Keçmiş beynəlmiləlçi döyüşçülərlə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 4 noyabr 1993-cü il


Əfqanıstan müharibəsinin iştirakçısı olan hörmətli veteranlar!

Azərbaycanın müdafiəsi ilə əlaqədar çağırışa cavab verərək belə bir təşəbbüs qaldırdığınıza görə sizə öz təşəkkürümü bildirirəm. Noyabr ayının 2-də televiziya və radio vasitəsilə xalqa müraciət edərkən mən Azərbaycan Respublikasının bütün vətəndaşlarını həmrəyliyə, birliyə dəvət etdim və bütün Azərbaycan xalqını Vətənin müdafiəsi işində iştirak etməyə çağırdım. Siz bu çağırışa cavab olaraq mənə müraciət etmisiniz. Öz xidmətlərinizi göstərmək, vətənin, torpağımızın müdafiəsində iştirak etmək istəyirsiniz. Bu, əsl vətənpərvərlik təşəbbüsüdür. Bu, sizin torpağımıza, Vətənimizə, müstəqil Azərbaycana qəlbən bağlı olduğunuzu bir daha nümayiş etdirir. Eyni zamanda bu təşəbbüs bütün Azərbaycan xalqı üçün, Azərbaycan vətəndaşları üçün gözəl bir nümunədir. Güman edirəm ki, sizin təşəbbüsünüz öz davamını tapacaqdır. Azərbaycanın indiki ağır vaxtında onun müdafiəsində iştirak etmək üçün minlərlə qəhrəman oğullar ordu sıralarına gələcək və hamımız birləşib Vətənimizin müdafiəsini təmin edə biləcəyik.

Noyabrın 2-dəki müraciətimdə qeyd etdim və bir daha bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının öz torpaqlarını müdafiə etmək üçün böyük potensialı var. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir. Bu, xalqımızın tarixi ənənələrindən irəli gələn hissdir. Güman edirəm ki, xalqımız tarixi ənənələrimizi, keçmişimizi yada salaraq, Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün bundan sonra səmərəli tədbirlər görəcəkdir. Ordumuz, müdafiə qüvvələrimiz möhkəmləndirilməlidir. Bunu da xalq etməlidir. Bu, bütün vətəndaşların işidir. Bunu ordunun özü, ordunun rəhbərləri etməlidirlər. Nəhayət, bunu biz etməliyik. Bu, bizim borcumuzdur. Ancaq hamımız birlikdə, sizinlə bərabər etməliyik.

Bu günlərdə bir çox yerlərdən məktublar alırıq, bizə təşəbbüslərlə müraciət edirlər, Azərbaycan vətəndaşları bizim çağırışımıza cavab verirlər, Vətənin müdafiəsində iştirak etmək istəyirlər. Güman edirəm ki, bütün bunlar Azərbaycan xalqında yeni əhval-ruhiyyə, vətənpərvərlik hissləri, vətənpərvərlik əhval-ruhiyyəsi yaradacaqdır. Bəzi adamlar indiyədək olan biganəlikdən əl çəkəcək və başa düşəcəklər ki, Azərbaycandan başqa Vətənimiz yoxdur. Azərbaycan torpaqlarını biz özümüz qorumalıyıq. Azərbaycanın müstəqilliyini biz özümüz qorumalıyıq, özümüz saxlamalıyıq.

Mən bu gün sizin qarşınızda bir daha qeyd edirəm: Bütün vətəndaşlarımız Azərbaycan Respublikasında beş ildən artıq müddətdə gedən müharibəyə, nəhayət, son qoyulmasını istəyirlər. Biz də müharibəyə son qoyulmasınım istəyirik. Ancaq Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini təmin etmək yolu ilə. Buna sülh yolu ilə nail olmaq tərəfdarıyıq. Lakin danışıqlar aparmaq üçün, barışıq əldə etmək üçün, yəni məsələnin həllini sülh vasitəsilə tapmaq üçün biz gərək müdafiə qüvvələrimizi möhkəmləndirək. Biz müdafiə olunuruq. Beş ildən artıqdır ki, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz davam edir. Torpaqlarımızın bir qismi işğal olunubdur. Buna baxmayaraq, indiyədək etibarlı surətdə müdafiə olunmamışıq. Bunun nəticəsində də ərazimizin bir hissəsi düşmən tərəfindən işğal edilmişdir.

Bir daha qeyd edirəm ki, bizim imkanlarımız böyükdür. Burada verilən məlumata görə vaxtilə Əfqanıstanda gedən müharibədə iştirak etmiş minlərlə Azərbaycan vətəndaşı indi respublikamızda yaşayır. Əgər Azərbaycanın oğulları, Azərbaycanın yetirmələri başqa bir ölkədə Sovet Ordusunun tərkibində vuruşa bilirdilərsə, qəhrəmanlıq nümunələri göstərə bilirdilərsə, deməli, onlar öz torpaqlarını daha cəsarətlə, ürəklə qoruya bilər və torpaqlarımız uğrunda döyüşə bilərlər. Əfqanıstan müharibəsinin veteranları böyük qüvvədir. Onlar hərbi xidmətdə olmuş, müharibəni görmüş, döyüşün nə olduğunu hiss etmiş adamlardır.

Respublikamızın malik olduğu böyük imkanlardan, təəssüf ki, indiyədək istifadə edilməyibdir. Bəzən deyirlər ki, biz ordu yarada bilmirik. Ola bilsin ki, bu veteranların təxminən 10-15 faizi hərbi xidmət üçün yaramır. Lakin onların əksər hissəsinin hərbi xidmət etmək imkanı var. Bax, bu döyüşçülərdən indiyədək istifadə edilməyibdir. Burada verilən məlumatlar da bunu göstərir. Həmin məlumatlarla yanaşı, sizin mənə müraciətiniz də göstərir ki, siz Azərbaycanın indiki vəziyyətində respublikanı müdafiə etmək üçün, onu bu ağır vəziyyətdən qurtarmaq üçün doğrudan da çox iş görə bilərsiniz. Bunun üçün biz sizə lazımi şərait yaratmalıyıq. Bu məqsədlə biz sizin xahişinizlə buraya, sizinlə görüşə gəlmişik.

İnanırıq ki, sizin müraciətiniz, nümayəndələrinizin burada verdiyi vədlər, dedikləri sözlər həqiqətdir, qəlbinizi bürüyən hisslərin ifadəsidir. Biz bunu belə qəbul edirik. Odur ki, sizə minnətdarlığımı bildirir və eyni zamanda əmin olduğumu demək istəyirəm ki, siz bu təşəbbüsünüzü davam etdirəcəksiniz, ittifaqınızda, yəni Əfqanıstan Müharibəsi Veteranları İttifaqında olan döyüş qabiliyyətli, hərbi xidmətə qadir adamların hamısını toplayacaqsınız, Azərbaycanın Silahlı Qüvvələri tərkibində layiqli yer tutacaqsınız və Vətənin müdafiəsində qəhrəmancasına iştirak edəcəksiniz.

Tam əminəm ki, siz öz sözünüzün və vədlərinizin sahibisiniz. Mən sizə inanıram. Ona görə ki, siz döyüşlərdən, tufanlardan, sınaqlardan keçmiş adamlarsınız. Ona görə inanıram ki, siz o ağır müharibədən keçib öz Vətəninizə qayıtmısınız. Ona görə inanıram ki, siz Vətəninizi sevən adamlarsınız. Əgər sizdə Vətən sevgisi, Vətən məhəbbəti olmasaydı, öz təşəbbüsünüzlə buraya toplaşmazdınız. Əgər sizdə Vətən eşqi olmasaydı, belə narahatlıq keçirməzdiniz.

Mən bunları yüksək qiymətləndirirəm. Bir daha sizə öz minnətdarlığımı bildirirəm. Müdafiə Nazirliyinin rəhbərliyi qarşınızdadır. Mən onlara əmr vermişəm ki, bu təşəbbüsünüzlə əlaqədar lazımi təşkilati tədbirlər görsünlər və sizin qüvvələrinizdən respublikanın müdafiəsinin təmin olunması üçün istifadə etsinlər.

Bir də qeyd edirəm: Biz Vətənimizi müdafiə edirik, torpağımızı müdafiə edirik, dövlətimizi müdafiə edirik. Ona görə də bizim işimiz haqq işidir və Vətənini sevən hər bir adam bu işə qoşulmalıdır, dövlət qarşısında, xalq qarşısında öz vətəndaşlıq borcunu ödəməlidir.

Sizə bir daha təşəkkür edir və cansağlığı, xoşbəxtlik arzulayıram. Tutduğunuz bu yolda, Vətənin müdafiəsində sizə uğurlar arzulayıram.

Sağ olun.

"Azərbaycan" qəzeti, 5 noyabr 1993-cü il.

Tarixi arayış

ORDU QURUCULUĞU