Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel Constonla görüşdə söhbətindən - 15 sentyabr 2001-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Heydər Əliyev: Hörmətli cənab lord Rassel, mən sizi Azərbaycanda salamlayıram və sizinlə yenidən Azərbaycanda görüşməyimdən məmnunam.

Biz sizinlə burada ilk dəfə Azərbaycan Respublikasının Avropa Şurasına qəbul olunması prosesi zamanı görüşmüşdük. İndi Azərbaycan artıq Avropa Şurasının tamhüquqlu üzvüdür. Siz də Avropa Şurası Parlament Assambleyasının sədri olaraq Azərbaycanı öz təşkilatınızın üzvü olan bir ölkə kimi ziyarət edirsiniz. Bu, çox yaxşı haldır. Güman edirəm ki, təkcə Azərbaycana yox, ümumiyyətlə, Cənubi Qafqaz bölgəsinə, digər ölkələrə də ziyarətiniz bunların hamısı haqqında, bugünkü vəziyyət haqqında sizdə təsəvvür yaradacaqdır.

Bilirəm ki, siz artıq burada çox görüşlər aparmısınız. Milli Məclisdə deputatlarla görüşmüsünüz. Milli Məclisin sədri Murtuz Ələsgərov ilə görüşmüsünüz. Baş nazir ilə görüşmüsünüz. Xarici işlər naziri ilə görüşmüsünüz. Güman edirəm ki, bütün məsələlər müzakirə olunubdur.

Mən çox təşəkkür edirəm ki, siz ağır vəziyyətdə yaşayan qaçqınlar ilə də görüşmüsünüz. Güman edirəm, sizə deyiblər ki, o insanlar qaçqın şəraitində ən yaxşı yaşayanlardır. Çünki əksəriyyəti çadırlarda yaşayır. Mən keçən dəfə də sizə demişdim, onlar, bir il deyil, səkkiz-doqquz ildir belə vəziyyətdə yaşayırlar.

Güman edirəm, şəhərimizi də ziyarət etmisiniz, baxmısınız. Əhalinin əhval-ruhiyyəsi də sizə məlumdur. Mən sizin bəzi görüşlərinizi televiziyada seyr etdim. O cümlədən Şəhidlər xiyabanını ziyarət etməyinizə də televiziya ilə baxdım. Şəhidlərin xatirəsini yad etdiyiniz üçün sizə təşəkkür edirəm.

Hesab edirəm ki, biz Avropa Şurasına qəbul olunandan sonra artıq sizinlə daha da sıx əməkdaşlıq edirik. Təbiidir ki, bu, hələ işin başlanğıcıdır və güman edirəm ki, gələcəkdə bu əməkdaşlıq daha da sıx olacaq, daha da səmərəli olacaqdır. Azərbaycana etdiyiniz bu ziyarətə görə sizə bir daha təşəkkür edirəm. Buyurun.

Lord Rassel Conston: Cənab prezident, məni bu cür yaxşı qarşıladığınıza və xoş sözlərinizə görə Sizə minnətdarlığımı bildirirəm. Həqiqətən Sizin doğru dediyiniz kimi, bu, mənim Azərbaycana ikinci səfərimdir. Birinci səfərim zamanı Azərbaycan Avropa Şurasının üzvü deyildi.

Azərbaycan Avropa Şurasının üzvü olduqdan sonra mən çox istəyirdim ki, Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycanı ziyarət edim. Dediyiniz kimi, mənim burada çoxlu görüşlərim olmuşdur. Siz bir şeyi qeyd etdiniz, amma təəssüf ki, mənim Bakını gəzməyə vaxtım olmayıbdır.

Heydər Əliyev: Bu, çox böyük çatışmazlıqdır. Bunda bizim parlamentin sədrinin günahı var.

Lord Rassel Conston: Mən də razıyam ki, şəhərinizi ziyarət etməməyimin, gəzməməyimin çox hissəsinə cavabdeh parlamentinizin spikeridir.

Heydər Əliyev: Sizi burada görüşlərlə çox yükləyiblər. Sizə çox gərgin proqram hazırlayıblar.

Lord Rassel Conston: Cənab prezident, yaxşı məlumatlısınız.

Heydər Əliyev: Bilirəm.

Lord Rassel Conston: Cənab prezident, istənilən halda bu günədək görüşlərim zamanı müzakirə etdiyim məsələlər yəqin ki, Sizdə təəccüb doğurmayacaqdır. Çünki bütün bunların hamısı, müzakirə olunan məsələlər Sizə tanışdır. Bu, Azərbaycanın indi üzv dövlət kimi üzərinə götürdüyü və görməli olduğu işlərin müzakirəsi idi. Bundan əlavə, biz çoxsaylı görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsi haqqında müzakirələr aparmışıq. Lakin təəssüflər olsun ki, bütün bu görüşlər, məsələlər bir qədər Amerika Birləşmiş Ştatlarında baş vermiş hadisələrin kölgəsində qalmışdır.

Ona görə də istərdim, ilk öncə Sizə bir sual edim, Sizdən soruşum. Siz təcrübənizə əsaslanaraq necə fikirləşirsiniz, bu hadisələrin ölkənizə təsiri nə dərəcədə olacaqdır? Çünki şübhəsiz ki, bu hadisələrin qlobal təsiri olacaq, bütün ölkələrdə hiss olunacaqdır. Həm mənim ölkəmdə, həm də Sizin ölkənizdə bu təsir hiss olunacaqdır. Yəqin ki, təhlükəsizlik artırılmalıdır və bunun nəticəsi kimi bir çox hallarda istisna edilmir ki, insanlar küçədə saxlanılacaq, onların üzərində axtarışlar aparılacaqdır. Mümkündür ki, supermarketlərdə onların çantaları yoxlanılsın. Yəqin ki, bu, adi vətəndaşların xoşuna gəlməyəcəkdir. Lakin mən prezident Şevardnadze ilə də söhbət etmişəm. Onun da fikri belədir ki, bu o qədər dəhşətli, o qədər böyük miqyaslı bir hadisədir ki, beynəlxalq aləm, beynəlxalq icma öz qüvvəsini birləşdirib terrorizmə qarşı mübarizə aparmalıdır.

Heydər Əliyev: Hamımız müasir tarixi də yaxşı bilirik və keçmiş tarixi də yaxşı bilirik. Mənim bildiyimə görə, hələ dünyada indiyə kimi bu qədər dəhşətli, bu qədər qəddarcasına terror aktı baş verməmişdir. Bu terroru hazırlayan və həyata keçirənlər, hesab edirəm, nəinki insanlıqdan kənardır, hətta ən vəhşi heyvanlardan, yaxud ən böyük vəhşilikdən də betərdilər. Bu, bizi çox sarsıtdı. Eyni zamanda bu, ola bilər, bütün dünyanı oyatdı ki, indi beynəlxalq terrorizm ayrı-ayrı ölkələr üçün yox, ayrı-ayrı şəxslər üçün yox, bütün bəşəriyyət üçün nə qədər təhlükəlidir və gələcəkdə nə cür böyük təhlükə ola bilər.

Çünki indiyə qədər terrorizm, xüsusən son illərdə genişlənmiş beynəlxalq terrorizm dünya miqyasında müəyyən qədər lokal xarakter daşıyırdı. Ya bir ölkəni əhatə edirdi, ya bir bölgəni əhatə edirdi. Amma bu terror bütün dünyanı lərzəyə gətirdi. Demək olar ki, bu, təkcə Amerikaya qarşı yox, Amerika xalqına qarşı yox, bütün bəşəriyyətə, insanlara qarşı olan bir terrordur. Təbiidir ki, bu, həm sülhə, həm mədəniyyətə, həm insaniyyətə, həm demokratiyaya - bütün bu anlayışların hamısına qarşı edilən terrordur.

Terrorizmin müxtəlif formaları var. Məsələn, bizim ölkəmiz bunu öz həyatında, son dövr tarixində yaxşı bilir. İndi sizin də, bizim də qarşımızda duran əsas məsələ ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edək. Biz bu gün də bu fikirdəyik ki, bunu bu yolla həll etməliyik. Amma 1988-ci ildən indiyə qədər Ermənistan-Azərbaycan münasibətlərində baş vermiş hadisələr - insanların qətlə yetirilməsi, Xocalı faciəsi, yaxud işğal olunmuş torpaqlarda kütləvi formada aparılan etnik təmizləmə, - yenə də deyirəm, bunun nəticəsində insanların qətlə yetirilməsi, - bunların özü də terrorun bir formasıdır.

Müxtəlif ölkələrdə ayrı-ayrı siyasi şəxsiyyətlərə qarşı da terror aktları olmuşdur. Bizim hamımızın xatirindədir, məsələn, prezident Con Kennediyə, yaxud onun qardaşı Robert Kennediyə, hətta prezident Reyqana qarşı edilən terrorçuluq, yaxud da ki, İsrailin baş nazirinə edilmiş terrorçuluq - bunlar hamısı bizim tariximizin bugünkü gercəkliyidir.

Məsələn, sizin ölkədə uzun sürən, İrlandiyada keçirilən terror aktları da həmin bu terrorizmin nümunəsidir. Amma biz təkcə Ermənistanın terroru ilə yox, daxildə də, mən 1993-cü ildən burada işlədiyim zamandan indiyə qədər bir çox terror hadisələri ilə rastlaşmışıq. Bəzilərinin qarşısını almışıq, bəziləri isə bizim günahsız insanları həyatdan aparıblar.

Məsələn, biz hesab edirik ki, 1990-cı ilin yanvar ayının 20-də Sovetlər İttifaqının rəhbərliyi tərəfindən Azərbaycana böyük kontingentdə ordu hissələrinin göndərilməsi və burada insanların qətlə yetirilməsinin - həmin Şəhidlər xiyabanı o vaxtdan yaranıbdır - özü Azərbaycan xalqına qarşı o vaxt həyata keçirilmiş kütləvi terror aktı idi.

Şəxsən mənim özüm dəfələrlə terror təhlükəsi qarşısında olmuşam. Heç bu gün də, sabah da düşünmürəm ki, mən belə hadisələrlə yenə də rastlaşa bilmərəm. Sizə bu bir neçə kəlməni deməkdə məqsədim odur ki, son illər dünyada terrorçuluğun geniş miqyas almasını indiyə qədər bütün ölkələrdə dərk etmirdilər. Bəziləri hesab edirdilər ki, terrorçuluq onlardan uzaq bir ölkədir. Onların ölkəsində əmin-amanlıqdır. Demək, bu o qədər də təhlükəli deyildir. Ya kütləvi, yaxud da ayrı-ayrı terror hadisələri ilə rastlaşan hər bir ölkə, xalq bu terrorun nə qədər dəhşətli olduğunu bilir. Biz bunu bilirik və ona görə də Amerika Birləşmiş Ştatlarında baş vermiş hadisəni, bəlkə də bir çox başqa ölkələrə, xalqlara nisbətən daha dərindən anlaya bilirik. Bu hadisə bizi hiddətləndirdi. Mən dərhal Təhlükəsizlik Şurasının iclasını çağırdım, Azərbaycanın terrorizm əleyhinə və beynəlxalq terrorizmlə mübarizədə bütün vasitələrdən istifadə edərək, iştirak etməyə hazır olduğunu bəyan etdim.

İndi bu, dünyanı bürümüş bir haldır. Ona görə də terrorçuların axtarılması, onların zərərsizləşdirilməsi və Amerikaya qarşı edilmiş bu böyük terror hadisəsinə adekvat cavab verilməsi, əlbəttə ki, böyük tədbirlər tələb edir. Təbii, bu tədbirlər həyata keçirilməlidir. Əgər hansısa bir ölkədə, o cümlədən bizim ölkədə haradasa yoxlanış aparmaq lazımdır, kimi isə yoxlamaq lazımdır, kiminsə çantasına baxmaq lazımdır, kimsə şübhəlidirsə, onu hüquq-mühafizə orqanlarına aparıb daha da ətraflı yoxlamaq lazımdır - bunların hamısı təbii olaraq həyata keçirilən tədbirlər olacaqdır. Biz terrorizmə qarşı mübarizəyə qoşulmuş bir ölkəyik. Hansı bir tədbir lazım olsa, ölkəmizdə onu keçirməyə hazırıq və imkanımız da var.

Amerika özü çox qüdrətli, böyük təcrübəyə, böyük gücə malik olan ölkədir. NATO təşkilatı bu barədə artıq öz bəyanatını veribdir. NATO-ya daxil olmayan onlarca başqa ölkə terrorla mübarizədə Amerika Birləşmiş Ştatları ilə həmrəyliyini bildiribdir, o cümlədən Azərbaycan da. Yəni dünyanın əksər ölkələri Amerika Birləşmiş Ştatları ilə birlikdə terrorizmə qarşı mübarizə aparmağın zəruri olduğunu artıq bəyan edibdir.

Düşünürəm ki, hər bir tədbir görülə bilər və bunların görülməsi tam əsaslıdır.

Lord Rassel Conston: Cənab prezident, icazənizlə, bir kəlmə əlavə etmək istərdim. Məsələn, mən prezident Buşun terror hadisəsindən dərhal sonra verdiyi bəyanatı çox yüksək qiymətləndirirəm. Mən elə hesab edirəm ki, o, vaxtında lazımlı təşəbbüs irəli sürdü. Baxmayaraq ki, onun çiyinlərinə çox ağır bir yük düşmüşdü, terror aktından sonra onun ölkəsində böyük həyəcan, dağıntılar var idi, insanlar özlərini itirmişdilər, Birləşmiş Ştatların prezidenti elan etdi ki, bütün şübhələrə baxmayaraq, fələstinlilərə, əfqanlara qarşı olan şübhələrə baxmayaraq, bu məsələni ümumiləşdirmək olmaz. Terrorizmi ərəblərə, yaxud əfqanlara qarşı müharibəyə çevirmək düzgün deyildir.

Cənab prezident, Sizə məlum olduğu kimi, Avropa Şurasının əsas vəzifələrindən biri də insan hüquqlarının qorunmasıdır. İnsan hüquqlarını qoruyarkən biz də ümumiləşdirməyə yol vermirik. Ona görə də qəti fikirdəyəm ki, terrora terrorla üstün gəlmək mümkün deyildir. Ölkə liderləri bu məsələyə həddindən artıq real baxmalı və olduqca ehtiyatlı davranmalıdırlar.

Cənab prezident, Siz İrlandiya İnqilabı Ordusunun adını çəkdiniz. Onların Böyük Britaniya ərazisində törətdiyi dəhşətləri dilə gətirdiniz. Mən isə Sizin xatirinizə başqa bir misalı salmaq istərdim.

Məlum olduğu kimi, ikinci dünya müharibəsi dövründə Böyük Britaniyanın ərazisində çoxlu sayda italyanlar heç bir əsas olmadan zindanlara salınmışdı. Əsas səbəbi də ondan ibarət idi ki, müharibə zamanı italyanlar digər müttəfiqləri ilə birlikdə bizə qarşı vuruşurdular. Sizə məlumdur ki, Böyük Britaniyanın ərazisində itlayan mənşəli çoxlu vətəndaş yaşayır. Onlar XIX əsrdə İtaliyadan Böyük Britaniyaya köçənlərdir. Həmin hadisələrdən 60 il keçəndən sonra bu gün Böyük Britaniyada bu cür hərəkət yolverilməzdir. İndi insan haqları bu cür davranışa yol vermir. Ümumiyyətlə, terrorizmlə bağlı bu sözü işlətmək yerinə düşərsə, yəqin ki, bu gün daha yumşaq davranmaq tələb olunur.

Heydər Əliyev: Cənab Rassel, siz tamamilə doğru deyirsiniz. Mən də prezident Buşun bütün bəyanatlarını, o cümlədən siz dediyiniz bəyanatı çox diqqətlə dinləmişəm. Mən onunla tamamilə razıyam. Sizinlə də razıyam ki, hansısa bir millətdən terror etmiş ayrı-ayrı adamlara, ayrı-ayrı qruplara, dəstələrə cavab olaraq o millətə, o ölkəyə, o dinə mənsub olan xalqlara qarşı ümumi terror etmək olmaz.

Bu terrorun konkret olaraq kim tərəfindən təşkil olunması hələ indiyə qədər məlum deyildir. Baxmayaraq ki, çox şübhələr var və çox şübhəli insanlar da var. Güman edirəm, Amerika Birləşmiş Ştatlarının müvafiq orqanları, onların müttəfiqləri və terrorizmin qarşısını almaq istəyən hər bir ölkənin orqanları bu insanların, bu təşkilatların aşkara çıxarılması üçün bütün səylərini əsirgəməyəcəklər, hətta birləşdirəcəklər. Əlbəttə, bundan sonra tədbirlər görülə bilər.

Siz dediniz ki, terrora qarşı terror o qədər də düzgün olmaz. Mənim xatirimə Leninin vaxtilə dediyi sözlər düşdü. O belə demişdir ki, - biz ağ terrora qırmızı terrorla cavab verməliyik. Ağ terror özlərinin düşmənlərinin etdikləri terrora deyirdilər, qırmızı terror da bolşeviklərn etdiyi terrordur. Bu, bolşevik üsul-idarəsi idi. İnanmıram ki, indi dünyada bundan sonra bolşevik ideyaları yenidən zühur etsin.

Sizin təşkilat insan hüquqlarının qorunmasında çox böyük səylər göstərdiyinə görə, sizi anlayıram ki, bu məsələyə nə qədər həssas və nə qədər diqqətli yanaşırsınız. Hər bir dəhşətli hadisə baş verəndə ilk vaxt ona emosional münasibət göstərilir. Bu emosional şəraitdə atılan addımlar bəzən səhv olur. Amma hadisənin üstündən bir az keçəndən sonra, məsələni dərindən öyrənəndən sonra həyata keçirilən tədbirlər o cinayətə qarşı daha da ədalətli tədbirlər olur. Ona görə sizinlə bizim fikirlərimiz eynidir.

Lord Rassel Conston: Cənab prezident, Sizdən ayrılmazdan əvvəl istərdim ki, bu terror hadisəsindən bir qədər kənarlaşaq və Azərbaycan reallıqları haqqında söhbət edək. Bildiyiniz kimi, buraya gəldiyim vaxtdan çoxsaylı görüşlərim olmuşdur. Respublikada olan əsas siyasi fiqurların hamısı ilə faktiki olaraq görüşdüm. Sonda isə dostum cənab Ələsgərovla görüşdüm. Cənab Ələsgərov mənə bir siyahı təqdim etdi. Biz birlikdə o siyahıya baxdıq. O siyahı əslində Azərbaycanın Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü vəzifələrin siyahısı idi. Cənab Ələsgərov dedi ki, müəyyən işlər görülmüşdür, qeydiyyatlar aparılmışdır, müəyyən tərəqqi vardır. Mən çox şadam, baxmayaraq ki, bir ildən az müddət keçibdir, amma Azərbaycan bu cür tərəqqi əldə edibdir. Şəxsən mən o fikirdəyəm ki, Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü olması tamamilə yerinə düşmüşdür və vaxtında atılan addım idi. Nəhayət, Azərbaycan bir hissəsi olduğu Avropanın həqiq üzvü oldu. İndi də hadisələr göstərir ki, Azərbaycan tədricən, lakin əzmlə və sabit şəkildə irəliyə doğru hərəkət etməkdədir.

Heydər Əliyev: Avropa Şurasına qəbul olunandan sonra Azərbaycanda aparılan işlərə verdiyiniz qiymətə görə sizə təşəkkür edirəm.

Biz bir neçə il Avropa Şurasında namizəd kimi iştirak edərək, daim çalışırdıq ki, həqiqi üzv olaq. Ona görə ki, birincisi, biz özümüzü Avropanın ayrılmaz bir hissəsi kimi hiss edək, bizi tanısınlar. İkincisi də təbiidir ki, ümumbəşəri dəyərlərin, Avropa dəyərlərinin Azərbaycanda tətbiq edilməsini daha da sürətləndirək. Biz bunu həyata keçiririk. Cənab Murtuz Ələsgərov sizə məlumat veribdir. Hesab edirəm, mənim təkrar etməyimə ehtiyac yoxdur. Əmin ola bilərsiniz ki, bütün başqa öhdəliklər də hamısı yerinə yetirələcəkdir. Ancaq mənim arzum odur ki, Azərbaycanın real vəziyyəti haqqında, Azərbaycandakı ictimai-siyasi vəziyyət haqqında bundan sonra da Avropa Şurasında ədalətli məlumatlar olsun.

Məsələn, bizim ölkəmizdə hansısa məsələlərə Avropa Şurası tərəfindən irad tutulanda biz onun ədalətli olduğunu bilərək, təbiidir, bütün səylərimizi qoyuruq ki, Avropa Şurasının qəbul etmədiyi həmin halları aradan qaldıraq. Amma Avropa Şurası bir adamdan, bir dəstədən ibarət deyildir. 43 ölkənin nümayəndəsi var. Hər ölkənin də nümayəndəsi eyni adamlardan ibarət deyildir. Güman edirəm, siz məni düz başa düşərsiniz, hesab etmək olmaz ki, bütün nümayəndə heyətlərində olan insanlar tam obyektivdirlər. Ümumiyyətlə, insan potensial olaraq subyektivlikdən tamamilə xilas ola bilmir. Kim hesab edirsə ki, tam ideal bir şəxsiyyətdir, güman edirəm, səhv edir. Ona görə də arzumuz odur ki, bizim haqqımızda məlumatlar ətraflı yoxlanılsın, bizimlə bərabər araşdırılsın və yenə də deyirəm, ədalətli olan təkliflərinizi, iradlarınızı dərhal qəbul etməyə hazırıq.

Mən keçən dəfə də sizə demişdim ki, biz bu prosesin işindəyik. Demokratiya prosesi, insan hüquqları prosesi, mətbuat azadlığı prosesi, söz azadlığı prosesi - biz bunların işindəyik. Amma bu, hələ sona çatmamış bir prosesdir. Burada hər şey ideal ola bilməz. Amma biz çalışmalıyıq ki, olsun. Ona görə də biz birlikdə bu barədə daha da sıx əməkdaşlıq etməliyik.

Lord Rassel Conston: Tamamilə razıyam. İmkanım olsaydı, mən obyektivlik haqqında daha çox danışardım. Mənə elə gəlir ki, qeyri-obyektivlik eyni zamanda həm də savadsızlıqdan irəli gəlir. Tam obyektivlik, kamillik yalnız səhradakı ilğıma bənzəyir. Biz istənilən halda çalışmalıyıq əlimizdən gələni edək ki, hər şey ədalətli olsun.

Bu imkandan istifadə edərək görüşümüzün sonunda Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Ölkənizin qonaqpərvərliyinə, burada mənə göstərilən münasibətə görə minnətdarlığımı bildirir, cənab prezident, Sizə isə yaxşı səhhət arzulayıram. Hər şeydən öncə, ölkəni idarə etmək üçün yaxşı görünmək arzulayıram.

Heydər Əliyev: Təşəkkür edirəm. Çox məmnunam. Ancaq son olaraq mən istəyirəm ki, bir mövzunu da unutmayaq.

Avropa Şurasına daxil olanda təbiidir ki, biz öhdəliklər götürmüşük və onları yerinə yetirməyə çalışırıq.

Eyni zamanda böyük ümidlərlə Avropa Şurasına daxil olmuşuq. Böyük ümidlər deyəndə, mən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasını nəzərdə tuturam. Bir milyondan artıq qaçqının öz yerlərinə qayıtmasını nəzərdə tuturam. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların azad edilməsini nəzərdə tuturam.

Bilirsiniz və biz də bilirik ki, bu işlərlə ATƏT məşğul olur, ATƏT-in Minsk qrupu məşğul olur və xüsusən, Minsk qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa məşğul olurlar. Amma bu məsələyə Avropa Şurasının da diqqətsiz yanaşması, təbiidir ki, anlaşılmaz olar.

Biz bir neçə dəfə demişik ki, insan hüquqları haqqında bütün konvensiyalara qoşuluruq. Amma bizim işğal olunmuş torpaqlardan zorla çıxarılmış, ağır vəziyyətdə yaşayan insanların da hüquqları pozulur. Bu məsələlər, hesab edirəm ki, birbaşa sizin təşkilatın vəzifəsi deyildir. Amma qeyd etdim, Avropa Şurasına daxil olarkən, biz ümid edirdik və bu gün də ümid edirik ki, Avropa Şurası öz imkanları çərçivəsində bu məsələnin həll olunması üçün daha çox səylər göstərəcəkdir.

Lord Rassel Conston: Cənab prezident, ümid edirəm ki, şübhəsiz, Avropa Şurası bu məsələnin həll olunmasına öz töhfəsini verə bilər və verməlidir. Biz artıq bu istiqmətdə müəyyən addımlar atmışıq, səylərimizi göstərmişik. Məsələn, Cənubi Qafqaz ölkələri spikerlərinin Avropa Şurasının Parlament Assambleyası tərəfindən hazırlanmış görüşü zamanı biz bu fikrimizi bildirmişik ki, tam əməkdaşlıq olmasa da, dialoq mütləq yaradılmalıdır. Biz yardımımızı əsirgəmirik ki, bu işdə dialoq yaransın və mümkün olan bəzi maneələr bu səviyyədə aradan qaldırılsın.

Məlum olduğu kimi, hökumətlər məsuliyyəti Minsk qrupunun üzərinə qoymuşlar. Münaqişənin həll olunmasında vasitəçilik, yardımçılıq funksiyalarını Minsk qrupu yerinə yetirir. Lakin eyni zamanda hər ikimizin razılaşdığı kimi, Avropa Şurasının da müəyyən məsuliyyəti, müəyyən öhdəlikləri vardır. Təəssüflə demək istəyirəm ki, Ermənistanla Azərbaycan arasındakı müharibə dayandırılandan sonra bu günə qədər irəliyə doğru heç bir addım atılmamışdır. Əlbəttə ki, hazırda müəyyən addımlar atmaq lazımdır. Burada çox şey vasitəçilərdən deyil, daha çox Azərbaycandan və Ermənistandan, yəni münaqişəyə qatılmış tərəflərdən asılı olacaqdır. Onlar razılığa gəlib güzəştləri müəyyən etməlidirlər. Başa düşürəm ki, bu, çətin bir məsələdir. Yəni güzəştlərin detallarına vardıqda, onların nədən ibarət olduğu çox mübahisəli və çox çətin bir prosesdir.

Təəssüflə bildirmək istəyirəm ki, bu yaxınlarda Avropa Şurasının Nazirlər Şurası - sizin xarici işlər naziri də həmin şuranın üzvüdür - buraxdığı sənəddə qeyd edib ki, Azərbaycan və Ermənistan Avropa Şurasına qoşulmaqlarına baxmayaraq, - həmin sənəd indi mənim dəqiq yadımda deyil, təəssüf ki, özümlə götürməmişəm, - mövcud münaqişədə irəliyə doğru heç bir addım atılmayıbdır. Bu, Lixtenşteynin sədrliyi altında hazırlanmış sənəddir.

Cənab prezident, şəxsən belə düşünürəm ki, mən insanlarla dil tapmağın tərəfində olmuşam, insanlara inanmağın və insanları eşitməyin, onlara qulaq asmağın tərəfdarı olmuşam. Mənə elə gəlir ki, bütün bunlar nəzərə alınarsa, tərəflər bir-birilərini dinləyə bilərlərsə, həqiqətən məsələnin həlli yolu mövcuddur və bu yolu tapmaq mümkündür.

Heydər Əliyev: Mən də hesab edirəm ki, mövcuddur, tapmaq mümkündür. Yəqin ki, güzəştlər də labüddür. Ancaq dəfələrlə demişəm ki, gərək bu güzəştlər hər iki tərəf üçün məqbul olsun. Dialoq var, biz - Ermənistan prezidenti, mən görüşürük. Başqa səviyyələrdə də görüşlər gedir. Ancaq təəssüf ki, bu güzəştlər barəsində razılığa gələ bilmirik. Azərbaycan ictimaiyyətində belə bir əhval-ruhiyyə var ki, biz heç bir güzəştə getməməliyik. Ona görə də məsələ çətindir. Ermənistan tərəfi heç bir güzəştə getmək istəmir.

Lord Rassel Conston: Bu, həqiqətən də belədir. Anlayıram ki, bu, Sizin üzərinizə düşən çox ağır bir vəzifədir.

Heydər Əliyev: Elədir. Sağ olun, təşəkkür edirəm.