Azərbaycan Respublikası gənclərinin üçüncü forumuna - 13 oktyabr 2003-cü il


Hörmətli forum iştirakçıları!

Azərbaycan torpağının əziz və mehriban övladları!

Sizi - Azərbaycan Respublikası gənclərinin üçüncü forumunun iştirakçılarını, bütün gənclərimizi ürəkdən salamlayır, Azərbaycan gəncliyinin hər bir nümayəndəsinə cansağlığı, xoşbəxtlik və doğma Azərbaycanın gələcəyi naminə fəaliyyətində yeni nailiyyətlər arzulayıram.

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır. O öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.

Bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həll edilməsi, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə müstəqil dövlət quruculuğunun fəal iştirakçısı kimi gənclərə göstərilən diqqət və qayğı daha da artmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərin respublikada cərəyan edən ictimai-siyasi proseslərdə daha yaxından iştirakı üçün şərait yaratmış, gəncliyin problemlərinin həllinə dövlət qurumlarının diqqətinin yönəldilməsi baxımından daha əhəmiyyətli olmuşdur. Əmin ola bilərsiniz ki, gənclərlə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsi bundan sonra da təmin ediləcəkdir.

Ümidvaram ki, müstəqil Azərbaycan gənclərinin bu mötəbər məclisi ötən forumdan sonrakı müddət ərzində görülən işləri layiqincə qiymətləndirəcək, gənclərə azərbaycançılıq məfkurəsinin aşılanması yollarını müəyyənləşdirəcək, qərarların yerinə yetirilməsi üçün ölkənin bütün qüvvələrini səfərbər edəcəkdir.

Forumunuzun işinə uğurlar diləyirəm.

Sizə böyük ümid, dərin məhəbbət və ehtiramla,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 14 oktyabr 2003-cü il.