Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Şuşa və Laçın rayonları sakinlərinin bir qrupu ilə görüşdə giriş sözü (Prezident Sarayı, 6 may 1996-cı il) sənədinə tarixi arayış


Şuşa - Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində rayon. 8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Ərazisi - 289 kv.km., əhalisi 1989-cu ilin məlumatına əsasən 20.579 nəfər olub. Onun 19036 nəfərini azərbaycanlılar, 1377 nəfərini ermənilər təşkil edib.

Hal-hazırda Ermənistanın işğalı altında olduğuna görə yalnız ermənilər yaşayır. Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olub. 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev-muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb. Şuşanın azad edilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
üçün aparılan danışıqlarda Azərbaycan tərəfinin təkid etdiyi prinsipial məsələlərdən biridir.

Laçın - Azərbaycan Respublikasının cənub-qərbində rayon. Ərazisi - 1835 kv.km., əhalisi - 68,5 min nəfərdir. Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunub.

Laçın rayonundakı 1 ədəd avtovağzal, 125 kənd və qəsəbə, 149 məktəb, 2 məktəbəqədər və 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 1 texniki peşə məktəbi, 85 klub, 119 kitabxana, 5 musiqi məktəbi, 142 səhiyyə müəssisəsi, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair ermənilər tərəfindən ələ keçirilib. Laçının işğalı zamanı 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.72