Orucluq bayramı münasibətilə xalqa təbrik - 17 fevral 1996-cı il


Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Əziz müsəlman bacı və qardaşlarım!

Sizi islamın ən böyük bayramlarından biri olan Orucluq bayramı münasibətilə səmim-qəlbdən təbrik edirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil edildiyi mübarək Ramazan ayı günlərindən respublikamızın müsəlmanları Allaha iman, Vətənə və xalqa sədaqətlərini bir daha nümayiş etdirmişlər. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi, demokratik cəmiyyət quruculuğu işində onların əzmkarlığı daha da artmışdır. Ramazan ayının sınağından ləyaqətlə çıxmış hər bir müsəlmanın indi bayram etməyə, öz müqəddəs borcunu yerinə yetirməkdən doğan rahatlıq, sevinc və fərəh hisslərini bildirməyə tam haqqı vardır.

Xalqımız öz tarixinin ən şərəfli, həm də mürəkkəb dövrlərindən birini yaşayır. Müstəqil Azərbaycanımızın çiçəklənməsi, respublikanın suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, öz torpaqlarından didərgin düşmüş bacı və qardaşlarımızın ev-eşiklərinə qaytarılması xalqın ən böyük arzularıdır. Mən əminəm ki, bu mübarək Ramazan günlərindəki ibadətlərdə edilmiş dua və niyyətlərin böyük əksəriyyəti də bu arzularla bağlı olmuşdur. Böyük Allahın köməyi və xalqın iradəsi ilə həmin arzuların həyata keçəcəyinə tam inanıram.

Bu əziz Orucluq bayramında doğma Azərbaycanımızın çiçəklənməsi naminə xalqıma möhkəm iradə və sıx həmrəylik, hər birinizə cansağlığı, xoş əhval-ruhiyyə və uğurlar arzulayıram.

 

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti