Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və sərhəd dəstələrinin rəisləri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş və yekun nitqi - 6 fevral 2003-cü il


Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra, təbiidir ki, birinci növbədə, öz sərhədlərinin mühafizəsini təmin etməli idi. Çünki hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır. O zamandan indiyə qədər xeyli vaxt keçibdir. Sərhəd xidmətinin - indi biz buna Azərbaycan Dövlət Sərhəd Xidməti deyirik - sərhəd qoşunlarının yaranması prosesi gedibdir. Ancaq təəssüflər olsun ki, bu iş ilk vaxtlar istənilən səviyyədə aparılmayıbdır. Bunun müəyyən obyektiv səbəbləri var. Biz keçmişdə müstəqil dövlət olmamışıq, sərhədi mühafizə etmək təcrübəmiz olmayıbdır. Baxmayaraq ki, Azərbaycan SSRİ-nin tərkibində başqa ölkələrlə böyük sərhədə malik idi, amma bu sərhəd Sovetlər İttifaqının sərhəd qoşunları tərəfindən mühafizə edilirdi. Hərbi hissələrin tərkibi də Sovet dövlətinin siyasəti ilə əlaqədar olmuşdur.

Birincisi, yerli kadrlardan ya istifadə olunmurdu, ya da çox az istifadə olunurdu. İkincisi də Azərbaycandakı sərhəd dəstələrində həqiqi hərbi xidmətə çağırılanların əsas hissəsi başqa xalqların nümayəndələrindən ibarət idi.

Mən özüm sərhəd məntəqəsində doğulmuşam, uşaqlığımı orada keçirmişəm, böyümüşəm və sərhədin nə olduğunu o vaxtdan bilirəm. Ancaq bilirsiniz ki, sonra mənim iş fəaliyyətim təhlükəsizlik orqanlarında keçibdir. Bu da, təbii ki, sərhəd məsələləri ilə çox sıx əlaqədə olubdur. Ona görə də mən bu fikirləri təkcə ayrı-ayrı mənbələrdən alınan biliklər əsasında yox, özümün on illərlə apardığım müşahidələr nəticəsində deyirəm.

Bütün bunlar da ona gətirib çıxarmışdı ki, Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman bizdə milli sərhəd xidməti zabitləri, peşəkar sərhədçilər olmayıbdır. Yaxud da, çox az olubdur. Onu da deyim ki, olanda da, sovet dövründə onları ikinci, üçüncü dərəcəli işlərə təyin edirdilər.

Mən Azərbaycanda uzun illər təhlükəsizlik xidmətinin rəhbəri olmuşam və ondan əvvəl də müxtəlif vəzifələrdə işləmişəm. Biz o vaxtlar inciyirdik ki, nə üçün azərbaycanlılardan sərhədlərdə, sərhəd qoşunlarında istifadə olunmur, çalışırdıq ki, heç olmasa sərhəd xidmətində olan azərbaycanlıları oradan-buradan tapıb gətirək ki, Azərbaycan sərhədlərində xidmət etsinlər. Biz buna müəyyən qədər nail olurduq. Ola bilər, indi sizin içərinizdə də keçmiş işçilərdən belələri var. Deyəsən, Xəlilov da onlardandır.

İnayət Xəlilov (Sərhəd Qoşunlarının Baş Qərargah rəisi vəzifəsini icra edən, general-mayor): Bəli, cənab prezident.

Heydər Əliyev: Əyləş. Ancaq bunları vəzifəcə çox yuxarıya qaldırmaq mümkün deyildi. Mən o vaxt artıq Dövlət Təhlükəsizlik Komitəsinin başçısı kimi yox, uzun illər respublikanın rəhbəri kimi fəaliyyət göstərdiyim zaman yenə də bu məsələ ilə məşğul olurdum. Yeganə ona nail olduq ki, mən Azərbaycanda bir sərhəd dəstəsinə çox böyük çətinliklə Mustafa Nəsirovu rəisi təyin elətdirə bildim. Bir müddət ondan sonra da mən vəsatət qaldırdım, ona general rütbəsi verildi. İndi o, ilk azərbaycanlı sərhədçi general hesab olunur. Mən eşidirəm ki, o bunu orada-burada böyük iftixar hissi ilə deyir.

Görürsünüz, XX əsrdə 70 il Sovetlər İttifaqının tərkibində olmuşuq, amma nəyə nail olmuşuq? Mən bütün bunları ona görə deyirəm ki, müəyyən qədər əsaslandırım, bizdə sərhəd xidməti peşəsi olmayıbdır.

İkinci tərəfi də demək istəyirəm. O illərdə bizim gənclər nədənsə bu peşəyə o qədər meyl göstərmirdilər. Bu da bizə çətinliklər yaradırdı. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkəmizdə sərhəd xidməti orqanları tədricən yaranmağa başladı. Təəssüflər olsun ki, ilk illərdə bu iş nəinki zəif gedibdir, hətta hesab edirəm ki, 1990-cı illərin əvvəllərindəki hərc-mərclik, hakimiyyətsizlik, özbaşınalıq sərhəd dəstələrinin təşkil olunmasına da öz mənfi təsirini göstəribdir.

Təsadüfi deyil ki, vaxtilə SSRİ sərhəd dəstələrində qulluq etmiş bəzi zabitlər, sonra müstəqil dövlətin sərhəd dəstələrində xidmət edərkən vəzifələrini yaxşı apara bilməyiblər, yaxud da çox hallarda bundan sui-istifadə ediblər. Siz bunu bilirsiniz. Bəlkə də məndən yaxşı bilirsiniz. Mən bunun üzərində dayanmaq istəmirəm. Ancaq bu fikri burada ona görə səsləndirirəm ki, keçmişin o mənfi hallarından ciddi nəticə çıxarmaq lazımdır.

Əvvəl sərhəd qoşunları Azərbaycanda müstəqil yaranıbdır. Bir müddətdən sonra Milli Təhlükəsizlik Nazirliyinin tərkibinə verilibdir. Sərhəd dəstələri çox illər Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstəribdir. Ancaq mən bu sahəyə xüsusi əhəmiyyət verərək bir neçə ay bundan öncə qərar qəbul etdim, fərman verdim, onu Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi xidmətə çevirdim və ona da Dövlət Sərhəd Xidməti adı verdik. Təbiidir, bu sizin işlərinizin daha da uğurla aparılmasına kömək edir və edəcəkdir. Ancaq eyni zamanda, bu, sizin üzərinizə çox böyük məsuliyyət də qoyur. Əgər əvvəllər Milli Təhlükəsizlik Nazirliyinin tərkibində idinizsə, deyirdiniz ki, nazirlik bunu etdi, ya bunu etmədi. Amma indi hər şey sizin əlinizdədir və hər şeyə siz cavabdehsiniz, siz məsuliyyət daşıyırsınız.

Güman edirəm, ötən illərdə sərhəd xidmətində də müəyyən qədər keyfiyyət dəyişikliyi əmələ gəlibdir. Yəni loru dildə desək, bir az çıxdaş olubdur. Kim bu sənəti sevir, kim bu sənətə yararlıdır - yəqin onlar indi sizdə daha çox yer tuturlar. Kimsə, sadəcə, hərbi xidmət edib özünü dolandırmaq istəyirsə, belə adamlar sərhəd xidmətində lazım deyillər.

Bütün bunları nəzərə alaraq, mən 10 ilə yaxın Azərbaycan prezidenti olduğum dövrdə ilk dəfədir Sərhəd Xidmətinin rəhbər heyəti ilə görüşürəm, sizi buraya dəvət etmişəm. Mən sizin işləməyiniz üçün bütün şəraiti yaratmışam. Əsasnaməniz təsdiq olunub, ştatınız müəyyən edilib, nə qədər lazımdırsa, vəsait ayrılmışdır. Yəni Azərbaycan sərhədlərini etibarlı qorumağınız üçün dövlət tərəfindən bütün imkanlar, bütün şərait yaradılıbdır. Əvvəlkinə nisbətən indi sizdən daha çox tələb etməyə haqqım var. Mən hələ nəzərə alıram ki, indi 10 il keçsə də, hələ demək olmaz ki, sərhəd xidməti tamamilə təkmilləşibdir. Bu xidmətin özünün xüsusiyyətləri var. Bu, Silahlı Qüvvələrin başqa növlərindən fərqlidir və onu da bilin ki, keçmişdə, Sovetlər İttifaqında sərhəd qoşunları SSRİ-nin bütün Silahlı Qüvvələri içərisində ən yüksək səviyyəli hərbi hissələr hesab olunurdu. Sərhəddə xidmətə hər adamı göndərmirdilər.

Məsələn, SSRİ vaxtı hər il milyonlarla gənc orduya səfərbər olunurdu. Biz özümüz Azərbaycanda hər il 70 min gənci həqiqi hərbi xidmətə göndərirdik, özü də iki illiyə.

Ancaq onların içərisindən fiziki nöqteyi-nəzərdən daha sağlam, bilik nöqteyi-nəzərindən daha hazırlıqlılarını seçirdilər. Həm də baxırdılar ki, ailələrində hakimiyyətə qarşı mənfi münasibət göstərənlər və s olmasın. Çünki o vaxt hesab edilirdi ki, müharibə hər gün olmur. İkinci dünya müharibəsi oldu, qurtardı, sonra nə vaxt müharibə olacaqsa, olacaqdır. Ancaq sərhəd qoşunları daim ön xəttə gedir.

Məsələn, ordunun müəyyən hissələri sərhəddən 100 kilometr, 200 kilometr aralıda yerləşir ki, hansısa bir dövlət tərəfindən hücum olsa, qarşısını alsın. Amma bilavasitə sərhəddə sərhəd qoşunları yerləşir. Demək, ölkənin müdafiəsini birinci növbədə sərhəd qoşunları öz üzərinə götürür. Ona görə də onlara xüsusi qayğı göstərirdilər. Yenə də deyirəm, ancaq oraya əsgərləri seçib göndərirdilər. Onların arasında çox ciddi ideoloji iş aparılırdı. Bunlar keçmişin təcrübələridir.

Amma fərqi yoxdur, o vaxt ölkəmizi Sovet İttifaqı qoruyurdu, indi müstəqil Azərbaycan dövləti qoruyur. Biz ölkəmizi sərhədlərimizdə qoruyuruq. Niyə qoruyuruq?! Düzdür, bizim dost ölkələrlə sərhədlərimiz var. Rusiyadır, Gürcüstandır, İrandır - bunlarla bizim düşmənçiliyimiz yoxdur. Bizim indi müharibə apardığımız, müharibə vəziyyətində olduğumuz həmsərhəd ölkə Ermənistandır. Orada da sərhəd qoşunları durmur, bizim ordu durur. Demək, sizin vəzifəniz bu sahələri mühafizə etməkdir. Bu sahələri mühafizə edəndə də nəzərə almaq lazımdır ki, dost dostdur, amma indi dostun içində də - mən hakimiyyəti demirəm, ayrı-ayrı təbəqələrdə - müxtəlif fikirli adamlar var.

Beynəlxalq terrorizmi götürək. Hər bir ölkəni beynəlxalq terrorizmdə günahlandırmaq olmaz ki? Amma sərhədlər lazımi səviyyədə qorunmasa, beynəlxalq terrorizmin qüvvələrinin hər bir ölkədən keçmək imkanı var.

Məsələn, Amerikada baş vermiş 11 sentyabr terror hadisələrindən sonra biz dərhal Amerika Birləşmiş Ştatları ilə birlikdə antiterror koalisiyasına qoşulduq və bu koalisiyada fəaliyyət göstəririk. Biz beynəlxalq terrorizmlə bütün sahələrdə mübarizə aparırıq və bundan sonra da aparacağıq. Amma nə təminat var ki, beynəlxalq terrorizmin ayrı-ayrı qüvvələri ya bizim ölkədə öz terror əməliyyatlarını həyata keçirmək üçün, yaxud da buradan tranzit kimi istifadə edib başqa ölkələrə, Avropaya, Qərb ölkələrinə getmək üçün qonşu Gürcüstandan, İrandan, yaxud da Rusiyadan Azərbaycana keçməsin? Ona görə də sərhəd qoşunlarının vəzifəsi çox məsuliyyətlidir və dövlət üçün çox əhəmiyyətlidir.

Bəzən məndə belə təsəvvür yaranır: indiyə qədər də bizim sərhədçilərin bəziləri hesab edir ki, onların vəzifəsi təkcə ondan ibarətdir ki, qaçaqmalçını buraxmasın, nə bilim, sənədi düz olmayan adamı buraxmasın. Yox, elə deyil. İndiki dünyada, son iki ildə əmələ gəlmiş vəziyyətdə beynəlxalq terrorizmlə, bütün təxribatçı qüvvələrlə mübarizə ön plandadır və bu mübarizədə ən ön sırada sərhəd qoşunları durur. Mənim dediklərimi anlayırsınızmı?!

Məhz buna görə də - baxmayaraq ki, bu gün işlərim çoxdur, proqramım da çox gərgindir, sizdən sonra xarici ölkələrin nümayəndələri ilə iki böyük görüşüm də olacaq - öz fikirlərimi çatdırmaq üçün sizi buraya dəvət etdim. Baxmayaraq ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə dəfələrlə - bu vəzifəyə təyin olunanda da, ondan sonra da demişəm.

Bilirəm ki, siz bu günlərdə ilin yekunlarını müzakirə etmisiniz. Çox yaxşı, bəlkə də mənim dediyim bu fikirləri də istifadə etmisiniz, buna da şübhə etmirəm. Ancaq mən istədim ki, siz Ali Baş Komandanın, prezidentin fikirlərini eşidəsiniz. Özü də kiminsə vasitəsilə yox, bilavasitə eşidəsiniz, əməli işinizdə daim rəhbər tutasınız və öz işlərinizi bu istiqamətdə qurasınız.

Başqa problemlər də var. Məsələn, qaçaqmalçılıqla mübarizə. Bu da çox ciddi məsələdir. Çünki biz ölkəmizin iqtisadiyyatını qorumalıyıq. Ölkəmizin iqtisadi potensialını artırmaq üçün biz çox böyük səylər qoyuruq. Mal istehsal edirik, xaricə göndəririk, xaricdən mal alırıq, ticarət dövriyyəsi gedir. Bunların da nəticəsində biz gömrük rüsumları alırıq. Gömrük rüsumları bizim dövlət büdcəmizin formalaşmasının mühüm bir hissəsini təşkil edir. Əgər bizdə istehsal olunan və xaricə göndərilən mal gömrük rüsumundan yayınacaqsa, hansısa sərhədçinin cibinə bir az pul qoyaraq keçəcəksə, onda siz bizim iqtisadiyyatımıza zərbə vurursunuz. Çünki məsuliyyət daşıyan sizsiniz.

Eyni zamanda, xaricdən gələn mal. Xaricdən gələn hər bir malın müəyyən gömrük rüsumları var, onlar verilməlidir. Əgər verilməsə, buraxılmamalıdır. Ona görə verilməlidir ki, yenə də deyirəm, biz gəlirlər əldə etməliyik. Əgər biz gəlir əldə etməsək, məvacibi sizə haradan verəcəyik?! Elə bilirsiniz o pullar göydən tökülür?! Sizin aldığınız məvaciblər, sizin maddi-texniki təminatınız - bunların hamısı üçün, xalqımızı yaşatmaq üçün, xalqın rifah halını yüksəltmək üçün biz gecə-gündüz çalışırıq və bunun da əsası iqtisadiyyatdır. İqtisadiyyatda da mal dövriyyəsi, ticarət dövriyyəsi birinci yerdə durur. Bunun düzgün aparılması sizdən, sərhədçilərdən də asılıdır. Əgər siz şəxsi mənafeyinizi dövlət mənafeyindən üstün tutsanız, qaçaqmalçı sizin cibinizə pul doldurub dövlətə zərbə vurarsa, onda sizin özünüzə zərbə dəyəcəkdir.

Mən demirəm ki, bütün qaçaqmalçılar elə sizin vasitənizlə keçirlər. Yox, amma sizin səhlənkarlığınız, qaçaqmalçıların qarşısını yaxşı almamağınız və başqa səhvləriniz, təbii ki, bu cür ciddi nöqsanlara gətirib çıxarır. Bu nöqsanlar sizin də işinizdə, gömrük orqanlarının da işində var və bunlar çox ciddi nöqsanlardır. Mən sizdən birinci növbədə tələb edirəm ki, bu nöqsanlara da son qoyasınız.

Elçin Quliyev: Cənab Ali Baş Komandan, aydındır.

Heydər Əliyev: Mənim sizə deyəsi sözlərim çoxdur. Ancaq indi istərdim görüm, siz nə demək istəyirsiniz. Buyurun.

Yekun Sözü

- Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin məruzəsindən görünür ki, ötən müddətdə xeyli iş görülübdür. Mən bunu müsbət qiymətləndirirəm. Amma nöqsanlarınız barədə çox qısa danışdın, dedin ki, onları bilirsiniz. Mən də heç istəmirəm ki, bu barədə geniş danışasan. Əsas budur ki, əgər özünüz nöqsanlarınızı yaxşı bilirsinizsə, nöqsanları təhlil edə, onların aradan qaldırılmasını təmin edə bilirsinizsə, artıq söz deməyə ehtiyac yoxdur. Mən inanıram ki, siz 2003-cü ildə bunları edəcəksiniz.

Xarici ölkələrlə qısa bir müddətdə çox geniş əlaqələr qurmağınız, hesab edirəm, sərhəd xidmətinin çox əhəmiyyətli nailiyyətlərindən biridir. Çünki əgər biz dünya təcrübəsindən istifadə etməsək, onda çox irəliyə gedə bilmərik.

Sənin mənə vaxtaşırı verdiyin məlumatlardan və bugünkü məruzəndən belə başa düşürəm ki, bu əlaqələriniz təkcə təcrübə məsələsindən ibarət deyil, eyni zamanda, sizə böyük maddi-texniki yardımdır. Onlardan çox fəal və səmərəli istifadə etmək lazımdır. O ölkələr ki, xüsusən mən Avropa ölkələrini deyirəm, - bu barədə təşəbbüs göstərirlər və verdiyin məlumatlara görə, yardımlar edirlər, onlarla əlaqələri daha da genişləndirmək lazımdır.

907-ci maddənin qüvvəsi dayandırıldıqdan sonra Amerika Birləşmiş Ştatları Azərbaycana hərbi sahədə yardımını birinci növbədə sərhəd xidmətinə, sərhədlərin möhkəmləndirilməsinə yönəltməyi planlaşdırıbdır və bunu da edir. Sən bunu bilirsən, orada da olmusan, danışıqlar aparmısan. Güman edirəm, 2003-cü il üçün də yaxşı proqram var. Çalışmaq lazımdır ki, o proqramı artıqlaması ilə yerinə yetirəsiniz.

Beləliklə, biz sərhəd dəstələrimizin hamısını, zastavaları, komendantlıqları, hissələri müasir rabitə, elektron sistemləri ilə təchiz etməliyik və onlardan səmərəli istifadə etməyi bacarmalıyıq. Ona görə gərək siz bunu daha da genişləndirəsiniz ki, orada xüsusi kurslar keçirəsiniz. Nəinki zabitlərinizi, həm də əsgərlərinizi hazırlayasınız. Rabitə işlərinin əksəriyyətini həyata keçirən sıravi əsgərləri deyirəm, onları da hazırlamaq lazımdır.

Mən bunu ona görə deyirəm ki, siz bu vasitələrdən səmərəli istifadə edə biləsiniz. İkincisi də, bu cür müasir, qiymətli avadanlığı alıb onları naşı əllərə verəsiniz, istifadə etmək əvəzinə, onları xarab edərsiniz. Ona görə də bu işlərlə çox ciddi məşğul olun. Yenə də deyirəm, xarici əlaqələri gücləndirin.

Başqa bir sözü olan var? Bir də qeyd edirəm ki, bu görüş mənim üçün əhəmiyyətlidir, amma sizin üçün daha çox əhəmiyyətli olmalıdır. Özüm üçün ona görə əhəmiyyətli hesab edirəm ki, mən fikirlərimi bilavasitə sizə çatdırdım. Tələblərimi sizin qarşınızda qoydum. Sizin üçün də bu əhəmiyyətlidir ona görə ki, bu, sizin üçün ilk görüşdür və güman edirəm, burada çox işgüzar söhbət getdi. Burada sərhəd dəstələrinin rəisləri, başqa rəhbər vəzifəli şəxslər var, hər biriniz Ali Baş Komandanın göstərişlərini aldınız. Əgər bundan səmərəli istifadə edə bilsəniz, bu, 2003-cü ildə sizin qarşınızda duran vəzifələrin yerinə yetirilməsini təmin edəcəkdir. Sağ olun.

Tarixi arayış

ORDU QURUCULUĞU