"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 20 yanvar 1990-cı il faciəsinin ildönümləri ilə bağlı çıxışlarına dair ümumi tarixi arayış


1990-cı ilin 20 yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib.

Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edib: "...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür."

Heydər Əliyev qatillərin aşkarlanması məsələsini yenidən qaldırıb, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğulayıb.

Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, kommunist partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: "Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov. IKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil." Beləliklə, 1991-ci ilin iyulunda Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

20 yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi. 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülməmişdi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi başa çatdırılmamış qalmışdı.

1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə deyirdi: "...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, resrublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər".

Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".

Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti və hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı. Azərbaycan SSR Ali Soveti Rəyasət Neyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun bu qanlı faciənin törədilməsində məsuliyyət daşıdıqları və digər məsələlər də sənəddə qeyd olundu.

Heydər Əliyev şəhidləri və şəhid ailələrini heç vaxt diqqətdən kənar qoymurdu. 20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər xiyabanını ziyarət edən Prezident, şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara baş sağlığı verir, problemləri ilə yaxından maraqlanırdı. Prezident bu faciəni böyük bir tarixi hadisə kimi qiymətləndirmiş və qəhrəman övladlarımızın özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdıqlarını ifadə etmişdir. Prezident bu məkanın Azərbaycan xalqı üçün ən müqəddəs yer və ən qiymətli abidə olduğunu bildirmişdir.

Heydər Əliyev 20 Yanvar hadisəsinin əhəmiyyətini nəzərə alaraq, demək olar ki, keçirdiyi hər görüşdə bu hadisənin tarixi dərslərindən bəhs etmişdir. 31 yanvar 1997-ci il tarixdə Prezident Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə bildirmişdir: "...Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır."

Azərbaycan Respublikasının Prezidenti Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının bir qrupu ilə 28 mart 1998-ci il tarixli görüşdə də bu dövrün dərin təhlil edilməsinin zərurətini nəzərə çatdırmışdır.

Heydər Əliyev hər zaman 20 Yanvar faciəsinin mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmişdir. Prezident bu dəhşətli cinayətin təşkilatçılarının və icraçılarının indiyədək cəzasız qalmasından təəssüfləndiyini ifadə etmişdir.