Almaniyanın milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 3 oktyabr 1999-cu il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Almaniyanın mili bayramı - Almaniyanın birləşməsinin 9-cu ildönümü və AFR-in yaranmasının 50-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm, alman xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram.

Almaniya dünyada və xüsusən Avropada çox qədim tarixə, böyük mədəniyyətə, iqtisadiyyata malik olan bir ölkədir. Hələ əsrin əvvəllərində elmi-texniki tərəqqinin mövcud olması və inkişaf etməsində Almaniya, alman xalqı böyük xidmətlər göstərmişdir. Ancaq eyni zamanda Almaniya XX əsrdə böyük faciələrin də səbəbkarı olmuşdur. Birinci Dünya müharibəsində, xüsusən İkinci Dünya müharibəsində Avropa xalqlarının, o cümlədən bizim mənsub olduğumuz keçmiş SSRİ xalqlarının böyük itkilər verməsində alman faşizminin rolu olmuşdur.

Bu gün Almaniya Federativ Respublikasının 50 illiyini və Almaniyanın birləşməsinin 9-cu ilini bayram edərkən onu demək olar ki, alman xalqı, Almaniyanın bugünkü hakimiyyəti keçmişin bütün bu faciəli hadisələrindən nəticə çıxarmış, indi Avropada sülhün, əmin-amanlığın yaranmasında və Avropa xalqlarının daha da sıx birləşməsində fəal rol oynayır.

İkinci Dünya müharibəsindən sonra Avropada, ümumiyyətlə dünyada ağır bir dövr başlanmışdır. Məhz bu zaman, 1949-cu ildə Almaniya Federativ Respublikası yaranmışdır.

Təəssüflər olsun ki, İkinci Dünya müharibəsi qurtarandan sonra "soyuq müharibə" başlandı. Avropa iki yerə bölündü və getdikcə "soyuq müharibə" gücləndi, Almaniya isə iki yerə bölünmüş vəziyyətdə qaldı. Ancaq belə bir tarixi dövrdə alman xalqı Almaniya Federativ Respublikasında özünün böyük imkanlarını dünyaya nümayiş etdirdi. Cənab səfirin burada bildirdiyi kimi, AFR dağılmış Almaniyanı öz dostları ilə birlikdə, yəni bir çox ölkələrin yardımı ilə qısa bir müddətdə bərpa etdi və iqtisadiyyatını inkişaf etdirdi, ölkəsini dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevirdi. Ancaq eyni zamanda alman xalqı ölkənin iki yerə parçalanmasını özü üçün böyük yara hesab edirdi.

Almaniya Federativ Respublikasında elmi-texniki tərəqqinin inkişafı və ölkənin Avropada və bütün dünyada sülhsevər siyasət aparması Avropada 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində böyük dəyişikliklər baş verməsinə səbəb oldu. Ancaq bu qədər xoşbəxtlik içərisində yaşayan Almaniya Federativ Respublikası eyni zamanda böyük dərd çəkirdi. Çünki xalqı, ölkəsi iki yerə parçalanmışdı. "Berlin divarı"nın yıxılması, ondan bir il sonra isə Almaniyanın birləşməsi Avropada, bütün dünyada tarixi hadisə oldu. O vaxt bu hadisələrin dünya siyasətinə, Avropaya və o cümlədən Şərqi Avropaya, keçmiş sovetlər ittifaqına nə qədər böyük təsir göstərəcəyini bəlkə də o qədər dərk edə bilmirdilər. Ancaq bu iki böyük hadisə - "Berlin divarı"nın dağıdılması, Almaniyanın birləşməsi sovetlər ittifaqı kimi böyük bir imperiyanın qısa bir müddətdə dağılmasına da səbəb oldu.

Beləliklə, bunların hamısı Avropanı və bütün dünyanı narahat edən "soyuq müharibə"yə son qoydu. SSRİ xalqları azadlıq aldılar. Vaxtilə SSRİ-nin tərkibində olan müttəfiq respublikalar müstəqillik əldə etdilər. Azərbaycan, nəhayət, öz arzusuna, istəyinə - dövlət müstəqilliyinə gəlib çatdı. Təbiidir ki, - bunu etiraf etmək lazımdır, - əgər o illər Avropadakı proseslər sürətlə inkişaf etməsəydi, Şərqi Avropa ölkələrində böyük dəyişikliklər baş verməsəydi sovetlər ittifaqının dağılması hələ də uzana bilərdi. Ona görə də bu tarixi hadisələr alman xalqı üçün əhəmiyyətli olduğu kimi, Azərbaycan xalqı üçün də çox əhəmiyyətlidir. Azərbaycan 8 il bundan öncə özünün dövlət müstəqilliyini elan edə bildi və indi artıq azad, sərbəst yaşayır və müstəqil dövlət kimi Dünya Birliyində özünə layiqli yer tutur.

Bu gün keçmişə, tarixə nəzər salarkən demək olar ki, "Berlin divarı"nın dağılmasına, Almaniyanın birləşməsinə almanlar, avropalılar nə qədər seviniblərsə, o qədər də azərbaycanlılar sevinirlər. Bu hadisələr baş verəndə bəlkə də bunun əhəmiyyəti bir o qədər də dərk olunmurdu. Amma zaman keçdikcə bunun nə qədər böyük əhəmiyyəti olduğunu Azərbaycan xalqı dərk edir və sevinir.

Mən, ümumiyyətlə, qeyd edirəm ki, indi artıq birləşmiş, vahid Almaniya Federativ Respublikası ilə Azərbaycan Respublikası arasında gözəl əməkdaşlıq və dostluq əlaqələri yaranıbdır. Biz bunu yüksək qiymətləndiririk, bu əlaqələri daim genişləndirməyə çalışırıq. Siyasi əlaqələrimizi daha da inkişaf etdirmək üçün iqtisadi əməkdaşlığın inkişafı çox lazımdır. Bizim mövcud iqtisadi əlaqələrimiz, deyə bilərik ki, yaxşı səviyyədədir. Burada cənab səfir bu barədə fikirlərini söylədi. Mən bunlarla razıyam.

Ancaq biz arzu edirik və istəyirik ki, Almaniya Federativ Respublikası ilə Azərbaycan arasında iqtisadi və bütün başqa sahələrdə əlaqələr daha da yüksək səviyyədə olsun.

Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir və quruculuq prosesini həyata keçirir. Azərbaycanda demokratiya inkişaf edir, ölkəmiz bazar iqtisadiyyatı yolu ilə gedir və bu sahədə xeyli nailiyyətlər əldə edibdir. Dövlətimiz xarici sərmayənin ölkəmizə gəlməzinə böyük maraq göstərir və bunun üçün imkanlar yaradıbdır. Bunların hamısı, şübhəsiz ki, Almaniyanın Azərbaycanla daha da çox iş görməsi üçün əsas yaradıbdır. Hesab edirəm ki, biz - həm Almaniya, həm də Azərbaycan bu yolla gedirik və gələcəkdə böyük nailiyyətlər əldə edə bilərik.

1996-cı ildə Almaniya Federativ Respublikasında rəsmi səfərdə olarkən həm hökumət və dövlət başçıları ilə, həm də böyük şirkətlərlə, iş adamları ilə görüşlərim və ondan sonra əlaqələrimizin sürətlənməsi məni inandırır ki, bizim iqtisadi əməkdaşlığımız, digər sahələrdə olan əlaqələrimiz bundan sonra daha da uğurlu olacaqdır.

Almaniya Avropada ən böyük iqtisadi potensiala malik olan ölkədir. Almaniyanın böyük şirkətləri dünyanın müxtəlif ölkələrində iş görürlər, böyük sərmayə qoyurlar. Mən bu bayram günündə onları Azərbaycana gəlməyə və bizimlə müştərək iş görməyə bir daha çağırıram. Bir fakt desəm, güman edirəm, bizim alman dostlarımız məndən inciməzlər. Düşünmək lazımdır ki, Avropanın kiçik dövlətlərindən biri olan Norveçin Azərbaycana ayırdığı sərmayə Almaniyanın ölkəmizə qoyduğu sərmayədən çoxdur. Hesab edirəm ki, Almaniya bununla razılaşmamalıdır. Bir sözlə, mən bununla sizi Azərbaycanla iqtisadi əlaqələri genişləndirməyə daha da həvəsləndirmək istəyirəm. Məqsədimiz Almaniya Federativ Respublikası ilə Azərbaycan arasında olan dostluq və əməkdaşlığı daim inkişaf etdirməkdən ibarətdir.

Bu bayram münasibətilə sizi bir daha təbrik edirəm, alman xalqına uğurlu gələcək və çox xoşbəxt günlər arzulayıram. Almaniya Federativ Respublikasına, onun hökumətinə, dövlətinə gələcəkdə də özünün böyük imkanlarından istifadə edərək Avropada, bütün dünyada sülhün, əmin-amanlığın qorunub saxlanılmasında uğurlar arzulayıram. Bayramınız mübarək olsun! Çox sağ olun.


"Azərbaycan" qəzeti, 4 oktyabr 1999-cu il.