Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası hərbi təyyarəçilər məktəbinin ilk buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı - 15 oktyabr 1997-ci il


Əziz əsgərlər və zabitlər, Azərbaycan Milli Ordusunun hava qüvvələri kadrlarının hazırlanmasında ilk addımlarını atan Azərbaycan döyüşçüləri!

Mən sizi bu əlamətdar hadisə münasibətilə ürəkdən təbrik edirəm. Sizə bu fərəhli işinizdə uğurlar arzulayıram.

Əmin olduğumu bildirmək istəyirəm ki, vətənpərvər Azərbaycan gəncləri, əsgəri, zabiti, döyüşçüsü kimi siz Azərbaycan Respublikasının Milli Ordusunun inkişaf etməsində və möhkəmlənməsində öz xidmətlərinizi göstərəcəksiniz.

Müstəqil Azərbaycan Respublikasının ən vacib, ən böyük sahəsi onun Silahlı Qüvvələridir, Milli Ordusudur. Hər bir dövlətin müstəqillyinin rəmzi, təminatçısı onun silahlı qüvvələridir. Etibarlı, güclü, vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.

Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra bu müstəqilliyi yaşatmaq, möhkəmləndirmək, inkişaf etdirmək üçün çətin və ağır bir yol keçibdir. Bizim bu çətinliklərimizin ən böyük səbəbi Azərbaycana qarşı Ermənistan tərəfindən edilmiş hərbi təcavüzdür, bu təcavüz nəticəsində Azərbaycan xalqının öz torpaqlarını qorumaq üçün mübarizəyə qalxması və bunun nəticəsində yaranmış çətinliklərdir.

Ancaq eyni zamanda ölkəmiz dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycanın dövlət quruculuğu prosesində böyük səhvlərə yol verilmiş, xalqa, millətə, dövlətə xəyanətlər edilmiş, pozucu qüvvələr Azərbaycanın dövlət quruculuğunu təmin etmək əvəsinə öz şəxsi mənafeləri naminə bu prosesi nəinki ləngitmişlər, hətta ona böyük zərbələr vurmuşlar.

Belə zərbələr vurulan sahələrdən biri də Azərbaycan silahlı qüvvələridir, Azərbaycan ordusudur. Ermənistan tərəfindən edilən təcavüz nəticəsində respublikamızın torpaqlarının 20 faizinin işğal olunmasının və Azərbaycanın böyük itkilər verməsinin əsas səbəbi də mən dediyim bu amillərə bağlıdır. O cümlədən, Azərbaycanda ölkəmizin torpaqlarını qorumağa qadir ola bilən ordunun yaradılmasında buraxılan səhvlər, edilmiş cinayətlər, günahlardır. Biz bu zərbələrin ağrı-açısını çəkirik.

Ancaq bunlarla yanaşı, son illər Azərbaycan Respublikasının Milli Ordusunun yaranmasında, möhkəmlənməsində və onun müasir tələblərə cavab vermək səviyyəsinə qaldırılmasında nailiyyətlərimiz də vardır. İndi tam qətiyyətlə deyə bilərik ki, artıq Azərbaycanda nizami ordu yaranıbdır, Azərbaycanın torpaqlarını, hüdudlarını, ölkəmizin dövlət müstəqilliyini mühafizə edə bilən, qoruya bilən silahlı qüvvələr yaranıbdır. Biz bu nailiyyətlərin şahidiyik. Ancaq bunlar bu sahədə görülən işlərin hələ başlanğıcıdır.

Biz son illər, xüsusən Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə ediləndən sonra yaranmış şərait nəticəsində respublikamızın ordusunun, silahlı qüvvələrinin yaradılması ilə ciddi məşğul olmağa imkan əldə etdik. Eyni zamanda Azərbaycanın silahlı qüvvələrinin tərkibinə ilk illərdə soxulmuş və silahlı qüvvələrimizi içəridən dağıtmağa, parçalamağa, ölkəmizin milli mənafelərinə zərər vurmağa cəhd edən dəstələr, qüvvələr artıq zərsizləşdiriliblər. Bizim silahlı qüvvələr bu cür cinayətkar, xəyanətkar dəstələrdən, qruplardan, qüvvələrdən demək olar ki, təmizlənibdir. Ancaq eyni zamanda sayıqlığı əldən vermək olmaz. Hələ heç də deyə bilmərik ki, bizim odumuzun möhkəmlənməsinə maneçilik göstərən qüvvələr tamamilə ləğv olunubdur. Təəssüf ki, biz bu gün də belə təxribatçı hərəkətlərlə, qüvvələrlə rastlaşırıq. Ona görə də əldə olunan nailiyyətləri qiymətləndirərək, o nailiyyətlərlə bu gün fəxr edərək, biz eyni zamanda ordumuzu, silahlı qüvvələrimizi cinayətkar, xəyanətkar qüvvələrdən, xarici ölkələrin təxribat, pozucu tədbirlərindən daim qorumalıyıq. Bu vəzifə bizim qarşımızda daim durur. Hər bir zabit, hər bir vəzifəli şəxs, eyni zamanda hər bir əsgər bunu bilməlidir.

Bizim müstəqilliyimizə qısqanclıq edən, bəlkə də daha doğru olar desəm ki, bu müstəqilliyimizi pozmaq istəyən xarici və daxili qüvvələr hələ mövcuddur. Ona görə də biz dövlət quruculuğu işlərini həyata keçirərək, ordumuzun bundan sonra da inkişaf etdirilməsi tədbirlərini həyata keçirərək heç vaxt sayıqlığı itirməməliyik və özümüzü bütün mümkün bəlalardan daim qorumalıyıq.

Bütün bunları sizə bildirərək mən bir fikri ifadə etmək istəyirəm. Azərbaycanın nizami ordusu yaranıb, ancaq o, günü-gündən möhkəmlənməlidir. Nizami ordunun döyüş qabiliyyəti günü-gündən yüksəlməlidir. Azərbaycanın nizami ordusu, Milli Ordusu respublikamızın ərazi bütövlüyünün, torpaqlarının müdafiəsinin və dövlətimizin müstəqilliyinin tam qarantı olmalıdır.

Müstəqil dövlət kimi biz bölgədə respublikamızı əhatə edən qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Mən dəfələrlə bəyan etmişəm, bu gün bir daha bildirirəm ki, Azərbaycan bir müstəqil dövlət kimi sülhsevər siyasət aparır və bu siyasətə daim sadiq olacaqdır. Biz ölkəmizdə sülh, əmin-amanlıq istəyirik. Biz bölgəmizdə, regionda, sülhün, əmin-amanlığın bərqərar olmasını istəyirik. Biz Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasını istəyirik. Biz bütün qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək istəyirik.

Biz Ermənistan ilə hərbi münaqişəyə son qoymaq istəyirik. Biz atəşkəs rejimini bundan sonra da qoruyub saxlamaq üçün öz tərəfimizdən bütün tədbirləri həyata keçirəcəyik. Biz müharibənin yenidən başlanmasına tərəfdar deyilik və öz tərəfimizdən buna yol verməyəcəyik. Biz Ermənistanla olan bu münaqişənin sülh yolu ilə həll edilməsini indiki mərhələdə yeganə yol hesab edirik.

Məhz buna görə də biz Ermənistan-Azərbaycan hərbi münaqişəsinin ATƏT-in Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında sona çatmasına çalışırıq. Biz bu baxımdan Minsk qrupu həmsədrlərinin son təkliflərini əsas olaraq qəbul etmişik və bu təklifləri münaqişəyə son qoymaq üçün yaxşı əsas hesab edirik.

Bildiyiniz kimi, bu təkliflər məsələnin iki mərhələdə həll olunmasını nəzərdə tutur. Birinci mərhələdə Azərbaycanın işğal olunmuş altı rayonundan Ermənistan silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur. Bu, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonlarıdır. Bu rayonlardan Ermənistan silahlı qüvvələrinin çıxarılması və həmin rayonların əhalisinin öz yerinə-yurduna qayıtması Minsk qrupu həmsədrlərinin təkliflərinin birinci mərhələsinin əsasını təşkil edir.

Şübhəsiz ki, bunları təmin etmək üçün münaqişə zonasına ATƏT-in sülhü mühafizə qüvvələri daxil olmalıdır. Birinci mərhələdə müharibə nəticəsində dağıdılmış kommunikasiyalar bərpa edilməlidir. İkinci mərhələdə isə Azərbaycanın Laçın və Şuşa rayonlarından işğalçı qüvvələrin çıxarılması məsələsi həll olunmalıdır və bununla bərabər Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünü idarəetmə hüququ verilməlidir. Minsk qrupu həmsədrlərinin son təklifləri bunlardan ibarətdir. Qeyd etdiyim kimi, biz bunları əsasən qəbul etmişik.

Mən bu günlərdə Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburq zirvə görüşündə iştirak edərkən bir neçə mühüm görüşlər keçirmişəm. Yəni Avropanın bir sıra ölkələrinin dövlət başçıları ilə görüşlər keçirmişəm. Həmin görüşlər zamanı da bu məsələ müzakirə olunub. Biz Azərbaycanın mövqelərini orada bir daha bildirmişik.

Fransanın prezidenti cənab Jak Şirak ilə mənim görüşüm və danışıqlarım bu görüşlər içərisində xüsusi əhəmiyyət kəsb edir, xüsusi yer tutur. Çünki indi Fransa Rusiya və Amerika Birləşmiş Ştatları ilə bərabər Minsk qrupunun həmsədridir. Fransa prezidenti cənab Jak Şirakla danışıqlarımda o, eyni zamanda Rusiya prezidenti Boris Yeltsinin də fikirlərini bildirmiş və bu məsələnin Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifləri əsasında həll edilməsi barədə mənim fikirlərimlə tamamilə razı olmuş və münaqişənin bu prinsiplər əsasında həll olunması üçün həm Fransa, həm Rusiya, həm də Amerika Birləşmiş Ştatlarının başçıları tərəfindən bundan sonra da lazımi səylər göstəriləcəyi haqqında onların fikirlərini mənə çatdırmışdır.

Mən srağagün, yəni oktyabrın 13-də və dünən, oktyabrın 14-də Fransanın prezidenti cənab Jak Şirakla telefonla danışmışam. Bizim telefon danışıqlarımız da bu məsələyə həsr olunubdur. Bu danışıqlar - həm Strasburqda olan danışıqlar, həm də telefon danışıqları nikbin əhval-ruhiyyə yaradır.

Mən Strasburqda Ermənistan prezidenti Levon Ter-Petrosyan ilə görüşüb danışıqlar aparmışam. Levon Ter-Petrosyan ilk dəfə olaraq bildirdi ki, Ermənistan da Minsk qrupu həmsədrlərinin son təkliflərini əsas olaraq qəbul edir. O bildirdi ki, bir müddət bundan əvvəl onun verdiyi bəyanat məsələnin sülh yolu ilə həll olunması sahəsində Ermənistanın qəti fikridir. Bunlar hamısı bu mərhələdə məsələnin sülh yolu ilə həll olunması üçün yaxşı əsas yaradır. Biz çalışacağıq ki, yaranmış şəraitdən səmərəli istifadə edək, sülh danışıqlarını sürətləndirək və məsələnin sülh yolu ilə həllinə nail olaq. Məhz bu dediklərimə görə mən bu gün bəyan edirəm ki, biz Ermənistan-Azərbaycan münaqişəsində sülhə nail ola bilərik. Biz sülh əldə edib, iki qonşu ölkə arasında bundan sonra sülh münasibətləri yarada bilərik. Biz sülhsevər ölkəyik. Sülhsevər dövlət kimi də bu siyasətimizi mən bir daha bəyan edirəm.

Ancaq bunlarla yanaşı, Azərbaycanın ordusu möhkəmlənməlidir, güclənməlidir, inkişaf etməlidir. Çünki, bir daha qeyd edirəm, hər bir müstəqil dövlətin, ölkənin müstəqil yaşaması üçün güclü ordunun mövcudluğu zəruridir və biz də belə bir güclü orduya malik olmalıyıq. Azərbaycanın ordusu silahlı qüvvələrin hər bir növü üzrə yüksək, müasir səviyyələrə çatmalıdır. Bu baxımdan Azərbaycan ordusunun milli hava qüvvələrinin yaranması da çox vacibdir, çox zəruridir və bu sahədə görülən işlər də təqdirəlayiqdir.

Məlumdur ki, ordunun hava qüvvələri onun həm böyük bir hissəsidir, həm də peşə nöqteyi-nəzərindən, insanların bu sahədə xidmət nöqteyi-nəzərindən çətin bir sahədir. Xatırlayıram, respublikamız Sovetlər İttifaqının tərkibində olduğu dövrdə, 1970-ci ildən başlayaraq, Azərbaycanın başçısı kimi mən Azərbaycan gənclərinin orduda xidmət etməsi üçün çox tədbirlər həyata keçirməyə çalışırdım. Bu, lazım idi. Ona görə lazım idi ki, bizim millətimiz, xalqımız, - mən bunu o vaxt belə hesab edirdim, ancaq bu gün bunun zəruriliyini artıq hamı görür - Azərbaycan xalqı həyatın bütün sahələrində olan peşələrə sahib olmalıdır, malik olmalıdır. Ola bilməzdi ki, Azərbaycanın gözəl alimləri, bəstəkarları, şairləri, müğənniləri, neftçiləri olsun, ancaq layiqli zabitləri, əsgərləri, hərbi mütəxəssisləri olmasın.

Bu, o vaxt Azərbaycan xalqının çatışmayan cəhəti idi. Bu da ondan irəli gəlirdi ki, uzun illər belə hesab edilirdi ki, ordu sovet ordusudur, orada xidmət etmək də olar, etməmək də olar. Şübhəsiz ki, orduda xidmət etmək, başqa peşələrə nisbətən çətin bir sənət idi. Ona görə də orduya xidmətə getmək istəyən və xüsusən öz həyatını hərbi peşəyə həsr etmək istəyən insanlar az idi, demək olar ki, yox idi.

Amma eyni zamanda bizim çoxəsrlik tariximiz onu göstərir ki, Azərbaycanın döyüşçüləri yüz illər, min illər bundan öncə çox cəsur döyüşçülər olublar, Azərbaycan xalqının keçmiş əsrlərdə - orta əsrlərdə, ondan əvvəlki dövrlərdə güclü hərbi dəstələri olubdur, özünün sərkərdələri olubdur, böyük qəhrəmanları olubdur. Onlar təkcə adi xalq qəhrəmanları olmayıblar, onlar öz dövrünün, öz zamanının tələblərinə uyğun, peşəkar hərbçilər, peşəkar hərbi mütəxəssislər olublar. Ancaq təəssüflər olsun ki, XIX-XX əsrlərdə Azərbaycan xalqının bu sahədə nailiyyətləri olmayıb, əksinə, çox geriliklər baş vermişdir.

Ona görə də mən şəxsən 1970-ci ildən Azərbaycanın o vaxtkı başçısı kimi Azərbaycan xalqının həyatının bu sahəsində olan boşluğu, bu çatışmazlığı ləğv etməyə çalışmışam. Məlumdur ki, biz Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdik və bu il onun 25 illiyi tamam olur. Biz onun 25 illik yubileyini qeyd edəcəyik. Çünki bu 25 il müddətində o məktəbin xidmətləri, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra, Azərbaycan öz Milli Ordusunu yaratmağa başlayan zaman və indinin özündə o məktəbin xidmətləri göz qabağındadır. Bu, özünü aydın surətdə göstərir. Ona görə də bu məktəbin 25 illik yubileyini yüksək səviyyədə qeyd edəcəyik.

Ancaq o vaxtlar həmin məktəbdə gənclər hərbi təhsil alarkən və ali hərbi məktəblərə hazırlaşmaq üçün dərs keçərkən, eyni zamanda o vaxt biz gəncləri keçmiş Sovet İttifaqının hərbi məktəblərinə oxumağa göndərərkən hava qüvvələrinə mənsub olan məktəblərə gəncləri cəlb etməkdə çox çətinliklər çəkirdik.

Bəli, doğrudur, - indi burada xatırlandı, - o vaxtlar kosmosa uçuşlar başlayanda mən çox istədim və çalışdım ki, kosmosa bir azərbaycanlı uçsun. Bu məsələni mən Sovet İttifaqının rəhbərləri qarşısında, xüsusən SSRİ-nin o vaxtkı müdafiə naziri qarşısında qoydum ki, artıq kosmosa uçanların sayı artıb və Sovetlər İttifaqı 15 müttəfiq respublikadan ibarət olan bir dövlətdir, ona görə də hər bir respublikadan, o cümlədən də Azərbaycandan da kosmosa uçan və kosmonavt adını qazanan bir gənc lazımdır.

Onlar razı oldular. Ancaq mütəxəssis tapmaq lazım idi. Kosmosa uçan hər bir kosmonavt əvvəlcə hava qüvvələrində böyük xidmət təcrübəsinə malik olmalı idi, hərbi təyyarələrdə onun çoxlu uçuşları olmalı idi. Onun həm fiziki hazırlığı, həm də səriştəsi, müəyyən təcrübəsi, biliyi olmalı idi. Bir ona görə yox. Ümumiyyətlə, Azərbaycan gənclərindən döyüş təyyarələrini idarə edə bilən və yaxud mütəxəssis hazırlamaq bizim üçün o vaxt çox vacib və lazım idi. Mən bu barədə çox göstərişlər verdim, arayışlar apardım. Sovetlər İttifaqının ayrı-ayrı hərbi hissələrində, hətta hava qüvvələri hissələrində xidmət edən azərbaycanlılar arayıb axtarmağa başladıq. Ancaq bizim bu səylərimiz çox az nəticə verdi. Çünki belə ənənə var idi ki, peşə kimi qəbul etmək, hərbi vəzifələrə getmək istəyən az olmuşdur. Bunların içərisində isə hərbi aviasiya məktəblərinə oxumağa gedənlər az olmuşdur. Biz o vaxtlar bu çətinliklə rastlaşdıq. Ona görə də mən elə həmin illər Cəmşid Naxçıvanski adına məktəbdə xüsusi hərbi aviasiya məktəbləri üçün hazırlıq işlərinin təşkil edilməsi barəsində də sərəncamlar verdim və lazımi tədbirlər görməyə başladıq.

Keçmişə aid olan bəzi faktların bu gün burada yada salınmasından məqsəd ondan ibarətdir ki, təəssüf ki, bizim bu sahədə lazımi kökümüz, milli kökümüz olmayıbdır, milli kadrlarımız olmayıbdır. Ona görə də indi bizim müasir milli ordumuzda, hava qüvvələrimizdə, aviasiya sahəsində xidmət edə bilən mütəxəssislərin hazırlanması çox vacib bir məsələdir. Mən bu vəzifəni, bu məsələni Müdafiə Nazirliyinin qarşısında vaxtilə qətiyyətlə qoydum. Bu gün biz bu tədbirlərin ilk nəticəsini müşahidə edirik.

Bəli, ola bilər ki, o vaxtlar - üç il bundan öncə bu sahədə bədbin fikirlər də mövcud idi. Bunlar da əsaslı idi. Çünki, qeyd etdiyim kimi, bu sahədə bizim bünövrəmiz olmamışdı, bu barədə kökümüz olmamışdı. Ancaq bu o demək deyildi ki, biz daim bu çatışmazlıqla yaşamalıyıq. Hər şey yaratmaq olar! İndi bugünkü gün onu göstərir ki, biz ordumuzda milli aviasiya sahəsini də özümüzün milli mütəxəssislərimizlə, azərbaycanlılarla yarada bilərik. Bunlar artıq yaranıbdır və bu gün biz sizinlə ilk görüşə gəlmişik. Bu, Azərbaycan milli ordusunun bu sahədə ilk addımıdır. Amma hesab edirəm ki, bu çox yaxşı başlanğıcdır. Bunun böyük gələcəyi var. Mən bu gələcəyi açıq-aydın görürəm. Əgər biz bu qısa müddətdə azərbaycanlılardan, Azərbaycan gənclərindən təyyarələri, hərbi təyyarələri, döyüş təyyarələrini idarə edə bilən və havada döyüş apara bilən, yaxud hava qüvvələri ilə ölkəmizin müdafiəsini təmin edə bilən mütəxəssislər hazırlaya bilmişiksə, bu, böyük nailiyyətdir. Eyni zamanda bu da dövlət müstəqilliyimizin bizə verdiyi bəhrələrdir.

Mən o keçmiş dövrləri xatırlatdım. Bilirsiniz, bunu etmək nə qədər çətin idi. Çünki bu tərəfdən biz özümüzdə bu işə həvəs göstərən kadrlar tapa bilmirdik, ikinci tərəfdən, bunu da qeyd etmək lazımdır ki, bizim tapdığımız kadrlar da gedib Sovetlər İttifaqının, xüsusən Rusiyanın ayrı-ayrı aviasiya məktəblərində rəqabətə bəzən dözə bilmirdilər, bəzən də onların ayrı-ayrı çatışmazlığını orada olan bəzi komandirlər şişirdib, gənclərimizi məktəbdən xaric edirdilər.

Yəni o dövrdə belə mütəxəssislər hazırlamaq üçün təkcə bizim istəyimiz az idi. Həmin aviasiya məktəblərində, hərbi aviasiya hissələrində bizim azərbaycanlılara lazımi qayğı göstərmək lazım idi. Ancaq bir çox hallarda bu qayğının olmaması bizim bəzi gəncləri aviasiya peşəsindən uzaqlaşdırırdı, yaxud da onlarda mənfi əhval-ruhiyyə yaradırdı və onlar öz təhsilini davam etdirə bilmirdilər.

Amma indi biz müstəqil dövlət olduğumuz üçün, öz taleyimizin sahibi olduğumuza görə, özümüz hər bir məsələni həll etdiyimizə görə öz imkanlarımızla bu mütəxəssisləri hazırlaya bilmişik. Mən şübhə etmirəm ki, bir neçə ildən sonra bu kadrlar qat-qat artacaqdır, bizim öz milli kadrlarımızdan yaxşı müəllimlərimiz olacaqdır, yaxşı təlimatçılarımız olacaqdır, bizim yaxşı məktəbimiz yaranacaqdır və müstəqil Azərbaycan bu sahədə də öz ordusunda tam arxayın ola biləcəkdir.

Mən bu gün çox şadam ki, bizim Milli Ordumuz günü-gündən inkişaf edir və onun bütün sahələri də yaranır. Yenə də deyirəm ki, bütün bunların hamısı ona görə deyil ki, biz bir militarist dövlət olmaq istəyirik. Xeyr. Bunların hamısı yalnız və yalnız Azərbaycanı müstəqil dövlət kimi yaşatmaq üçündür. Bizim də əsas məqsədimiz Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etməkdir. Bunun üçün də ordunun bütün sahələrini inkişaf etdirmək lazımdır.

Mən bu gün sizi bu nailiyyətlər münasibətilə təbrik edirəm. Ancaq eyni zamanda istəmirəm ki, Müdafiə Nazirliyinin rəhbərliyi yaxud elə sizin özünüz də elə düşünəsiniz ki, artıq hər şey həll olunubdur və bununla da arxayınlaşasınız. Xeyr, bu başlanğıcdır. Amma bu, yaxşı başlanğıcdır, ilk addımdır və yaxşı addımdır. İstəyirəm ki, bu addımlar daim uğurlu olsun. İstəyirəm ki, bu təməl əsasında bizim güclü milli aviasiyamız olsun. İstəyirəm ki, bizim cəsur şahinlərimiz olsun, bu şahinlər öz məharətlərini bütün dünyaya göstərsinlər, o cümlədən, keçmiş illərdə bizim millətə bu sahədə bacarıqsız kimi qiymət verən adamlara göstərsinlər ki, azərbaycanlılar hər bir işin öhdəsindən gəlməyə qadirdirlər. Azərbaycan xalqı istedadlı xalqdır, onun istedadı hərbi sahədə də ən yüksək səviyyədə ola bilər. Azərbaycanlının istedadı, qabiliyyəti, havanı, səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər. Mən əminəm ki, bu, belə də olacaqdır. Çünki mən bizim Azərbaycan gənclərinin həm fiziki cəhətdən genetik keyfiyyətlərinin yüksək olmasını, həm də xaraktercə, xasiyyətcə cəsur olmasını yaxşı bilirəm. Bunu bir çox azərbaycanlılar dəfələrlə, tarix boyu öz cəsurluğu ilə dünyaya nümayiş etdiriblər. Mən tam əminəm ki, bu gün də, gələcəkdə də bizim gənclərimiz bunu nümayiş etdirəcəklər.

Mən sizi ürəkdən təbrik edirəm. Bir daha deyirəm: Çox sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər.

Sizə cansağlığı arzu edirəm. Sizə yeni-yeni nailiyyətlər arzu edirəm. O günü arzu edirəm ki, sizin yüksək nailiyyətləriniz bütün Azərbaycan xalqının dünya xalqları içərisində nə qədər istedadlı olduğunu bir daha nümayiş etdirsin. Sizi bir daha təbrik edirəm, sizə bu şərəfli işinizdə uğurlar arzulayıram! Sağ olun!

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - XII cild Azərnəşr, Bakı - 1998, səh.326

Tarixi arayış

ORDU QURUCULUĞU