərimiz dostluq ediblər. Böyük şairlərimiz, yazıçılarımız, alimlərimiz, xalqlarımızın mədəniyyətini, mənəviyyatinı inkişaf etdirmək sahəsində əməkdaşlıq ediblər, bir-birinin yaradıcılığından bəhrələniblər. Biz daim bir-birimizə dayaq olmuşuq, yardım əli uzatmışıq. Keçmişdə də belə olubdur, indi də belədir.

XX əsrin əvvəlində Azərbaycanın həyatında faciəli hadisələr baş verdiyi zaman Türkiyədə olan qardaşlarımız bizim dadımıza yetişmişlər, harayımıza gəlmişlər, kömək əlini uzatmışlar. Sonrakı illərdə də dostluğumuz, əməkdaşlığımız daim olubdur. Doğrudur, bəzi dövrlərdə bunlar çox böyük məhdudiyyətlərlə rastlaşıbdır. Ancaq qəlbimizdə bir-birimizə olan hisslər, məhəbbət, sevgi heç vaxt sönməyibdir, daim yaşayıb, parlayıb və bizi xoşbəxt günlərə gətiribdir.

Son illərdə Azərbaycan xalqı öz milli azadlığı, milli müstəqilliyi uğrunda mübarizə apararkən Türkiyədə bacı və qardaşarımız bizim səsimizə səs vermişlər, bizə dəstək göstərmişlər, haqq işimizi müdafiə etmişlər. О illərdən başlayaraq dostluq, qardaşlıq əlaqələrimiz yeni vüsət alıb, daha da inkişaf edib və bugünkü sarsılmaz dostluq əlaqələrinə gətirib çıxarıbdır.

Türkiyə Cümhuriyyəti böyük dövlətdir, Dünya Birliyində onun özünə layiq görkəmli yeri var. Türkiyə xalqı çoxəsrlik tarixində böyük nailiyyətlər əldə etmişdir. Ancaq onun ən böyük nailiyyəti Türkiyə Cümhuriyyətinin yaranması və bu cümhuriyyətin yetmiş ildən artıq bir müddətdə yaşaması və inkişaf etməsidir. Türkiyə Cümhuriyyətinin bu dövrdə keçdiyi yol çox əzəmətli, çox şərəfli yoldur və Türkiyə xalqını bugünkü xoşbəxt həyata gətirib çıxarıbdır. Biz bu tarixi keçmişi izləmişik, onu bu gün də çox böyük iftixar hissi ilə yad edirik. Bu tarixi yad edərək, Türkiyə xalqına, Türkiyə Cümhuriyyətinə hörmət və ehtiramımızı bildirərək bu cümhuriyyətin yaradıcısı böyük Mustafa Kamal Atatürkü dərin hörmət və ehtiramla xatırlayırıq. Onun həm Türkiyə Cümhuriyyəti üçün, həm də bütün türk dünyası, türk xalqları üçün etdiyi xidmətləri böyük minnətdarlıqla yad edirik.

Yetmiş illik respublika dövründə Türkiyə xalqı öz azadlığını, ölkədə demokratiyanın, iqtisadiyyatın sürətlə inkişafını və xalqın rifahının sürətlə yüksəlməsini dünyaya nümayiş etdiribdir. Bunlar bizi daim sevindirib və sevindirir. Türkiyə xalqının cümhuriyyət dövründə keçdiyi yol bizim üçün böyük təcrübə yolu, böyük örnəkdir. Bu gün bu yolu xatırlayarkən Türkiyə xalqına böyük xidmət etmiş Mustafa Kamal Atatürkün davamçılarına da hörmət və ehtiramımızı bildiririk, bütün Türkiyə xalqına hörmət və ehtiramımızı bildiririk.

Azərbaycan Respublikası öz dövlət müstəqilliyinə çalışarkən, qeyd etdiyim kimi, Türkiyə daim Azərbaycana dəstək vermiş, ona dayaq olmuşdur. Bu gün onu da demək lazımdır ki, Azərbaycan öz dövlət müstəqilliyini elan edən kimi dünyada ilk dəfə onun müstəqilliyini tanıyan dövlət Türkiyə olmuşdur. Bu, hələ Sovet İttifaqının mövcud olduğu bir vaxtda baş vermişdir və onu göstərir ki, Azərbaycanın milli azadlığını, istiqlaliyyətini Türkiyə xalqı, Türkiyə hökuməti nə qədər istəmişdir. Türkiyə Cümhuriyyətinin, Türkiyə hökumətinin Azərbaycanın müstəqilliyini tanımasında bugünkü əziz qonağımız baş nazir, hörmətli dostumuz Məsud Yılmazın xüsusi xidmətləri var.

1991-ci il noyabrın 9-da - hörmətli Məsud Yılmaz Türkiyənin baş naziri olarkən Türkiyə hökuməti Azərbaycan Respublikasının müstəqilliyinin tanınması haqqında bakanlar qurumunda qərar qəbul etmiş və onu dostumuz Məsud Yılmaz imzalamışdır.

О zamandan Türkiyə ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf etmiş, Türkiyənin böyük şəxsiyyətləri Azərbaycanı ziyarət etmiş, yollar açılmışdır. İnsanlar Azərbaycandan böyük axınla Türkiyəyə getmişlər, onun şəhərləri, vilayətləri ilə, onların nailiyyətləri ilə tanış olmuşlar. Əgər aramızdakı əlaqələr yetmiş il ərzində tamamilə bağlı olmuşdursa, bir-birimizə ancaq uzaqdan-uzağa həsrətlə baxıb, həsrətlə yaşamışıqsa, Azərbaycan müstəqilliyini əldə edəndən sonra yollar, sərhədlər açılmış, xalqlarımız nəhayət, bir-birinə qovuşmuş, bir-birinin yanına gedib-gəlməyə imkan tapmışlar. İndi Azərbaycandan Türkiyəyə getmək, Türkiyədən Azərbaycana gəlmək adi bir hadisədir. Bu, çox böyük xoşbəxtlikdir.

Bu illərdə Türkiyənin böyük rəhbərləri Azərbaycanı ziyarət etmişdir. Türkiyənin mərhum prezidenti Turqut Özal Azərbaycanı ziyarət edərək ölkəmizə öz dəstəyini vermişdir. Türkiyənin prezidenti, əziz dostumuz, qardaşımız, hörmətli Süleyman Dəmirəl dəfələrlə Azərbaycanı ziyarət etmişdir. Türkiyənin keçmiş baş naziri, hörmətli bacımız Tansu Çillər ölkəmizi ziyarət etmişdir. Nəhayət, bu gün Türkıyənin yeni baş naziri, hörmətli dostumuz Məsud Yılmaz Azərbaycanın qonağıdır. Bunlar hamısı qısa bir zamanda Türkiyə ilə Azərbaycan arasında nə qədər sıx əlaqələr yaranmasının əyani nümayişidir. Bu, çox gözəl bir haldır. Bütün bu əlaqələrə görə, Türkiyə Cümhuriyyətinin son illərdə Azərbaycana göstərdiyi qardaş münasibətinə, problemlərimizin həlli ilə bizimlə bərabər məşğul olmalarına görə və bütün qardaşlıq münasibətlərinə görə Türkiyə xalqına, Türkiyə Cümhuriyyətinə, Türkiyə hökumətinə Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.

Biz bu gün iqtisadi əlaqələrimizin inkişaf etdirilməsi məsələlərini çox geniş müzakirə etmişik. Güman edirəm ki, bu əlaqələr bundan sonra daha da sürətlə inkişaf edəcəkdir. Beynəlxalq vəziyyəti birgə müzakirə edib fikir mübadiləsi aparmışıq. Azərbaycanın başına gəlmiş böyük bəlanı Ermənistan tərəfindən ölkəmizə edilmiş təcavüzü və bunun nəticəsində baş vermiş hadisələri müzakirə etmişik və bu vəziyyətdən çıxış yollarını araşdırmışıq. Mən bu gün deyə bilərəm ki, bütün bu məsələlərin müzakirəsində keçmişdə də, indi də Türkiyə ilə Azərbaycan arasında fikirlər eynidir. Xüsusən onu qeyd etmək istəyirəm ki, Ermənistanın ölkəmizə təcavüzü ilə əlaqədar Türkiyə daim Azərbaycanla bir olmuşdur və bu gün də bir yerdədir. Xalqımız heç vaxt unutmayacaq ki, Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hərbi təcavüzə başladığı dövrdən, - Azərbaycanın o zaman Sovetlər İttifaqının tərkibində olmasına baxmayaraq, - Türkiyə ictimaiyyəti, xalqı, mətbuatı ölkəmizə böyük maraq göstərmiş, buradakı hadisələri çox böyük diqqətlə izləmiş və xalqımızla həmrəy olduğunu bildirmişdir.

Biz yaxşı xatırlayırıq ki, о vaxtlar Türkiyənin bir çox şəhərlərində böyük xalq mitinqləri keçirilmiş, Türkiyə xalqının, vətəndaşlarının Azərbaycanla həmrəy olduğu bütün dünyaya bəyan edilmişdir. Təəssüflər olsun ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan böyük zərbələrə məruz qalmışdır. Azərbaycan Respublikasının ərazisinin iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyondan artıq vətəndaşımız yerindən-yurdundan zorla çıxarılaraq didərgin düşmüşdur və onların əksəriyyəti ağır vəziyyətdə, çadırlarda yaşayır. Azərbaycan böyük itkilər, çoxlu şəhidlər vermişdir, ölkəmizə çox böyük maddi zərər vurulmuşdur. Bunların hamısı son illərdəki tariximizin reallığıdır. Biz bu reallığı dünyaya bəyan etmişik, həmin reallığı Türkiyə də bilir.

Bütün bu çətinliklərə, zərbələrə baxmayaraq, biz dünyaya bəyan etmişik ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasının tərəfdarıyıq. Ona görə də münaqişənin.dayandırılması üçün atəşkəs haqqında saziş imzalanmışdır. İki ildir ki, biz bu sazişə, atəşkəs rejiminə riayət edirik. Bu, Azərbaycan xalqının sülhsevərliyini dünyaya bir daha nümayiş etdirir. Beləliklə, biz məsələnin sülh yolu ilə həllinə çalışırıq. Bu gün fürsətdən istifadə edərək dünyaya bir daha bəyan edirəm ki, Azərbaycan atəşkəs rejiminə sadiqdir və bundan sonra da sadiq olacaqdır, məsələlərin sülh yolu ilə həll olunmasına çalışır və gələcəkdə də çalışacaqdır. Azərbaycan Qafqazda sülhün, əmin-amanlığın tərəfdarıdır və bundan sonra da bu yolda səylərini davam etdirəcəkdir.

Bu məsələlərin həll olunmasında biz beynəlxalq təşkilatların imkanlarından istifadə etməyə çalışırıq. Məlumdur ki, bu məsələlərlə, ATƏT-in Minsk qrupu məşğul olur, Amerika Birləşmiş Ştatları səy göstərir. Bizə dost, qardaş ölkə olan Türkiyə Cümhuriyyəti, onun rəhbərləri bu məsələlərin həllində xüsusi səy göstərirlər və deyə bilərəm ki, bizimlə bərabər daim bu işlə məşğul olurlar. Bu gün həmin məsələləri müzakirə etmişik. Bir daha eyni fikrə gəlmişik ki, səylərimizi davam etdirməli, məsələnin sülh yolu ilə həll olunmasına çalışmalıyıq. Bu yolla gedərək biz indiyədək Türkiyənin dəstəyinə arxalanmışıq, bu gün də arxalanırıq və gələcəkdə də arxalana bilərik. Eyni zamanda hamı, bütün dünya bilməlidir ki, bu məsələnin sülh yolu ilə həlli üçün Azərbaycanın haqq və ədalət çərçivəsində olan şərtləri qəbul edilməlidir. Yəni Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmalıdır, о cümlədən Laçın və Suşa rayonları da işğalçılardan azad edilməlidir. Yerindən-vurdundan didərgin düşmüş Azərbaycan vətəndaşları azad olunan rayonlara qayıtmalıdırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü tanınmalı, bərpa edilməli, sərhədlərimizin toxunulmazlığı, ölkəmizin suverenliyi təmin olunmalıdır. Bu halda Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan Respublikası tərkibində yüksək muxtariyyət verilə bilər.

Biz bu şərtlər əsasında sülh danışıqları aparırıq və həmin şərtlər daxilində də sülhə nail olmaq istəyirik. Türkiyə Cümhuriyyəti, onun rəhbərləri və bu gün müzakirə nəticəsində bir daha məlum oldu ki, onun baş naziri, hörmətli qonağımız cənab Məsud Yılmaz da məsələnin məhz bu şərtlər əsasında həllinin tərəfdarıdır.

Ancaq yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımız daha belə vəziyyətdə yaşaya bilməzlər. İki-üç il qaçqın vəziyyətində çadırlarda yaşamaq qeyri-mümkündür. Bu, çox ağır haldır. Xalqımız dözümlü xalqdır, bu əzab-əziyyətə ona görə dözür ki, haqq-ədalətə inanır. Azərbaycan xalqının tələbləri ədalətli tələblərdir, onun apardığı mücadilə, mübarizə haqq-ədalət mübarizəsidir. Bu mübarizə yolunda xalqımız bütün əziyyətlərə, çətinliklərə dözür. Amma dözümümüzün də həddi var. Biz məsələlərin sülh yolu ilə həll olunmasına yenə çalışacağıq. Ancaq işğal edilmiş torpaqlarımız azad olunmaca, bütün imkanlardan, vasitələrdən istifadə edib, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad edəcəyik, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edəcəyik. Əminəm ki, Türkiyə Cümhuriyyəti, Türkiyənin rəhbərləri indiyə qədər olduğu kimi, bundan sonra da bu yolda axıradək bizimlə olacaqlar.

Hörmətli dostumuz! Mən bu gün sizə geniş məlumat vermişəm, bir də bildirmək istəyirəm ki, Azərbaycan xalqı öz milli azadlığını göz bəbəyi kimi qoruyub saxlayacaqdır. Azərbaycan xalqı dövlət müstəqilliyini özü üçün tarixi nailiyyət hesab edir və onu günbəgün, ilbəil gücləndirəcək, möhkəmləndirəcək, əbədi edəcəkdir. Azərbaycanda demokratik hüquqi, sivilizasiyalı dövlət qurulur. Azərbaycan demokratiya yolu ilə gedir. Türkiyə Cümhurıyyətinin demokratiya yolunda əldə etdiyi nailiyyətlər bizim üçün böyük örnəkdir. Biz indiyə qədər bu nailiyyətlərdən istifadə etmişik və bundan sonra da istifadə edəcəyik. Demokratiya yolundan bizi heç kəs döndərə bilməyəcək. Gələcəkdə Azərbaycan inkişaf etmiş demokratik bir dövlət olacaqdır. Azərbaycan heç vaxt keçmişə dönməyib və dönməyəcəkdir. Azərbaycan irəli, sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə gedəcəkdir, öz iqtişadiyyatını dünya iqtisadiyyatına bağlayır və bağlayacaqdır. Ölkəmiz dünya iqtisadiyyatı, dünya sərmayəçiləri üçün açıqdır. Bu sahədə bir neçə addım atmışıq və bundan sonra da atacağıq və heç bir qüvvə bizi bu yoldan döndərə bilməyəcəkdir.

Azərbaycan ilə Türkiyənin iqtisadi əməkdaşlığının çox gözəl gələcəyi var. Bu əməkdaşlıq sahəsində çox dəyərli addımlar atmışıq. Xüsusən Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarından müştərək istifadə olunması üçün biz Türkiyə ilə əməkdaşlıq edirik. Məlumdur ki, 1994-cü ilin sentyabrında imzalanmış böyük neft müqaviləsinin iştirakçılarından biri də Türkiyə Cümhuriyyətinin "Türk petrolları" şirkətidir. Onu da qeyd etmək lazımdır ki, həmin müqavilə imzalandıqdan sonra biz Türkiyə neft şirkətinin konsorsiumda olan payını 5 faiz də artırmışıq və Türkiyə konsorsiumda artıq özünəməxsus yer tutubdur.

İlkin neftin ixracı üçün boru kəmərinin çəkilməsi üçün də biz Türkiyə ilə daim əməkdaşlıq etmişik. Nəticədə Azərbaycanın ilkin neftinin ixracı üçün iki boru kəmərinin - Rusiya ərazisi vasitəsilə Qara dəniz sahilindəki Novorossiysk limanına və Gürcüstan ərazisindən keçməklə Türkiyənin Supsa limanına kəmərlərin çəkilməsi haqqında qərarlar qəbul etmişik. Bu qərarları hazırlayarkən, qəbul edərkən Türkiyə Cümhuriyyətinin mənafelərini də nəzərə almış, onunla əməkdaşlıq etmişik və həmin qərarlar birgə əməkdaşlığımızın nəticəsidir.

Bizim bundan sonra da əməkdaşlıq etməyimiz üçün yaxşı imkanlar var, özü də təkcə neft senayesi sahəsində yox, başqa sahələrdə də imkanlar var. Türkiyənin iş adamları Azərbaycana gəlirlər. Azərbaycanda ictimai-siyasi vəziyyət sabitləşibdir. Biz buna tam zəmanət vermişik və Azərbaycanın prezidenti kimi mən bu gün bir daha zəmanət verirəm, Türkiyənin iş adamlarını ölkəmizdə müştərək iş görməyə dəvət edirəm.

Ümidvaram ki, iqtisadi əməkdaşlığımız, elm, mədəniyyət sahəsindəki, bütün başqa sahələrdəki əməkdaşlığımız və xüsusən beynəlxalq aləmdə Türkiyə-Azərbaycan əməkdaşlığı Qafqazda sülhün, əmin-amanlığın bərqərar olması üçün etdiyimiz əməkdaşlıq və nəhayət, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək, ölkəmizi xarici təcavüzdən qurtarmaq üçün əməkdaşlıq - bunların hamısı birlikdə Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının gələcəkdə də inkişafını təmin edəcəkdir.

Qeyd etdiyim kimi, bizim dostluğumuz, qardaşlığımız böyük sınaqlardan keçib və bu gün də belə sınaqlardan keçir. Çünki bu dostluq və qardaşlığımıza kəc baxanlar, buna qısqananlar mane olmaq istəyənlər də var. Həm daxildə, həm də xaricdə dostluğumuzu, qardaşlığımızı ləkələmək istəyənlər də var. Amma qoy hamı bilsin ki, heç bir qüvvə, heç kəs buna mane ola bilməyəcəkdir. Türkiyə- Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir.

Türkiyə Cümhuriyyətinin yeni baş naziri, hörmətli dostumuz, qardaşımız cənab Məsud Yılmaz Azərbaycanda çox tanınan, məşhur şəxsiyyətdir. Onun Türkiyənin həyatındakı böyük siyasi fəaliyyətini Azərbaycanda hamı çox yaxşı bilir, bunu yüksək qiymətləndirir. Cənab Məsud Yılmazın böyük siyasətçi, böyük bir siyasi partiyanın başçısı kimi xidmətləri dünyada da məşhurdur. Bu xidmətlər Türkiyə xalqına böyük nailiyyətlər gətiribdir. Cənab Məsud Yılmazın Türkiyə xalqı, Türkiyə Cumhuriyyəti qarşısındakı xidmətləri Türkiyədə də, Azərbaycanda da yüksək qiymətləndirilir.

Cənab Məsud Yılmaz Azərbaycana ilk dəfədir gəlibdir. Güman edirəm, bu ilk gəliş bir çox gəlişlərin, səfərlərin başlanğıcı olacaqdır. Əminəm ki, dostluğumuzu, qardaşlığımızı inkişaf etdirmək, möhkəmləndirmək üçün cənab Məsud Yılmaz bundan sonar Azərbaycana yeni-yeni səfərlər edəcəkdir. Mən bu gün bəyan edirəm ki, dostumuz, qardaşımız Məsud Yümazı hər vaxt Azərbaycanda görməkdən çox bəxtiyar olacağıq.

Bizim dostumuz baş nazir vəzifəsini öhdəsinə götürməklə həm də üzərinə böyük məsuliyyət götürmüşdür və eyni zamanda böyük xidmətlər göstərir. Əminəm və güman edirəm bütün Azərbaycan xalqı mənimlə həmfikirdir ki, Türkiyə cəmiyyətinin böyük siyasətcisi bu mühüm və şərəfli vəzifəni layiqincə yerinə yetirəcək, Türkiyə xalqı, türk dünyası qarşısında yeni-yeni xidmətlər göstərəcək və bunlar da Türkiyə - Azərbaycan dostluğunu daha yüksək səviyyələrə qaldıracaqdır.

Hörmətli dostumuz, əziz qardaşımız! Bu yüksək məsuliyyətli vəzifələri yerinə yetirməkdə sizə cansağlığı arzulayıram, şəxsi həyatınızda xoşbəxtlik diləyir, sizə və Türkiyə Cümhuriyyətinə böyük uğurlar arzu edirəm.

Keçən ilin dekabrında Türkiyə Cümhuriyyətinin prezidenti, xalqımızın böyük dostu, əziz qardaşımız Süleyman Dəmirəl Azərbaycana rəsmi səfərə gəlmişdi. Biz bu gün də həmin səfərin təəssüratı altındayıq, həmin günlərdə Azərbaycan xalqının hörmətli dostumuz Süleyman Dəmirəldən eşitdiyi dəyərli sözlərin təsiri altındayıq. Möhtərəm prezident Süleyman Dəmirəlin Azərbaycan xalqına göstərdiyi qayğı və hörməti bu gün də minnətdarlıq hissi ilə yad edirik. Buradan, bu salondan Süleyman Dəmirəl cənablarına hörmət və ehtiramımızı bildirir, ona atəşin Azərbaycan salamı göndəririk. Güman edirəm ki, Türkiyə Cümhuriyyətinin başında Süleyman Dəmirəl kimi təcrübəli, dünya miqyaslı böyük şəxsiyyət, Türkiyə hökumətinin başında böyük siyasətçi və təcrübəli Məsüd Yılmaz olmaqla onlar ölkəni yeni-yeni nailiyyətlərə doğru aparacaqlar.

Hörmətli dostumuz, qardaşımız! Mən sizə bir daha hörmət və ehtiramımı bildirir, sizə cansağlığı, xoşbəxtlik arzulayır, bütün işlərinizdə uğurlar diləyirəm.

Sarsılmaz, əbədi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına eşq olsun!