Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıdakı 23 saylı orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun xatirə lövhəsinin açılışına həsr olunmuş mitinqdə çıxışı - 3 sentyabr 1994-cü il


Hörmətli Qalibə xanım, hörmətli şəhid anaları, bacılar və qardaşlar!

Bu gün müstəqil Azərbaycanın torpaqlarının, ərazisinin bütövlüyü uğrunda canını qurban vermiş Azərbaycan Respublikasının Milli Qəhramanı Tahir Həsənovun xatirə günüdur. Biz buraya bu münasibətlə toplaşmışıq. Bakının, Azərbaycanın tanınmış məktəblərindən olan və önündə toplaşdığımız bu məktəbə Tahir Həsənovun adı verilmişdir. İndi biz Tahir Həsənovun xatirəsini əbədiləşdirən lövhəni açdıq. Biz həmişə Azərbaycanın görkəmli adamlarının xatirəsini əbədiləşdirməyə çalışmışıq. Keçmişdə, sülh dövründə xatirə lövhələri adətən mədəniyyət və elm xadimlərinin, ictimai-siyasi xadimlərin xidmətlərini əks etdirirdi.

İndi Azərbaycan müharibə şəraitindədir. Azərbaycan xalqı öz torpaqlarını müdafiə edir və ölkəmizin həyatında yeni dövr başlanmışdır. Bu dövr Azərbaycan xalqının qəhrəmanlığını, cəsurluğunu, mətanətini əks etdirən və milli mənliyini, torpaqlarını qoruması ilə əlaqədar olan bir dövrdur. Bu dövrdə Azərbaycanın qəhrəman oğulları torpaqlarımızın müdafiəsinə qalxaraq altı ildir ki, qəhrəmanlıq nümunələri göstərir, canlarından keçir, şəhid olurlar, Azərbaycan Respublikasının suverenliyini qorumağa çalışırlar. Onların arasında Tahir Həsənovun xüsusi yeri var. Burada çıxış edənlər onun qəhrəmanlığı haqqında danışdılar, onun cəbhədə, torpaqlarımızı müdafiə edərkən göstərdiyi cəsurluq və fədakarlıqları, özünü şəhid etməsindən söz açdılar.

Biz Azərbaycan torpaqlarının müdafiəsində şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdiririk. Bu gün, burada açılan xatirə lövhəsi də Tahir Həsənovun

Azərbaycan xalqı qarşısında xidmətlərinə verilən böyük qiymətdir və onun xatirəsini əbədiləşdirən bir əlamətdir. Qalibə xanım, belə qəhrəman oğul böyüdərək torpaqlarımızın müdafiəsinə hazırladığınıza görə və onun göstərdiyi igidliyə görə sizə Azərbaycan xalqı adından, dövlətimiz adından minnətdarlığımı bildirirəm. Bu gün bütün şəhid analarına, şəhid ailələrinə Azərbaycan dövləti adından, Azərbaycan xalqı adından, öz adımdan hörmət və ehtiramımı bildirir, torpaqlarımızın müdafiəsi üçün qəhrəman övladlar büyütduklərinə görə təşəkkür edirəm.

Tahir Həsənov 23 illik ömür sürsə də həyatımızda böyük iz qoymuşdur. Onun qəhrəmanlığı, şücaəti indiki və gələcək nəsillərin qəlbində daim yaşayacaqdır. Cəbhədə şəhid olanların hamısı bizim üçün əzizdir. Hər bir şəhidin, indi torpaqlarımızın müdafiəsində dayanan hər bir Azərbaycan əsgərinin, döyüşcüsünün xidmətini yüksək qiymətləndiririk. Ancaq Tahir Həsənovun xidməti xüsusi qiymətləndirilir. Çünki burada deyildiyi kimi, o, anasının yeganə övladı olsa da, cəbhəyə könüllü getmişdir. Orada da həmişə ön cərgədə olmuş, şücaətlə döyüşmüşdür. Döyüşdə yaralandıqda isə torpağını, Vətənini, anasının şərəfini öz həyatından üstün tutaraq sonuncu qumbarası ilə düşmənləri də, özünü də məhv etmişdir. Şübhəsiz ki, belə qəhrəmanlıq Azərbaycan torpaqlarının müdafiəsi salnaməsində xüsusi yer tutacaq və Tahir Həsənovun adı tariximizdə qalacaq, qəlbimizdə yaşayacaqdır.

Bu gün Tahir Həsənovun buraya toplaşan döyüş yoldaşlarına minnətdarlığımı bildirirəm. Onunla birlikdə cəbhədə vuruşanlara və bu gün də torpaqlarımızın müdafiəsində dayananlara təşəkkür edirəm. Son illər Azərbaycan ordusu formalaşmışdır. Gündən-günə möhkəmlənən ordumuzun müxtəlif bölmələrinin hər birinin Azərbaycan torpaqlarının qorunmasında öz yeri, öz rolu vardır. Xüsusi təyinatlı polis dəstəsi də torpaqlarımızın qorunmasında böyük şücaət göstərmiş, şəhidlər vermişdir. Xüsusi təyinatlı polis dəstəsində xidmət etmiş Tahir Həsənovun xatirə günündə bu dəstənin bütün uzvlərinə təşəkkür edir və əmin olduğumu bildirmək istəyirəm ki, onlar Azərbaycanın müstəqilliyi yolunda bundan sonra da uğurla mubarizə aparacaqlar.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan ordusu torpaqlarımızın müdafiəsində dayanmışdır. Müharibə dövründə bəzi səbəblər üzündən torpaqlarımızın bir qismi əldən getmişdir. Ancaq bu, xalqımızın və ordumuzun iradəsini sarsıtmamışdır. Xalqımız öz torpağını müdafiə etmək əzmindədir. Ordumuz torpaqlarımızı etibarlı müdafiə edir.

Doğrudur, altı il davam edən müharibə dövründə cürbəcür proseslər olmuşdur. Qəhrəmanlar da, şəhid olanlar da, müharibə başlanandan bəri əlində silah vətənimizin keşiyində duranlar da var. Belələri əksəriyyət təşkil edir. Azərbaycan xalqı qəhrəman xalqdır, onun igid oğulları bu gün də, sabah da Azərbaycan torpaqlarını müdafiə etməyə hazırdırlar və müdafiə edəcəklər.

Bununla yanaşı, təəssüf ki, aramızda elələri də var, xalqını, torpağını müdafiə etməkdən cəkinir, qacırlar, qorxaqlıq, iradəsizlik göstərirlər, öz şəxsi mənafelərini milli mənafedən, xalqın, vətənin mənafeyindən üstün tuturlar. Ancaq ölkəmizin siyasi, ictimai, vətənpərvərlik mənzərəsini heç də bunlar əks etdirmirlər. Əksinə, xalqımız da, ordumuz da Vətəni müdafiə etmək əzmindədir və Tahir Həsənov kimi qəhrəmanlar bugünkü gənclərimiz üçün, cəbhədəki döyüşçülərimiz üçün örnək, nümunədir. Mən bu gün burada tam qətiyyətlə demək istəyirəm ki, Tahir Həsənovun qəhrəmanlığı, özünü vətən yolunda şəhid etməsi hər bir Azərbaycan gənci üçün örnək olacaq və əminəm ki, həm orduda xidmət edən döyüşçülərimiz, həm də arxa cəbhədə olan, hərbi xidmətə hazırlaşan gənclərimiz Tahir Həsənovun qəhrəmanlıq yolunu özlərinə nümunə götürəcək və onun yolu ilə gedəcəklər.

Altı illik müharibə dövründə itkilərimiz az olmamışdır. Buna görə də həyatımızın, ölkəmizin müdafiəsində özünü qurban vermiş hər bir adamın xatirəsini daim qəlbimizdə saxlamalı, şəhid ailələrinə xüsusi qayğı göstərməli, onların problemlərinin həlli ilə müntəzəm məşğul olmalıyıq. Mən bunu dəfələrlə demişəm və prezident kimi bu gün sizin qarşınızda da deyirəm ki, bu barədə bütün dövlət və hökumət orqanlarına lazımi göstərişlər və sərəncamlar vermişəm və həmin məsələlərin həllini indən belə də nəzarətdə saxlayacağam. İndi həyatımızın, dolanışığın çətin dövrüdur. Ancaq bütün bunlara baxmayaraq, şəhid ailələrinə, Vətəni müdafiə edərkən əlil olmuş, xəsarət almış adamlara, ordumuza xüsusi qayğı göstərilməlidir. Əmin ola bilərsiniz ki, biz bu tədbirləri həyata keçirəcəyik. Şəhid ailələrinin problemləri ilə yanaşı, onlara daim mənəvi qayğı da göstərilməli, bu ailələr hörmət və ehtiramla əhatə olunmalıdırlar.

Bakıdakı Şəhidlər xiyabanı ziyarətgaha çevrilmişdır. Bu, həyatımızın gercəkliyidir və həmin Şəhidlər xiyabanı Azərbaycan xalqının tarixində daim qalacaqdır. Əlbəttə, biz çalışacağıq ki, müharibəyə son qoyaq, daha şəhid verməyək, sülh, əmin-amanlıq olsun, işğal edilmiş ərazilərimizdən Ermənistan silahlı qüvvələri çıxarılsın, qaçqınlar öz yerlərinə qayıtsın və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Ancaq Vətənin müdafiəsi bu gün də, gələcəkdə də qəhrəmanlıq tələb edir. Şübhəsiz ki, igid oğullarımız gələcəkdə də Vətənin müdafiəsi uğrunda şəhid ola bilərlər. Buna görə də Şəhidlər xiyabanı daim tariximizdə qalacaqdır. Şəhidlər xiyabanının abadlaşdirılması, ziyarət yerinə cevrilməsi üçün tədbirlər görürük.

Mən bu xiyabanda tez-tez oluram. Təxminən səkkiz ay bundan öncə orada bir qrup şəhid anası ilə, o cümlədən Qalibə xanımla görüşüb söhbət etmiş, onların problemlərini dinləmişdim. Şəhidlərin qəbirlərinin üstünün götürülməsi barədə məsələ qaldırılmış, mən bu barədə müvafiq göstərişlər vermişdim. Mən bu tapşırıqları bir neçə dəfə təkrar etsəm də təəssüf ki, icra orqanları bunları vaxtında həll etmədilər. Nəhayət, sizə məlum olduğu kimi, mən müvafiq fərman verdim və Şəhidlər xiyabanında abadlaşdırma işləri aparmaq üçün respublikanın valyuta fondundan yapım milyon dollara yaxın vəsait ayırdım. Bakı şəhər icra hakimiyyətinə tapşırılmışdır ki, ilin axırınadək Şəhidlər xiyabanındakı qəbirlərin hamısının üstünü götürsün və abadlıq işlərini davam etdirsin.

Şübhəsiz ki, bu şəhid ailələrinə göstərməli olduğumuz qayğının bir cəhətidir: Onların başqa problemləri də həll olunmalıdır. Bu gün burada, sizin qarşınızda Nazirlər Kabinetinə, nazirliklərə, icra orqanlarına, xüsusən Bakı şəhər icra hakimiyyətinə bir daha tapşırıram ki, bu məsələlərlə müntəzəm məşğul olsunlar. Ancaq şəhid ailələrinə qəlbən, mənəvi dayaq olmağımız hamısından üstündür. Hamınız, o cümlədən bu gün buraya toplaşmış şəhid anaları əmin ola bilərsiniz ki, prezident kimi mən həmişə sizinləyəm, mənəvi dayağınızam və sizin dərdiniz mənim dərdimdir, Azərbaycan xalqının dərdidir.

Əmin ola bilərsiniz ki, biz bu ağır, dərdli günləri keçib gedəcəyik. Bundan ötrü ordumuzu möhkəmlətmək lazımdır. Bildiyiniz kimi, müharibəyə son qoymaqdan ötrü biz sülh danışıqları aparırıq. Eyni zamanda ordumuz güclü olmalıdır. Tahir Həsənov kimi qəhrəman oğullar orduda xidmətə cəlb edilməli, könüllü getməlidirlər.

Bu gün ordumuz Vətəni düşməndən qorumaq, işğal olunmuş torpaqları azad etmək üçün, müharibəyə sülh yolu ilə son qoymaqdan ötrü qüdrətli olmalıdır. Ona görə də orduya qayğı, hörmət cəmiyyətin, xalqın şərəfli vəzifəsidir, həm prezident, həm də Ali Baş Komandan kimi mənim şərəfli vəzifəmdir. Əmin ola bilərsiniz ki, mən bu vəzifəni daim yerinə yetirməyə çalışacağam. Ancaq ordumuzun güclü olması üçün gənclərimiz layiqli hərbi xidmət etməlidirlər.

Bəzən deyirlər ki, guya xalqımız döyüşkən deyildir, məğlubiyyətlərə uğrayır. Xeyr, belə deyil. Xalqımız tarix boyu qəhrəmanlıq nümunələri göstərmişdir. Cəsarətli, mətanətli Azərbaycan xalqı öz torpağını müdafiə etməyə, müstəqil dövlətinin ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bunu Tahir Həsənovun, Vətən yolunda şəhid olmuş başqa igid oğulların qəhrəmanlıq nümunəsi göstərir, indi cəbhədə Vətənimizin müdafiəsində dayanan əsgər və zabitlərimizin igidliyi göstərir.

Bu gün biz Tahir Həsənovun xatirə gününü qeyd edərkən bir yandan kədər içindəyik, digər tərəfdən isə başımızı dik tutmalı, qürurlu olmalıyıq. Xalqımız həmişə qürurlu olmuşdur. Bu gün də qürurlu olmalıyıq ki, xalqımızın Tahir Həsənov kimi qəhrəmanları minlərlə, on minlərlədir. Ona görə qürurlu olmalıyıq ki, gənclərimiz belə qəhrəmanlıq nümunələrindən örnək götürərək onların yolu ilə gedəcəklər. Ona görə də bu gün mən ordumuza müvəffəqiyyət, xalqımıza əmin-amanlıq, uğurlar diləyirəm.

Bu gün burada, Tahir Həsənovun xatirə lövhəsi önündə sizin adınızdan, öz adımdan, şəhid anaları adından cəbhədəki əsgər və zabitlərimizə salam göndərir və onlara bildirmək istəyirəm ki, həmişə qayğılarını çəkəcəyik. Onlar isə bundan sonra da Azərbaycan torpaqlarının müdafiəsində Tahir Həsənov kimi qəhrəmancasına dayanacaqlar.

Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi uğrunda vuruşaraq canlarını qurban vermiş qəhrəman oğullara eşq olsun!

Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Qəhrəman Azərbaycan xalqına eşq olsun!

Azərbaycan torpaqlarını fədakarlıqla müdafiə edən döyüşçülərimizə eşq olsun!

Hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram. Ümidvaram ki, müharibəyə son qoyulacaq, torpaqlarımız tamamilə azad edilərək ölkəmizin ərazi bütövlüyü təmin olunacaq və biz bu qələbəni sizinlə birlikdə bayram edəcəyik. Sağ olun.

Tarixi arayış

ORDU QURUCULUĞU