Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyaya işgüzar səfərinə (28 noyabr-3 dekabr 1995-ci il) dair ümumi tarixi arayış


28 noyabr-3 dekabr 1995-ci il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Böyük Britaniyada işgüzar səfərdə olub. Səfərdə başlıca məqsəd Azərbaycanın iqtisadi potensialını bu ölkənin işgüzar dairələrində tanıtmaqdan, Britaniya kapitalının milli iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında yenidən qurulması işinə cəlb etməkdən ibarət idi. Qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət başçısı Heydər Əliyev 1993-cü ilin oktyabrında prezident seçildikdən sonra, xarici ölkələrə rəsmi səfərlər etsə də bu, onun ilk işgüzar səfəri idi.

Böyük Britaniya və Azərbaycan Respublikası arasında mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi, Azərbaycana investisiya qoyan iş adamlarına əlverişli maliyyə mühitinin yaradılması, Azərbaycanın bu ölkədəki səfirliyinin yeni binasının açılması və s. məsələlər Heydər Əliyevin bu səfərinin iş planında xüsusi yer tutub. Bir həftə davam edən işgüzar səfər çərçivəsində Azərbaycan Prezidentinin bu ölkənin həm yüksək rəsmi dairələrində, həm də işgüzar dairələrdə keçirdiyi çoxsaylı görüşlər Britaniya mətbuatında geniş işıqlandırılıb. Səfər çərçivəsində Azərbaycan Prezidenti Böyük Britaniyanın populyar "Ekonomist" jurnalına, BBC telekanalına geniş müsahibə verib.

Azərbaycan Prezidenti Heydər Əliyev noyabrın 30-da Londondakı Adam Smit İnstitutunda iki gün davam edən və Azərbaycan iqtisadiyyatına həsr olunan beynəlxalq konfransda "Azərbaycanın investisiya imkanları" adlı geniş nitq söyləyib. Adam Smit İnstitutu və "Mak-Dermott" neft şirkəti tərəfindən təşkil edilən konfransda həm adı çəkilən ölkənin, həm də burada fəaliyyət göstərən digər ölkələrin çoxsaylı investorları iştirak ediblər. Konfransın digər təşkilatçısı qismində isə Böyük Britaniyanın Xarici Ölkələrə Yardım və Məsləhət Xidməti Agentliyi çıxış edib. Heydər Əliyevin nitqini dünyanın 20-dən çox ölkəsindən 300-dən artıq iş adamı dinləyib. Beynəlxalq konfransda iri şirkətlərin, bankların, maliyyə və sənaye qurumlarının yüksək vəzifəli şəxsləri iştirak edib. Konfransın sonunda Heydər Əliyev iştirakçıların Azərbaycan iqtisadiyyatı haqqında çoxsaylı suallarına cavab verib.

Heydər Əliyevi bu səfərdə böyük nümayəndə heyəti müşayiət edib. Səfər çərçivəsində Böyük Britaniyada ancaq Azərbaycan iqtisadiyyatı deyil, həm da ölkənin tarixi, mədəniyyəti, incəsənəti də təbliğ edilib.

Səfərin sonrakı günlərində Heydər Əliyev Londonda bu ölkənin ticarət və sənaye naziri Yan Lanq, Baş nazirin birinci müavini, dövlət naziri Maykl Hezeltayn, energetika naziri Tim Eqqar, xarici işlər naziri Malkolm Rifkindlə görüşüb, iki ölkə arasında münasibətlərin müxtəlif aspektlərini müzakirə edib.

Tarixi arayış 18 dekabr 2008-ci ildə tərtib edilib.