"Vaşinqtonun Con Hopkins Universitetində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi" (Vaşinqton, 14 fevral 2000-ci il) sənədinə tarixi arayış


Azərbaycan Respublikasının ABŞ-la münasibətləri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. Onun yürütdüyü siyasət nəticəsində ABŞ - Azərbaycan münasibətləri strateji xarakter alıb. ABŞ-da baş verən 11 sentyabr hadisəsindən sonra yaradılan beynəlxalq terrorizmə qarşı antiterror koalisiyasına qoşulan Azərbaycan ABŞ-ı dəstəkləyən ilk müsəlman dövlətlərindən biri olub. Bu ölkənin Dövlət Departamentinin 2002-ci ildə qlobal terrorizmə qarşı mübarizəyə dair hazırladığı hesabatda rəsmi Bakının fəaliyyəti yüksək dəyərləndirilib. Sənəddə xüsusi olaraq qeyd edilir ki, Azərbaycan terrora qarşı koalisiya tərkibində ABŞ-a güclü siyasi dəstək verib.

ABŞ Azərbaycanda bu ölkənin də şirkətlərinin iştirak etdiyi irimiqyaslı enerji layihələrinin həyata keçirilməsinə dəstək verir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2000-ci ildə ABŞ-a səfəri çərçivəsində bir çox yerlərdə, o cümlədən Con Hopkins Universitetində olub. Tanınmış xeyriyyəçi Con Hopkins tərəfindən əsası qoyulan bu universitet dünyanın ən məşhur universitetlərindən sayılır. Con Hopkinsin ölümündən sonra onun vəsiyyətinə əsasən 7 milyon dollar Con Hopkins Universiteti və Con Hopkins xəstəxanası tərəfindən bərabər şəkildə bölüşdürülüb.

Con Hopkins universiteti nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnstitutu bölgə üzrə tədqiqatları ilə tanınan aparıcı təsisatdır. Yarandığı 1996-cı ildən institut Xəzər hövzəsi və Qafqaz üzrə ABŞ-ın siyasətini formalaşdıran nüfuzlu quruma çevrilib. İnstitun başçısı professor Frederik Star dörd ABŞ prezidentinin Sovet İttifaqı məsələləri üzrə müşaviri olub.

Heydər Əliyev Vaşinqtonun Con Hopkins Universitetində çıxış edərək Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, respublikada həyata keçirilən enerji layihələri barədə iştirakçılara geniş məlumat verib. Heydər Əliyevin adından universitetə Bakı buxtasının mənzərəsi təsvir olunan tablo hədiyyə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il iyunun 16-da Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starı qəbul edib. Görüşdə Azərbaycanda gedən inkişaf prosesləri, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarixi arayış 22 sentyabr 2008-ci ildə yeniləşdirilib.