Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Bakı SOS Uşaq Kəndi"nin istifadəyə verilməsinə həsr olunmuş mərasimdə nitqi - 2 noyabr 2000-ci il


Əziz uşaqlar!

Əziz analar!

Əziz dostlar!

Mən sizi bugünkü əlamətdar hadisə münasibətilə, Azərbaycanda "SOS Kinderdorf İnternəşnl" təşkilatının təşəbbüsü ilə qısa bir müddətdə yaranmış uşaq şəhərciyinin açılması münasibətilə ürəkdən təbrik edirəm və bu şəhərciyə, Azərbaycan uşaqlarına gözəl xidmət arzulayıram. Bu şəhərcikdə çalışan analara uşaq məhəbbəti, uşaq sevgisi arzulayıram.

Azərbaycanda son illər uşaqlara, gənclərə qayğı daim artır. Biz olan imkanlarımızı uşaqlar üçün, gənclər üçün maksimum istifadə etməyə yönəldirik və bunların da artıq əməli nəticələri xalqımızın gözünün qarşısındadır. Bu təbiidir. Hər bir millət gərək özünün bu günü, gələcəyi üçün uşaqlara, gənclərə qayğı göstərsin. Beləliklə, millətin gələcək illərdə, əsrlərdə yaşamasını təmin etsin. Bu sırada Azərbaycanda kimsəsiz, valideynsiz uşaqlara göstərilən qayğı bizim ən ümdə vəzifələrimizdən biridir. Biz çalışırıq ki, bu qayğı günbəgün artsın. Allaha şükür olsun ki, buna nail ola bilirik. Həm Bakıda, həm də Azərbaycanın başqa məntəqələrində kimsəsiz uşaqlar üçün gözəl uşaq evləri var. Mən şəxsən o uşaq evlərinin bir neçəsində olmuşam. Özüm bilavasitə və yaxud xaricdən gələn yüksək qonaqlarla bərabər şəraitlə tanış olmuşam, uşaqların istedadı ilə tanış olmuşam, onların tərbiyəsi ilə tanış olmuşam. Sizə deyim ki, məni həyatımda bunun qədər sevindirən heç bir şey olmayıbdır. Ancaq deyə bilmərəm ki, biz uşaqlar üçün, yəni bu kimsəsiz, valideynsiz uşaqlar üçün hər şey edə bilmişik.

"SOS Kinderdorf İnternəşnl" təşkilatının Azərbaycana gəlməsi - burada deyildi ki, artıq bunlar 140-a qədər ölkədə fəaliyyət göstərirlər, onların qurduqları, yaratdıqları uşaq şəhərcikləri vardır - bizim uşaqlara göstərdiyimiz qayğının və Azərbaycanın beynəlxalq aləmdə artan hörmətinin, ölkəmizə olan diqqətin təzahürüdür. Biz bilirdik ki, belə bir təşkilat vardır. Bilirdik ki, onlar bir çox ölkələrdə fəaliyyət göstərirlər. Amma arzumuz o idi ki, onlar Azərbaycana da gəlsinlər. Gəldilər, mən onları qəbul etdim, görüşdük. Öz təşkilatlarının işi haqqında məlumat verdilər və bizim təklifimizi qəbul edib Azərbaycanda da bu işə başlamaq haqqında bəyanat verdilər. Bu məni çox sevindirdi.

Azərbaycana xarici ölkələrdən indi maraq çoxdur. Azərbaycana gəlib iş görmək istəyən, böyük sərmayələr qoymaq istəyən, əməkdaşlıq etmək istəyən dünyanın müxtəlif məşhur şirkətləri, firmaları, təşkilatları məlumdur. Onların burada son illərdə gördükləri işləri də bilirsiniz. Azərbaycanın iqtisadiyyatına, sosial inkişafına onların nə qədər müsbət təsir göstərdiyini də bilirsiniz. Bu iş yaxşı təşkil olunubdur və bundan sonra da yaxşı təşkil olunacaqdır. Bildirmək istəyirəm ki, bu böyük şirkətlərin, xüsusən də Xəzər dənizinin Azərbaycan sektorunda neft və qaz yataqlarının müştərək işlənilməsi üçün bizimlə müqavilə bağlamış, burada işləyən Qərb ölkələrinin böyük neft şirkətləri özlərinin bilavasitə fəaliyyətləri ilə yanaşı, xeyriyyəçilik işləri də görürlər. İncəsənətə, mədəniyyətə, təhsilə, o cümlədən, uşaqlara, uşaq evlərinə də çox yardımlar göstərirlər. Bu da bizim gördüyümüz böyük işin, yəni uşaqlara, təhsilə, səhiyyəyə yardım işinin bir hissəsidir. Burada xüsusi yeri yenə də uşaqlar və əsasən kimsəsiz uşaq evləri tutur. Ancaq bunlar, təbiidir ki, bizi tam qane etmir. Ona görə də uşaqlara məxsus olan yeni bir beynəlxalq təşkilatın ölkəmizə gəlməsi və qısa müddətdə Azərbaycanda belə gözəl şəhərciyin yaradılması, təbiidir ki, çox əlamətdar hadisədir. Görürəm, sizi də, məni də sevindirir.

Bu təşkilatın təşəbbüsü ilə Azərbaycan Assosiasiyası yaradıldı. Bu barədə burada məlumat verildi. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, bilavasitə bu təşkilat və onun yaratdığı Azərbaycan Assosiasiyası çox iş görübdür. Qısa zamanda belə bir uşaq şəhərciyi yaradıbdır. Azərbaycanda uşaqların əksəriyyəti çox istedadlıdır. Əgər valideynlər, məktəblərdə müəllimlər, təhsil sahəsində fəaliyyət göstərən bizim vətəndaşlarımız uşaqların tərbiyəsinə, təhsilinə qayğını daha da artırsalar, biz gələcəkdə daha da istedadlı Azərbaycan gənclərinə, vətəndaşlarına malik olacağıq. Mən bu sözləri özümün şəxsi müşahidəm nəticəsində deyirəm.

Birincisi, təbiidir ki, mən Azərbaycanda keçmiş illərdə də, indi də çox işlərlə - həm uşaqların, gənclərin problemləri ilə, təhsil, tərbiyə problemləri ilə məşğul olmuşam. Ona görə də bunu bilirəm. Amma eyni zamanda bu uşaq evlərini, məktəbləri bəzən ziyarət edərkən bizim uşaqların, gənclərin nə qədər istedadlı olduqlarını görmüşəm.

Yəqin ki, sizə məlumdur, bəzən mən müxtəlif bayramları kimsəsiz uşaqlarla bizim böyük salonlarda - "Gülüstan" sarayında, yaxud Bakı Əyləncə Mərkəzində, başqa yerlərdə bir yerdə keçirmişəm. Çünki bizim bayramlarımızı xüsusən kimsəsiz uşaqlarla keçirmək mənim üçün hər şeydən əzizdir. Mən onu hər bir başqa məclisdən üstün tuturam. Hər dəfə müşahidə etmişəm. Mən sevindiyim kimi, mənim onlarla bir yerdə olmağım da uşaqlara nə qədər sevinc gətiribdir. Bütün bu təmasların nəticəsində mən tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycanda uşaqlar, fərqi yoxdur, anası varsa da, yoxsa da, valideynsiz böyüyürsə də - uşaq evlərində çox yaxşı tərbiyə alırlar - onların içərisində çox yüksək istedada malik olanları vardır. Ona görə biz onlara diqqətimizi artırmalıyıq. Onların istedadlarının açılmasını təmin etməliyik. Onlara gələcəkdə istedadlarının daha da inkişaf etdirmələri üçün şərait yaratmalıyıq, yollar açmalıyıq.

Bura gələrkən bir neçə uşaq məni qarşıladı. Hərəsi bir bənd şeir dedi. Mən diqqətlə qulaq asdım. Şeirlər hansı məzmunda idi? Vətən, torpaq, dövlət, xalq məhəbbəti. Təbiidir ki, bu şeirləri onların müəllimləri yazıblar, onları hazırlayıblar. Ancaq bu uşaqlar uşaq evlərindən olan uşaqlardır, valideynsiz uşaqlardır. Səni tanıyıram. Uşaq evində çox olmuşam. Bilirəm, çox sağ olun. Yaxşı işləyirsən. Mən gördüm. Bunlar səninkilərdir?

Zöhrə Abdullayeva (Xətai rayonundakı 3 nömrəli uşaq evinin direktoru): Cənab Prezident, bəli. Siz bunları görmüsünüz.

Heydər Əliyev: Mən sizdə olmuşam. Sən onları göstərdin. Onlar sizin uşaqlardır. Mən gördüyüm uşaqlardır. Böyüyüblər. Çox sağ olun. Mənim dediklərimin bir hissəsi sizin uşaq evində gördüklərimin əsasındadır. Yaxud da, xatirinizdədirmi, Bakı Əyləncə Mərkəzində bir yerdə, bilmirəm, yeni ili qarşılayırdıq, ya nə idisə. Onların nəticəsindədir. Elədirmi?

Zöhrə Abdullayeva: Bəli.

Heydər Əliyev: İndi bax, bu uşaqlar bizim vətənimizə, millətimizə, dövlətimizə, torpağımıza aid olan nə qədər gözəl şeirlər ifa etdilər. Sadəcə, ifa etmədilər, qəlbdən gələn hissiyyatlarla söylədilər. Bax, bunlar dediyim bu sözlərə canlı sübutdur ki, bizim uşaq evlərində kimsəsiz, valideynsiz uşaqların içərisində böyük istedadlar vardır. Biz onları inkişaf etdirməliyik. Ümumiyyətlə, istedadının səviyyəsindən asılı olmayaraq, kimsəsiz uşaqlara qayğı göstərməliyik. Gərək onlar heç vaxt hiss etməsinlər ki, onların atası, anası yoxdur. Onlar hiss etməlidirlər ki, dövlət qayğısı ilə əhatə olunublar. Onların atası da, anası da həmin uşaq evlərində onları tərbiyələndirən bizim fədakar vətəndaşlarımızdır və müstəqil Azərbaycanın dövlətidir. Bu sözləri deyərək, bugünkü hadisəyə xüsusi qiymət verirəm. Təbiidir ki, son illər bizim uşaq evləri yaxşı təmir olunublar, çox yaxşı avadanlıqla təchiz ediliblər, çox işlər görülübdür. Ancaq bununla bərabər, beynəlxalq standartlara uyğun olan belə bir uşaq şəhərciyinin yaranması çox gözəl haldır və bizim bütün başqa uşaq evləri üçün də nümunədir. Ona görə də mən bu gün buraya gəlmişəm. Mən buraya uşaqların yanına gəlmişəm. Burada işləyən anaların yanına gəlmişəm. Yəqin ki, siz hamınız bu məqsədlə buraya gəlmisiniz. Burada çıxış edən ana həqiqətən bizi çox hissiyyatlandırdı. Çünki görürsünüz, o nə qədər böyük sevinclə, məhəbbətlə işə gəlibdir və burada tərbiyə etdiyi uşaqları öz doğma övladları kimi hiss edibdir. Bu çox vacib haldır. Əgər doğrudan da uşaq evində hər bir tərbiyəçi uşaqlara ana kimi olsa, uşaqlar onu ana kimi tanısa, onda heç vaxt düşünməyəcəklər ki, onun anası var, ya yoxdur.

Ədilə xanım burada çox gözəl bir söz dedi ki, ana o deyil ki, uşağı dünyaya gətiribdir. Ana odur ki, uşağa tərbiyə verib, böyüdüb, təhsil verib, uşağa vətəndaşlıq vəsiqəsi veribdir. Əminəm ki, bizim bütün uşaq evlərində, xüsusən burada, uşaq şəhərciyində məhz bu prinsiplər əsas götürüləcəkdir və bundan sonra da biz bu işlərlə daha da çox məşğul olacağıq.

Burada bizim nazirliklərin, inşaatçıların xidmətlərini dedilər. Bunlar hamısı var, təbiidir. Onlar bunu etməlidirlər. Bu onların borclarıdır. Çünki hər bir dövlət adamının, hər bir nazirin, hər bir vəzifə sahibinin Azərbaycan xalqı qarşısında, Azərbaycan gəncləri qarşısında, Azərbaycan uşaqları qarşısında borcu var. Mənim də borcum var, onun da borcu var, bunun da borcu var. Əgər hansısa bir işi biz edə biliriksə, demək, borcumuzun bir hissəsini yerinə yetiririk. Amma nə qədər çox etsək, yenə də xalqımıza, millətimizə borcluyuq, borcluyuq, borcluyuq. Mən şəxsən özüm haqqında demək istəyirəm ki, həyatımın son dəqiqəsinə qədər özümü xalqıma borclu kimi hiss edirəm və hər gün, hər dəqiqə o borcumu layiqincə yerinə yetirməyə çalışıram. Çox sevindirici haldır ki, bu gün biz uşaq şəhərciyinə Azərbaycanda böyük bir siyasi hadisə, Milli Məclisə seçkilər ərəfəsində toplaşmışıq. Noyabrın 5-də ikinci dəfə müstəqil Azərbaycanın parlamenti, qanunverici orqanı, Milli Məclisi seçiləcəkdir. Bilirsiniz ki, biz müstəqillik əldə edəndən sonra 1995-ci ildə Azərbaycanın ilk demokratik Konstitusiyasını qəbul etdik və Milli Məclisə seçkilər keçirdik. Bu Milli Məclis beş il müddətində fəaliyyət göstərdi. Hesab edirəm ki, çox uğurlu fəaliyyət göstərdi. Azərbaycanda dövlətçiliyin inkişaf etməsində öz xidmətlərini göstərdi. Konstitusiyaya görə, onun səlahiyyət müddəti bitibdir və noyabrın 5-də yeni seçkilər keçiriləcəkdir. Televiziyadan, radiodan, mətbuatdan bilirsiniz ki, biz hamımız çalışmışıq, çalışırıq və ayın 5-nə qədər də çalışacağıq ki, bu seçkilər yüksək demokratiya şəraitində keçsin, ədalətli olsun, şəffaflıq, aşkarlıq şəraitində keçirilsin. Çünki birinci, ona görə ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur. Ona görə ki, biz müstəqil Azərbaycanda demokratiya yolu ilə gedirik və bu bizim daimi, əbədi yolumuzdur. Demokratiyanı təmin etməyin ən əsas vəzifələrindən biri də seçkilərdir. O cümlədən ölkənin parlamentinə, Milli Məclisinə seçkilərdir. Biz çox iş görmüşük ki, bu seçkilər demokratik şəraitdə keçirilsin. Seçkidə iştirak edən bütün adamlara imkan verilibdir ki, onlar öz istəklərini həyata keçirə bilsinlər.

Bizdə siyasi partiyalar var. 14 siyasi partiya, yəni hansı siyasi partiya Mərkəzi Seçki Komissiyasına müraciət edibsə, o, seçki prosesində iştirak edir. Bilirsiniz, televiziya, radio ilə, mətbuatda öz siyasi baxışlarını bəyan edirlər, öz fikirlərini deyirlər, tənqid edirlər. Hər halda, nə istəyirlər, onu deyirlər. Elə bu, Azərbaycanda söz azadlığının, mətbuat azadlığının, insan azadlığının, demokratiyanın ən gözəl nümayişidir. İndi kim nə deyir, o onun işidir, onun vicdanının işidir. Ancaq həqiqət ondan ibarətdir ki, ötən beş ildə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi sürətlə inkişaf edibdir. Bu da bizə əsas verir ki, Azərbaycanda bundan sonra demokratiyanı daha da inkişaf etdirək. Hesab edirəm ki, noyabrın 5-dəki seçkilər bunu həm ölkəmizin vətəndaşlarına, həm də beynəlxalq aləmə nümayiş etdirəcəkdir.

Seçkilər haqqında bu sözləri deyərkən, mənim sizə bir müraciətim var. Seçkilərdə fəal iştirak edin. Kimə səs verəcəksiniz, o sizin öz işinizdir. Mən bu barədə heç bir şey demək istəmirəm. Hansı partiyaya səs verəcəksiniz, o sizin öz işinizdir. Ancaq seçkidə iştirak etmək təbiidir ki, hər bir vətəndaşın borcudur. Çünki bu o deməkdir ki, vətəndaş təkcə özü haqqında yox, dövləti haqqında düşünür, milləti haqqında düşünür, demokratiya haqqında düşünür. Ümidvaram ki, Azərbaycanda ötən yeddi ildə ardıcıl surətdə yaranmış bu ictimai-siyasi sabitlik, sosialiqtisadi inkişaf, insanların sərbəst yaşaması üçün şərait, Azərbaycanın gələcəyi üçün indi yaranmış imkanlar, təbiidir ki, seçkilərdə hər bir vətəndaşa nəyə səs verəcəyini bildirəcəkdir. İnanıram ki, Azərbaycanın seçiciləri ölkəmizin müstəqilliyinə səs verəcəklər. Bu müstəqilliyin əbədi olmasına səs verəcəklər. Azərbaycanda ictimaisiyasi sabitliyə səs verəcəklər. Azərbaycanda demokratiyanın inkişafına səs verəcəklər. Azərbaycanda islahatların - həm iqtisadi islahatların, həm sosial islahatların, həm də dövlət quruculuğundakı islahatların davam etdirilməsinə səs verəcəklər. İnanıram ki, Azərbaycan vətəndaşları haqqa, ədalətə səs verəcəklər, bugünkü həqiqətə səs verəcəklər. Mən bu işdə sizin hamınıza uğurlar arzulayıram.

Əziz dostlar, sizi bugünkü əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm. Sizin hər birinizə cansağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram. Arzu edirəm ki, hər birinizin övladı müstəqil Azərbaycanda yaxşı təhsil almaq, böyümək imkanı əldə etsin. Arzu edirəm ki, hamı birlikdə uşaqlara və xüsusən kimsəsiz uşaqlara qayğını artırsın.

Bu uşaq şəhərciyinə isə, təbiidir ki, ən xoş arzularımı bildirirəm. Əmin ola bilərsiniz ki, "SOS uşaq kəndlər-Azərbaycan" assosiasiyası, o cümlədən onun prezidenti Sevil Əliyevanın, assosiasiyanın üzvlərinin gördüyü işlərlə bərabər, bu uşaq şəhərciyi daim mənim diqqət mərkəzimdə olacaqdır.

Mən bir şeyi deməmişəm. "SOS Kinderdorf İnternəşnl" təşkilatının prezidentini qəbul edəndə mənə bir qalstuk bağışladı. Mən dedim ki, o şəhərciyi açanda mütləq bu qalstuku geyinib gələcəyəm. Yəqin ki, bunu görürsünüz. Bu qalstukun üzərində başdan-ayağa uşaq şəkilləri vardır. Sağ olun.