Azərbaycan Prezidenti Heydər Əliyevin Novruz bayramı münasibəti ilə xalqa müraciəti - 20 mart 1994-cü il


Hörmətli həmvətənlər, bacılar və qardaşlar!

Bu əziz bayram axşamı sizi, bütün Azərbaycan xalqını, respublikamızın bütün vətəndaşlarını milli bayramımız - Novruz bayramı münasibətilə təbrik edirəm!

Novruz bayramı həm də təbiətin bayramı, Bahar bayramıdır. Bir neçə saatdan sonra il təhvil olacaq, yeni il başlanacaq, gecə ilə gündüz bərabərləşəcək, təbiətdə, dünya həyatında əlamətdar hadisələrin şahidi olacağıq.

Azərbaycan xalqı milli azadlığa nail olmuşdur. Azərbaycan müstəqil dövlətdir, dünya birliyi tərəfindən tanınmış və bu birlikdə layiqli yerini tutmuşdur. Qədimdən bəri qeyd etdiyimiz Novruz bayramı Azərbaycan Respublikasının dövlət bayramıdır. Lakin biz bu il də Novruz bayramını ağır və çətin şəraitdə keçiririk. Respublikamız erməni silahlı qüvvələrinin təcavüzünə məruz qalmış, təcavüz nəticəsində ərazimizin bir qismi işğal olunmuş və bir milyondan artıq vətəndaş isə elindən, obasından didərgin düşmüşdür, qaçqın vəziyyətindədir.

Xalqımız öz Vətənini, torpağını qorumaq üçün hazırda qanlı döyüşlər aparır. Müharibə davam edir. Neçə-neçə qəhrəman döyüşçülərimiz, qeyrətli oğullarımız bu döyüşlərdə torpağımızı, Vətənimizi müdafiə edərək şəhid olmuşlar. Bu bayram axşamında mən şəhid olmuş övladlarımızı yad edir və onların ruhu qarşısında baş əyirəm. Mən xalqımızı əmin edirəm ki, şəhidlərin xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Vətən bu fədakarlığı heç vaxt unutmayacaqdır!

Dünən Bakıda faciəli hadisə baş vermişdir. Bakı Metropoliteninin "20 yanvar" stansiyasında partlayış nəticəsində bir vaqon sıradan çıxmış, sərnişinlərin bir qismi həlak olmuş və yaralanmışdır. Bu, əlbəttə, böyük faciədir. İndi mən həlak olanların ailələrinə başsağlığı verirəm, onlara xalqımızın ümumi kədərini bildirirəm.

Bəli, biz bu əziz bayramı ağır şəraitdə keçiririk. Vətənimizin müdafiəsi uğrunda döyüşlər davam edir. Qəhrəman Azərbaycan Ordusunun hissələri erməni silahlı qüvvələrinin hücumlarına layiqli cavab verir, elimizin, yurdumuzun müdafiəsində etibarlı dayanır və yüksək rəşadət göstərirlər. Bu müharibə Vətən müharibəsidir! Xalqımız Vətənini, torpağını müdafiə etmək üçün ayağa qalxmışdır! İlk addımlarını atan gənc Azərbaycan Ordusu odlu cəbhələrdə döyüş qabiliyyətini gündən-günə artırır. Mən Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun bütün əsgər və zabitlərini təbrik edirəm. Onlar cəbhədə, səngərlərdə öz sinəsini, qeyrətini, cəsarətini düşmənlərimizə qarşı sipər etmişlər. Mən qəhrəman Azərbaycan övladlarını təbrik edirəm! Ordumuza, cəbhədə vuruşan bütün döyüşçülərimizə Vətənimizin, torpaqlarımızın müdafiəsində yeni-yeni zəfərlər diləyirəm.

Bu müharibə altı ildir ki, davam edir. Azərbaycan xalqı şəhidlər vermişdir, itkilərimiz olmuşdur. Bütün şəhid ailələri, bütün Azərbaycan xalqı Novruz bayramını eyni zamanda qara bayram kimi qeyd edirlər. Mən şəhidlərimizin ailələrinə öz dərin hörmət və ehtiramımı bildirirəm. Lakin nə qədər kədərli olsaq da, bu əziz bayram bizi nikbinliyə dəvət edir. Mən bütün şəhid ailələrinə bayram təbrikimi çatdırır və onları əmin edirəm ki, Azərbaycan dövlətinin onlara olan qayğısı və diqqəti heç vaxt tükənməyəcəkdir!

Bu müharibə Azərbaycan xalqına böyük bəlalar gətirmişdir. Bir milyondan artıq vətəndaşımız qaçqın düşərək ağır şəraitdə yaşayır. Onların vəziyyəti bizim hamımızı incidir, narahat edir. Ancaq xalqımız dözümlü xalqdır, o, tarixən belə əzab-əziyyətlərə çox dözmüş, tab gətirmiş, amma gələcəyə həmişə böyük ümidlə baxmışdır. Mən el-obasından, ev-eşiyindən didərgin düşərək qaçqın vəziyyətində yaşayan vətəndaşlarımızın hamısına öz bayram təbrikimi yetirirəm!

Əziz bacı və qardaşlar! Sizi ürəkdən təbrik edirəm, hamınıza daha da dözümlü, dəyanətli olmağı arzulayıram! Əmin olun ki, yaman günün ömrü az olur. Biz bu ağır günlərdən çıxacağıq və siz öz evinizə, doğma torpağınıza qayıdacaqsınız!

Müharibədə vuruşan qəhrəman, cəsur Azərbaycan övladlarını boya-başa çatdıran bütün analar, qadınlar cəmiyyətimizdə xüsusi yer tuturlar. Təsadüfi deyil ki, biz Vətənə də Ana Vətən deyirik, torpağa da. Ana hər bir insan üçün müqəldəsdir. Azərbaycan xalqının ən böyük sərvəti ondan ibarətdir ki, o, əsrlər boyu qəhrəman, cəfakeş, dözümlü analar yetirmişdir. Bu qəhrəman analar cəbhələrə cəsur oğullar göndərmiş, şəhidlər vermiş, əzab-əziyyət çəkmiş və cəmiyyətimizin ağırlığının çox hissəsini həmişə öz üzərinə götürmüşlər. Mən qadınları Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Əziz analar! Qadınlar! Sizə bayram əhval-ruhiyyəsi və xoşbəxt günlər arzulayıram. Azərbaycan müstəqil dövlətdir. Dünyanın başqa ölkələrində çoxlu soydaşımız yaşayır. Ölkəmizin hüdudlarından kənarda yaşayan bütün azərbaycanlıları Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara Azərbaycan torpağından hərarətli salamlar göndərir və səadət, xoşbəxtlik arzulayıram.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, bütün dünya azərbaycanlıları mənəvi baxımdan daim Azərbaycan Respublikasının bugünkü həyatı ilə yaşayırlar. Onlar da Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, bu ağır vəziyyətdən çıxmağımız üçün əllərindən gələni əsirgəməyəcəklər.

Müstəqil Azərbaycanımız ilk addımlarını atır. Xalqımız milli azadlığa qovuşmuşdur. Ancaq müstəqillik, milli azadlıq yolu uzun bir yoldur. Qarşıda hələ çox çətinliklər var. Həm daxildən, həm də xaricdən müstəqilliyimizin dönməzliyinə, əbədiliyinə mane olmaq istəyənlər var. Ancaq mən bu gün, bayram axşamında xalqımızı bir daha əmin etmək istəyirəm ki, biz müstəqillik yolu ilə gedəcəyik və bu yoldan dönməyəcəyik! Xalqımız bir daha heç vaxt öz milli azadlığından məhrum olmayacaqdır!

İndi həyatımızda böyük problemlər var. Bu problemlərdən ən böyüyü müharibə vəziyyətindən çıxmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək, xalqımız üçün sülh, əmin-amanlıq şəraiti yaratmaq, müstəqilliyimizi, milli azadlığımızın bəhrələrindən hər bir vətəndaşın istifadə etməsinə imkan yaratmaqdır. Biz bunları ali məqsədlərimiz sayır və həmin məqsəd naminə çalışırıq. Bundan sonra da öz səyimizi, əzmimizi əsirgəməyəcəyik. Bu məsələlərdə siyasətimiz məlumdur. Biz müharibənin sona çatmasına, sülh yaranmasına çalışırıq. Biz Azərbaycanın başına gəlmiş bu bəlaya sülh yolu ilə son qoymağa çalışırıq. Bu sahədəki təşəbbüslərimiz artıq bütün dünyaya məlumdur. Biz bu xətti davam etdirəcəyik. Lakin şərtimiz də məlumdur: Ermənistanla Azərbaycan arasında müharibəni sona çatdırmaq üçün erməni silahlı qüvvələri işğal etdikləri ərazilərdən çəkilməli, Azərbaycan Respublikasının torpaqları erməni silahlı qüvvələrindən təmizlənməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır!

Biz yalnız bu prinsiplər əsasında sülh danışıqları aparırıq və onları davam etdirəcəyik. Həmin danışıqlar Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri əsasında aparılacaqdır. Güman edirəm ki, bu səylərimiz öz nəticəsini verməlidir.

Beynəlxalq təşkilatların, vasitəçilik etmək istəyən böyük dövlətlərin fəaliyyəti bizdən ötrü çox əhəmiyyətlidir. Biz bütün bu vasitələrdən problemi həll etmək, sülh yolu ilə müharibəyə son qoymaq üçün istifadə etməyə çalışırıq və çalışacağıq. Eyni zamanda Azərbaycan Respublikasının silahlı qüvvələri torpaqlarımızın keşiyində daha etibarlı dayanmışlar. Xalqımız əmin ola bilər ki, biz bundan soira da Azərbaycan Ordusunu möhkəmləndirmək üçün səylərimizi artıracağıq. Qəhrəman ordumuz Azərbaycan Respublikasının müstəqilliyinin təminatçısı olmuşdur və gələcəkdə də olacaqdır!

Müharibə böyük faciələrə gətirib çıxarmışdır. Biz müharibə istəmirik, onu biz başlamamışıq. Müharibəni bizim torpaqlarımızı ələ keçirmək istəyən qəsbkarlar başlamışlar. Ancaq biz ədalətli müharibə aparırıq! Torpaqlarımızı müdafiə edirik! Haqq-ədalət bizim tərəfimizdədir! Ona görə də mən bu gün bir daha bəyan edirəm: əgər bizim sülhsevər təşəbbüslərimiz, addımlarımız, təkliflərimiz öz nəticəsini verməsə, Azərbaycan xalqı, Azərbaycan Ordusu öz torpaqlarını qorumağa, respublikamızın ərazi bütövlüyünü təmin etməyə qadirdir! Biz istədiyimizə nail olacağıq!

Xalqımız əmin olmalıdır ki, Azərbaycan Respublikası bu ağır şəraitdən çıxacaq, torpaqlarımız geri qaytarılacaq, müstəqil Azərbaycan Resiublikası dünya birliyində bundan sonra da layiqli yerini tutacaq və öz taleyinin sahibi olacaqdır. Buna heç kəs mane ola bilməz, əgər kimsə mane olmaq istəyərsə, biz onun qarşısını almağa qadirik!

Bütün bu məqsədlərin naminə respublikamızın həm iqtisadi, həm hərbi, həm də mənəvi potensialından daha səmərəli istifadə olunmalıdır. Biz bu sahədə çalışırıq, Azərbaycanın bütün vətəndaşlarını bu yolda birgə olmağa çağırırıq. Biz Vətən müharibəsi aparırıq! Vətən müharibəsinə isə hamı qoşulmalıdır. Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir! Ona görə də bu bayram axşamı vətəndaşlarımızın hamısını birliyə, həmrəyliyə dəvət edirəm. Bu, müstəqil Azərbaycanımız üçün çox lazımlı şərtdir.

Cinayətkarlar daha məkrli əməllərə əl atmaqdadırlar. Dediyim kimi, dünən Bakı metropolitenində partlayış baş vermişdir. Bu məsələ araşdırılır. Şübhəsiz ki, cinayəti törədənlər tapılacaq, cəzalandırılacaqlar. Ancaq cinayət törədilmiş, adamlar həlak olmuş, zərər çəkmişlər. Partlayış nəticəsində həlak olanlardan biri də Azərbaycan xalqının dəyərli oğlu, böyük sənətkar, musiqiçi, bəstəkar, xalq artisti Rafiq Babayevdir. Görəsən, partlayıcı qurğunu vaqona qoyanlar, bu cinayəti təşkil edənlər düşünürlərmi ki, bununla insanlara, cəmiyyətimizə nə qədər ağır zərbə vururlar?! Daxili sabitliyimizi pozmağa çalışanlar, cinayət yoluna düşən ayrı-ayrı adamlar, qanunsuz silah saxlayaraq bunlardan cinayətkarlıq məqsədi ilə istifadə edənlər xalqımızın ağır günündə ona, cəmiyyətə necə ağır zərbə vurduqlarını düşünürlərmi? Bu məsələlər barədə düşünmək lazımdır.

Mən öz şəxsi mənafələri, məqsədləri naminə insanları yoldan çıxaran ayrı-ayrı qruplara, qüvvələrə bir daha bildirmək istəyirəm ki, bu cəhdlərin heç biri Azərbaycanda uğur qazana bilməz! Doğrudur, onlar müəyyən zərbə vura, çətinliklər törədə bilərlər. Ancaq Azərbaycan Respublikasının bugünkü dövlət quruculuğuna toxuna bilməzlər. Bunu başa düşməlidirlər. Ona görə də bir daha qeyd edirəm, əziz bayram axşamında bu sözlər, ola bilər, daha təsirli olsun. Mən xalqımıza, cəmiyyətimizin bütün təbəqələrinə müraciət edirəm: Bu ağır dövrdə respublikamızı, Azərbaycan xalqını əzab-əziyyətdən, bəlalardan xilas etmək üçün birləşmək, bir yolla - haqq, ədalət yolu ilə getmək lazımdır! Əsas məqsədlərə, xalqımız üçün ali məqsədlərə nail olmaqdan ötrü hamı əl-ələ verməlidir! Mən güman edirəm ki, əziz Novruz bayramı, onun gözəl əhval-ruhiyyəsi adamlarımızla dostluq, mehribanlıq, vətənpərvərlik hisslərini daha da artıracaq, gücləndirəcəkdir! Doğma respublikamızın ki ağır vəziyyətdən çıxması üçün hər bir vətəndaş öz səyini əsirgəməməlidir.

Azərbaycan Respublikasının bütün vətəndaşlarını Novruz bayramı münasibətilə bir daha təbrik edirəm. Əziz bacı və qardaşlar! Sizin hər birinizə xoşbəxtlik, səadət arzulayır, həyatınızda, işinizdə uğurlar diləyirəm!

Bayramınız mübarək! Xoşbəxt olun, gələcəyiniz daha da işıqlı olsun!

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər