Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin böyük Qazax şairi Abay Kunanbayevin anadan olmasının 150 illiyinə həsr olunmuş təntənəli yığıncaqda çıxışı - Almatı, 9 avqust 1995-ci il


Möhtərəm Qazaxıstan prezidenti Nursultan Nazarbayev!

Hörmətli xanımlar və cənablar!

Hörmətli qazax qardaş və bacılar!

Mən buraya bizi böyük dostumuz Nursultan Nazarbayevin dəvəti ilə, Azərbaycan xalqının dostluq hisslərini qardaş qazax xalqına bildirmək, bu bayram gününün sevincinə şərik olmaq üçün gəlmişəm. Zənn edirdim ki, bugünkü təntənəli yığıncaqda prezident Nursultan Nazarbayevin və təbii ki, YUNESKO-nun baş katibi, hörmətli Federiko Mayorun çıxış etmələri nəzərdə tutulmuşdur. Sonra gördüm ki, bir ucdan çıxış edirlər. Öz-özümə fikirləşdim ki, görəsən, mənə niyə söz vermirlər. Fikirləşdim, fikirləşdim, nəhayət, Nursultan Abışeviçə müraciət etdim: necə yəni, hamı çıxış edir, hamı danışır, mən isə buraya susmaq üçün gəlmişəm? O dedi ki, biz başqa cür planlaşdırmışdıq, lakin alınmadı. İndi ki belədir, onda mənə də söz verin.

Bu kürsüyə ona görə çıxdım ki, böyük Abaya, onun irsinə, dost qazax xalqına, müqəddəs Qazaxıstan torpağına Azərbaycan xalqının bəslədiyi dostluq hisslərini, hörmət və məhəbbəti ifadə edim. Əziz qardaş və bacılar, əziz dostlar, sizi bu bayram münasibətilə ürəkdən təbrik edir, Qazaxıstanın bütün vətəndaşlarına, qazax xalqına xoşbəxtlik və firavanlıq diləyir, bu çətin keçid dövründə bizim respublikamız kimi sizin respublikanızın da qarşısında duran bütün vəzifələrin, problemlərin müvəffəqiyyətlə həll olunmasında uğurlar arzulayıram.

Abay, onun yaradıcılığı bütün bəşəriyyətə, bütün xalqlara məxsusdur. Təbii ki, bu, qazax xalqının xoşbəxtliyidir. Çünki onun belə görkəmli övladı, alimi, maarifçisi var və o öz xalqını xoşbəxtliyə və firavanlığa aparan düzgün yol göstərmişdir. Bununla yanaşı, o, bütün bəşəriyyətə, eyni zamanda Azərbaycan xalqına məxsusdur. Biz Azərbaycanda Abayın yaradıcılığının əhəmiyyətini yüksək qiymətləndiririk. Abayın yaradıcılığı Azərbaycan xalqına, bütün Azərbaycan vətəndaşlarına yaxşı məlumdur. Şairlərimizin, yazıçılarımızın bir çoxu onun əsərlərini tərcümə etmişdir. Onun şerləri, poemaları respublikamızda nəşr olunmuşdur. Sizin kimi, biz də bu bayramı mədəniyyət və dostluq bayramı kimi təntənəli şəkildə qeyd edirik.

Abayın yaratdıqlarının, bugünkü nəslə irs qoyduğunun hamısı indi həyata keçirilir. Ona görə də belə hesab edirəm ki, bugünkü bayram qazax xalqının milli dirçəliş bayramı, qazax xalqının milli istiqlaliyyət bayramı, qazax xalqının millilik bayramıdır. Abay məhz bu barədə düşünmüş, məhz bu barədə yazmışdır.

Həmin dövr, həmin gün gəlib çatmışdır. Qazax xalqı özünün milli istiqlaliyyətini, milli azadlığını əldə etmişdir. Qazax xalqı geniş torpaqlarının sahibidir, öz həyatını istədiyi kimi qurur. Belə hesab edirəm ki, Abayın bayramı onun məhz bu gün həyata keçən ideyalarının təntənəsinin bayramıdır. Bu bayram münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza xoşbəxtlik və firavanlıq arzulayıram. Qazax xalqı öz tarixinin mürəkkəb dövrünü yaşayır. Bu dövrü hamımız, o cümlədən də Azərbaycan xalqı, müstəqil Azərbaycan Respublikası da yaşayır. Lakin biz əminik ki, siz bu çətinlikləri aradan qaldıracaqsınız. Mən bu gün burada, bu yüksək kürsüdən çıxış etməyimdən şadam. Yeri gəlmişkən deyim ki, mən 25 il əvvəl də bax burada dayanmışdım. Xoşbəxtəm ki, 25 ildən sonra yenə bu zalda, bu kürsüdən sizi təbrik etmək imkanım var.

Biz inanırıq ki, qazax xalqı bu çətinlikləri aradan qaldıracaq. Qazax xalqı düz yolla, demokratiya, milli dövlət quruculuğu yolu, özünün milli ənənələrini inkişaf etdirmək yolu ilə gedir. Bu, bizim səylərimizə, planlarımıza, istəklərimizə də tamamilə uyğun gəlir. Biz də bu yolla gedirik. Ona görə də mən tamamilə əminəm ki, Azərbaycan xalqı kimi siz də bu yolu uğurla başa vuracaqsınız. Biz müstəqil, suveren dövlətlər kimi geniş inkişaf yoluna çıxacaq və bu yolla irəliləyəcəyik. Keçmişdən bizə irs qalan hər şeyin, böyük Abayın, xalqlarımızın böyük övladlarının qoyub getdikləri irs zəminində mədəniyyətimizi, elmimizi, iqtisadiyyatımızı inkişaf etdirmək və öz xalqımızı xoşbəxtliyə çıxarmaq üçün irəliləyəcəyik.

Bu bayram münasibətilə sizi bir daha təbrik edir və Azərbaycan xalqının dostluq, qardaşlıq hisslərini sizə yetirirəm.

Yaşasın Azərbaycan-Qazaxıstan dostluğu!

Yaşasın Qazaxıstan-Azərbaycan dostluğu!

Abaya eşq olsun!

Qazax xalqına eşq olsun!

Qazaxıstan torpağına eşq olsun!

"Azərbaycan" qəzeti, 11 avqust 1995-ci il.